ALLAHIN HİSSƏCİYİ MƏNƏM

Ölümdən sonrakı həyat yoxdur, çünki ölümün özü də yoxdur

Maya Bədəlbəyli aldığı informasiyalar əsasında bu qənaətə gəlib

İndi çəkdiyi şəkillər əvvəlki qrafikadan xeyli fərqlənir. Burada izah edə bildiyi fikir, məzmun var. Rəsmlər çox rəngarəngdir: müxtəlif fəsillərin meşələri, elə bil insan ayağı dəyməyən başqa planetin dağları, xeyir və şər mövzusunda bir neçə düşüncələr seriyası, üçüncü gözün açılmasına dair bir neçə rəsm, hətta surrealizm cəhdlər və hamının bəyəndiyi avtoportret. İdeya və mövzu müxtəlifliyi ilə yanaşı üslub axtarışları da sezilir. Neçə il günbəgün aldığı informasiyalar yaradıcılıq kanallarını açıb. Rəsm texnikasını bilmədiyindən özünə rahat olan bütün üsulları təcrübədən keçirir: bəzən barmaqlarıyla, lap dırnaqlarıyla da çəkir. İndi pastel texnikasında, qələmyonanla çəkir.
– Rəsmin yaranması prosesi bizimçün çox maraqlıdır.
– Əvvəl fonu yaradıram. Fon əmələ gələn kimi rəsm hazır şəkildə gözümün qabağında olur. Mən onu, sadəcə, görürəm. Amma gördüyüm rənglərin çoxunu verə bilmirəm.

Hakim kimdir?
Qəzəb və nifrətdən ağlımızı itiririk,
Onu «heç nə» yaradır.
“Heç nə”də şeytan və iblisi ruşeymi var,
Ona biz hamilə olmuşuq,
Bulanmış idrakın fikirlərindən,
İşıq sönür və şeytan dirçəlir,
Allahın istəmədiyi işləri görürük.


Niyə mən çəkirəm? O vaxt ixtiyarsız çəksəm də, indii fikirləşirəm ki, qrafika vasitəsilə xətləri düzgün çəkməkçün bir məktəb keçmişəm. Çünki özümlə informasiya arasındakı sərhədləri itirmişəm. Çoxları rəsmlərimi almaq istəyir. Amma satmaq haqda düşünmürəm. Qoy əvvəl sərgim açılsın, görsünlər. Camaat möcüzə istəyir, bu da möcüzə.
– Deyəsən, qrafika keçilmiş mərhələdi.
– Mən heç nəyi elə-belə çəkmirəm. Bu, maraqlı da deyil. Qrafika bir impuls idi, 5-6 dəqiqəyə çəkirdim. İndi bir gecəyə bir əsər yaranır. Bəzən axşam 9-dan dan ağaranacan yerimdən heç durmadan çəkirəm.


Üç buğanın başı bir qazanda beş saat qaynadı.
– Nə desək acığınız tutar? İstəyirik Sizi hövsələdən çıxaraq. Standart situasiyalarda adamı dərindən görmək olmur.
– Mən buğa bürcündənəm. Buğanı müvazinətdən çıxarmaq çox çətindir. Həyatımda o qədər dəyişiklik olub ki. Bir vaxtlar məhəbbət şerləri yazırdım. Romantik təbiətli adam indi elm, həyatın mənası, mənası, fəlsəfi mövzularla yüklənib.
– Məhəbbət bitdimi? O vaxtkı məhəbbət indikindən fərqlənirmi?
– Yaşıma görə fərqlənir. İndi həyata başqa cür baxıram. Yenə də məhəbbəti ən gözəl stress sayıram.

Əbu Hamid əl-Qəzali: “Siz ölçülər dünyasına məxsussunuz. Buraya isə heç bir ölçüsü olmayan bir məkandan gəlmisiniz.”

İçimizdəki şərlə mübarizə bitsə belə, biz Allah olmayacağıq

- Şəkillər arasında bir üzü mələk, o biri üzü şeytan olan şeytandı, eləmi?
– Bəli, bu insan xislətindəki şərin rəmzidi.
– Çəkdiyiniz bu məxluq şeytanla, deyəsən, könülsüz vuruşur?
– Vuruşmaq deyəndə… Bilirsiniz, şər özü də zəruri ünsürdür. Məsəlçün sunami şərdir? İnsançün, bəli. Amma onu Allah yaradıbsa, o necə şər ola bilər?
– Bizcə, adamın həyatının mənası elə şeytanlı davasının səmərəliliyindədir. İslam dinində cihadın ən üstünü adamın öz nəfsi ilə davası sayılır və bu böyük cihad adlanır.

Sən yenidən doğulacaqsan

Sən yenidən doğulub oyanarsan – dedi Allah – çünki, sən özümüzsən. Əbədi yaşayacaqsan, çünki səni əbədi olandan xəlq eləmişəm. Və sənin həyatın davam edəcək. Sən həmişə özün olmayacaqsan. Mənsə həmişə səninlə olacağam, çünki sən mənim bir parçamsan, fikrimsən. Əbədiyyətdən qorxma. Çünki sən ondasan və o səndədir. Ölümdən sonrakı həyat yoxdur, çünki ölüm yoxdur. Əbədidə əriyib başqa dünyaya gedərsən.
– İnsanın içindəki mənfi də müsbət qədər gərəklidir. Mənfi və müsbət arasındakı ziddiyyət bitdikdən sonra nə etməli? Onda irəliləməkçün zamanla ziddiyyətə girmək lazımdır. Allahla aramızda təsəvvür edilməz qədər böyük məsafə var. Zaman bizə daimi təmizlənmə verir. Bu, xeyir və şərin qarşıdurması deyil. Bu ziddiyyət bitsə belə biz Allah olmayacağıq.

İbn əl-Ərəbi: “Mələklər insanların bacarığında və orqanlarında gizlənmiş qüvvələrdir”

«Eşqdir mehrabı uca göylərin…»

– Heç bir dini kitab oxumamışam. Allaha inanmaqçün dinə gəlmək lazım deyil. Mən heç bir dində deyiləm. İsa peyğəmbəri Allahın oğlu hesab edən xristianları başa düşə bilmirəm.
– Üzr diləyirik, Allah evlənib ki, oğlu da olsun.
– İnsanın inkişafının ilk mərhələlərində cəmiyyətin formalaşması üçün mənəviyyat və əxlaq kodeksi lazım idi. Bu zamanın tələbi idi. İnsan öz əliylə qurduğu evə Allahın evi deyir, onunla danışmaqçün bura gəlir. Allah insanı yaradanda məbədi artıq onun qəlbində tikib. Allahla insanın münasibəti çox intimdir. Hansı daha güclüdür: Allahın, yoxsa insanın tikdiyi məbəd? Bu məbədin də təmizliyi onun fikirlərinin təmizliyindən asılıdır. Məbədlər insanın psixikasına təzyiq edir.


Dünyanın axırı deyil.

İndi Yer ətrafında planetlərin yığımı başlanıb. Yer xəstələndiyi kimi insan da, onun əsəb sistem idə xəstələnir. Deyirlər, dünyanın axırıdır. Amma heç nəyin axırı yoxdur. Bir prosesdən çıxıb ayrısına gedirik. Gözlənilən o təzə dövr çox gözəl, «Qızıl dövr» olacaq. Kimsə öləcək, kimsə xəstələnəcək bu normaldır. Çünki bizim əsəb sistemimiz proseslərə dözmür. Bu, dünyanın yox, bu dövrün axırıdır. Bunu hələ 2000 əvvəl yaxşı kahinlər, astroloqlar bilirdilər. Bəs bizim görücülərimiz nə deyir? Ölüm olacaq, zülm olacaq, nə bilim nə olacaq.
Estrasenslər deyir ki, onlar Allahın əliylə işləyir. Bu, vergi deyil, insanın imkanlarıdır. Sizdə də var, o birində də. Əgər ekstrasens bacarırsa, özünü sağaltsın. Bu gün şəraitimiz çox ağırdır. Əgər əclaflıq edib, pul qazanmaq olarsa, niyə ekstrasenslik edib pul qazanmaq olmasın? Yazıqlar dua oxuya-oxuya, qurban sadağa gedə-gedə 5 qəpik pul alır. Əgər mən sağaltmaqla məşğulamsa, xəstənin donoruna çevrilirəm. Bununla da o mənim vibrasiyamın təsirinə düşür. Amma o mənim enerjimlə yaşaya bilməz. Ekstrasenslər bilmirlər ki, nə ilə işləyirlər. Deyirlər ki, vergidir. Elə həyatımız özü Allahın vergisidir. Ya da ekstrasens ağrını aparır. Ağrı siqnaldır ki, içəridə nəsə düzgün deyil. Ağrını götürmək isə anesteziyadır. Ağrı ikiqat gücü ilə qayıda bilər.
– Cadu deyirsiniz ki, var?
– Əlbəttə. Amma inanmayanı cadu tutmaz. Sizdən iraq, mən üzbəüz sizinlə oturub, var gücümlə pis fikirlər düşünsəm, onlar mütləq gəlib sizə dəyəcək. Bütün günü sizdən fikirləşsəm, mütləq sizin ya ayağınız burxulacaq, ya da… Fikir bir enerjidi, informasiyadı. Heç bir informasiya heç yerə uçub getmir. Haradasa qalır. O da gəlib yığılır o predmetə. Öz təmizliyinizə, fikirlərinizin saflığına inanırsızsa, cadunun sizə heç bir dəxli yoxdur.


Fikir bizim kodumuzdur.
– Fikir impuls kimi enerjini dəyişdirir. Sonra fikir müəyyən formanı alır. Bu forma bizim kodumuzdur. Və o işarələr sisteminə - dilə keçir. Fikrin gücü hələ öyrənilməyib. Fikir insanın əsl mahiyyətinin təzahürüdür. İnsanlar düşünür. Onlar düşünəndə fikir enerji şəklində formalaşır. Maqnit sahəsinin tezliyindən asılıdı. Fikir və biokimyəvi proseslər əlaqəlidi. Hərənin düşüncəsinə uyğun biosahə xarakteristikası var. Titrəyişlərin, vibrasiyanın xarakteristikası kosmosla əlaqəlidi. Kosmosdan da siqnallar gəlir. Onlar bizim düşündüyümüz kimi deyil… Onları başa düşmək üçün bizim də vibrasiya tezliyi başqa olmalıdır.

Cəlaləddin Rumi: «Mən öləndə əlləri qoynunda, Ağlayıb dönə-dönə ayrılıqdan deməyin. O gün hicran yox, vüsal günüdür. Günəş qurub etdi, amma bir də doğacaq. Toxum torpağa düşdüsə, cücərəcək».

HƏQİQƏT HƏYATDIR.
Həyat mütləq həqiqətin Allahın təzahürüdür, həqiqətin mütləq mənası Allahdır. Ali həqiqət əlçatmazdır. O, bizdə və bizdən kənardadır. İlahi başlanğıcın təzahürü kimi bizdədir. Əlçatmazlıq Qüdrətlilik, Mütləq hakimiyyət, hər şeyi əhatə edən idrakın təzahürü kimi bizdən kənardadır. Mən ilahi başlanğıcın təzahürüyəm. Mən Onun böyüklüyü qarşısında heç nəyəm, eyni zamanda böyüyəm – Onun bir parçası kimi.

ALLAHIN HİSSƏCİYİ MƏNƏM
Atom hissəciklərindən yazanda birdən belə bir mətn keçdi: «Məndə Allahın bir hissəciyi var deyəndə ruhun əhəmiyyətini azaltmış oluram. Mən deyirəm Allahın bir parçası mənəm. Kainatın da hissəciyi mənəm. Mən bütün qəlbimlə onunla birləşməyə can atıram».
Mən Allahı sevmirəm. Başa düşmədiyin, tanımadığın kəsi necə sevmək olar? Mən ALLAHA heyranam. O mənimçün nəsə əlçatmaz bir varlıqdı. Bu, sevgidən artıqdı. Biz, adətən, konkret şeylərə görə sevirik. Axı, o mənə həyat verib. Həyatın gözəlliklərini yaradıb. Atom-onun nüvəsi, İnsan – onun ruhu, planet-atmosfer. Bu, dahilikdi. Buna yalnız heyran olmaq olar. Amma dərk etmək mümkünsüzdü. İnsan Allaha nə qədər yaxınlaşsa belə, Ona ancaq söykənə bilər. Söykənəndə də Onun böyüklüyünü görə bilməz, yalnız hissəciyi ola bilər. Bəlkə bu vaxt onun böyüklüyünü başa düşə bilərik. Biz artıq bilirik ki, o, çox böyükdür.

ÖLÜM.

Hər birimizin ölümü dirilmədir. Amma varlığın sirrləri bizi çaşdırır. Qeyri-müəyyənlik bizi qorxudur. Öz səy və arzularımızla biz necə də cılızıq. Həqiqətə nəzər salmayanda əbədiyyət və Allah qarşısında acizanə, sonsuzluq axınında üzürük. Özümüzün bir hissəsini özümüz ilə götürürük. Xəbərimiz də yoxdur ki, bu dünən gedən bizik.

OĞLAN BU SÖHBƏTDƏN KAMINA ÇATDI, EVƏ ÇATAN KİMİ YIXILDI YATDI
– Mənim mühazirələrimdə birinci sıralarda oturanlar, adətən, yatırlar.
– Onlara maraqlı deyil?
– Xeyr, çox maraqlanır, soruşurlar. Bu, çox ağır energetikadır. Mən 5-6 saat istirahətsiz danışa bilirəm. Axı aldığım informasiya da enerjidir. Mən onu kiminləsə bölüşməliyəm.
Maya xanımın enerjisinin təsirini sonradan hiss etdik. Beş saatlıq söhbət zamanı ilk dəfə saata 4 saatdan sonra baxdıq. Adətən, gecə yarısına qədər oxuyan Vasif müəllim etiraf etdi ki, axşam saat 6-dan balışa zəhmət verib. Təbiətcə ertədən yatan Gülnarə isə həmişəkindən dəfələrlə aktiv olub gecə 2-yə qədər oyaq qalıb.
Ekstrasenslik qabiliyyətinin olmasını bilib, sıravi adam kimi fürsətdən istifadə etdik. Maya xanım «Adamın əlinə baxan kimi mənə hər şey aydın olur» – deməklə xasiyyətimizdən, bir qədər də qismətimizdən danışdı. Gələcəyi isə şərh etmək fikrimiz yoxdu…
Maya Bədəlbəyli aldığı informasiya əsasında «Kəlam» adında kitab tərtib edib. «Kəlam»dan gətirdiyimiz sitatlar ruscadan çevrilib.

“Ekspress”qəzeti, O'Kamil ilə birgə
23 iyun, 1999-cu il