- Neçə ildir ki, məni bir sual narahat edir. Bilirəm ki, Cavanşir
Quliyevin evində gəncliyindən bəri onun haqqında iki qovluq yazı, məqalə
var. Təxminən 1984-85-ci illərdə qovluğun içi tükənir. Elə həmin dövrdən
də yazılmış ciddi əsərlərin siyahısı bitir. Nə baş verir?
- O vaxtdan sonra cəmiyyətdə nə baş veribsə, mənə də təsir etməyə bilməzdi.
Bir məmləkətdə yaşayan hər bir insana siyasi, ictimai çaxnaşmalar, azadlıq
mübarizəsi və s. hadisələrin təsiri olur.
- Bu, çoxlarına ilham verir...
- O vaxt ilham verər ki, insan istədiyi, arzuladığı bir məmləkətə gəlib
çıxa. Mənə ilham yox, dərd, ağrı verib. Birinci növbədə, müharibə və
bu müharibədə biabırcasına uduzmağımız. Bizim gülməyə, şənlənməyə mənəvi
haqqımız yoxdur. Bu vəziyyətdə oxuyub-oynamaq qeyri-insani bir şeydi.
Siz görürsünüz ki, yaşadığımız şəhərdə müharibə hiss olunmur. Qıraqdan
baxan deyər ki, bu millət ağ gündədir.
- Bəs cəmiyyətdən kənarda yaratmaq mümkün deyilmi?
-Heç vaxt belə olmur. Özündən heç yana qaça bilməzsən. Mən əsasən mahnılar
yazıram. Bu da dolanışıq üçündür. Mən hamının qəbul etdiyi “yeməyi”
hazırlayıram. Bir vaxt opera öz həyatıyla yaşayırdı, mahnı da öz həyatıyla.
Kimisi simfoniya, kimisi opera, kimisi kamera musiqisi yazırdı. Pis
olanda da hamıya birlikdə pis olurdu. İndi isə mahnı yazmayan bəstəkarların
vəziyyəti çox ağırdı.
-Siz deyirsiniz ki, varlı adam deyilsiniz. Mahnı verdiyiniz
adamlar isə çox imkanlıdır. Bu necə olur?
- Bu adamlar öz zəhmətini mənə nisbətən baha sata bilir. Toy müğənnisi
ayda 25 toyu yola verir. Mən ayda 25 mahnı yazmıram. Əgər yazsam da,
onların öz alıcısını tapacağına inanmıram. İkinci səbəbi isə, mahnının
xüsusiyyətləri ilə bağlıdır. İndi böyük simfoniyanı ifa etmək not kağızından
başlamış keyfiyyətli musiqiçilərə qədər problemlərlə bağlıdır. Həm də
dirijor münasibəti çox vacibdir. Dirijor bu əsəri çalmağı arzulamalıdır.
Musiqiçilərin bu günkü vəziyyətini nəzərə alaraq mən inanmıram ki, onlar
bu işi böyük həvəslə görəcəklər. Bu gün Bakıda Filarmoniyadan başqa
simfonik səslənməyə uyğun konsert zalı yoxdur. O da təmirdədir.
- Çörək verən mahnı ilə başqa əsərləri bərabər yazmaq olmazmı?
- Alınmır. Amma mən çalışıram ki, belə edim. Mənim hazır olmamış əsərdən
danışmaq və ya onu göstərmək adətim yoxdur.
- Dördüncü simfoniya tamamlanıb?
- Bəli, dördüncü simfoniya bitib, yalnız redaktə işi qalıb.
- Bəs “Gilqameş” motivləri əsasında balet necə?
-Balet çox asta-asta, tısbağa tempi ilə gedir.
- Deməli, baleti görmək bizə qismət olacaq?
- Allah ömür versə, çatdırmağa çalışacağam. Səhər yuxudan durub görməli
işlərimi yaddan çıxarmamaq üçün kağıza yazmadığım günlərdə mən bu işlə
daha sıx məşğul olacağam.
- Vaxtınızın çatmamağından qorxursunuz?
-Qorxuram. Fransız rəssamı Modilyanini yada salaq: kafeləri gəzib şəkillərini
5-6 franka satanda özünü xoşəxt hiss edirdi. Van Qoq isə bütün ömrü
boyu cəmi 1 əsərini sata bilib. İndi Van Qoqun imzası milyonlardır.
Mən inanıram ki, tarixdə olan sənətkarlar yalnız ülvi sənət eşqi ilə
yazmağı, Allahla ünsiyyətdə olmağı arzulayırlar, yer üzünün problemləri,
dərd-səri onları maraqlandırmır. Onlar da fiziki insanlardır. Hər biri
əsərinin ifasının da, alınmasının da arzusunda olub. Biz sənətçiləri
təxəyyülümüzdə bir az ilahiləşdiririk. Bizə elə gəlir ki, maddi həyat
onlar üçün yox imiş.
-Deyirlər ki, sənətkarı və yaradıcılığını onun özü müəyyən etdiyi
qaydalara əsasən mühakimə etmək lazımdır.
- Bəli. Məni öz qayda-qanunuma görə ittiham edin.
-Sizin üçün bu qaydalar artıq məlumdurmu?
-Əlbəttə. Sənətlə məşğul olmağa başlayanda insan artıq düşünür. Özü
üçün qaydalar qurur, meyarlar tapır və bu sənətdə özü üçün nəyin pis,
nəyin yaxşı olduğunu təyin edir. Bunu bir sözlə demək çox çətindir.
Bədii meyarları sözlə demək, xüsusilə, musiqidə çətin olur. Hər bir
bəstəkarın daxilində onun yazmaq istədiyi bir musiqi ideyası yatır.
Bəzən qulaqlarına gəlir, bəzən yuxusunda görür. Bu onun üçün ən yüksək
zirvə olan bir səslənmədir. Ömrü boyu ona çatmağa çalışır. Çox nadir
bəstəkarlar bu zirvəyə çata bilib. Yəqin mən də nəsə bir musiqi eşidirəm,
çalışıram elə yazım. Bir addım yaxınlaşanda sevinirəm. Bir vaxt çatacağıma
ümidimi itirmirəm. Onda mən təqdim edə bilərəm ki, məhz bunu arzu eləmişəm
və bunu bacarıram. Qiyməti isə zaman və mütəxəssislər verir. Müsahibələrin
birində demişdim ki, Qərb və Şərq musiqi təfəkkürü, fəlsəfəsi və estetikası
arasında müəyyən qədər uyuşmazlıq var. Bu estetik uyuşmazlığı aradan
götürmək lazımdır.
- Lazımdırmı?
- Lazımdır. Cünki bəşəriyyət, yer kürəsi bir dənədir. Onu bölmək qeyri-təbiidir.
Bu işi, təbii ki, sənətkarlar, estetiklər, filosoflar, bədii sənətlə
məşğul olan adamlar etməlidir. Şərq və Qərb estetik platformaları müxtəlifdir.
Qərbdə qəbul edilmiş bir şey Şərqdə yaxşı hesab olunmaya bilər. Bu məsələləri
aradan götürmək olsa, tamam yeni tip musiqi yaratmaq mümkündür. Bu musiqi
həm Şərqə, həm Qərbə yaxın musiqi ola bilər. Mən axtardığım şey o tip
musiqidir. O uyuşmazlığı fərmanla, nəzəriyyə ilə aradan götürmək olmaz.
Bu, təcrübədə baş verməlidir. Üzeyir Hacıbəyovdan sonra bütün böyük
bəstəkarlar bu işlə məşğuldur və bu yolda böyük uğurlar var.
- Bu yolda cəmiyyətdən uzaqlaşma olur və auditoriyanı itirmək
təhlükəsi var.
- Hardasa auditoriyanı itirib başqa yerdə qazanırlar. Auditoriya tək
Azərbaycanla məhdudlaşmamalıdır. Azərbaycan özü də bəşəriyyətin bir
hissəsidir. Bəşəriyyətlə qaynayıb-qarışmaq lazımdır. Mən ali məqsədimi
bunda görürəm. Vaxtilə Qərb şərqdən bəhrələndi və bunu etiraf edir.
Nəticələri də çox yaxşı oldu. İndi biz Qərbdən bəhrələnə bilərik.
-İndi xaricə çıxmaq imkanı böyükdür. Nədənsə səsiniz xaricdən
gəlmir?
-Bu imkanların böyük olması fikri ilə razı deyiləm. Qabaqlar inzibati
məhdudiyyət var idi. İndi buyur, bilet al, get. Axı bileti almaq, mehmanxanada
qalmaq lazımdır. Söhbət əsərlərimin xaricə getməsindən gedirsə, deyə
bilərəm ki, ay yarımdan sonra Avstriyada “Dünya bəstəkarlarının seçilmiş
kamera əsərləri” adında bir disk çıxır. Bunu Avstriyanın çox nüfuzlu
“Modern Myuzik” şirkəti buraxır. Albomun repertuarı müsabiqə əsasında
seçilib. Buraya mənim “Muğam ladında 7 pyes” fortepiano məcmuəm daxil
olub. Məlumata görə, bu alboma Ştokauzen, Şnitke, Messian kimi bəstəkarların
əsərləri düşüb. Bu yaxınlarda isə Türkiyənin “Raks” firmasının Azərbaycanda
nümayəndəliyi mənim 4 əsərimi – “Saz və skripka üçün sonata”, “Fortepiano
pyesləri”, II kvartet və III simfoniyadan ibarət disk buraxacaq.
-Yaradıcılıq böhranı keçirmisiniz?
-Əgər yazdığıma, tutduğum yola peşmançılıq hissini nəzərdə tutursunuzsa,
yox. Heç vaxt keçirməmişəm. Xoşbəxtlikdən dəlixananın yanında yaşasam
da, Allah məni bu sapmalardan qoruyur.
-Qıraqdan baxıb elə nəticəyə gəlirəm ki, böhrandan çıxış yolunu
heç yazmamaqda tapırsınız?
-Siz musiqişunaslar bizdən daim kəmiyyət istəyirsiniz. Siz birinci adam
deyilsiz ki, mənə: “Niyə yazmırsan?” sualını verirsiniz. Bəlkə də öz
platformanızda siz haqlısınız. Amma məni də başa düşün. Yazmıram, çünki
yazılası bir şey yoxdur. Bədii sənətdən azad bir sənət yer üzündə mövcud
deyil. O, məni içəridən dağıtmasa, mən onu yazmayacağam. Məni şirnikləndirmək
də olar. Allaha şükür, müəllimlərimizin verdiyi texnikaya görə qulaqları
tıxayıb yaza da bilirik. Söhbət ciddi əsərdən gedirsə, o, doğulmalıdır.
Doğum prosesini qadınlar yaxşı bilir. Mənə elə gəlir ki, bunu başqa
peşə ilə məşğul olan kişilərdən mən daha yaxşı bilirəm. İçəridə yığılıb,
yığılıb səni dağıtmalıdır. O, sənə sakitlik yox, əzab verir. Canını
qurtarmaq, onu içindən mütləq çıxartmaq istəyirsən. Sonra da baxırsan
ki, görən necə alınıb?
-Bəs mahnı belə yaranmır?
- Mahnı vaxta görə qısa əsərdir. O, uzun müddət yığılmır. Ona görə də
müqayisə etmək olmaz.
- “İtkin gəlin”dən sonra yaranan mahnıları eşidəndə mən özüm
üçün təəsüf hissi ilə deyirəm, yenə də “İtkin gəlin?” Mən başa düşürəm,
hər dəfə yeni intonasiya kəşf etmək olmur.
-Gəlin ardıcıl olaraq Motsarın bir neçə əsərinə qulaq asaq. Onun yazdığı
bütün əsərlərdə üslub, intonasiya vahidliyi var. O, bütün bəstəkarlarda
olur. Bu prosesi məndə də müşahidə etmisinizsə, özümü xoşnəxt hesab
edirəm. Bir motiv bir mahnıdan başqasına keçirsə, bu, əlbəttə ki, pisdir.
Ümumi ovlat, üslub eyniliyi ola bilər. Mənim bu hüququmu əlimdən heç
kim ala bilməz. Bəstəkar hər mahnıda yeni model kəşf edə bilməz. Bunu
yalnız simfoniya ilə müqayisə etmək olar. Bir bəstəkar hər mahnısında
yeni model kəşf edirsə, onun 300 mahnısı 300 simfoniya dəyərindədir.
Azərbaycana belə bir adam var - o, Tofiq Quliyevdir. Sayca mahnıları
çox deyil, amma o, mahnıya bizim simfoniyaya münasibətimiz qədər ciddi
yanaşır.
-Uğurun dadını bilirsinizmi?
-Əgər o dad quru sözlərdirsə, bilmişəm.
-Bəs başqa cür?
- Bu yaxınlarda eşitdim ki, İsa peyğəmbərin anadan olmasının iki min
illiyi ilə bağlı olaraq Roma katolik kilsəsi Lyutoslavskiyə əsər sifariş
edib. Bu əsərin qonorarı 200 min dollardır. Müvəffəqiyyətin dadı, bax,
budur. O səviyyəli bəstəkar bundan on qat artıq qonorara layiqdir. Düzdür,
bədii sənətin qiyməti yoxdur. Nəhayət, dünyada bəstəkarın sağlığında
bədii sənətə pul ekvivalentində müəyyən qədər layiqli qiymət verilməyə
başlayıb. Arzulardım ki, o gün Azərbaycanda da olsun. Əgər Ü.Hacıbəyov
bu gün yaşasaydı, “Koroğlu” operasına görə sizcə, nə qədər qonarar alardı?
– “Mersedes” avtomobilinin 4 təkəri qədər. Belə getsə, o səviyyəli əsərlər
Azərbaycanda uzun müddət yazılmayacaq.
“Çağ”qəzeti
27. 03. 98