İdeyalar qəbristanlığı
Yaxud yarımçıq xor və orkestr nə çalır?
Musiqili Komedia Teatrınnı
premeraları cərgəsinə yeni, musiqisi Cavanşir Quliyevin, librettosu Qeybulla
Rəsulovun olan «Məhəbbət oyunu» tamaşası də qoşuldu. Əsərin yaranması
barədə bstəkar Cavanşir Quliyev danışır:
- Qeybulla Rəsulov uzun illər Azdramanın ədəbi hissə müdiridi. Yazı-pozuyla
məşğuldu, deyəsən Yazıcılar İttifaqının üzvüdü. «Məhəbbət oyunu» pyes
kimi 8-9 il əvvəl Hacıbaba Bağırovun Tənqid-Təbliğ Teatrında getmişdi.
O tamaşanın musiqisini mən yazmışdım. Hacıbaba Bağırov təklif elədi ki,
operetta yazım. Əvvəl xeyli tərəddüd elədim. Çünki orkestr, xor yarımçıqdı.
Sonra məndən tamaşaya yazılmış musiqi nömrələrini teatrın dirijorunun
orkestrləşdirilməsiyçün icazə istədilər. Başqasının mənim musiqimi orkestrləşdirməsinə
razı ola bilməzdim. Həm də ki, operetta yazmaq fikri cəlbedici idi.
- Bəs nəticəsi sizcə, necə oldu?
- Əsərin keyfiyyəti və tamaşanın keyfiyyəti çox müxtəlif anlayışlardı.
Onlar üst-üstə düşməyə bilər. Mənim işim orkestrlə, oxuyanladı. Orkestrin
uşaqları az qala 7 yerdə işləyirlər: radioda, simfonik orkestrda və s.
Məşqlər bəzən üst-üstə düşür. Orkestrin tam tərkibində 1 violonçel, 2
trombon, 2 truba, 1 voltorna, 1 kontrabas var. Skripkalarda «oduvançik»
kimi çalan qızlar işləyir. Qollarının qüvvəsi yoxdur ki, kamanı simə sürtəndə
səs çıxsın. Muskomediyada oxumağa səs yoxdu, çünki onlar aktyordular,
vokalçı deyillər. Məsələn, ikinci tərkibdə oynayan Novruz Qartal ömründə
birinci dəfəydi oxuyurdu.
- Belə şəraitdə əsəri teatra vermək böyük risk deyildi?
- Qarşımızda iki yol var. Ya heç yazmamaq, ya da şəraitə uyğunlaşmaq.
Operetta yazanlar da o ümidlə yaşayır ki, nə vaxtsa teatrda yaxşı səs
əmələ gələcək, xor və orkestrin tərkibi düzələcək.
- Bəs keyfiyyət, zövq, bədii dəyərlər?
- Bir vaxtlar Üzeir Hacıbəyovun «Arşın mal alan»ıyçün o qədər tənqidi
resenziya yazmışdılar ki. Demirəm, hər yazılan operetta gəlib «Arşın mal
alan» olacaq. Amma bir vaxtlar Arif Məlikov, Vasif Adıgözəlov və başqaları
qərb standartlarıyla, geniş musiqi nömrələri, xorlar və başqa atributlarla
zəngin operetta yazmaq qərarına gəlmişdilər. Nə oldu? O tamaşalar səhnədə
duruş gətirə bilmədi. Bir də ki, kim oxuycaq? Elə mənim operettamda o
qədər kompramisə getməli oldum ki.
- Sənət bilicilərinin fikri sizi qorxutmur ki?
- Həmin o bilicilər bir zallıqdı. Onlarla bir dəfə zalı doldurub sonra
tamaşayla idalaşmaq lazım gələcək. Muskomediyada əsas göstərici tamaşaçıdı.
Bura əyləncəvi yerdi. Tamaşaçı ada gəlir.
- Bəs bu tamaşanın uzunömürlüyünə inanırsız?
- Buna hələ baxarıq. Tamaşanın ömrü baş rolların ifaçıları Hacıbaba Bağırov
və Afaq Bəşirqızının onu oynatmaq arzusundan asılıdır. Bir də ki, əsərin
klaviri yoxa çıxmaycaq ki, o, qalacaq.
- Deməli, nəticədən razısız?
- O asılıdı Mədəniyyət Nazirliyinin yazacağı qonorarın həcmindən. Ümumiyyətlə,
aktyor palitrasını nəzərə alsaq nəticə normaldı.
Normal nə deməkdi? Yəni nə o yan, nə də
bu yan. Bizdə hər şey belədi. Muskomeadiya deyir tamaşaçı belə istəyir.
Tamaşaçı narazıdı ki, teatr yaxşı deyil. Burada çox şeylər başqa cürdü.
Tamaşadan sonra səhnəyə birinci müəllifi çıxarmazdan əvvəl hamı Hacıbaba
Bağırovu təbrik etməyə cumur. Müəllif bunu kənardan müşahidə eləyir. Tamaşa
o vaxt alınır ki, teatrın teatrın direktoru orda özünə rol gözaltı eləyir.
Musiqi tarixində operetta janrı həmişə tənqid hədəfi olub. Küçə yarmarkalarında
göstərilən komik tamaşalar, italyan buffonadası, fransız komik operası,
almaq zinqşpili xalqa yaxın olduğundan zarafatları, xalq ruhunda musiqisiylə
yarandığı gündən tənqidçiləri bu janrda tənəzzül əlamətləri görməyə vadar
edib. Amma musiqili komediya janrı hələ yaşayır. Və heç kimin pis oxumağa
ixtiyarı yoxdu. Hanı Xanım Qafarovanın, şou konsert düzəldən Hacıbaba
Bağırovun tərifli səsi? Operetta açıq meydandı, hamısı göz qabağındadı…
«Xalq Cəbhəsi» qəzeti
20 dekabr 2001-ci il