“Qadın hardasa bir küləkdir...”
Gülnarə Rəfiq, bu imza Azərbaycan mətbuatında 20 ildən çoxdur pərvaz edir. Köşə, publisistika, portret, tarixin, sənətin, musiqinin araşdırması – hər birindən bir damla atıb düşündürücü dərya yarada bilir. Onunla söhbət etmək rahatdır, amma çətinlik də yaradır, çünki söhbət boyu külək kimi hərəkətdədir, gah Gülnarə İsmayılova olur, gah Manafova, asan olmayan suallarda Rəfiq. Mən cəhd etdim və çalışdım ki, hər üçüylə təmasda olum.
- Səs-söz-təsvir, İsmayılova, Manafova və Rəfiq və hamısını özündə birləşdirən Gülnarə xanım, birincilərdən hansına görə ikincilərə min-nətdarsan?
- Əvvəla, etiraz edirəm ki, Gülnarə Rəfiq, İsmayılova, Manafova deyilən bir şey yoxdur, heç vaxt da olmayıb. Yalnız Gülnarə var. Eləcə də, demək olar ki, səs-söz-təsvir və s. təmtəraqlı ifadələr də yoxdur, hamısı şərtiliklərdir. Hansını ki, biz uydurmuşuq, çünki uydurulmuş dünyada yaşamaq rahatdır. Əslində, heç kim yazı mexanizminin necə işlədiyini bilmir. Onu, bəlkə də, sənətşünaslar deyə bilər ki, burda təsvirdir, burda sözdür və ya mənadır. Yazan adamlar bilir ki, elə şey yoxdur. Məsələn, bunu transla da müqayisə etmək olar, özünü transa salır-san, ruslar buna “sostoyaniye” – durum deyirlər. Adi həyatda informasiya işıq şüası kimi gəlirsə, trans vəziyyətində işıq seli kimi gəlir və sən sözlə jonqlyorluq etməyə başlayırsan, onu mənaya çevirirsən. Sənin bu xoşbəxtliyin yazının sonuna qədər çəkir, sonda nöqtə qoyursan. Əgər deyilməmiş sözün varsa, P.S. yazırsan. Vəssalam, bitdi. Məndən “nə hardadır, nə birincidir, yaxud nə sonun-cudur?” deyə təhlil soruşmaq, bu sırf jurnalist yanaşmasıdır. Mən isə heç vaxt yazılarımda jurnalist kimi olmamışam.
- Hər üçünü birləşdirən və ayıran cəhətlər varmı? Varsa, nədən ibarətdir və bunların müsbət və mənfi təsirləri barədə danışmanı istərdim?
- Sənə elə gəlmədimi ki, mən danışanlardan sonra bu sual artıq yersiz oldu? Deməli, relsdən çıxmağı bacarmırsan. Mən bu sualın cavabını bilmirəm.
- Hələ də kimsiniz sualının cavabını axtarırsan, yoxsa dəqiq öyrənmisən?
(Yolunu axtaran, narahat, bütün sualların cavabını birdən öyrənmək istəyən, yaranışın sirrindən tutmuş, uzaq qalaktikalara qədər hər şeyi, hətta ütünün, televizorun, kompüterin daxili quruluşunu da eyni dərəcədə bilmək istəyən, içərisini didən sualların cavabını qeybdən gözləyən və buna görə ən xırda işarədə, simvolda, müqəddəs kitablarda, daş kitabələrdə, lap yuxularda işarət axtaran birisi... Yəqin, nə vaxtsa bu sualın cavabını özüm də dəqiq öyrənəcəm).
- Mən bilirəm, kiməm və hər yazıda bu barədə yazıram. Amma bununla belə istəmirəm ki, hamı mənim kim olduğumu bilsin. Bir var, sən yazırsan ki, səni anlasınlar, biri də var ki, sən sözün arxasında gizlənirsən, qoy səni tapsınlar, tapa bilirlərsə.
- Filoloqlar üçün həyat cümlədir, filosoflar üçün düşünmə, riyaziyyatçılarçün müstəvidir, təyyarəçilərçün həyat uçuşdur, rəssam üçün həyat bir lövhədir, musiqiçi üçün həyat bir etüddür - deyən Gülnarə Rəfiq üçün həyat nədir?
- Həyat bir şansdır. Şansdır ki, sənə verilənləri göstərə və yaşaya biləsən, hər şeyin dadına baxıb tamını çıxarda biləsən. Burda ağlamaq da, sevinc də, gülüş də var, hər şey var orda. Onu yaşamasam, yəqin ki, nakam ölərəm, onları mütləq yaşamalıyam! Hamısını... Müstəvini də, uçuşu da, etüdü də, bunsuz mümkün deyil. Bunların hamısını yaşamaq lazımdır, həm nöqtə olmaq lazımdır, həm düz xətt, həm müstəvi. Yeri gəlsə, böyüyürsən, kub olursan, ətrafına adamlar yığırsan, bir həcm əmələ gəlir. Bundan sonra sən fikirləşə bilərsən ki, mən böyümək istəyirəmsə, kainat var, sonsuzluğa qədər imkanlar var. Biz onların çox az bir hissəsinin dadına baxırıq. Həyat qısadır, cənablar!
- Səni uşaqlıq dövrünün mahnıları musiqiçi etmədimi?
(Yenə də uşaqlıq dövrümün mahnılarına heyfim gəlir. İncə, tükürpədici, gözyaşardıcı və səmimi mahnılar idı. “Ad günü” köşəsindən)
- Yox, mən artıq 7 yaşımdan musiqi ilə məşğul idim. Birinci sinfə gedəndə imtahan verdik, daxil olduq və bildik ki, biz musiqi ilə məşğul olub sonunda musiqiçi olmalıyıq. Bizi yaxşı musiqiçilər kimi yetişdirdilər. Əgər mən orta siniflərin birində hiss etsəydim ki, musiqiçi deyiləm, onda məktəbdən çıxmalıydım. Amma məktəbdən çıxmadım və peşman da deyiləm. Çünki peşəmi sevirəm. Mən heç vaxt jurnalist olmamışam, bunu həmişə də deyirəm, mən jurnalist deyiləm, mən musiqiçiyəm.
- Yalnız bilmədiklərindən və sükutla baş-başa qalmağından çox qorxduğunu etiraf etmisən. Nədir bilmədiklərin və onların sükutla bağlı-lığı varmı?
- Sükut insanın sıfır vəziyyətidir. Mistiklər deyirlər ki, enerji kəfgirini işə salmaq olmaz. Bu tərəfdə sevinc, bu tərəfdə kədərdir. Əgər sən kəfgiri işə salsan, nə qədər sevinsən də, bir o qədər kədərlənməlisən. Mən də çalışıram ki, kəfgiri sıfır vəziyyətinə qaytarım. Belə olduqda bütün lazımsız şeylər aradan gedir və ətrafında bir tək həqiqət qalır. Sən onda kim olduğunu bilirsən, hara getməlisən, heç kim səni narahat etmir, yaxud arxadan daş atmır. Necə deyərlər, bu dünyada bir sən varsan, bir də Allah var. Yerdə qalan dekorasiyadır, bu barədə yazmışam. Başa düşəndə ki, dekorasiyanı da sən yaratmısan, adam dəhşətə gəlir. Boynuna almaq istəmirsən ki, yəni bütün mənfilikləri həyatıma özümmü gətirdim?! Bunları yaşamağı özüm seçmişəm, istəmişəm? Onu başa düşəndə, sükutdan doğrudan da qorxursan.
- Ümumiyyətlə, sənin üçün həyatın tamı nə deməkdir?
- Mən insanam, ona görə hər şeyi duyğuya bağlayacam. Duyğusuz mümkün deyil. Həyatımda yaşamadığım duyğu olmayıb. Ona görə də mənim nəyəsə tamarzı qalmağa haqqım yoxdur. Ola bilər, gözüm doymayıb. Elə bir şeylər var ki, mən onu yenə də yaşamaq istəyərəm. Məşhur lətifə var, biri gəlir çayxanaya, görür ki, iki cür çay var. Adi, 1 manatlıq, o biri çay bəh-bəhlə, 5 manatlıq. Müştəri bəh-bəhli çay sifariş edir. Çayçı çayı gətirəndə, bəh-bəhini unudur. Yadına salanda götürür stəkanı, üzr istəyir, bir də qayıdıb bəh-bəh deyərək çayı müştərinin qarşısına qoyur. Sonra şokoladı, mürəbbəni tərifləyir. Mən elə yaşamaq istəyirəm, mən çayı bəh-bəhlə içmək istəyirəm və mən bunu ritual olaraq hər səhər edirəm.
- Bəs həyatın tamını dəyişmək haqda cəhd etmisənmi?
- Mən o qədər cəsarətli qadın deyiləm. Həyatın tamını dəyişmək çox çətindir, hər şeyi sıfırlamaq gərəkdir. Məndə o cəsarət hardandır?! Bunu Gülnarə Rəfiq, bəlkə də, edərdi, amma mən edə bilmərəm.
- Deməli, sən Gülnarə Rəfiq olmaq istəmirsən?
- Mən Gülnarə Rəfiqi yaratmışam. Bir dəfə sənə dedim ki, onu öldürə bilərəm, öldürə də bilərdim. Zaraza ölmədi, nə edim?! O, daha çox obrazdır, nəinki persona.
- İnsanın bütün sualların cavabını tapması barədə düşünmüsənmi, yaxud bir an olub və ya bu məsələdə hardasa əminliyin var?
- Bütün sualların cavabını tapan gün öləcəyik. Həmin gün, həmin dəqiqə, həmin saniyə həyat bitir. Bütün sualların cavabını tapmaq mümkün deyil və heç vaxt da tapmayacağıq.
- Ancaq söhbətin əvvəlində insanın özünü tam ifadə etmədiyini də vurğuladın...
- Mümkün deyil bu. Bəzən özün özünə etiraf edirsən ki, axı mən necə murdar bir insanam, bunu düşündüm, filan hərəkəti elədim. Özünə bəzi fikirləri icazə vermirsən də... O ki, qala həmin bu fikirləri yazıb hardasa çap edəsən. Necə ola bilər bütün sualların cavabı olsun?!
- Amma yazılarının birində “Bütün sualların cavabı var” əminliyi ilə bəzən həyatımızın tamını dəyişdirir cümləsini işlətmisən...
- Əslində, bunu mən deməmişəm, yəqin ki, hardasa oxumuşam. Deyirlər ki, bütün sualların cavabı özümüzdədir, biz doğulanda bütün sualların cavabını bilirdik. Amma biz bu prosesi yaşamaq istəyirik ki, sualın arxasınca gedib sualın cavabını tapa biləsən, onu yaşamalısan.
- Ömrünün 50-ci baharına qədər hansısa şansları buraxdınmı, olubsa, nələrdir onlar? (“Özümə məktub” köşəsi)
- Hamının həyatında bir seçim anları olur, mən də müəyyən zamanda düzgün seçim etdiyimi düşünürdüm. Məsələn, cavan vaxtında ailə, uşaqlar, onları seçdim. Amma indi 50 yaşına gəlirsən və fikirləşirsən ki, o dövrdə düzgün seçim etmişəmmi? Əmin deyiləm. Nəzərə almaq lazımdı ki, buna 50 yaşımdan baxıram. Ola bilər, həmin dövr üçün doğru qərar idi. Hər dövrün öz energetikası var, mən bugünkü energetikamla keçmişimi nə mühakimə, nə də təhlil edə bilərəm.
- Gücün çatmır, yoxsa inamın, əminliyin yoxdur?
- Mən böyüyürəm, dəyişirəm, eyni yerdə qalmıram axı.
- Yarısını adladığın ömürdə elə an olub ki, 15-ci daşı görmək üçün nəfsindən, arzulardan, dünyanın maddi nemətlərindən imtina edib pərvazlanmaq keçibmi? (“Gələcəyin dumanına boylananda…” köşəsi)
- Bəxtim onda gətirdi ki, bir dövr gözəl insanlarla ünsiyyətdə oldum. Buna görə jurnalistikaya çox minnətdaram, özümü jurnalist adlandırmasam da. Sənətkarlarla, rəssamlarla, şairlərlə, musiqiçilərlə ünsiyyətdə oldum, yaradıcılıq gecələri, hətta şərab məclisləri oldu, söhbət etdik. Onlar mənə tamam fərqli dünya göstərdilər. Bunlar mənim üçün qeyri-adi idi, çünki bunları bilmirdim. Mən bilmirdim ki, azad olmaq nədir, məktəbi yeni bitirmişdim, ardını elə də gedəcəkdim. Onlar mənə bu dünyanı göstərdilər. Mən bilirəm ki, insan azadlığı nədir, fikrin, hətta çirkinliyin içində gözəlliyi necə görmək olar. Bunları mənə göstəriblər.
- “Azadlıq simfoniyası”nı ona görə yazdın?
- Bəli.
- Gələcəklə söhbətlərin olurmu?
- Mən yazılarımda gələcək haqqında o qədər də yaxşı danışmıram. Həmişə deyirəm ki, gələcək reallaşmamış arzuları yığıb qablaşdırmaq üçün qutu kimi bir şeydir. Gücün çatmadığın şeyləri atırsan həmin qutuya, sanki zibil yeşiyidir. Amma gələcək də heç vaxt gəlib çıxmır, ona görə də zibillər yığılır, yığılır. Günlərin bir günü anlayırsan ki, sənin oranı da təmizləməyə gücün çatmır, sadəcə, o gələcəyindən imtina edirsən, tamam başqa bir ömür yaşayırsan. Gələcəyimizi zibilxanalaya döndərməsəydik, çox yaxşı olardı. Gələcək heç vaxt gəlməyəcək. Çünki nə olursa, bu gün, bu dəqiqə olur.
- Zəngin mütaliən var, belə desək, dünyanın hər üzünü, oxuyub görmüsən, elə bir an olubmu hər şeyi buraxıb getmək istəmisən, lap belə deyək somatiyə çevrilmək keçibmi qəlbindən?
- Mən bunu müsahibə olduğu üçün demirəm, dostum Natiqə danışıram ki, o yola gedəcəm, sadəcə möhlət almışam. Somatiyə çevrilmək böyük bir yoldur, inanmıram gücüm çatar. Amma bir yol var, ora çağırıblar, yuxarıdan. Mən də o anda “ağciyərlik” etdim, uşaqlarımı, həyatımı göstərib, 20 illik möhlət istədim. Az qalıb, vaxt bitir. Günlərin bir günü ümid edirəm ki, o yola getməyim baş verəcək.
- 70-dən çox portret yazın var, alimlər, ictimai-siyasi xadimlər, rəssamlar, bəstəkarlar, yazıçılar, aktyorlar və başqa sənət adamları... Onların ömür yolunu oxuduqca ömrünün düzənini dəyişə bilənə rast gəl-dinmi?
- Gəl, sənə başqa bir şey danışım, tanışlarımdan biri, hansı ki, onun istədiklərinə müsbət cavab gözləyirdi. Sonda alınmayanada dedi ki, bu rəhmət-liklərlə o qədər ünsiyyətdə olmusan ki, bizim orda şansımız yoxdur. Sonra düşündüm ki, doğru deyir, yazdığım portretlərdən hər biri şəxsiyyətdir, hər biri bir həyatdır. Adam oxuyub həsəd aparır ki, gör bir nələr edib və özünü faktiki bu arada görmürsən. Sanki bir yoldur, səhrada gedirsən, uzaqbaşı arxaya baxıb izini görə bilirsən ki, hə, mən burdan gəlirdim. Amma öndə nədir, onu görə bilməz-sən. Ona görə də qabaqda nə imiş sualı ilə özünü incitməyə ehtiyac yoxdur, get də yolunu.
- “Mənim də həqiqət göstəricim 70 faizdən artıq deyilmiş” yazan Gülnarə Rəfiq üçün Həqiqət faizlərlə ölçülür?
- Xatırlamıram hansı yazıda nəyə görə demişəm, kontekstdən çıxarılmış ifadədir. Həqiqət göstəricisi faktiki yoxdur, həqiqəti necə ölçmək olar? 100 faizlik həqiqət, yoxsa 20 faizlik?! Həqiqət sən bilmədiyin bir şeydir, onu faizə qoşa bilməzsən. Onun həqiqət olduğunu bilmirsən, bilən kimi bu, bildiyinin yalnız bir hissəsidir.
- Sokratın dediyi kimi: hər şeyi bilən, heç nəyi bilmir, həqiqət birdir...
- Əlbəttə. Sufilər deyirdi ki, həqiqət qaranlıq otaqda filə əllə toxunmaq kimi bir şeydir. Hər bir insanın həqiqət haqqında öz təsəvvürü var.
- Qadınlıq, kişilik, övladlıq, bu anlayışların sənin üçün xüsusi tərifi varmı, yoxsa ənənəvi-mental tərifi bölüşürsən?
- Əlbəttə, 100 faiz bölüşürəm. Cəmiyyətdən kənarda insan olmadığı kimi mən də Azərbaycan cəmiyyətindən kənarda mövcud ola bilməzdim. Mən bu cəmiyyətin bütün qaydalarını qəbul edir və o qanunlarla da yaşayıram.
- Amma üsyan etdiyin anlar da olur...
- Üsyan edirəm, əlbəttə, onları dəyişirəm də, öz bildiyim kimi də yaşayıram. Amma bu onların pis olduğu üçün üsyan edirəm anlamına gəlmə-məlidir. Sadəcə, bu bir seçimdir, mən belə yaşamaq istəyirəm.
- Nədən Azərbaycan kişisi qadının yaratdığını qoruya bilmir? Ümumiyyətlə, qadın nə yaradır ki, kişi onu qoruya bilmir, bəlkə, heç yaradılanı qorumağa ehtiyac yoxdur?
- Mən təbiətcə kişipərəstəm. Qadın yaradıcılığından zəhləm gedir. Qadının ən kamil yaratdığı onun övladlarıdır, ondan kamilini yarada bilməz. Yaradıcılıq işini kişilərə buraxmaq lazımdır.
- Ancaq onu da yazmısan ki, kişinin funksiyası qadının yaratdığını qorumaq və cəmiyyəti irəli çəkməkdir... Və əlavə etmisən, azərbaycanlı kişisi bu missiyanın birinci bəndində uduzub.
- Yenə də kontekstdən çıxarılıb. Hansı bəndində uduzub, yadıma sal...
- Mən bilmirəm, sən yazdığını unutmusan. Suala cavab verə bilməyəndə, kontekstən çıxarılmağı niyə xatırlamalısan?
- Ümumiyyətlə, gəlin etiraf edək, Azərbaycan kişisi dünyada mövcud olan kişilərin ən keyfiyyətsizidir. Qadınını hər cür istismar edir, təəssüflənərəm ki, ərə getməyən qızlar bu müsahibəni oxuyacaq, amma deməyə məcburuq, nə vaxtsa bu həqiqəti bilməlidirlər. Kimsə qadınının yalnız bədənini istismar edir, onun yerdə qalanı ilə işi yoxdur. Şərqdə bədəni istismar edirlər, amma ruhu ilə işləri yoxdur. Qərb tərsinə edir, beyinlə çulğalaşırlar, bədənə qarşı ehtiyatla davranırlar. Azərbaycan kişisi isə heç nə ilə ehtiyatla davranmır. Arvadını işə də göndərir, pulunu da xərcləyir, tutur əlindən alır, sonra üstünə qışqırır, söyür, deyir get mətbəxə, sənin yerin ordadır. Onun üçün qadınının savadlı olub-olmamasının fərqi yoxdur, təki yeməyi vaxtında hazır olsun və üstünə qış-qırmağa bir adam olsun. Azərbaycan kişisi bunu başa düşüb dəyişməyincə cəmiyyətimizdə heç nə düzəlməyəcək. Çox təəssüf!
- Avstriyalı psixoloq Ziqmund Freyd “qadınlar nə istəyir?” sualı üzərində illərlə düşündü, cavab tapmadı. Siz bir qadın olaraq cavabı bilirsinizmi?
- Onu heç kim bilmir, çünki dünyanın ən böyük sirridir. Nüvə silahının nə vaxtsa kamil formalarını tapacaqlar, kainatın bütün sirlərini tapacaqlar, amma qadının nə istədiyini heç kim tapmayacaq. Buna cəhd də etməyin.
- O zaman adekvat sual yaranır, bəs kişilər nə istəyir?
- Yemək, heyranlıq və liderlik istəyirlər, vəssalam!
- Doğrudanmı, qadınlar şahmatçılar kimi qələbə naminə qurban verməyi bacarırlar?
- Bəli. Əslində, mənim burda qadınların sirrini açmağım heç yaxşı düşməzdi. Çünki dediklərim yarımhəqiqət olacaq. O şeyləri ki, özümə etiraf etmirəm, onları niyə müsahibədə açmalıyam?
- Həqiqəti deməkdən qorxursan?
- Mən onu deməməliyəm və cəmiyyətə belə bir borcum yoxdur.
- Bəs özünə borcun varmı?
- Özümə də yoxdur. Ola bilər ki, çox yaxın rəfiqəmlə 3 dəqiqəlik söhbətdə nəsə bir həqiqi söz deyək bir birimizə. Etiraf edib tez də mövzunu dəyi-şib üstündən keçərik. Amma bilsəm ki, kimsə məni çəkir, heç vaxt bayaq deyə bildiyim həqiqəti dilimə gətirmərəm.
- Həqiqətdən bu qədərmi qorxursan?
- Həqiqət jele kimi bir şeydir, çox dəyişkəndir. Əgər onun barəsində nəsə desəm, məlum olacaq ki, heç nə bilmirəm. Bunu ağıllı adam başa düşür. Ona görə də həqiqət haqqında ümumiyyətlə, danışmazlar.
- Sənin istədiyin nədir ki, ad günündə bağışlamırlar?
(Dünyada heç bir qüvvə məni inandıra bilməzdi ki, mayın 10-da Günəş adi qaydada çıxır, planetlər həmişəki avazıyla fırlanır. Zaman da sübut elədi ki, mən haqlıyammış. Bu günün xeyri bağışlanan hədiyyələr, deyilən təbriklə və tostlarla məh-dudlaşmır. Onsuz da sənə heç vaxt istədiyimi bağışlamırlar. (“Ad günü” köşəsindən)
- Hər ad günümdə özümə müxtəlif şeylər istəyirəm. Hansısa köşələrin birində yazmışdım ki, hamıya ətir bağışlayanda, mənə laqunda bağışladılar, çünki özüm istəmişdim. Yaxud qayka bağlayan istəmişdim, o dövrdə bunlar mənə lazım idi. Zaman keçir, istəklər və arzular da dəyişir, ətrafındakı insanlar da nə istədiyini tuta bilmirlər. Onlar da öz istədikləri şeyləri sənə bağışlayırlar. Ən azından ətir və başqa xırda hədiyyələr həmişə yerinə düşür. Qalan şeyləri artıq mən də özümə bağışlaya bilərəm.
- Amma həyatda unudulacağını da deyirsən?
- Kim unudulmur ki? Kim unudulmadı? Milyardlarla insan gəldi getdi, kim unudulmadı, hamısı unuduldu. Biz sadəcə, qumdan olan heykəldə qum dənəsiyik. Heykəl dağılacaq, biz də quma qarışacağıq. Bu yaxınlarda köşələrimin birində bu fikri tapdım, müqayisə edib kişiləri növlərə bölmüşdüm. Kiminsə kişisi metaldandır, arxanda dayana bilər. Yaxud qayadır, sındırmaq mümkün olmasa da zirək də deyil, emosiya cəhətdən də ləngdir. O yazıda müxtəlif materiallar sadaladım, sonda Azərbaycan qadınının əlində olan oyuncağını təsvir etdim ki, bizim kişilər sanki hamısı qumdandır. Balaca uşaqlar dəniz kəna-rında qumdan heykəl düzəltdiyi kimi biz də əlimizdəki quma su qatır, vedrənin içinə doldurub formasını düzəldirik. Bu prosesin özü ləzzət edir, ürəkaçandır. Amma ya ləpə gəlib, ya da küləklər əsib bayaqdan quraşdırdığını dağıdır. Sən məyusluq içində nəticəsinə baxırsan. Və ayağa qalxıb gedəndə, sən bu qum dənəciyinin birini də cibinə qoyub aparmaq istəmirsən. Ona görə də mən Azər-baycan kişisindən incimişəm ki, özünü çimərlik qumu kimi aparır. Ola bilər, qaya parçası, metal olsaydı, ondan bir qırıq götürmək istəyərdim, amma o qum-dur. Qum barmaqların arasından sürüşüb gedəcək, sənə heç nə çatmayacaq.
- Bəs qadın nədir?
- O da hardasa küləkdir...
Natiq Cavadlı