Sənətçi kimi yüksək adı daşıyan sevimli xanəndə Mələkxanım Əyyubova
ilə onun iş yeri İncəsənət Gimnazisiyasında görüşdük. Muğam dərsi dediyi
otağın ümumi səliqəsi, şəxsi vəsaiti hesabına yaratdığı rahatlığa həmsöhbətimin
səmmiyyəti, görüşdən aldığım xoş təəssürat da əlavə edildi. Sentyabrdan
bəri pedaqoci fəaliyyətə başlamış Mələkxanım gözlərində böyük qürur
hissiilə şagirdlərinə baxdıqca bu uşaqların sənət yolunda arxalı olduqlarına
məndə inandım.
– Deyəsən, dərs deməyə həvəslisiniz?
– Həvəsim olmasa çalışmaram. Heç bir maddi marağım yoxdur. Məni buraya
ancaq daxili həvəsim çəkib gətirib. Müəllimliyin yaş həddi yoxdur. Çox
yaxşı uşaqlar var. Baxırsan birinci sinifdədir, amma sanki səsi muğam
üstə köklənib. Burada həm öyrədirsən, həm öyrənirsən. Öyrənməyə məcbursan,
çünki özünə arxayın ola bilmirsən. Alim Qasımovun sözləriylə desək,
tələbənin özündən nə isə öyrənirsən. Muğam elə bir dəryadır ki, yaşının
bir vaxtında görürsən ki, heç nə bilmirsən.
– Uşaqlar bu ənənələri yaşada biləcəkmi?
– O uşaqları pis görsəydim zəhmətimə heyfim gələrdi. Canfəşanlıq etməzdim.
Sentyabrda keçirilmiş müsabiqədə mənim sinifimdən 2 uşaq qalib olub.
İndi onlar konsertlərdədir. Heç dərsdə tapılmırlar.
– Hər bir sahənin istər estrada, pop, caz, ifaçısının özünəməxsus
imici olduğu kimi, müvafiq geyimidə var. Muğamda mühafizəkar mövqedə
dayananlar hesab edir ki, kostyumda muğam oxumaq olmaz.
– Dar paltar geyib oxuya bilməzsən axı. Əlimizə dəf götürüb oxuyuruqsa,
sinəsi açıq paltar oxuduğunun ruhuna uyğun gəlmir. Muğam ifaçılığında bir
xanımlıq var. Əgər Fizulidən, Nizamidən oxuyursansa, daxili aləminlə
xaricin bir-birinə uyğunlaşmalıdır. Müasir geyinmək, saçını dəblə daramaqla
yanaşı millilik də olmalıdır.
– Azərbaycanlıların yaşayış tərzinin atributu olan mədhnamələr
indi muğama da müdaxilə edir.
– Mən həmişə bunun əleyhinə olmuşam. Özüm isə heç vaxt bu işə getmirəm.
Mən xalq musiqisini yaşadıram.
Yaradıcılığa da bununla başlamışam. «İrs» ansamblının tərkibində ən
qədim xalq musiqisini yaşadanlardan biri də mənəm. 17-18 il əvvəl buna
siyasi gözlə baxırdılar. 5-6 il əvvəl isə heç milli sözünü işlədə bilmirdik.
Mənim nəyə ehtiyacım var ki, kiməsə mədhnamə oxuyub nə isə əldə edim.
Mən səhnəyə çıxanda nəsə məqsəd güdmürəm. Mən sənətimi yaşadıram.
– Səhnə həyatında nəyi dəyişər, nəyə imkan verməzdiniz?
– İndi o qədər qarışıqlıqdır ki, mən elə bil qıraqda oturub baxıram.
Məndən irəlidə olan sənətkarlar danışmasa, mənim danışmağım yersizdir.
Bilirəm ki, bunu məndən, sənətçilərdən gözləyənlər də var. Çünki muğam
qalıb qıraqda, o qədər oxuya bilməyən səhnəyə çıxır. Mən onların əleyhinə
deyiləm. Qoy onlar da oxusun. Bilinsin ki, yaxşı nədir, pis nədir. Amma
səviyyəsiz oxuyanı səviyyəli ifaçı ilə yanaşı qoymaq düzgün deyil. Çünki
zəhmətkeş ifaçı bu səviyyəyə iməkləyə-iməkləyə gəlib çıxıb. Onu ora
dırmaşdırmayıblar. Səviyyəsizi isə sabah o yüksəklikdən aşağı sala bilməyəcəklər.
Sənət yaradıcılıq sahəsindəki narahatlıqları ilə yanaşı Mələkxanım mətbuatdan
da gileyləndi. «Həmişə inciyirəm» deyərək jurnalistləri onu yeni qiyafəyə
mindirmək və ya kütlənin maraq dairəsinə uyğun obrazda təsvir etməkdə
günahlandırdı. «Mən dinləyicinin dalınca qaça bilmərəm. Xalqım məni
tanıyır, mən onun ümidini doğrultmaya bilmərəm» - dedi. Məncə bu sözlər
Mələkxanımın əsl simasını əks edən sözlər idi.
«Çağ» qəzeti
08. 02. 98