Nərgiz Şəfiyeva: «Başbilənlər» Üzeyir Hacıbəyovu təhrif edirlər»


Otuz ildən sonra qayıdıb diplom müdafiə edən keçmiş tələbə-bəstəkar bu fikirdədir

Həmsöhbətimiz Nərgiz Şəfiyeva Qarayevin sevimli tələbələrindən olub. Tələbə olduğu 1958-1964-cü illərdə onun əsərləri bəstəçilərin demək olar ki, bütün plenum və qurultaylarında səslənib. «Sovetskaya muzıka» jurnalının səhifələrində gənc bəstəkarın uğurlu başlanğıcı haqqında rəylər deyilib. 1962-ci ildə N. Şəfiyeva skripka və fortepiano üçün poema və fortepiano üçün 6 prelüdə görə gənc bəstəkarların yaradıcılığının Ümumittifaq baxışında 1-ci dərəcəli diploma layiq görülmüşdür.
Necə oldu ki, Qarayevin daha bir yadigarı musiqi həyatından uzaqlaşdı, hətta diplom işini müdafiə edə bilmədi?
Ailə problemləri, valideyn qarşısında borcu ödəmək qayğıları, şəxsi səhhəti və ən vacibi isə keyfiyyətsiz diplom işi təqdim etməkdənsə ondan imtina etməyi üstün tutan Nərgiz Şəfiyevanın ümumi diqqətdən uzaqlaşdırdı. Tələbəsini gözəl tanıyan, işi yarımçıq qoyub onu qurtarmamasının ona mənəvi sınıtı verdiyini bilən Qarayev dəfələrlə zəmanət məktubu ilə kömək etmək, onu yenidən qaynar musiqi həyatına qaytarmağa çalışmışdı. Tale belə gətirdi ki, yalnız 30 ildən sonra, yəni bu yaxınlarda yenə də dostlarının təkidiylə diplom müdafiəsinə bu dəfə nəzəriyyəçi kimi gəldi. Həmin illərdə o, musiqidən uzaqlaşmayıb. Əksinə, həmişə qorxduğu tənhalığını daimi çalışmalar, illərlə davam edən tədqiqatlarla doldurmuş və beləliklə, gözdən uzaq yerdə Ü. Hacıbəyov yaradıcılığına yeni baxışı ilə seçilən qiymətli nəzəri iş yaradıb. Nərgiz xanımın öz təbirincə desək «itkilər verməyə vərdiş etdikdən sonra» Ü. Hacıbəyov onu ikinci dəfə həyata qaytardı. Respublikada hökm sürən dissertamaniya fonunda, bəlkə də qeyri-adi görünən N. Şəfiyeva ilə söhbətdən bizə hissələr sizə də maraqlı ola bilər:
- Hər dövrün öz estetikası var. İstedadlı bəstəkar öz dövrünün estetikasını təcəssüm etdirir. Musiqinin dahiliyini melodik istedad, zövq və zaman duyumu təşkil edir. Bəstəkar musiqini zaman içində realizə etməlidir. Bu üslub duyumu deyil. Bəstəkar sərhəd, ölçü və zaman məhfumlarını duyubsa bu musiqi daima yaşayacaq. Ü. Hacıbəyovun «Koroğlu» operası 5 aktlı olsa da ona birnəfəsə qulaq asırıq. Bu, Üzeyir bəyə olan sevgimizdən qaynaqlanır. Sevməsən, dərk edə bilməyəcəksən. Sevgimizin səbəbi elə dərk etməyin özüdür. Emosiya ilə qavradığını dərindən təhlil etməyə başlayır, öz suallarına cavab axtarırsan. Görürsən, burada elə bir dərya var ki, dibi görünməz.
- Neçə illərin tədqiqatları nəticəsində siz özünüz üçün onun dahiliyini nədə açıbsız?
- Bir var tarix, tarixi oçerklər, bir də var onun yaradıcılğının mahiyyətinin tam açılması. Üzeyir bəyin dahiliyi onun musiqidə ana dilində düşünməsiydi. Üzeyir Hacıbəyov o cür nəhəng lad konsepsiyası yaradıb. Bu, inqilabdır. Bu barədə gərək dünyaya car çəkib deyək. Amma biz bunu qısıla-qısıla etiraf edirik. Lad problemləri üzərində işləyən rus nəzəriyyəçilərinin çoxu bu konsepsiyadan bəhrələnib və şərq ladlarına məhz Üzeyir Hacıbəyov vasitəsiylə yanaşıblar. Lakin sovet musiqiçiləri bizim musiqini və nəzəriyyəni öyrənsələr də heç yerdə onu istinad etmirlər. Buna musiqidə hökm sürən siyasət imkan vermir. Ü. Hacıbəyovun yaratdığı lad məqam nəzəriyyəsi Platonun nəzəriyyəsindən də yüksəkdir. Çünki Azərbaycan lad-məqamları yunan məqamlarından daha mürəkkəbdir. Üzeyir bəy bu konsepsiyanı yaratmaq üçün neçə min variantı hesabat, distur vasitəsilə əldə edərək onu priktiki musiqi ilə tutuşdurduğundan bu nəzəriyyə daha kamildir.
- Üzeyir Hacıbəyovun lad konsepsiyasına işinizdəki yeni baxış nədər ibarətdir?
- Mən Üzeyir bəyin sistemi üzrə onun lad-tonal konsepsiyasından kənarlaşmayaraq, ona istinadən bir neçə fikri daha da aydınlaşdırmışam. Üzeyir bəyir verdiyi cədvəllərə əsasən, sabit və qeyri-sabit səsləri aşkarlamışam. Bu fikirlərin təməlini o özü qoyub. Bu, artıq Azərbaycan harmoniyasının əsasını qoymaq deməkdir. Təbii ki, Üzeyir bəy istər istəməz Avropa terminologiyasından, not sistemindən yararlanıb. Lakin Avropa lad harmoniyası ilə müqayisədə 9, 10, 11 pilləli Azərbaycan məqamlarının intonasiya mühiti daha zəngindir. Təcrübədə Azərbaycan harmoniyası var. Lakin nəzəriyyədə bu yoxdur. Azərbaycan musiqisinin nəinki təməli qoyulub, hətta onun inkişafı da var. Bunu Fikrət Əmirovda, Qara Qarayevdə aşkar görmək olar. Bütün bəstəkaralar bu yolla gedib. Biz isə bunu ümumi şəkildə veririk. Çünki hələ dərin nəzəri tədqiqatlar yoxdur.
- Bir bəstəkar kimi yaradıcılıqla əlaqəni hələ itirməmisiz ki?
- Yaradıcılığı itirmək dili itirmək kimidir. Amma indi Ü. Hacıbəyovlə tədqiqat məni daha çox çəkir. Axır zamanlar Üzeyir bəyi təhrif edirlər. Özünün yazdığı kimi «başbilənlər» onun əhəmiyyətini aşağı salmaq istəyirlər. O, musiqi aləmində peyğəmbərdir. Bu, bizimçün böyük xoşbəxtlikdir ki, Azərbaycan musiqisində belə başlanğıc var. Yaradıcılığa isə mütləq qayıdacam.

«Çağ» qəzeti
1995-ci il, 20 sentyabr