Azad Ozan Kərimli: «Allahı Azərbaycanda axtarmalıyıq»

Özü haqqında: Mən bəstəkarlıq fakültəsini bitirmişəm. Həyatda çox işlərlə məşğul olmuşam. Azmaz əsər də yazmışam. Amma özümü oda-közə çox vurmamışam. Mən həddən artıq yumşaq adamam, amma məndə yekəxanalıq da var. Radionun bədii şurasına əsər gətirdimsə, məni dinləmək istəməyəndə dönüb çıxıb gedirəm. Özümü folklor yığmağa sərf etmişəm. 12 il əlimdə maqnitofon çöllərə və dağlara düşmüşəm. Təxminən 300 kaseti Dövlət Səslər Arxivinə təqdim etmişəm. Orada nəinki folklor yazıları, həm də sözbətlər, sual və cavablar var. Mənə deyirlər ki, niyə sən şöhrətpərəst deyilsən? Şöhrətpərəst olmayan adam yoxdur. Hamı çalışır, nə isə qoyub getsin. Amma insanlar xariqələr yarada bilmir. Misir ehramlarını və ya Bethovenin V simfoniyasını yaratmaq hər adama qismət olmur.

- Əvvəlcə mənim araşdırmalarım sistemsiz idi. Hər şeylə maraqlanırdım. O vaxt məndə xəstəlik var idi. Mədədə spazmalar olurdu. Yeməyi nəinki yeyəndə, hətta onu görəndə də ürəyim bulanırdı. 1985-ci ildə fikrimi toplayıb Tovuza getdim. Aşıq Əkbərlə zəngləşib mehmanxanada görüşməyi danışdıq. O, məni görən kimi dedi: «Hardaydın, neçə illərdir ki, səni gözləyirəm». Onda ekstrasenslik var idi. Mən bunu yalnız o, öləndən sonra başa düşdüm. Xeyli söhbət etdik, hərdən sazı çıxarıb çalırdı. Qurtarandan sonra məni yeməyə dəvət etdi. Mən dedim ki, axı yeyə bilmirəm. O, cavab verdi ki, səni sağaldacağam. Mən də işimin xatirinə hər şeyə hazır idim deyə dərmanımı çıxartdım ki, qəbul edim. Dərmanı əlimdən alıb zibil yeşiyinə atdı. «Bu sənə daha lazım olmayacaq» - dedi. Məni aparıb öz dostları ilə tanış etdi. Sonra sazı çıxartdı və dedi: «İndi mən Azad müəllimin çox sevdiyi Mirzə dübeyti oxuyacağam». O havanı isə mən çox sevirdim, elə hey soruşur, adını tapa birmirdim. O hardan bilirdi ki, bu mahnını sevirəm. Aşıq çaldıqca, hiss etdim ki, ağrı yavaş-yavaş gedir. Həmin gün mən kabab da yedim, zoğal arağı da içdim. Neçə günün ərzində 20-dən artıq kasset yazdım. Evə gələndə qapını açan atam məni tanımadı. O vaxtdan məni bu eşq kibrit kimi yandırmağa başladı. İmkan az idi, amma qazandığımı bu yolda xərcləyirdim. Aşıq məktəblərinin genealogiyasını öyrənməyə başladım. Tovuz aşıq məktəbini yazdım. 90-cı ildə mən 12 il gözlədiyim arzuma çatdım. Baba dağına çıxdım və o gecə Aşıq Əkbər, 40 gündən sonra isə Mikayıl Azaflı rəhmətə getdi. O gecədən sonra elə bir nə isə yoxa çıxdı. Mən topladıqlarımı bəlkə heç istifadə edə bilmədim. Yazdığım kassetlərdəki adamların çoxusu həyatda yoxdur artıq.
– Sizi Türkiyə və İran təsirlərinin qəti əleyhdarı kimi tanyırıq. Bunun kökləri haradadır?
– Ən qorxulusu elə Türk və İran təsirləridir. Çünki onlar yaxındırlar. Biz İrana da, Türkiyəyə nə qədər qardaş desək də, axı biz qardaş deyilik. Bizim öz anamız, öz atamız var. Amerika təsirləri bir o qədər qorxulu deyil. Onun mədəniyyətinin izlərini, «Koko-Kola», «Marlbora»nı bir dəqiqəyə süpürüb ata bilərik. Türkiyə, İran isə bizə yaxındır. Onlar bizi qucaqlayır, arxadan xəncəri kürəyimizə sancırlar. Bizi həm maddi, həmdə mənəvi cəhətdən soyurlar. Biz uşaqlıqdan eşitdiyimizi yadda saxlayırıq. Bu intonasiya yaddaşı, koddur. Bəlkə də o, ana südü ilə bədənimizə daxil olub. Son zamanlar ona təxribat edilir. Bizim uşaqlar türk musiqisindən savayı nə eşidir? Bu intonasiya yaddaşının pozulması xərçəng xəstəliyi kimidir. Mən belə deyəndə çoxları biganəlik göstərir, təhlükəni hiss etmirlər. Yeni yaranan radiostansiyalar gecə-gündüz türkcə danışır və yaxud azəri dilində türk ləhcəsi ilə danışırsa, bu, biabırçılıq deyilmi? Biz o vaxt özümüzü saxlaya bilərik ki, dövlətin mədəni siyasəti olsun. Mən çəkinmədən deyirəm ki, iqtidarın bu gün mədəniyyət sahəsində siyasəti yoxdur. Bu, bizə çox bəlalar gətirəcək. Obrazlı desək, bir zaman Azərbaycan mədəniyyətinin fotosu olacaq, boyakarlıq və qrafikası olmayacaq.
– Gələcək planlarınızı oxucularla bölüşərsinizmi?
– Şair Zəki İslamın sözlərinə həzrət Əli mövzusunda akapella kantata yazmışam. 45 yaşıma qədər başladığım işləri qurtaracağam. Sonra böyük planım var. Göyçə aşıq məktəbi, Çıldır aşıq məktəbini yazacağam. Çıldır İrəvandan qərbdən Türkiyənin Çıldır vilayətinə qədər ərazini çevrələyir. Onlar sırf Azərbaycan aşıq məktəbidir və bizim tariximizdir.
Sənət eşqdir. Eşq olan yerdə Allah var. Allah əsərdədir, Allah gözəllik, sədaqət olan, yaxşı dostluq olan yerdədir. Bütün xeyirli işlərdədir. Allah Azərbaycanda var. Biz Allahı öz vətənimizdə axtarmalıyıq.

“Çağ” qəzeti,
09.12.1997