Bunu rəssam Qəyyur deyir. Bax bunu da Qəyyur deyir, Qəyyur Yunus:
«Bu dünya bir məktəbdir. Dünyaya gələn hər kəs dərs keçir. İmtahan verdiyi fənnlər insanlıq və həqiqətdir. İnsanlığın əlifbası da kı, doğruluqdu»
… Qəyyurun rəsmlərinə
baxıb düşünürəm: «Onun qəhrəmanları sanki bacı-qardaşdı. Bir-birinə elə
oxşayırlar ki… Yumru sifətlər, formaca ideal gözlər, aypara qaşlar, üzlərdəki
məsum ifadə - hamısı bir atanın övladlarıdır. Qırmızı rəngsiz heç nə yaranmır.
Bəlkə də «Qırmızı rəngi çox sevirəm» – deyən Qəyyuru od rənginə meylləndirən
qoç bürcü olub? Onu yaratmağa səsləyən gözəllik, insan əzabı, dünyanın
harmoniyası, xeyirxahlıq, müdriklik və Allaha sevgisidir, heç bir əsərində
katakalizm, partlayış, sınma duymadım. Bu rəsmlərin müəllifini zaman,
məkan, insanlıq kimi əbədi problemlər düşündürür. O, gündəlik həyatda,
real insanlarda dahiliyi görməyi bacarır.
Əmircanda ata yurdunda yaşayır. Elə emalatxanası da buradadı. Mavi rənglənmiş
dəmir darvazalarının kandarından Əmircan məscidinin minbərləri görünür.
Sahmanlı həyətdə ağaclar artıq çiçəkləyib. Şəhərin tozlu, hisli havasından
sonra fərqi o andaca duyursan. Elə mən də seçməli olsam buranı seçərdim.
«RƏSSAMLIĞA EVİMİZİN DİVARINDAN BAŞLADIM»
Savaş illərində evimizin bağçaya döndərmişdilər. Mən də bu otaqdan o biri otağa –bağçaya gedirdim. O zaman divarları əhəngləyərdilər. Mən də ocaqdan kömür götürüb divarda şəkillər çəkərdim. Müəllim gəlib: «Ay Mələknisə xanım, gör oğlun nə edir?» çığıranda: «Öz evimizdi də», - cavab verirdim».
«BÜTÜN YOLLAR GEDİB ÇIXIR ÖMRÜMÜZÜN AXIRINA…»
Allah bilir harda qırılacaq. Bircə işlərim yarımçıq qalacaq. Nə qədər işlər, planlar var beynimdə. Tabloların kompozisiyası, ölçüləri necə olacaq, hamısı beynimdədi. Mən də hər il yaz aylarında işləmək həvəsi olur. Abşeron mənzərələri, kiçik portretlər seriyası işləmək istəyirəm. Artıq 5 ildir, 2 metrlik kətan üzərində mürəkkəb kompozisiyaya hazırlaşmışam. Allahın bu dünyada yaratdığı nemətlərdəndi. (Əlini göyə qaldırdı) İllahi, arzularımı ürəyimdə qoyma».
«MƏNƏ OBRAZI ALLAH GÖNDƏRİR»
Əvvəl ideya gəlir. Məsələn, namaz vaxtı dua oxuyanda obraz gəlib. İnsan nə qədər mücərrəd bir şey fikirləşirsə, son anda yenə də real, canlı, cansız predmetlərə, rənglərə əsaslanır. Torpağın özünü də bütün rəngləri, xırdalıqları, dəqiqliyi ilə çəksən elə mücərrəd bir şey alınar. Bədii təxəyyüldən keçən hər bir məhsul vizual varlıqlara istinad edir. Bu lap absurt da ola bilər. İnsanın bir qayəsi var: özünü dərk edib Yaradanı tanımaq. Allah bu sənəti mənə verirsə, mən də bu sənətlə ona qulluq edirəm. Bu da bir ibadət sayılır. Bütün təriflər Allahadır. Sənətini nə qədər sevsən də onu səcdəgah seçmək olmaz. Bütün dualarımda belə deyirəm: «İlahi, rəva bildiyin qədər elmlə məni yaralandır». 5 il dərs dediyim İncəsənət Məktəbində də şagirdlərə bunu çatdırmağa çalışmışam. Allah monotonluğu da xoşlamır. Gözəlliyi, məhəbbəti, gözəl zəkanı, gözəlliyin özündən zövq almağı xoşlayır. Bununçün çəkirik. Gözəlliyi tabloda görəndə ondan yenidən bəhrələnirik. Əgər məqsəd təkcə çəkmək olsaydı, hamı fotoaparatla çəkərdi. O, daha yaxşı çəkir».
EKSTRAVAQANT
DİALOQ
Qəyyur mənə ekstravaqant müsahibə hazırlamağı təklif edən ilk müsahibimdi.
Görüşdüyümüz gün səhhətindəki nasazlığın ucbatından arzuladığımı yaza
bilməyəcəyimi düşündüm.
-Qəyyur, bəs ekstravaqant yazı ideyası necə olsun?
- Ektravaqant yazı üçün mən gərək həyətdəki qoyun dərisini geyinim. Siz
isə ağ örpəklə qırmızı şərf örtəsiniz. (Yenə də qırmızı rəng-G) bəd nəzəri
qaytarmaq üçün çiyindən nal salmaq lazımdır. Müsahibəni emalatxanada yox,
türmədə keçirirsən. Təsəvvür edirsiniz, kapitan gəlib məhbuslara elan
edir: «Əkinçi xanım gəlib, qulağınıza təzə sözlər əkəcək».
- Klassik konsertlərdə ifaçıya Latın Amerikasındakılara xas paltar
geydirmə kideyası da Sizinkidir.
- İstəsəm bunu da edərəm. Amma belə şeylərə pul lazımdır. Mənim 256 milyonum
(manat? dollar?) olsaydı, Üzeyirin şərəfinə böyük konsert verərdim.
- Hər il sentyabrın 18-i belə konsert olur.
- Mən elə edərdim ki, hamının ağzı açıq qalardı. Əvvəla, konservatoriyanı
alardım. Ətraf binaların üstünü yaşıl parça ilə örtərdim. Yaşılın üstünə
adda-budda mavi və qırmızı rəng atardım. Ağaclardan əsl meyvələr asardım.
Yeddi dənə müxtəlif orkestr çağırardım: simfonik orkestr, estrada orkestri,
xalq çalğı orkestri və s.
- Onlar birlikdə nə çala bilərlər?
- İş çalmaqda deyil ki, hələ bir 4 xor və 4 dirijor da dəvət edərdim.
- 7 orkestrdə 4 dirijor azdır axı.
- Onlar hərəsi bir küncdə dayandı, bəsdi. Ortalıqda isə bir qrup adam
gəzib misdən olan musiqi alətlərinin içinə süd tökməlidir.
- Onda alətlərdən səs çıxmaz ki.
- Elə bu lazımdır da. Ekstravaqantlıq da, bax buna deyirlər. Dinləyicilər
isə hər yerdə olacaq. Birdən aparaturadan kəskin gitara səsi gələcək.
Hamı boylanacaq, hətta vağzaldan da adamlar tökülüb gələcək. Bu vaxt hamıya
özəlləşmə çekləri paylanacaq.
-Sonu xeyriyyəçiliklə bitsə, Sizi hamı qəbul edər. Rəssamın qazandığı
səs-küylü addan başqa nə ola bilər?
- Axı bütün bunları vertalyotlardan filmə çəkirlər. Bu filmin qiyməti
yoxdur. Sonra da göstərirsən və «Ay Amerika, biz də belə şeylər bacarırıq»
deyirsən, həyatda gündəlik qayğılardan qaçmağı da bacarmalısan. «Sovet
Gürcüstanı»nda işlədiyim vaxt yaxşı da qonarar almışdım. İşə hamıdan qabaq
gəlib onluqları bir-birinə yapışdırırdım, redaksiya boyu öz qapıma qədər
düzdüm. Redaktor gəlib görəndə bir anlığa çaşıbqaldı…
– Bax, gözünüzdəki bu ifadəni səhərdən axtarmışam.
– Mən bilən, Siz də ekstravaqantlığı xoşlayırsınız. Ancaq bərk-bərk gizlədirsiniz.
– Bəli. Yaşamaq lazımdır. Siz ki, məişətdə belə şeylərdən yaralanmırsınız.
– Bəzən edirəm. Bir dəfə evə gəldim, gördüm ki, qızlarım tənbəllik edib,
evi yığışdırmayıb. Bir dəfə irad tutdum, fikir vermədilər. Onda bütün
konfetləri yeyib kağızlarını yerə atdım. Evdə görünməmiş sahmansızlıq
yarananda, səhvlərini anladılar.
«ALLAHU
ƏKBƏR!»
«ALLAHU ƏKBƏR!»
… Söhbətimiz çox uzandığından namaz vaxtı artıq ötüb keçmişdi. Qəyyur
Yunus dəstəmaz alıb xalı döşənmiş qonşu otağa keçdi və namaza başladı.
… Bu otaqda rəsmlər və mən qaldıq, bir azdan həzin dua pıçıltıları da
bizə qoşuldu: «Allahu əkbər! Allahu əkbər!»
… Otaqdakı Çin qızıl gülü də açmışdı. Hətta həyətdəki qaysı ağacı da ibadət
edirdi (O deyir ki, ağaclar çiçəkləyəndə ibadət edir). Axı yaz gəlib.
“Ekspress”
qəzeti,
19 mart 1999-cu il