“O, Azərbaycan mədəniyyətində təkraredilməz fenomendir”


Səhnədəki Bülbül evdəki Bülbüldən çox fərqlənirdi.

Belə oxumaq, belə oynamaq bütün Azərbaycan qadınlarında var. Qabaqlar artistə pul verirdilər ki, çıxış etsin, indi artistlər özləri pul verirlər.


Bu il mahir müğənni, Azərbaycan peşəkar vokal sənətinin banisi, vətənpərvər ictimai xadim Bülbülün 100 illik yubileyidir. Onun həyat yoldaşı, ömür – gün həmdəmi Adilə xanım Bülbülün ev-muzeyinin direktoru kimi bütün sənədlərin qoruyucusu və sənətkarla bağlı xatirələrinin də canlı şahididir.
– Adilə xanım, Bülbülün ən xarakterik xüsusiyyəti nə idi?
– Xeyirxahlıq. Bu adam ən axırıncı tikəsini verə bilərdi. Kimisinin toyu, kimisinin, Allah eləməmiş, yasıdır, mütləq kömək etməlidir. Bir var xeyirxah adam, bir də var şəvqətli. O, başqasının ağrısına, dərdinə biganə ola bilmirdi. Deputat olduğu zaman da belə idi. Bir dənə də ərizə diqqətsiz qalmazdı. İndi belə dəbdir, humanitar yardımları mənimsəyirlər. O isə hər şikayəti gedib yerində həll etməsə, rahat ola bilmirdi. Bunu ona görə demirəm ki, yoldaşıyam. Bu adam belə idi. Hər bazar günü uşaq evi üçün bir maşın dolu oyuncaqlar, şirniyyat aparırdı. Müharibə vaxtı ön cəhbəyə buraxılmadığı halda, Bülbül məhz ora can atır, konsertlər verirdi. Belə hərəkətlərinə görə yuxarılarda danlandıqda o, cavab verirdi ki, siz istəyirsiniz ki, hamı azərbaycanlıların qorxaq olduğunu fikirləşsin? Ramiz Mustafayev yada salır ki, cəbhədə konsertlər vaxtı təyyarə uçur, bombardman edirdi. Amma Bülbül oxumağa davam edir, əsgərlər də hamı bir nəfər kimi qulaq asırdı. Bülbül Azərbaycan sözü ilə nəfəs alırdı. Hətta pambıq yığımı vaxtı gedib maraqlanırdı. “Nə qədər məhsul olacaq?”- deyə narahat olurdu. O, məşhur adam idi, hamı onu tanıyırdı. Bütün bunlar nəyinə lazım idi? Azərbaycan dilinin fonetkası, Azərbaycan musiqisinin əsasları ilə maraqlanırdı, Şur, Kürd Ovşarı simfonik muğamları da onun ideyası idi, aşıq qurultaylarını da o təşkil etmişdi.
– Səhnədəki Bülbülün evdəki Bülbüldən fərqi çox idi?
– Əlbəttə. Səhnədə o, obraza daxil olub, ona uyğunlaşırdı. Evdə isə çox sakit adam idi. Uşaqlara da heç vaxt acıqlanmazdı. Bunu mənim ixtiyarıma buraxardı. Uşaqlarla xalça üstündə güləşməyi çox sevərdi. Hər səhər mütləq at çapmaqla məşğul idi. Bu ona Koroğlu obrazına görə lazım idi, hər yerə ailəsi ilə getməyi xoşlayırdı. Radioya, forumlara, iclaslara, fərqi yoxdur. Ona görə də mən onun həm yaradıcılığı, həm də ictimai işlərinin canlı şahidiyəm. Bütün bəstəkarlar bizim evdə olub. Onun cavanları necə müdafiə etməsini, onlara himayədarlıq etməsini dəfələrlə görmüşəm. Onların atası da, anası da o idi. Cib xərclərinə qədər verirdi.
– Artıq neçə illərdir ki, Bülbül aramızda yoxdur. Onun yeri harada daha aydın görünür?
– Hər yerdə. Bəlkə də sağ olsaydı, ermənilər belə edə bilməzdi. Bülbül onlarla ünsiyyətdə çox olub. Siz görsəydiniz ermənilər onu necə qarşılayırdılar. Bunu yazmaq, demək bəs etməz, bunu görmək lazımdır. Gürcüstanda isə iki dəfə pərəstişkarları opera teatrının qapısını sındırıb. Birinci dəfə məşhur italyan ifaçısı gələndə, o biri də Bülbülün gəlişində. Mən onun böyüklüyünü isə harasa getdikdə daha aydın hiss edirdim. Afişalar vurulmamış anons verildikdən iki saat sonra bütün biletlər satılırdı.
– O dövrün musiqi həyatında fəal iştirak etmiş bir adam kimi bu günümüzün musiqisi, vokal sənəti ilə nə fərqlər hiss edirsiniz?
– Biz indi bataqlıqdayıq. Televiziyada, radioda verilişlərə baxdıqda fikirləşirəm ki, belə oxumaq, belə oynamaq bütün Azərbaycan qadınlarında var. Qabaqlar artistə pul verirdilər ki, çıxış etsin, indi artistlər özləri pul verirlər. O vaxt radioda, televiziyada Bədii Şura var idi. Mahnıların səviyyəsi ölçülüb-biçilib, ortaya çıxmağa layiq olduğu müəyyən edilirdi. İndi pul vaxtıdır. İstəyirsən qəzet-jurnal aç, özünü nə qədər istəyirsən təriflə. Bizimkilər demokratiyanı başa düşmür. Eybi yoxdur, bu hələ ki, keçid dövrüdür, keçib gedir.
– Bülbül məktəbinin davamını kimdə görürsünüz?
– Avropa mədəniyyəti baxımından Bülbül qeyri-adi, fitri hadisədir. O, belkanto və muğamı sintez edən ilk müsəlman vokalçısıdır. O, yəni məktəbin banisi olub. Əgər indi azərbaycanlı müğənnisi “Toska”nı, “Bogema”nı oxuyursa, o artıq Bülbülün açdığı çığırla irəliləyir. Müslüm Maqomayev, Firudin Mehdiyev, Muxtar Məlikov, Azər Zeynalov və başqaları elə Bülbül sənətinin davamçılarıdır.
– Belə adamın həyat yoldaşı olmaq çətin deyil ki?
– Qətiyyən yox. Amma indi bəzi yazıları, tərifləri gördükdə narahat oluram. Mən hələ sağam. Bəs bunu yazan fikirləşmir ki, onu mən də oxuyuram. İndiki yubiley ərəfəsində mənim üçün ən vacibi odur ki, Bülbülün 100 illiyi şərəfinə vokalçıların Beynəlxalq müsabiqəsi keçiriləcək, Arxipova kimi adam münsiflər heyətinin sədri olacaq. O qədər ölkələr çıxış etməyə hazırlaşır. Başqaları isə, məsələn, Özbəkistan, İran, Türkiyə, Gürcüstan, Rusiya Bülbülün yubileyini keçirtmək arzusunu bildirib. Bunu gördükdə Bülbül adına küçə olması üçün sərf etdiyim 8 illik zəhmətim də, qəzetlərdə çıxan Bülbülün ruhunu təhqir edən yazılar da, yük qaldıran tankerə Bülbülün adının verilməsi də yadımdan çıxır.

 

“Çağ”qəzeti
04. 11. 97