Xəyyam Mirzəzadə: «Mən elitar musiqi yazıram»


- Azərbacan bətəkarlarının yaradıcılığında bir qədər böhran əlamətləri nəzərə çarpmaqdadır. Sizcə bu, mühitlə əlaqədardır?
- Yaradıcı mühit quruluş və sosial problemlərdən asılı olmayaraq həmişə olub və var. Yaradıcı insan – bəstəkar, rəssam, şair – yaradıcılıqla məşğuldur, o yaratmasa olmaz. Meyvə ağacı bar verməsə onu kəsirlər. Yaradıcı ömrün də mərhələləri olur. Cavan vaxtı insan çalışır ki, nəyəsə nail olsun. Sonra püxtələşmə vaxtı gəlir, o, daha da ustalaşır. Ömrünün son mərhələsində isə Allah-Taalanın verdiyi vergi yavaş-yavaş gedir. Yaratdığı əsərlərsə onun ustalığından meydana gəlir. Müəyyən vaxtdan sonra isə insan yazmaya bilər. Dünyada az adam tapılar ki, 80 yaşında yazsın. Onu qınamaq olmaz ki, niyə çoxdandı yazmırsan.
- Vergi mütləq yoxa çıxmalıdı?
- Əlbəttə, vergi də qurtara bilər. Bu, mənim fikrim deyil, bu, həyatın qanunudur.
- Məncə bu gün Azərbaycanda açıq-aydın dinləyici problemi var.
- Dinləyicini özümüz itirmişik. Onu itirmək ağır şeydi. Dinləyici onun üçün itib ki, öz mədəniyyətini, musiqisini qoyub qıraqdan, xüsusilə də Şərqdən gələn bayağı və aşağı səviyyəli musiqiyə aludə olub. Bu onun nə xasiyyətinə , nə də mədəniyyətinə uyğundur. Ədəbiyyatda demirəm, amma musiqidə və başqa incəsənət növlərində olan tərbiyəmiz Avropa tərbiyəsidir. Bunu inkar etmək olmaz ki, bu tərbiyəni bizə Rusiya verib. Amma indi bizim vəziyyətimiz dəyişib və dinləyəici yüngül musiqiyə uyub.
- Yazılan yeni əsərlərin işıq üzü görməsi bir çox maneələrlə rastlaşır. Bəlkə ona görə ünsiyyət itir?
- Əlbəttə, ona görə itir. Mənim son əsərimin premyerası Bakıda olmayıb. Bu, bəlkə də on ildir ki, belədir. Premyeralar İsveçrədə, Hollandiyada, İtaliyada, Polşada, Gürcüstanda, Moskvada, hətta Orta Asiyada olub. Bakıda olmayıb. Buna şərait yoxdur. Burda bəzi kadrların yerində olmamasının rolu var. Bəstəkarlar İttifaqının son 10 ildə işinin zəifliyi də təsir göstərir. İş demək olar ki heçə enib. İfaçılar də kim hara bacardı köçüb gedir. Mən indi skripka üçün konsert yazmışam. Bu konserti ifa etməkçün nə orkaestr, nə də skripkaçalan var. Biz çətinliklə əldə etdiyimiz nailiyyətləri asanlıqla itiririk. Rauf Abdullayev kimi dirijor artıq neçə ildir ki, işsizdir. Görəsən, gələn əsrə qədər Rauf Abdullayevə bənzər və ya o səviyyəyə yaxın dirijorumuz olacaq, ya yox? Mən bilən olmayacaq. Biz italyanların 250 il ərzində keçdiyi musiqi inkişafı yolunu Üzeyir Hacıbəyov – mühit – Qara Qarayev sayəsində qısa müddətə keçmişik. Biz Üzeyir Hacıbəyova qədərki primitivlikdən müasir musiqi texnikasına qədər gəlib çıxmışıq.
- 21-ci əsrdə büğün bunları itirmək ehtimalı var?
- Dəhşət ondadır ki, bu sualın cavabını heç kim bilmir. Belə getsə itircəyik. Ali Sovetdə mədəniyyət haqqında qərar qəbul olunur, amma «fitri qabliyyətin müzafizəsi» haqqında qərar yoxdur. Əvvəl o, olmalıdır. Özü də mədəniyyət haqqında qərarın müzakirəsində mədəniyyət işçilərinin heç olmasa iştirakı olmalıdır. Düzdür, bu işi hüquqşünaslar görür, sənət adamı isə heç olmasa iştirak etməlidir. Təbii ki, intellektual, tərbiyəvi musiqi dövlət himayəsi olmadan yaşaya bilməz. Çünki yüngül, əyləncəli, kommersiya musiqisi quruluşdan asılı olmayaraq özünü hər bir vaxt saxlaya bilər.
- Siz Qarayev sinfinin nümayəndəsisiz. Onun tələbələrinn hamısı bir birindən fərqlənən müstəqil bəstəkarlardr. O vaxtkı tələbələrlə indikilər arasında keyfiyyət fərqi hiss etmirmisiz?
- Qarayevin tələbələrinin hər biri özünəməxsus bəstəkarlardır. Qarayevin böyük sənətkarlığı onlalır ki, o fərdiliyi öz təsiri altına salmırdı. Ağıllı tələbə özü Qarayev sinfində oxuya-oxuya dünya sənətinə yaxınlaşır və özünə müəyyən yol seçir. Ustad isə öz tələbəsinə despodluq etmir. Ona görə də Qarayevin tələbələri həm Qarayevin tələbələridir, həm də ayrılıqda bir birindən fərqlənən sənətkarlardır. Mən 30-a qədər tələbə yetişdirmişəm. Tələbələrim arasında əlbəttə ki, yaxşıları da var. Onlar hərəsi bir sahədə çalışır. Onların tanınmamasının səbəbi isə respublikada konsert həyatının zəif olmasıdır.
- Xəyyam Mirzəzadənin həyat estetikası. Yəqin ki, 60 yaşı arxada qoymuş bəstəkar heç olmasa bunu özü üçün dəqiq müəyyənləşdirib.
- Musiqiyə münasibətim dəyişməyib. Amma zaman keçdikcə, cilalandıqca bu, tədricən keyfiyyətcə bir şeydən başqasına keçir. Dərindən baxanda görürsən ki, bu həmin candır, həmin torpaqdır. Üslub təkrar olunmur, üslub dəyişir.
- Bəs gözəllik meyarı?
- Hər insanın öz gözəllik meyarı var. Adam var öz əsərlərindən çox danışır. Mən öz əsərlərimdən danışa bilmərəm. Həmişə musiqini yazıb dinləyicinin ixtiyarına vermişəm. Özün bilərsən, necə başa düşürsən, düş. Bəyənərsən, bəyənməzsən , öz işindir. Nə axtarsan onu taparsan. Mənim özümün biixtiyar proqramım var.
- Adətən, bəstəkarın yaradıcılıq estetikasını o, həyatdan köçəndən sonra müəyyən edirlər.
- Mən də ölərəm, mənim üçün yazarlar. Deyilənlərə görə hər musiqişünas mənim əsərlərimi təhlil edə, elmi iş yaza bilmir. Guya çox çətindir. Guman edirəm ki, bu, belə deyil. Mən elitar musiqi yazıram, həmişə də o musiqini yazmışam. Yaradıcı adam dinləyicidən, oxucudan bir addım irəlidə getməlidir, onu öz ardınca aparmalıdır.
- Problemdərdən, hətta ölümdən də danışdıq. Söhbəti pessimist əhval-ruhiyyədə bitirmək istəməzdim.
- Pessimist olmaq lazım deyil. Duzdür, yaşadığımız dövr ağır dövrdür. Amma bu dövran çox uzun çəkməz. Atalar demiş, pis günün ömrü az olar.

«Çağ» qəzeti
1995-ci il, 24 oktyabr