Professor Rəsul Quliyev: “64 ölkənin neft ehtiyatı 25 ilə tükənəcək”
Bu yaxınlarda okeanın o tayından, uzaq Amerikadan Azərbaycana bir məktub
gəldi. Bioqrafiya İnstitutunun prezidenti C. M. Evasın yolladığı məktubda
yazılmışdı: “Mənə bunu bildirmək çox xoşdur ki, bizim institutun idarəetmə
şurası sizi nüfuzlu Amerika Şərəf medalı ilə təltif edir. Şura sizin namizədliyinizi
elm və cəmiyyətin inkişafındakı nailiyyətlərinizə görə irəli sürüb. Bununçün
çoxlu müzakirələr keçirdik ki, seçilmiş şəxs siyahıdakı alimlərin içində
həqiqətən də ən yaxşısı olsun. Həmin medalın verilməsi ümumilikdə Birləşmiş
Ştatlar və Bioqrafiya İnstitutunun seçilmiş şəxsə hörmətinin ifadə forması
olması artıq göz qabağındadı. Odur ki, bu Şərəf medalını almanız münasibətilə
mənim təbriklərimi qəbul edin.”
Bu ilıq sözlər neftayırma və neft kimyası sahəsində mütəxəssis, texniki
elmlər doktoru, professor, əməkdar elm xadimi və Rəsil Şirin oğlu Quliyevə
ünvanlanıb. Ötən ilin sentyabrında isə həmvətənimiz “2001-ci ilin adamı”
adını qazanması adı çəkilən Amerika institutu tərəfindən bütün dünyaya
elan olundu. Amerikanın yüksək qiymətləndirdiyi alimi, professor Rəsul
Quliyevi biz necə tanıyırıq ?
Tanımayanlarçün: Neft texnikomu və Beynəlxalq Neft Akademiyasını bitirdikdən
sonra Bakı neftayırma zavodlarında operatordan sex müdiri vəzifəsinə qədər
irəliləyib. 50-ci ilin əvvəllərindən Azərbaycan Neft - Kimya Prosesləri
İnstitutunda laboratoriyaya başçılıq eləyir. 1965-ci ildə professor, 1979-cu
ildə Azərbaycanın əməkdar elm xadimi adını alıb. Elmdəki tapıntılarla
yanaşı, 29 namizədlik və doktorluq dissertasiyasının elmi rəhbəri olub.
500 məqalə, 4 monoqrafiya, 37 kəşfin müəllifidir. Bu siyahıya fəxri fərmanlar
və medallarla yanaşı, “Böyük Vətən müharibəsində şanlı əməyə görə” medalı
və Keçici Əmək Bayrağı da əlavə olunmalıdır. 80 yaşı adlamış, gözünün
nurunu itirmiş bu yorulmaz insan hər gün qızının köməkliyilə yenə iş başına
keçir.
“...Öyrətmək
olmasın, amma mən belə başlardım...”
Cavan alimlərə ,yazı-pozuya “baş vuran”lara qəyyumluq eləməyə adətkar
olan Rəsul müəllim bu dəfə qocaman alimin həyat yaşantılarıyla maraqlanan
jurnalistin də “işinin əsas hissəsini” deyəsən, görüb qurtarıb...
- Hər şey beynimdə hazırdı. Mən sizə danışım, nə cür yazarıq. Öyrətmək
olmasın, amma mən belə başlardım: Mən professor Quliyev haqqında məqalələri
oxudum, çox maraqlandım. Ondan müsahibə almaq fikrinə düşdüm. Getdim.
Otağa girəndə gördüm ki, qızıyla oturub “Vışka” üçün yazdığı məqaləni
oxuyub düzəlişlər edirlər. Mən də deyirəm ki, baxın, bəlkə bu yazı müsahibənin
əsasını təşkil eləyə bildi. Siz məqaləni götürüb oxuyarsız. Adlı belədi:
“Bakı sürtgü yağlarına əvvəlki şöhrətini qaytaraq”. Sonra başlayır ki...
Məqalə içində məqalə
- Bakı sürtgü yağları
dünyada çox böyük rəğbət qazanıb. Onlar Amerika yağlarını Avropa bazarlarından
hələ 100 il əvvəl asanlıqla sıxışdıra bilib. Bu da Bakı neft yağlarının
yüksək keyfiyyəti və aşağı qiymətiylə əlaqədar olub. O vaxtlar Bakı sürtgü
yağlarını primitiv üsulla Balaxanı neftindən alırdılar. Yağı əslində elə
biz kəşf eləmişik.
Yadıma bir əhvalat düşdü. Bu, 1962-ci ildə olub. Dörd nəfər İngiltərədə
elmi məzuniyyətdə idik. Üçü Moskvadan idi. Londonda keçirdiyimiz üçüncü
gün mehmanxanaya özünü ticarət kompaniyasının prezidenti kimi təqdim edən
Hopson adlı ingilis gəldi. Bizim rəhbərimiz hamımızı sabah restorana dəvət
elədi. Rəhbərimiz bizi diqqətlə süzəndən sonra razılıq verdi. Sonra təklikdə
“baxın a, artıq bir kəlmə də danışmayın” deyib xəbərdarlıq elədi. Axı
o vaxtlar bütün elmi institutların işləri məxfi saxlanırdı. Biz də o ingilisin
məqsədini bilmirdik. Deyilən saatda restorana gəldik. Süfrə çox dəbdəbəliydi.
Tostlar bir-birinin ardına düzüldü. Tostlar dostluqdan, əlaqələrdən, birgə
işdən bəhs eləyirdi. Zarafatlar da, lətifələr də olurdu. Bizim masanın
sahibi odlu atəşfəşan düzəltmişdi. Odun dilləri az qala tavana toxunurdu
və bütün restoran bizə tamaşa eləyirdi. Sonuncu tost səsləndi: “Dostlar,
mən sizi niyə dəvət elədiyimi deməmişdim. Mən xəbər tutdum ki, Bakıdan
cənab Quliyev sizin aranızdadı. Onu görməyi arzuladım, çünki arzumu deməyə
tələsirəm. İş ondadı ki, biz onun hazırladığı “Maşınno SU” yağını ildə
25 min ton alırıq. Mən Quliyevdən xahiş edirəm ki, bu nadir yağın miqdarını
50 min tona çatdırsın. Məhz buna görə sizi bura dəvət eləmişdim”.
Bu yağın qiymətini təkcə xaricilər deyil, elə bakıdakılar da bilirdi.
Onu hətta “penisilin yağ” adlandırırdılar. Əgər hər hansı yağ tələblərə
cavab vermirdisə ona 5-10 faiz “maşinno SU” qatırdılar və alınan yağ tamamilə
normaya düşürdü. Demək lazımdır ki, Bakı neftayırma zavodları keçmiş sovet
məkanında xalq təsərrüfatını təmin eləyən az qala yeganə zavod idi. Neft
emalı sənayesi naziri Fyodrov Viktor Stepaniç dəfələrlə demişdi ki, SSRİ-də
elə rayon yoxdu ki, Bakı yağları orada işləməsin. Bakı zavodlarında texnologiyaların
təkmilləşməsi məqsədilə köklü rekonstruksiya aparıldı. Bu iri texniki
kompleks 1980-cı illərdə tamamlandı. İndi belə kompleks nə keçmiş SSRİ-də,
nə də xaricdə var. Beləliklə, biz yüksək keyfiyyətli sürtgü yağlarını
buraxmağa başladıq. Amma özlülük indeksinə görə Bakı yağları başqalarından
aşağı idi. Ona görə də işlədiyim Neft-Kimya Prosesləri İnstitutunda bu
məsələylə məşğul olduq. Mənim rəhbərliyim altında aparılan təcrübələr
əsasında özlülük indeksi çox yüksək olan yağalma prosesi işləyib hazırladıq.
O yağdan bizim sürtgü yağlarına 10-20 faiz əlavə eləməklə Bakı yağlarının
keyfiyyətini aparıcı xarici firmalarla rəqabət apara biləcək səviyyəyə
qaldırmaq mümkündü. Ancaq ürək ağrısıyla deməliyəm ki, SSRİ dağılandan
sonra Bakı zavodlarında iş dayandırılıb.
İndi söhbət gəzir ki, texnoloji qurğulardakı nasazlıqları aradan qaldırmağı
xarici firmalara həvalə edəcəklər. Amma xaricilər yeni texnologiya tətbiq
edərək yüksək indeksli yalnız bir yağ əldə edə biləcəklər. Mən mütəxəssis
kimi deyirəm, ondan 80-90 adda yağ almaq mümkün olmayacaq. Bakı yağlarını
xarici yağlardan yaxşı eləməkdən ötrü bizdə bütün işlər görülüb qurtarıb.
Bu söhbəti eləməkdə məqsədim odur ki, əgər hökumət bu addımı atsa, xaricilərin
qarşısında şərt qoysun ki, zavod əvvəlki kimi 90 adda yağ buraxa bilsin.
Onu eləyə bilməzlər. Bizim təklifin bazasında 500 adda yağ almaq mümkündü.
Bizim texnologiyanın dünyada analoqu yoxdu. On iki bənddən ibarət layihəni
yazıb vermişəm.
Onu həyata keçirməkçün yeni qurğu tikmək də lazım deyil. Xammalın da yerini
göstərmişəm. İndi danışdıqlarımı yazıb “Vışka”ya vermək istəyirdim. Sonra
yazmadım, əslində mən onları faş edirəm. Çünki hələ 2001-ci ilin fevralında
zavoda yazdığım məktubu müzakirə eləməyiblər. İndi Azərbaycanda prezidentin
maşınında tutmuş bütün maşınlar xarici yağla işləyir. Satışda olan yağın
tonu 10 000 dollardısa, bizimki 800 dollara başa gələcək. Heç olmasa Müdafiə
Nazirliyi bu işə diqqət verəydi. Sabah birdən müharibə eləməli olduq.
Tanklara, təyyarələrə nə tökəcəklər? Özümüzün imkanımız ola-ola, xaricilərə
möhtac olacağıq? Onda ermənilərin diversiya eləmək imkanı da artır axı!
İstərdim ki, bu yazını neftçilər, hökumət adamları oxusun. İndiyədək yazdıqlarımın
hamısına cavab almıram. Hətta xırda bir işçün inadkarlıq göstərməli oluram.
İkinci günəşimiz “sönmək” üzrədi
Professor Quliyevin
inadkarlığının nəticələri də olur. Prezident Aparatına və başqa əlaqədar
orqanlara müraciətləri, qəzetlərdə təşkil elədiyi diskussiyalar nəticəsində
nəhayət ki, Bakıda Neft Muzeyi yaranmasına və Neft Ensiklopediyası buraxılmasına
qərar verilib.
- 1998-ci ildə Azərbaycanda neftin sənaye yoluyla çıxarılmasının 150 illiyi
oldu. Almaniyada, Polşada, İngiltərədə, bizdən sonra neft çıxaran Rusiyada
Neft Muzeyi var. “Zavaqzalnı” da bir muzey var, Texniki Təhlükəsizlik
İnstitutunda. Bir dənə buruq maketi, iki-üç eksponat qoyublar, vəssalam.
Axı Bakı neft və neftçilər şəhəridir. O qədər yazdıq ki, ayılın e... Vallah,
ayılan deyilik.
Rəsul müəllim hazırda
neft və bəşəriyyətin taleyindən narahatdı. Sonuncu məlumatlara görə, 97
neft çıxaran ölkənin 64-ündə neft 25 ilə tükənəcək. Yer üzündə cəmi 40
ildən sonra ikinci günəş saydığımız neftin izi çəkiləcək. Bəs sonra?
- Vaxt gələcək, camaat bir pud qızıla bir girvənkə neft ala bilməyəcək.
O zamana indidən hazırlaşmaq lazımdı. Bitkilərdən sürtgü yağları, yanacaq
almaq üzərində iş dünyada çoxdan gedir. Almaniyada artıq istehsalata çıxıblar.
Nə olsun ki, neftimiz var. Neftlə birgə küləyimiz, dənizimiz, günəşimiz
də boldu. Yaponiyada dəniz dalğasının gücüylə işləyən 300 elektrik stansiyası
var. Xəzərin dalğasının gücü onlarınkından güclüdü.
Professor Quliyev bitkilərdən sürtgü yağı və yanacaq almaq problemini
həll etməklə məşğuldu. Onun rəhbərliyi altında Azərbaycanda yetişən 20
növdən artıq yağ alma texnologiyası hazırlanıb. Bitkilərdən alınan məhsul
həm də ekoloji baxımdan sərfəlidi. Bəzən bu işə 64 il birgə yaşadığı xanımını
da qoşur, birlikdə qoz yağı alırlar. Bir sözlə, ətrafımızı bürüyən ətalətə
müqavimət göstərirlər. Rəsul müəllim onu narahat eləyən problemlər üzərində
düşünən alimləri də bir yerə toplamağı bacarır. Təşkil eləyir, məqalə
yazır, müraciət eləyir, kəşf eləyir... Bir sözlə, gündəlik həyatını yaşayır.
Qəzet, kitab oxumaq imkanı olan çoxumuzdan da məlumatlıdı. İstər elm,
istər incəsənət sahəsi olsun. “Vətən səninçün nə edib?” və “Sən Vətənçün
nə etmisən?” sualına hər ikisini layiqincə cavablandıra bilər. Düzdür,
fərdi təqaüd məsələsində Vətən nədənsə susur. İndi professor BMT-yə, Kofi
Annana göndərdiyi məktubun cavabını gözləyir. Məktubda BMT-nin nəzdində
əsas enerji mənbəyi olan nefti əvəz eləməklə məşğul olacaq elmi şura yaradılması
təklif olunub. Adətən uzaqdan gələn cavab məktubları ünvanına daha tez
çatır...
“Xalq Cəbhəsi”
qəzeti,
23 aprel, 2002-ci il