Siyavuş Kərimi: “Gələcəkdə bəlkə muğamın rok variantı da əmələ gələcək, mən buna inanıram”

 

- Mən birinci dəfə sizin kabinetinizə gələndə ilk əvvəl diqqətimi tərtibat çəkdi. Ağ mebel arxasında yaxası xırda qaşlarla bəzənmiş qara atlas köynəkdə oturmuşduz. Bu, konsert geyimidir, rektorlar adətən belə geyinmir. Mənə elə gəldi ki, siz bununla rektordan daha artıq yaradıcı adam olduğunuzu vurğulamaq istəyirsiz. Kresloda darıxmırsız?
- Rektorluq da yaradıcı işdir. Yaradıcılıq təkcə fırça ilə, ya da musiqi ilə olmur ki. Əlbəttə, bu administrativ işin məsuliyyətini dərk edirəm. Konsert fəaliyyətində sən fikirləşirsən, çalışırsan, planını reallaşdırırsan və nəticəni tez əldə edirsən. Təhsildə isə nəticə olması üçün sən 10-15 il irəlini görüb zaman keçəndən sonra nəticə əldə edirsən. Gözlədiyin müddət ərzində prosesi də izləməlisən ki, gərəsən sonunda düzmü nəticəyə gələcəksən. Milli Konservatoriya Azərbaycan milli musiqi siyasətində bu sahəyə cavabdeh ola biləcək önəmli təşkilatdı. Nəinki bu gününə, hətta gələcəyinə cavab verə biləcək. Biz burda işimizi elə qururuq ki, Azərbaycan milli musiqi mədəniyyətinin yeni yollarını, istiqamətlərini indidən görüb, istiqamətləndirib təkan verib yarada bilək. Bu bir şahmat oyunu kimidir. Çox məsuliyyətli, maraqlı və heç də asan olmayan işdir.


- Bu fikri dəfələrlə eşitmişik, Milli Konservatoriyanın yaranmasını Üzeyir bəy ənənələrinə xilaf çıxmaq kimi də dəyərləndirirlər. Üzeyir bəy Qərb və Şərqi birləşdirmək məsədilə tar və kamançanın yerini skripka, violonçel və fortepiano ilə yanaşı görürdü, hətta müştərək nailiyyətləri olmaq şərtilə tədrisin də bu cür tərtibatını o fikirləşmişdi. Bəs siz nə düşünürsüz bu barədə?
- Həmin dövr üçün Üzeyir bəyin seçdiyi yol tamam düzgün idi. Çox şükürlər ki, oldu və yarım əsrdən artıq müddətdə davam elədi. Amma siz baxın, o zaman Azərbaycan Dövlət Konservatoriyasında xalq çalğı alətləri yalnız bir kafedra şəklində fəaliyyət göstərirdi. 2000-ci ildə ulu öndər Milli Konservatoriya yaratmaq ideyasını irəli sürəndən sonra – mən o zaman tamam başqa istiqamətdə çalışırdım – Azərbaycan mədəniyyətinin tarixini tədqiq v təbliğ sferalarının ərsəyə gətirilməsi məsələsini önə çəkərək qısa müddətdə, yəni 2001-ci ildə Konservatoriyanın maddi texniki bazasının yaranması barədə qərar verildi və mən rektor təyin edildim. Artıq aradan 15 il vaxt keçir. Baxın görün bu zaman kəsiyində milli musiqi ifaçılığında, tədqiqat istiqamətində nə boyda sıçrayış baş verdi. Əvvəllər çətinliklərimiz çox oldu: binamız “ev-eşiyimiz” yox idi, qonaq qəbul edə, tədrisimizi istədiyimiz kimi təşkil edə bilmirdik. Çətinliklərimiz 10-12 ilə qədər sürdü. Hazırda yerləşdiyimiz bu tədris kompleksi cənab prezidentimiz İlham Əliyevin və birinci ledi Mehriban xanımın iştirakı ilə təntənə ilə açıldı. Artıq beynəlxalq festivallar, görüşlər, müsabiqələr keçirməkçün yerimiz və imkanımız var. Nə qədər konsertlər veririk, xarici qonaqlar maraqlanıb gəlir. Siz özünüz də bilirsiz, dünyada konservatoriyalar adətən köhnə binalarda yerləşir. Amma bizim konservatoriya musiqinin müasir standartlarına cavab verə biləcək ilk ali qurumdur ki, siniflər, laboratoriyalar, zallarla təchiz edilib.


- Konservatoriyalar ayrılanı indi artıq Bakı Musiqi Akademiyası adlanmış parça “narodniklər” üçün ola bilər bir qədər qəribsəyib.
- Mən deməliyəm ki, bugünkü bizim milli musiqi ifaçılığı əvvəlki kimi deyil. Çox böyük fərq var. Bizim ifaçılıq artıq milli ölçülərdən kənara çıxıb. Tar Avropada artıq beynəlxalq alət kimi dinlənir. Biz bu istiqaməti götürmüşük və istəyirik ki, tarı başqa millətlər də çalsın.  Azərbaycan alətlərinin beynəlxalq aləmə çıxmasını istəyirik. Qoy hamı bilsin ki, balaban Azərbaycan alətidir. Biz Konservatoriya yaranandan  5 il sonra milli nəfəs alətləri kafedrasını açdıq. Qabaqlar balaban çalanlar çox az idi, indi baxın nə qədər istedadlı gənclərimiz var ki, balabanda çalır.


- Bəs cəmiyyətdə bu qədər balaban çalana ehtiyac var bəyəm?
- Bu gün musiqiçilərin gəliri ancaq toydandır. Nə qədər Azərbaycan xalqı var toylar olacaq və musiqiçilər camaatı əyləndirib şənləndirəcək. Bu sahəyə heç dəymək də lazım deyil. Gəlin müqayisə edək, kontrabas çalan, piano çalanların yaşayış səviyyəsi necədi? Nyu-Yorkda 110 simfonik orkestr var və hər birində kontrabas çalana ehtiyac var. Biz özümüzü onlarla müqayisə edə bilmərik. Ona görə düşünürəm ki, musiqiçilərin fəaliyyəti dövlət tərəfindən sığortalanmadır, şərait yaradılmalıdır. Belə getsə illər keçmiş biz simfonik orkestri itirə bilərik. Sabah biz öz himnimizi eşitmək üçün xaricdən bir trombon çalan dəvət edib külli miqdarda pul ödəməliyik.


- Belə dedikdə musiqiçilər təbəqəsi gözünü dövlətə dikib daim ordan nəsə uman infantil insanlara çevrilir. Cəmiyyətdə seçilmişlər olması barədə təhlükəli fikirləri əmələ gəlir.
- Elə deyil, arada müsabiqə olmalıdır. Yaxşıların yaxşısı layiq görülə bilər. Dünyada da, bizdə də iqtisadi problemlər var. Mədəniyyət misenatların hesabına yaşayıb bütün dövrlərdə. Hansısa şirkət, ya qurum mədəniyyətə yardım etsə, məsələn hansısa musiqi məktəbinə çalğı alətləri alıb versə, dövlət vergisindən azad olmalıdır. Belə olsa mədəniyyəti dəstəkləmək onların da marağında olacaq. Bu praktika dünyada var, niyə biz tətbiq etməyək?


- Bayaq milli musiqi siyasəti sözünü işlətdiz. Deyə bilərsiz ki, anlamda nəyi nəzərdə tutursuz?
- İlk əvvəl biz etiraf eləməliyik, biz mədəniyyət tariximizi dərindən bilmirik. Musiqi mədəniyyətimizi biz Üzeyir bəydən bəri bilirik. Əvvəlki dövrün bəlkə də 5 faizindən xəbərimiz var. Bilirik ki, torpağımıza olduğu kimi mədəniyyətimizə, musiqimizə təcavüzlər çoxdur. Araşdırmalıyıq, tapmalıyıq, gələcək nəsillərə ötürməliyik. Musiqimizin bugünkü yaxşı vəziyyəti kimi gələcəyini təmin etməliyik. Bizi dünya mədəniyyətimizə görə tanısa bizə münasibət tamam fərqli olar. Mən xarici səfərdə olanda filarmoniyamız, simfonik orkestrimizdən danışanda hamı təəccüblənirdi. Opera və balet teatrımızdan danışanda lap heyrətlənirdilər. Yəni sizdə nə boyda mədəniyyət varmış. Deməliyik, haqqımızda yetərincə məlumat yoxdu. Bu gün İnternet var, bütün dünya sizin evinizdədir. Yəqin ki, axtarışlar da var, sadəcə biz sizinlə bundan xəbərsizik.


- Onda bu da cəmiyyətin problemidir ki, axtarışların olduğundan, bəzən nəticələrindən də xəbər tutmur. Hərə öz kabinetindən, otağından boylanır cəmiyyətə.
- Belə deməzdim. Mən bu yaxınlarda xəbər tutdum ki, sən demə bizdə zirzəmi musiqisi var. Zirzəmiləri yığışdırıb abadlaşdırır, orda axşamlar keçirirlər.


- Bulvarda da gitara çalan gənclər artıb. Topalaşıb oxuyurlar, amma polis gəlib onları qovur.
- Yaradıcılığı sıxmaq, boğmaq olmaz. Axı onlar pis iş görmür, sadəcə gitara çalır. Yaxşı olardı ki, həmin uşaqlar klublara, mədəniyyət evlərinə yığışardı. Siz bilirsiz, bu gün bizdə mədəniyyət evləri, klublar yoxdu. Mədəniyyət evləri hamısı şadlıq sarayına çevrilib.


- İfaçı, bəstəkar, professional aranjemançı, yeni layihələr həyata keçirirsiz, bir çox estrada müsabiqələrində və festivallarında həm təşkilatçı, həm də münsiflər heyətinin üzvü kimi iştirak edirsiz, estrada, caz musiqisində yeni və istedadlı müğənni, ifaçı nəslinin yetişməsinə, onların sənətdə uğurlu addım atmasına nail olursuz. Yeni nəsil ifaçıların yetişməsində daha nələri gözləyə bilərik?
- Estrada və milli caz şöbəsi açmışıq, bu il qəbul elan edilib. Bunu çoxdan hazırlayırdıq.


- Həmin fakültənin tələbələri milli caz çalacaq?
- Onlar dünya musiqisinin caz tarixini, milli caz və estrada musiqisinin tarixini bilməlidirlər. İmprovizə fənləri olmalıdır. Onlardan bütün tələbələrdən  olduğu kimi harmoniya və nəzəriyyə də tələb olunacaq. Tədrisdə ola bilər caz harmoniyalarına üstünlük verildi. Səhnə hərəkəti fənni də olmalıdır. Təbii ki, ixtisasından asılı olmayaraq hamı muğam keçməlidir ki, gələcəkdə muğamı yaradıcılığında tətbiq edə bilsin. Caz ifaçısından – istər vokalçı, istər instrumentalist olsun – xanəndədən tələb olunan səviyyədə muğam tələb etmək də düz olmazdı.  O, Bayatı Şirazı Segahdan, Rastı Şurdan ayırmalıdı. Bu kurslar sadəcə dinləməklə keçirilə bilməz. Mütləq ifa edilməlidir ki, yaddaşlarda həkk olsun.
Biz nə qədər cazı sevib uca tutsaq da amerikalılarla yarışa girə bilmərik. Həmişə 2-ci, 3-cü olacağıq, bunu qəbul etmək lazımdı. Onlarda üstün olmaqçün bizim muğam mədəniyyətimiz var. Bizim caz-muğamımıza dünya məəttəl qalıb. Əzizə Mustafazadəni götürək, onu dünyaya tanıdan muğamımız oldu. O, muğamın gücünə bu qədər irəli gedə bildi.


- Milli estrada və milli cazı tədris edə biləcək kadrlar varmı?
- Kadrlar var. Rauf Babayev gələcək bura, Berklidən mütəxəssislər gələcək. Onlar Amerika cazı, bütün cərəyanlar üzrə təhsil alıb gəlmiş mütəxəssislərdir. Xaricdə müəllimin illik gəliri 150-200 min dollar arasıdır. Biz bu məbləği verə bilmərik.


  - Qədim alətlərin bərpası, praktikada tətbiqi barədə danışaq. Zərb alətləri tədrisi, Şərq alətləri kafedrası, santur, ud, çəng, ney, setar, dütar, qara neyin səs-sorağı gəlir Konservatoriyadan.
- Düzün desəm qədim alətlərin bərpası məsələsini qarşımıza qoymuruq və bu mənə o qədər də maraqlı gəlmir. Bu işi bir vaxt rəhmətlik Məcnun Kərim görmüşdü, belə bir ansambl yaratmışdı. Bu günə qədər də var və uğurla fəaliyyət göstərirlər. Məni Azərbaycan milli çalğı alətlərinin tembr xüsusiyyətləri və bu sahədə olan problemlər daha artıq narahat edir. Bizim xalq çalğı alətləri orkestrində tembr spektri çox kiçikdi. Mən bunun genişləndirilməsi barədə düşünürəm. Bizə orkestrdə bas səslər, orta və zil səsləri ifa edə biləcək alətlərin olması lazımdı ki, harmoniyaları səsləndirə bilək, xalq çalğı alətləri Avropa bəstəkarlarının musiqisini ifa edə bilsin. Necə olur ki, rus xalq çalğı alətləri orkestri bunu edə bilir, biz bəyəm bacarmarıq?


- Səsyazma studiyası dediz ki, hələ hazırlanır.
- Biz avadanlığı artıq müəyyənləşdirmişik, gedib Almaniyadan seçmişik.
- Bəs orda işləyəcək mütəxəssislər necə?
- Qarşımızda duran ilkin məsələlər studiyanın qurulması, akustik hesablanması və tam işlək hala gətirilməsi məsələsidir. İşin zamanı maliyyədən asılıdır. İmkan olsa lap sabah alıb başlayarıq. Əlbəttə, layihəmiz böyük miqyaslıdır. Bir baxın, bu boyda böyük mədəniyyəti olan ölkədə simfonik musiqini yazmağa studiya yoxdu. Zalda yazılan musiqi keyfiyyətsiz olur. Səsyazma studiyaların çatışmazlıq məsələsini yaxşı bildiyimdən bu məsələni də plana saldıq və tikdik. 7 və 8-ci mərtəbələr studiyadır.


- Studiya yaranandan sonra mənə elə gəlir ki, respublikada ilk aranjemançılardan olduğunuza görə mütəxəssis çatışmazlığını aradan götürmək üçün çırmalanıb bu işlə ilk məşğul olanlardan olacaqsız.
- Mənim bu sahədə 15 illik təcrübəm var. Rafiq Babayevlə bir studiyada işləmişik. Bu məsələdə xüsusi tədris lazım deyil. Mən özüm bu elmi oxumamışam. Amma mənim qulaqlarım yaxşı eşidir. Mənim yazdığım yazılar ən keyfiyyətli yazılardan biri sayılır. Latın Amerikası layihəsi üçün bütün səsyazma işlərini özüm elədim. Necə deyərlər, həm səs rejissoru, həm təşkilatçısı, həm mikrofonu düzəldəni. Stokholma apardım hazır yazıları, mənə dedilər ki, nahaq gəlmisən, hər şey yüksək səviyyədə olunub. Sizin komanda əla işləyib. Ona görə düşünürəm ki, səsyazma işini öyrənmək tələbələrə də çətin olmayacaq. Biz studiya üçün avadanlığı Berlindən seçəndən sonra danışıqlar aparmışıq. Studiya qurulandan sonra onlar 3 aylıq treninqlər keçəcəklər.  Bundan əlavə mən bu ildən bəstəkarlar və dirijorlar üçün səs rejissorluğu fənnini də açıram.


- Beynəlxalq münasibətləri necə qurursuz?
- Etiraf eləməliyəm, əvvəl mən başqa konservatoriyalarla münasibətlər qurmağa çəkinirdim. Yerimiz-yurdumuz yaxşı deyildi, gəlib bizim haqda səhv təsəvvürlər formalaşdıra bilərdilər. İndi binamız hazır olandan sonra türk dövlətləri ilə, Rusiya ilə münasibətlər yaradırıq artıq. Almaniyadan da işbirliyi yaratmaq barədə müraciət var. Təhsil təcrübəsi mübadiləsi, müsabiqələrə tələbələri göndərmək, müştərək müsabiqə və konsertlər və s. nəzərdə tutmuşuq. Türkdilli ölkələrdən, Qazaxıstandan, Özbəkistan, Qırğızıstandan alimlər gəlir, maraqlanırlar. İndi elə zamandır ki, xarici tələbələrin təhsil dalınca başqa ölkəyə getməsinə artıq ehtiyac yoxdu. Müasir texniki vasitələrlə, məsələn Skaypla dərs keçmək, distant təhsil yaratmaq olar. Proqramlar yaradırıq, elektron dərsliklər hazırlayırıq.


- Xarici tələbəyə muğam tədrisi zamanı xüsusi metodologiya olmalıdır. Fransıza burda şirin xal elə, burda çərək ton işlət deyib anlatmaq olmur.
- Mənim fikrimcə əgər xarici xanəndəlikdən başlamaq istəyirsə dilimizi öyrənməkdən başlamalıdır. İstəmirsə bizim ifaçı ingilis dilini bilməlidir. Arada tərcüməçi ola bilməz. Tərcüməçi hardan bilsin ki, lal barmaq nədi? Bizdə kareyalı tələbə təhsil alırdı, şirin boğazlar edirdi. Arif Babayevin tələbəsi idi, “Sudan gələn sürməli qız” mahnısını oxuyurdu. Bizim mədəniyyət xaricilərdə maraq oyadır, amma bu futbol kimi total maraq yarada bilməz. Etiraf etməliyik, bizimki gözəl, amma çətin mədəniyyətdir. Dərindən baxsaq muğamların dərinliyinə qədər varmaq, buradan baş çıxarmaq elə azərbaycanlı üçün də asan deyil.


- Konsert praktikasıdı, ifaçılıqdı - burada uğurlarımız var, bu danılmaz faktdır. Amma musiqi elmi xeyli geridədir. Axı alimləri də musiqiçilər təki yetişdirmək lazımdı. İfaçılıq və musiqişinaslığın qovşağında yeni tip araşdırmaçılara ehtiyac böyükdür.
- Alimlərimiz var, ola bilər kifayət qədər deyil. İfaçılıqda zəif olan, amma nəzəriyyəsini əla bilən musiqişünaslarımız var ki, bəzən kitablarda olmayan biliklərin sahibidirlər. Bəzən bu tip tədqiqatçıların dilindən elə qəribə məlumatlar eşidirsən ki, onlar da şifahi şəkildə dildən dilə ötürülür. Böyük Azərbaycan torpaqları İranın tərkibində olduğuna görə bütün arxiv materialları Tehranda yığılıb qalıb. Ona görə biz alimləri İrana arxivlə işləməyə gönərməliyik. 3 günlük, 3 aylıq yox, 3 - 5 il, 7 illik məzuniyyətə. Mən 2006-cı ildə İran universitetləri ilə mübadilə məqsədilə 5 illik müqavilə də başlamışdım. Mən vətənə qayıtdım və məlum oldu ki, farsdilli musiqişünaslarımız yoxdu. Bu məsələdə bizdə oxuyan Cənubi Azərbaycandan olan tələbələr yardımçı olmağa çalışır. Biz ora etnomusiqişünaslar desantı göndərməliyik.
Bunu qeyd eləməliyəm, İranda muğam notla tədqiq olunur. Vaxtında Üzeyir bəy bunu qadağan elədi, ona görə bu gün muğamımız canlı orqanizm kimi yaşayır. Muğamın bu gün simfonik variantı, caz variantı var. Gələcəkdə bəlkə muğamın rok variantı da əmələ gələcək, mən buna inanıram. Repi deyə bilmərəm, amma əruz vəznində olsa o da mümkündü. Bunlardan qorxmaq lazım deyil. Sadəcə vaxtında damarını tutub lazımi istiqamətə yönəltmək məsləhətdi.