«ÖLÜMDƏN SONRAKI HƏYAT YOXDUR,
ÇÜNKİ ÖLÜMÜN ÖZÜ DƏ YOXDUR»

Bunu hər gün kosmosla əlaqə saxlayan Maya Bədəlbəyli deyir

İnsan Ulu Tanrının kiçicik bir bənzəri olaraq sözün dar mənasında yaradıcıdır. İnsan öz fitrətində olan imkanları hərəkətə gətirərək elm, incəsənət sahəsində nələrsə yaradır. Amma elələri də olur ki, birdən-birə, ixtiyarsız olaraq yaranır və bunların bəzilərinin izahı o qədər də asan olmur.
Maya Bədəlbəyli kimi. Bakıda yaşayır. Ara-sıra mətbuatda, xüsusilə Rusiya qəzetlərində haqqında yazılar dərc edilib. Çəkdiyi şəkillər kimi danışıqları da qəribədir. Daha doğrusu bizimçün qəribədir. Minilliyin sonunda yaranmış qəribəliklərin fonunda belə…
İxtisasca filoloqdur. Gəncliyindən şer yazmağa meylli olub. Özü dediyi kimi, texniki fənlərdən həmişə zəif olub. İndi yazdığı fəlsəfi - dini etüdlərsə dəqiqliyi ilə çox-çox alimləri heyrətə salır. 1994-cü ildən başqa, daha yüksək sivilizasiyalarla kontraktdadır. Bu günə kimi fasiləsiz ötürülən informasiyaların təsiri altında fizika, astrologiya, astrofizika, biokimya və başqa elm sahələrində biliklərlə heyran etməyə bilməz. Aldığı informasiya əsasında qəribə şəkillər çəkir. Hazırda fərdi sərgiyə hazırlaşır. Onu Moskvadakı Beyin İnstitut tədqiq edir. Serbski adına Sosial Psixiatriya İnstitutu da onu oktyabr ayında yeni təcrübələrə dəvət edib. Beyin İnstitutunun aldığı nəticələrə görə qeyri-adi, son dərəcə həssas beyni var.


– Adətən, axşamçağı yazıram. O vaxtlar informasiya daha dəqiq olur və yaxşı eşidilir. Asteriasiya - kosmik təsir vasitəsiylə müasir insanın düşüncə tərzinin köklü dəyişməsi - bütün insanlarla olur. Mənsə elə bil müəyyən dalğaya düşmüşəm. Kosmik fəzadan hər gün yerə çoxlu informasiya gəlir. Bu siqnalları yalnız insan beyni və kamil aparatlar qəbul edə bilər. İnsan yeni düşüncə tərzinə keçir. Yeni zaman nə deməkdir? Biz indi özümüzü çox pis hiss edirik. Dolça erası adlanan dövr təzə elektromaqnit şüaları gətirir.
Belə təsirə düşən adamlar çoxdur. Kimsə nəsə eşidir, yazır. Və peyğəmbərlik iddiasına düşür. Elə mən də özümlə gələn informasiya arasındakı sərhədləri itirmişəm. Bəziləri deyir ki, Allahla danışıram. Mən hesab edirəm ki, heç kim Allahla danışa bilməz. Ekstrasenslər deyir ki, onlar Allahın əliylə işləyir. Bu vergi deyil, insanın imkanlarıdır
Bu sizdə də var, o birində də. Əgər ekstrasens bacarırsa, özünü sağaltsın.

Şeytan da zəruri ünsürdür

Şəkillər arasında bir üzü mələk, o biri üzü şeytan rəsmi üstündə xey1li mübahisə də etdik.
– Bax, bu şəkildə olan şeytandı, eləmi?
– Bəli, bu insan xislətindəki şərin rəmzidi.
– Çəkdiyiniz bu məxluq şeytanla, deyəsən, könülsüz vuruşur?
– Bilirsiniz, şər özü də zəruri ünsürdür. Məsəlçün sunami şərdir? İnsançün, bəli. Amma onu Allah yaradıbsa, o neçə şər ola bilər?
– Bizcə, adamın həyatının mənası elə şeytanla davasının səmərəliliyindədir. İslam dinində cihadın ən üstünü adamın öz nəfsi ilə davası sayılır və bu böyük cihad adlanır.
– İnsanın içindəki mənfi də müsbət qədər gərəklidir. Mənfi və müsbət arasındakı ziddiyyət bitdikdən sonra nə etməli? Onda irəliləməkçün zamanla ziddiyyətə girmək lazımdır. Allahla aramızda təsəvvür edilməz qədər böyük məsafə var. Zaman bizə daimi təmizlənmə verir. Bu, xeyir və şərin qarşıdurması deyil. Bu ziddiyyət bitsə belə biz Allah olmayacağıq.

Eşqdir məbədi uca göylərin

– Heç bir dini kitab oxumamışam. Allaha inanmaqçün dinə gəlmək lazım deyil. Mən heç bir dində deyiləm. İsa peyğəmbəri Allahın oğlu hesab edən xristianları başa düşə bilmirəm. İnsanın inkişafının ilk mərhələlərində cəmiyyətin formalaşması üçün mənəviyyat və əxlaq kodeksi lazım idi. Mən dini atributların, ənənələrin əleyhinəyəm. Mənə nə məscid, nə də molla lazımdı. İnsan öz əliylə qurduğu evə Allahın evi deyir, onunla danışmaqçün bura gəlir. Allah insanı yaradanda məbədi artıq onun qəlbində tikib. Hansı daha güclüdür: Allahın, yoxsa insanın tikdiyi məbəd? Bu məbədin də təmizliyi onun fikirlərinin təmizliyindən asılıdır.

Dünyanın axırı deyil.

– Biokimyəvi proseslər sinir orqanizmində dəyişikliklər edəcək. İndi Yer ətrafında planetlərin yığımı başlanıb. Yer xəstələndiyi kimi insan da, onun əsəb sistem idə xəstələnir. Deyirlər, dünyanın axırıdır. Amma heç nəyin axırı yoxdur. Bir prosesdən çıxıb ayrısına gedirik. Gözlənilən o təzə dövr çox gözəl, «Qızıl dövr» olacaq. Kimsə öləcək, kimsə xəstələnəcək – bu normaldır. Bu dünyanın yox, bu dövrün axırıdır. Bəs bizim görücülərimiz nə deyir? Ölüm olacaq, zülüm olacaq, nə bilim nə olacaq.

Allahın hissəciyi mənəm

Mən Allahı sevmirəm. Başa düşmədiyin, tanımadığın kəsi necə sevmək olar? Mən Allaha heyranam. O mənimçün nəsə əlçatmaz bir varlıqdı. Bu, sevgidən artıqdı. Biz, adətən, konkret şeylərə görə sevirik. Axı, o, mənə həyat verib. Həyatın gözəlliklərini yaradıb. Atom - onun nüvəsi, insan - onun ruhu, planet - atmosfer. Bu, dahililikdi. Buna yalnız heyran olmaq olar. Amma dərk etmək mümkünsüzdü.
Hər insanın bu həyatda öz proqrammı var. İnsan yaratmalıdır. Ya uşaqları, ya da nəyisə. Düzdür, mən hələ heç bir kəşf etməsəm də indi mənimçün yaşamaq çox maraqlıdır. Ona görə ki, mən dünyanı dərk edirəm.
– Söhbətlərin birində siz dediz ki, öz bədəninizi sağaltmağı öyrənmisiniz. Bu qədər çoxlu xəstəliklər olan zaman adamları özünü sağaltmağı öyrətmək olarmı. Heç olmasa elementar səviyyədə.
– Gələcəyin insanı özü özünə kömək etməlidir. Bu günsə özünü tənzimləmə, sakitlik vəziyyəti, özünü ələ almaq bacarığı çox vacibdir. İnsanlar bir-birini sağaltmağa yox, qorumağa çalışmalıdırlar. Danışıb ürəyini boşaltmaqçün ekstrasensin yox, psixoanalitikin yanına getməlidir. Həm də insan mütləq öz özünə, imkanlarına inanmalıdır. İnsan özünü istəməsə onu heç kim istəməz. İnsan öz orqanizminə də hörmətlə yanaşmalıdır. Mən indi acı dillə sizlə danışsam təkcə sizə pislik etmiş olmuram, özümə də pislik edirəm. Axı acı sözü yaradan mənəm.
– İndi acı söz epidemiyasıdır. Hətta acılamaqdan böyük fəxr hissi də keçirənlər də var.
– Demək çox aşağı səviyyəli insandır. Biz hələ o səviyyəyə çatmamışıq ki, küçədə bir birimizin üzünə gülümsəyək.
– Axı, biz o qədər də qəddar deyilik.
– Bəli, amma problemlərimiz çoxdur. Bizim cəmiyyətimizdə harmoniya yoxdur. Cəmiyyət xəstədirsə onun üzvləri zərər çəkir. Bizi isə televiziyadan əsəbləşdirirlər, insanları orada milçək kimi öldürürlər. Bəlkə bunları ona görə göstərirlər ki, bizi yeyən yoxdur deyə sevinib gecəni də rahat yataq. Öz problemlərimiz bizə çox kiçik görünsün. Azərbaycanda bu gün insanların psixoloji vəziyyəti o qədər pisdir ki, ona partlayış, emosiyalarını püskürmək lazımdır ki, içində toplaşmış mənfi enercini atsın.
– Bütün bədii əsərlərdə də dəhşətlər, konfliktlər təsvir edilir. Elə nağıllarda da Təpəgözün yeganə gözünə ox batanda sevinmişik.
– Mən hesab edirəm ki, yalnız şedevrlər oxunmalıdır. Nizami kimi, Füzuli kimi. Yerdə qalan hər şey həyatda var. İnsanda həmişə dağıntılara heyvani maraq olub. Heyvanlar yaşamaqçün bir birini öldürür. Allah bizə şüur verib ki, özümüzü alçaq şüurla yox, yüksək şüurla müqayisə edək. Nə qədər ki, insan pis və yaxşını belə qavrayır, hələ o səviyyədə qalacaq. Yüksək səviyyəyə çatanda o, görəcək ki, ağ və qara rəng yoxdur. Başqasını da Allahın bir hissəciyi kimi sevməyi öyrənəcək. Başqa insanı öldürmək Allahın hissəciyini öldürməkdir. Əgər bizdə ilahi başlanğıc varsa biz eksperiment naminə yarana bilməzdik. Mövcudluğumuzun da məqsədi var. Fikir verin atom bombasıyla əlaqədar heç bir təcrübə kosmosda baş tutmur. Çünki mane olurlar. Elə bir qüvvə var ki, bizi məhv olmağa da qoymaz.
Yazdığım informasiyalarda deyilir ki, şər və xeyir kimi məhəbbət də yerdə yaranmış bir şeydir. Məhəbbət varsa deməli nifrət də var. Amma başqa bir qovuşmaq hissi var. Biz hələ o kosmik qovuşmaq haqqında heç nə bilmirik. Mən bilirəm, bu gün mənim danışdıqlarım gülməlidir.
Hər bir insan fenomenaldır. Biri başqasının ağrısını hiss edirsə demək onun özünü də ağrıdır. İnsanın həssaslığı onu daha yumşaq etməlidir. Yalnız bu vaxt biz başqa sivilizasiyalarla ünsiyyət qura bilərik. Nədənsə, biz kosmosdan gələnləri də eybəcər, yaşıl adamlar kimi təsəvvür edirik.

HAMIMIZ ÖNCƏGÖRƏNİK

– Bilirik ki, yuxular haqqında maraqlı mülahizələriniz çoxdur.
– İndi xaricdə yuxuları tədqiq edən institutlar var. Mən özüm də yuxu haqqında yazmaq fikrindəyəm. Bir var ölüm kimi yuxu. Yəni, bu zaman insan tam hissiyatsız olur və enerji toplayır. Bu sağlam yuxudur. Akustik izolyasiya zamanı insan enerjini maneəsiz alır. Bu informasiya kosmik məlumat daşıyır. Bizim əsəb sistemimiz başqa planetlərin təsiri altındadır. İnformasiyanı alan beyin sabahkı günü formalaşdırır. Bəzən yuxugörmələr çin çıxır. Çünki bizim şüuraltımız qəbul vəziyyətində işləyir. Bu zaman təmiz informasiya şüuraltından şüura gəlir. İnsan gələn informasiyanı təhrif edə də bilər. Assosiativ yuxular da olur. Yuxuları yozmaqçün psixoanalitik onları müşahidə edib yazmalıdır ki, nəticə çıxara bilsin. Yuxu vaxtı insan zamansız məkana çıxır. Burada dünən, bu gün, sabah bir nöqtədə birləşib. Əgər insanın qavrayışı təmizdirsə, onu eləcə də təmiz ötürür. Yuxu şüuraltı səviyyədə iş deməkdir. İşin nəticəsi isə gün ərzində təsdiqlənir.
– Bəzən gördüyümüz yuxular tam dəqiqliyi ilə çin çıxır. Amma onun reallaşması ehtimalı bir o qədər böyük deyil. Yəni ola də bilər, olmaya da.
– Bəli, mən bu məsələni xırdalamaq istəmirəm. Mənim paralel dünyalar haqqında nəzəriyyəm də var. Elə bil haradasa hadisələrin ssenarisi yazılır. Hansı rejisyor onu çəkir?
– Bəzən olur ki, ilk dəfə düşdüyün situasiya, ilk dəfə görüşdüyün adam sənə o qədər tanış gəlir ki, elə bil bu günü artıq yaşamısan.
– Bax, bu elə yuxudur. Yuxu zamanı siz gələcək gününüzü görürsünüz. Onu unuda da bilərsiniz. Bəzi hissələrini yadda saxlaya da bilərsiniz. Sizin sabahınız artıq formalaşıb. Ancaq şüurunuz bunu hələ bilmir. Biz hamımız öncəgörənik. Ona görə də deyirəm ki, insan öz qüvvəsinə inanmalıdır.

Gülnarə Rəfiq
Vasif Sadıqlı

“Ulu Turan” qəzeti
9 sentyabr 1999-cu il