8 ildi kosmosdan qeyri
– adi informasiyalar alan qadın:
Maya Bədəlbəylinin mühazirəsində dinləyicilər enerjinin təsirindən yuxuya
gedirlər
İnsan nadirdi, fenomenaldı, Allahın yaratdığı ən qəribə möcüzədi. Özünü
və Tanrısını tanıyandan bəri İnsanın gözü göylərdədi. Ən qiymətli saydığı
Tanrını da nədənsə göylərdə yerləşdirib. Daha sonra İnsan basa düşdü ki,
Allah göydə yox, öz içində, əməllərində, fikirlərindədi, ona "şah
damarından da yaxındı", əlçatmaz deyil. Amma gözünü göydən çəkə bilmədi.
O hələ də qarğışını, namazını,
duasını yerini-yurdunu bilmədiyi məkana – göylərə ünvanlayır. Çünki bilir,
yaxud hiss edir ki, orda nəsə var. Bu nəsə onu sevir və ünsiyyət qurmağa
cəhd edir. İnsanın da ruhu pərvazlananda özünü xoşbəxt sanır, yuxularda
"gəzib gələndən" sonra çox suallara cavab tapa bilir. Yer qanunlarıyla
yaşaya bilməyənlərə "havalı", "göylərdə uçan" demişik.
Bəs nə var orda? Göyün yeddinci qatını gəzib gəlmiş nağıl qəhrəmanının
dedikləri müasir insanı qane edirmi? Nə bilək, "Dədə Qorqud"dakı
Dəli Domrul göydən gələnlərlə nədən danışırdı? Peyğəmbərlər göydən nazil
olmuş kəlamların hamısını bizə çatdırıbmı? Niyə kahinlər göylə əlaqələrini
həmişə rəiyyətdən gizli saxlayıblar?
Ola bilər, yeni minillik bu sualların
hansınasa cavab tapdı. Çünki qeybdən səs eşidən, hamının görə bilmədiyini
görən, fikrin gücüylə möcüzələr edən və s. qeyri-adi insanların sayı artıb.
Maya Bədəlbəyli də belə qeyri-adi adamlardandı. 1994-cü ildən bəri onun
haqqında yerli, xüsusilə rusdilli mətbuatda, Rusiya qəzetlərində çoxlu
material dərc edilib. Maya xanım hələ də mətbuatçün, eləcə də fılosoflar,
təbabət və psixologiya üzrə alimlərçün, hətta sənətkarlarçün maraqlıdı.
Çünki onun başına gələn əhvalatdan sonra proses hələ də davam edir. Hər
yeni gün yeni informasiya, dünyaya təzə baxışdı. Qeybdən gələn informasiya
axınının qarşısında bənd kimi dayanmış xanım fikirlərini məmnuniyyətlə
bölüşür. Hazırda Moskvada yaşayır və işləyir. Bakıya gəldiyi qısa müddətdə
soyumuş mənzilini qızdıra bilmədiyindən qonağını mətbəxdə qəbul eləməli
olur. Adətən, kişilərçün maraqlı olur, iki qadın mətbəxdə oturub nədən
söhbət edə bilər? Buyurun...
Böyük seçim qarşısındayam: Maya
Bədəlbəylini necə təqdim eləməli? Təhsilinə görə filoloqdu. Uzun müddət
Mədəniyyət Nazirliyində sosiologiya şöbəsinə rəhbərlik edib. Hazırda üzvü
olduğu akademiyaları, assosiasiyaları, birlikləri sadalasam (İnformasiologiya
və Tətbiqi Ufologiya Akademiyası, Beynəlxalq Ufoloji Assosiasiya Şurası
və s.), Rusiya Elmlər Akademiyası və Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının
təsdiqlədiyi lisenziya və sertifıkatların adını çəksəm, oxucu onun elm
adamı olduğunu zənn edər. Dərc elədiyi “Dialoq” poemasının, “Kəlam” fəlsəfi
etüdlərindən, müəllifinin rəssamlığından, fərdi sərgisindən danışsam,
üstəlik, bu xanımın fəlsəfə magistri olduğunu da desəm, hörmətli oxucu
çaş – baş qala bilər. Bir qadın bütün bunlarla məşğul olmağa bu qədər
gücü özündə necə tapır? Bəlkə siz unutmusunuz? O, adi insan deyil ...
Adətən, Maya xanımın başına gələnləri
1994-cü il fevralın 14-dən hesablayırlar. Amma o günə qədər təbiətcə həssas,
başqasının ağrısını özününkü kimi hiss eləyən, bir qədər romantik, lirik
şerlər yazmağı xoşlayan adam olub. Qohumlarının sözləriylə desək, "göylərdə
uçan" bu xanım yuxuda uçur, sabahısı gününü yuxuda görürmüş. Gözlərini
qapayan kimi təsvirəgəlməz rənglərdən ibarət gözəl bir mozaika qaranlıq
gecələrini işıqlandırırmış. Həmin o gün rəngli mozaika böyüyüb burulğana
çevrildi, onu sanki sovurub apardı. Naməlum stansiyanı "gəzib gələndən"
sonra Maya xanım mənbəyi məlum olmayan instansiyadan informasiyalar almağa
başladı. Əvvəl onun əlləri qeyri-iradi müxtəlif spirallar, insan sifətləri
çəkməyə başladı. Rəsmlər tədricən mürəkkəbləşəndən sonra naməlum dil və
əlifbada, sonra ərəb əlifbasında, latın əlifbası və latın dilində şerlər
yazmağa başladı. Həmin mətnlərin bəzilərini dil mütəxəssisləri oxuya bilib,
amma çoxu hələ ki, açılmamış qalır. Rus dili və kiril əlifbsına keçəndə
“obyekt” kimi müraciət olunan Maya xanıma fizika, kimya, astronomiya,
astrofizika, nücə silahı və başqa elm sahələrində get-gedə mürəkkəbləşən
informasiya gəlməyə başladı. Bu məlumatlar etik, mənəvi və fəlsəfi və
dini konsepsiyalarla növbələşərək 8 il ərzində bu xanımın dünyagörüşünü
ömrünü elmə həsr eləmiş alimlərlə bir səviyyəyə çatmasına imkan verdi.
İndi hər hansı elmi və ya ictimai hadisə baş verəndə Maya Bədəlbəylinin
fıkriylə maraqlanırlar. Çünki onun sualların əksəriyyətinə cavab vermək
imkanı var. Rusdilli olduğundan Moskva şəhəri vasitəsilə dünyaya çıxış
aramalı oldu. Ola bilər, bu yaxınlarda göydə parlayan ulduzların birinə
Maya Badəlbəylinin adını versinlər. Bunu Moskva qərarlaşdırıb.
- Bəlkə mən çox sadəlövhəm, amma
ulduzun mənim adımla adlandırılmasına laqeydəm. Əgər pulu olan bir şəxs
cəmi min dollar verib göydəki ulduzu, yaxud Arbatdakı yerə həkk olunmuş
ulduzu ala bilərsə, ulduzun Maya adlandırılması çoxmu böyük hadisə olur?
Sadaladığımız akademiyalarla yanaşı başqa akademiyaların da üzvüyəm. Bütün
bu akademiyaların mənimçün əhəmiyyəti azdı. Düzdü, məni Moskvada hardasa
qapıda saxlayanda üzvlük biletindən yararlanıram. Mənimçün Azərbaycan
Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyası avtoritetdir. Əgər sənin
başında bircə dənə ağıllı fikir yoxdursa, ad, rütbə nə rol oynaya bilər?
Mən artıq suallara cavab axtarmıram. Çünki bunun olub-olmamasını heç kim
bilə bilməz. Hamı bilir ki, nəsə var. Moskvada Beyin İnstitutunda, Serbski
adına Qapalı Psixatriya İnstitutunda təcrübələrdən keçdim. İki saat ərzində
500 suala cavab verməliydim. Təbii ki, müxtəlif cihazlara, naqillərə qoşulu
vəziyyətdə. Əlbəttə, nəticələri açıqlamırlar. Dedilər ki, mənim beynimin
imkanları anomaliyadı, amma patologiya deyil. Yəni mənimçün adi olan hamıyçün
norma ola bilməz. İndi məni Almaniyaya analoji təcrübələrə dəvət edirlər.
Qohumlarım getməyə qoymadı. Çünki Beyin İnstitutunun təcrübələrindən sonra
özümü çox pis hiss edirdim. Hər növ təcrübələrə getmək ən əvvəl mənim
özümə lazımdı. Bəlkə mənim başım xarabdı, yazdıqlarım da axmaq şeylərdi?
Bunu bilməliyəm axı...
- Adi həyatda anomal hadisələr başınıza gəlirmi?
- Mən heç vaxt nəyinsə dalıyca özüm düşmürəm. Hadisələrin axarı məni yönəldir.
Kitab yazmağı çoxdan düşünürdüm. Bütün yazıları, rəsmləri bir yerə toplamaq
lazımıydı. Məni "Arqumentı i faktı"dan əməkdaşlığa dəvət elədilər.
"Kainatın sirləri" rubrikasında yazılar çap eləməyə başladım.
Elə həmin gün "Nauka" nəşriyyatından da dəvət aldım. İş elə
gətirdi ki, həm "Arqumentı i faktı"yla, həm də "Ripol klassik"
nəşriyyatıyla müqavilə bağladım. Kitabı iki hissəyə bölməyi düşünürdüm.
Birinci kitabı təhvil verəndən sonra redaktor zəng eləyib az qala ağlaya-ağlaya
dedi ki, təkcə mənim kitabım kompüterin yaddaşından yoxa çıxıb. Dedim,
niyə narahat olursuz, disket ki, sizdədi. Disketi açanda görüblər ki,
o tamamilə təmizdi.
- Bəlkə Bədəlbəyli familiyası kiməsə sərf eləməyib. Kitabı kompüterdən
də, disketdən də siliblər?
- Mümkün deyil, disket bağlı seyfdə saxlanırdı. Elə bil hansısa qüvvələr
işə qarışmışdı ki, kitab bütöv çıxsın. Əslində tanınmamış müəllifin kitabını
on min tarajla çap eləyən nəşriyyat böyük riskə gedir. Axı Rusiya üçün
Maya Bədəlbəyli heç kimdi!? Ötən il Beynəlxalq Kitab Yarmarkasında mənim
kitabım "ilin kitabı" kimi təqdim olunmuşdu. Mən bu yarmarkada
yeganə azərbaycanlı idim, bununla da çox fəxr edirdim. Kitabsa cəmi altı
ay ərzində tamam satıldı. İndi onlar təkrar nəşrə hazırlaşırlar. Artıq
ikinci kitabın vaxtı yaxınlaşır. May ayında onu təhvil ver- məliyəm.
- Sizin danışdıqlarınızı ciddi qəbul edirlərmi?
- Bəzən mənə deyirlər, siz necə yüksək intelektli, oxumuş adamsız. Amma
mən səkkiz ildi kitab oxumuram. Bunu bilərəkdən edirəm. Çünki oxuduğum
məlumatlar istər – istəməz beynimdə ilişib qalacaq, öz fikirlərimlə gələn
informasiyanın təmizliyini poza bilərəm. Proses başlayan gündən mən çox
dəyişmişəm. Elə bil kiminsə mənə bəxş elədiyi böyük məktəb keçmişəm. Mən
özüm özüm haqqında yaza bilməzdim ki, “Obyekt qısa zamanda biliklər toplayıb
təfəkkürün başqa səviyyəsinə keçəcək”. Mən özümə başqa müraciət forması
düşünüb tapa da bilərdim. Vaxt vardı informasiya gələn anda beynimdə sözlər
o qədər bərk səslənirdi ki, onları yazıya köçürməyincə başqa işlə məşğul
ola bilmirdim. İndi hətta söhbət zamanı informasiya gəlirsə, mən onu idarə
etməyi öyrənmişəm. Mənə çox vaxt deyirlər ki, yaddaşım yaxşı olduğundan
oxuduqlarımı maraqlı şəkildə qruplaşdıra bilmişəm. Filosof Spirkinin sözləriylə
desəm, bütün bunları oxumaqçün insan ömrü bəs eləməz.
Heç vaxt prosesdən yararlanıb pul qazanmamışam. Məşhurluq özü də çox təhlükəli
şeydi. Səni peyğəmbər səviyyəsinə yüksəldə, yaxud dəli səviyyəsinə qədər
alçalda bilərlər. Mənim peyğəmbərlik iddiam yoxdu.
- Sizi necə adlandıra bilərik, kənar sivilizasiya ilə əlaqəyə
girmiş kontaktyor?
- Heç bilmirəm. Mən başına qəribə əhvalat gəlmiş bir adamam. Dünyada məhz
belə prosesə düşmüş ikinci adam yoxdu. Səkkiz ildi hər gün dillər, fəlsəfə,
elm, etika, poeziya, qrafika, astrofizika, kimya, din və nə qədər müxtəlif
sahələrdən məlumatlar alıram. İndi çəkdiyim rəsmləri və poeziyanı, fəlsəfı
etüdləri öz yaradıcılığım sayıram. Elə bil müəyyən dalğaya düşəndən sonra
yaradıcılıq kanallarım açılıb. Düzdü, prosesə qədər də axmaq adam deyildim,
şer yazırdım. Bilirəm ki, şer və rəsmlər olmasaydı, o boyda informasiya
selinin qabağında dəli olardım. Çox böyük enerji axını gəlir. Mən bunu
özümdən çıxarmalıyam axı. Mühazirə deyəndə çox vaxt zalda birinci sırada
oturanlar bu enerjinin təsirindən yuxuya gedirlər. Mən saatlarla danışa
bilərəm. İnsanlarla ünsiyyətdə olanda beynimdə iş gedir, bu mənə aldığım
informasiyanı anlamaqda çox kömək edir.
- Belə fiziki gərginliyə bədən davanı gətirə bilərmi?
- Səkkiz il ərzində mən bir dəfə də xəstələnməmişəm.
- Heç vaxt düşünməmisiz ki, informasiya ötürməkçün niyə məhz sizi
seçiblər?
- Hər gün yerə informasiya gəlir. Hissiyyatlı adamlar müəyyən siqnalları
ala və şüalandıra bilirlər. Mən hansısa ötürücüylə rezonansa düşmüşəm.
Soruşa bilərsiz ki, niyə ən həssas kompüterlər də bu siqnalları tuta bilmir?
Çünki insan beyni ən kamil kompüterdi. İnsanın daxili imkanlarının açılmasıyçün
nəsə təkan olmalıdı. Məncə, ən güclü stress sevgidi. Məhz ö, kainatın
səslərini eşitməyə, daxili uçuş vəziyyətini yaratmağa qadirdi. Ola bilər,
mən o an daxili uçuş vəziyyətində olmuşam.
İnformasiyanı yazandan sonra mütləq oxuyuram. Sonra yazdıqlarımı təhlil
edib müəyyən nəticələrə gəlirəm. Amma həmişə son sözü mütəxəssislərin
ixtiyarına buraxıram. İnformasiya mətnlərində terminlər və onların açıqlanması
bütün bunların fantaziya olduğunu təkzib edir. Mən o qədər maraqlı informasiyalarla
üzləşirəm ki, onun fonunda insan arzuları, ehtirasları çox gülünc görünür.
İndi mənim adımı nə qoyurlar-qoysunlar, nə fərqi var?
- Keçmişdə kahinlər kainatın yaranışı, insanın imkanları haqqında
informasiyanı gizli saxlayırdılar.
- Düzdü. Mən indi başa düşürəm ki, niyə. Çoxları bu prosesə qoşula bilər
və kütləvi psixoz yaranar. İnsan hələ ki, buna hazır deyil. Şizofreniya
xəstəliyi səsli və vizual hallüsinasiyalardan başlayır. Ağıl real və irreal
dünyalar arasında əlaqədi. Psixikasının pozulmuş vəziyyətini çoxları vergi
kimi qəbul edir. Bu, çox təhlükəlidi.
Gələn sayımızda:
- Ölümdən sonrakı həyat yoxdu, çünki ölümün özü yoxdu
- Hamımız peyğəmbər olaçağıq
- Insanı başqa sivilizasiyadan gələnlər klonlaşdırıb. Adəm laboratoriyada
"düzəldilib"
- Bəşəriyyət başqa planetlərə köçməyə hazırlaşır
- Unikal biokompüterin sahibi olan insanın əsl məqsədi özünü dərk edib
taleyinin sahibi olmaqdı
- Allah nədi?
- Həqiqət nədi?
“Avropa” qəzeti
5-11 aprel, 2003-cü il