Və ya Sumqayıt xorunun səsini eşidən olacaqmı?
Sumqayıt avtobusuna minmək üçün
harasa tələsən kobud insanlar tərəfindən çıxışdırılanda, yersiz qalmaqdan
qorxub ən narahat, təkər üstündəki oturacaqda oturanda, çılpaq çöllükdən
uzanan yol boyunca bir fikir məni narahat edirdi: Görəsən, bu görüşdən
bir şey çıxacaq?
Sumqayıt musiqi peşə məktəbinin ensiz, qaranlıq dəhlizindən keçib zal
adlanan sinfə girib bizi gözləyənlərin narahat üzlərini, gözlərindəki
ifadəni gördükcə tərəddüdümün nə vaxt əridiyini heç özüm də bilmədim.
Bura gəlməkdə məqsədim Sumqayıt musiqi məktəbinin müəllimi Yaşar Mirzəyevin
rəhbərliyi altında yaranmış kiçik xora qulaq asıb onun üzvləri ilə yaxından
tanış olmaq idi. Bütün ömrünü Bakıda yaşamış adam üçün ucqar hesab edilən
Sumqayıtda belə gözəl xor səslənməsi eşitmək, ən vacibi isə gözlərində
sönməz ruh yüksəkliyi ilə fərqlənən adamları görmək nəsib olmuşdu mənə.
Həmıya məlumdur ki, insan səsi soyuğa, istiyə həssas bir alətdir. Amma
soyuq divarlar nə xalq mahnılarının təravətini, nə caz improvizəsinin
temperamentini, nə də italyan melodiyasının ilıq nəfəsini soyuda bildi.
«Bu kiçik kollektiv necə yarandı və necə yaşayacaq?» sualına Yaşar
müəllim belə cavab verdi:
- Ölkə dağılmağa başlayandan bu sual bizi çox narahat edir. Yaxşı ixtisasçılar,
müəllimlər kənarda qaldı, kimisini qovdular, təhqir etdilər. Bir neçəsi
də başqa şəhərə qaçıb getdi. Fikirləşdik ki, özümüzü qorumaq üçün bir
cəmiyyət düzəldək. Bura filosoflar, ədəbiyyatçılar, rəssamlar yığışır,
sənət barəsində öz fikirlərini bölüşürlər. Məqsədimiz qiymətli adamlar
yetişdirməkdi. Hüseyn Cavid demişkən, 400 il o yana baxaq, görək biz həmin
adamlarıq, yoxsa millətimizin alçalmış dövrüdür ki, bu dərəcəyə çatmışıq.
Cəmiyyət yaratdıqdan sonra çoxlu planlar qurduq. Ən yüngülü oxumaq idi.
Bu balaca kollektiv o cəmiyyətin bir hissəsidir. Arzumuz da o idi ki,
8- 10 il ərzində burada Opera-Balet Teatrı açaq. Arzuma yaxınlaşmaq əvəzinə,
getdikcə ondan uzaqlaşdım. Həkimiyyət davaları da camaatı çox ruhdan salırdı.
Beləcə ağır günlər başladı. Ancaq ürəkdə ruh var idi. Biz bilirdik ki,
nəsə etməyə qadirik. Heç nə olmasa da oxuyacağıq. Əvvəl 8 nəfər yığışdıq,
məşq etdik. O vaxt vəziyyət ağır deyildi. Vəziyyət ağırlaşdıqca sıralarımız
seyrəldi. Oktet döndü oldu sekstet. Amma bilirdik ki, müəyyən nöqtəyə
çatsaq, gələn olacaq. Nə əziyyətlə də olsa həmin o nöqtəyə çatacağıq.
- Bu kiçik kollektivin mənəvi, yoxsa maddi dəyərlərə ehtiyacı
var?
- Utanıram da deyəm ki, maliyyə köməyi lazımdır. Biz halal zəhmətlə yaşamağı
sevirik. Yəqin bir balaca stimul olsa, inkişaf edəcəyik. Millətimizdə
xeyirxah adamlar çoxdu deyə, sadə, təmənnasız adamlara görə bu yoldan
dönmək istəmirsən. Dönməyə nə var ki. mən indi öz yolumdan çəkilsəm, çoxları
bundan dərin nəfəs alıb xoşbəxt olarlar. Biz dağılsaq nə nəticə verər?
Lap axırıncı adam olsam da istəyirəm qalam. Bilirəm ki, lap axırıncı dı
deyiləm. Yüzlərlə belələri var. Bir az bizə dayaq olan olsaydı, çox yaxşı
olardı. Bir də, kömək edən adam fikirləşməsin ki, bu, məndən ötəridir.
Bizim məqsədimiz ayrıdır. Biz öz zəhmətimizlə nəsə eləmək istəyirik. Allaha
şükür, dünyanın hər yeri açıqdır. Əlbəttə, Bakıda olsaydıq, yəqin ki,
başqa cür olardı. İndi xarici səfirliklər də bu işdə iştirak edirlər.
- Gələcəkdə inkişaf edib xor halında çıxış etmək istəyirsiz?
- Xeyr, hələlik biz instrumental əsərlərin akapella, yəni alətin müşayiəti
olmadan xor işləmələrini oxuyuruq. Sonra nəfəs alətlərindən kvintet düzəltmək
planımız var. Camaatın ruhunu qaldırmaq üçün yaxşı əsərlər də seçmişik.
Sonra bura 3-4 skripka da əlavə etsək kiçik orkestr əmələ gələr. Xorun
da əsası var. Gələcəklər, oxumaq istəyəcəklər və xor da əmələ gələcək.
7 istiqamətdə işləməyi planlaşdırırıq: Xalq mahnılarının çoxsəsli işləmələri,
xalq havalarının birsəsli oxunması, aşıq mahnılarını təkcə saz müşayiəti
il oxumaq, alman, italyan mahnılarını çoxsəsli şəkildə oxumaq, caz musiqisi
və s. İndi təqdimat üçün sadə, kiçik formalardan başlamışıq. Daim məşq
etmək imkanımız olsa iri formalar, məsələn, sonatanın səs üçün işləmələrini
oxuyacağıq. Sonuncu mərhələ fuqaları ifa etməkdir. Belə repertuarla dinləyicilərin
hər təbəqəsinin zövqünü oxşamaq olar. Gələcəkdə birpərdəli opera tamaşası
da qoymaq istərdik. Bu barədə də düşünmüşük. Çoxları da bizə qulaq asıb
soruşur ki, sizdə bu ruh hardandı? Bəli, biz elə bil cavanlaşmışıq. Millət
yıxılıb, qaldırmaq istəyirsən, gəl köməyə. Birlikdə insanları dəyişdirməyin
yolunu axtaraq.
Bu kiçik, başıbəlalı kollektiv neçə vaxtdır ki, yaşamaq uğrunda mübarizə
aparır. Neçə-neçə qapılar döyüb özü barədə danışmaq istəyib. Gələn də
olub, qulaq asan da. Amma atalar demişkən yetimə gəl-gəl deyən çox olar,
çörək verən az. Bu, bəlkə də müəyyən dərəcədə xorun hər nadan qarşısında
əyilmək istəməməsi, mənliyini qorumaq cəhdindən də irəli gəlir. Solfecio
kitabı hazır olduğu halda, rusun redaksiyası altında çap olunmasını şəninə
çığışdırmayan Yaşar müəllim və onlara qulaq asmaq istəyən alman səfirliyindən
nümayəndəni qəbul etmək üçün qanunla icra hakimiyyətinə müraciət edən
xor kollektivi arasında məntiqi əlaqəni görməmək mümkün deyil. Sekstet
indi belə tərkibdə çıxış edir: Sumqayıt peşə musiqi məktəbinin müəllimləri
Yaşar Mirzəyev, Telman Qəniyev, Yaşar müəllimin həyat yoldaşı Rəna xanım,
vokalist Ağgül Əsgərova, Yaşar müəllimin iki övladı - həmin məktəbin tələbələri
Əhməd və Sevinc. Bu kollektivə uğurlar arzulamaqdan savayı əlimdən heç
nə gəlmir.
Bu, yaddaqalan görüşdən sonra
yenə də həmin qaranlıq, dar dəhlizdən keçdikdən sonra dönüb arxaya baxdım.
Deyirlər, bir vaxt tez-tez hakimiyyət dəyişdiyi bir dövrdə burada ən yaxşı
royalı necə oğurlaıblarsa, gördüm deyən olmayıb. Hər gün Yaşar müəllim,
Telman müəllim, Rəna xanım və Ağgül xanımın da keçib getdiyi iki nəfərin
zorla yanaşı gedə biləcəyi dəhlizdə kiminsə hay-həşirlə iri royalı daşımaq
cəhdi mənə komik görsəndi. Məktəbdən çıxdıqda şəhər mənə əvvlki kimi tutqun,
qonaqsevməz, Bakıya qayıdan yol isə uzun və cansıxıcı gəlmədi.
«Çağ» qəzeti
22-26 dekabr 1995
Yaşar Mirzəyev: «İnsanlara inanıram»
Bir zamanlar Sumqayıt musiqi məktəbində Yaşar Mirzəyevin rəhbərliyi ilə
yaradılmış kiçki xorun səsini indi təkcə sumqayıtlılar deyil, Bakının,
eyni zamanda xarici ölkələrin musiqisevərləri böyük maraqla, həvəslə dinləyir.
Opera və balet Teatrı açmaq arzusunda olan 8 nəfərlik kollektivlə böyük
həvəslə, ümidlə işləyən Yaşar müəllim bu arzuya çatmasa da ruhdan düşməyib.
İndi bu kollektivdən cəmi dörd nəfər qalıb. Yaşar Msirzəyevin ailə özvləri:
özü, yoldaşı Rəna xanım, övladları Sevinc və Əhməd. O biriləri isə vəziyyətin
çətinliyi üzündən ayrı yol seçdilər. Ailə xalq mahnılarının işləmələrinə,
aşıq mahnlarına, alman, italyan mahnılarna, caz musiqisin, dinləyicilərin
ruhunu oxşayan, onlara mənəvi zövq verən bir-birindən gözəl əsərlərə müraciət
edir, instrumental alətlə müşayiətsiz xor üçün işləmələr oxuyurlar. Musiqiçi
kimi pərəstiş etdiyim, ifa etdikləri bütün mahnıları həvəslə dinlədiyim
Mirzəyevlər ailəsi ilə yaxından tanış olmaq məqsədilə evlərinə yollandım.
- Ailə həyatınızı öz sevdiyinizlə qurmusuz, yoxsa kiminsə tövsiyyəsi
olub?
- Hər ikisi olub. Valideynlərim məsləhət gördülər ki, belə bir qız var.
Atası filosof, anası həkim. Əvvəlcə məni bu keyfiyyət çəkdi. Sonra elə
oldu ki, Rəna xanımın özünü mənə göstərdilər. Düzü, mənim də xoşuma gəldi.
Yoldaşımdan razıyam. Əgər ailədə yoldaşından razısansa, müstəqil düşünə
bilərsən.
- Ailə qurmağın başlıca şərti və ailə sizin üçün nədir?
- Ailə qurmağın ən birinci, başlıca şərti özünə münasib, yaxşı bir insana
rast gəlməkdir. Mənim fikrimcə maddi maraq nə qədər az olsa, ailə bir
o qədər sağlam olar. Ailə yaşamaq üçün stimuldur. Ailədə xoşbəxtlik olmasa,
heç bir elmdə, sənətdə fəaliyyət göstərmək olmaz. Yalnız normal ailədə
bir məqsəd üçün çalışmaq olar. Məqsəd də nurlu, təmiz olsa, nəticə yaxşı
olar. Birinci addım yaxşı ailədir, sonra cəmiyyət.
- Əvvəllər Sumqayıt şəhərində yaşayırdınız, həmsiçinin musiqi
texnikumunda dərs deyirdiniz. Hazırda Bakı şəhər musiqi gimnaziyasında
yaşayırsız. Buna sizi nə vadar edib?
- Biz bir neçə il Sumqayıtda yaşadıq. Lakin öz yerimizi tapa bilmədik.
Gördüm ki, müəllim kimi fəaliyyət göstərmək olmur. Müəllimə qiymət verən
yoxdur. Qarşıma məqsəd qoydum ki, əgər ailəm musiqiçidirsə, bu iş üzərində
işləməliyik. Xalqın xoşuna gəlsə, işimizi davam etdirərik, yoxsa kənara
çəkilərik.
- Bəs gimnaziyaya gəlməyiniz necə oldu?
- Çox yerə getdik. Yaxşı adamlara rast gəlirdik, pulu olmurdu, pis adama
rast gəlirdik, qapıdan qovurdu. Axır Oqtay Rəcəbova rast gəldik. Gimnaziyanın
direktoru professor Oqtay Rəcəbov ağır vaxtlarda bizə əl tutdu. Demək
olar ki, bizi aclıq ölümündən xilas etdi. Bizə dedi ki, gəlin sizə gimnaziyada
iki otaq verim, orda aldığınız məvacibin ikiqatını verirəm. Biz də uşaqları
musiqi texnikomundan çıxarıb gəldik Bakıya. Oqtay müəllim bizə 2 əvəzinə
3 otaq, 2 dəfə artıq məvacib əvəzinə 3 dəfə artıq məvacib verdi. Kimə
lazımsa bizi göstərdi. Fərhad Bədəlbəylinin, Polad Bülbüloğlunun xoşuna
gəlməyə başladıq. Polad Bülbüloğlu bizim üçün kostyum tikdirdi. Fərhad
Bədəlbəyli hər yerdə bizdən danışmağa başladı. Hazırda gimnaziyada müəllim
işləyirəm. Üç şagirdim Konservatoriyaya daxil oldu. Rusiyada da qəbul
edənlər oldu. Bu, mənimçün sevindirici haldır.
- Tutduğunuz çətin yola görə peşman deyilsiz ki?
- Çətin yol tutan insan gərək peşman olmasın. Təmiz yol tutan adam çətinliklərlə
qarşılaşır. Çətinliklərdən çıxış yolu isə birinci növbədə gözəl ailə yaratmaqdır.
- Övladlarınızla rəftarda rəsmisiz, yoxsa səmimi?
- Səmimi. Hərə öz fikrində, hərə öz yolunda. Onları sərbəst buraxmışam.
Düzdür, müəyyən nəzarətlə. Hətta oğlumu pozğun uşaqların yanına buraxmışdım.
Bir müddətdən sonra onların yanına getmədi. Və mən zarafatla soruşdum
ki, niyə onların yanına getmirsən? O güldü ki, «camaat deyir getmə, amma
sən deyirsən niyə getmirsən?». Mən rahatam. Çünki uşaqlarıma inanıram.
Əgər onlar pis addım atsalar, mən məhv olaram.
- Alın yazısına, taleyə inanırsız?
- Xeyr. Hər şey insanın öz əlindədir. İnsanlara inanıram.
- İnsanlar haqqında nə deyə bilərsiz?
- Daş-qaş, brilyant az, daş-kəsək çox olduğu kimi yaxşı insanlar da çox
azdır. İndi Zeynalvabdin, Üzeyir kimi kişilər tapılmır. Olanlarınsa pulu
yoxdu.
- Bizə məlum olmayan başqa bir məşğuliyyətiniz varmı? Necə istirahət
edirsiz?
- Qızım musiqiylə bərabər rəsmlə də məşğul olurdu. Hazırda buna imkanımız
yoxdur. Əsas günahkar mənəm. Şərait yarada bilməmişəm. İstirahətimiz yalnız
evdə olur.
- Hər bir insanda ruh düşgünlüyü, ümidsizlik hallarına təsadüf
edilir. Sizdə necə, belə hallar olurmu? Olursa kiminlə, ya nə ilə təsəlli
tapırsız?
- Xeyr, məndə belə hallar olmur. Kimisə ruhlandırıb yaşamğa meylləndirirəmsə,
mən xoşbəxtəm.
Sevinc Kərimova, Gülnarə Rəfiq
«Çağ» qəzeti
23.05.98