"Əgər qadın 
            təslim olmursa, qalib gəlir, əgər təslim olarsa, onda qalibə öz şərtlərini 
            diqtə edir"
            Karel Çapek
            "Qadınlar və kişilər birgə yaşamağa məcbur iki sivilizasiyadır"
            Çingiz Abdullayev 
               
Ah, qadınlar, qadınlar! 
          Bəşəriyyətin güclü hissəsinin sevdiyi bu frazada nələr gizlənir? Sevgimi, 
          nifrətimi, bəlkə həsrətdi bu sözləri həyata gətirən? Axı, kimdi bu qadınlar? 
          Xüsusilə də yaradıcı adamlarçun. Qadının rəssam həyatında nə rol oynadığını 
          anlamaqçun dahi rəssamların əsərlərinə ötəri bir nəzər salmaq kifayət 
          edər. İstər həyat yoldaşı, istər ömür yolunun təsadüfi müşayiətçisi olsun, 
          onlar rəsmdə, rənglərdə əbədiləşə biliblər. Yaradıcısına ilham verməyi 
          bacarıblar deyə. Onlar olmasaydı, bəşəriyyətin addımladığı uzun yolun 
          möhtəşəm rəssam qalereyasında yüzlərlə portretlər, tablolar yaranmazdı. 
          
          Bəs, bizim müasirlərimiz olan rəssamlar nə düşünür? Ən vacibi isə nə, 
          daha doğrusu, kimi çəkirlər? Rəssamlara bircə “Qadınlar kimdir?” sualı 
          və rəsm prosesini hərisliklə izləməkçün bir qadın rəsmi çəkmək xahişiylə 
          müraciət etdik. 
          
 
 
      Qəyyur Yunus: 
        “Qadında intellekt olmalıdır...”
        - Qadın anadır, sevimli qadındır, qızdır, ailə ocağının keçikçisidir. 
        Amma təkcə bununla kifayətlənmək olmaz. Mən hesab edirəm ki, qadında yüksək 
        intellekt olmalıdır. Orijinal, ekstravaqantlığa qiymət vermək bacarığı 
        olan qadınlara rəğbətlə yanaşıram. O, düşdüyü hər bir vəziyyəti dərhal 
        qiymətləndirib ani nəticə çıxarmağı bacarmalıdır. Belə qadınları baxışından 
        tanımaq olar. Bu cür qadına hər adam yaxın düşə bilmir. O heç vaxt imkan 
        verməz ki, onu seçsinlər. Çünki belə qadın özü seçir. 
        Ömrü boyu qadın çəkib. Hamısı da gözəl, hətta ağıllıdı. Sualı dodağında 
        donmuş qadınları çəkməyi, deyəsən, çox sevir. Bu dəfə ənənədən kənara 
        çıxıb qadını Qəyyura xas olmayan çılpaqlıqda çıkdi. Bir əlinə söykənərək 
        oturmuş qadın o biri əliylə saçını yuyur. Qəzetdə çap olunacağını bilib 
        dərhal fikrini dəyişdi və tamam başqa bir rəsm çəkməyə başladı. Deməli, 
        redaktə və senzura problemləri təkcə qəzetə xas deyilmiş. Özünü senzura 
        daha qəddardır. 
        Əvvəl saç, sonra iri gözlər, daha sonra qəribə təbəssüm əmələ gəldi. Rəsmi 
        uzun müddət, hər xırda ştirixini işləməklə sevə-sevə çəkdi deyə ikinci 
        ekspromt sual doğurdu.
        -Bu qadını svirsinizmi? 
        Cavabında əlini rəsmdən çəkməyərək sözləri əvəz edəcək dərəcədə dediyi 
        uzun bir “hə..ə..ə”si hər şeyi öz yerinə qoydu. 
        - Bəs, əlini qarnında niyə qoyub? 
        - Deyəsən, hamilədir. İki aydır ki, uşaq gözləyir. 
        - Bəlkə ona görə gözləri belə işıqlıdır?
        - Bəlkə də. 
        
 
 
      İsmayıl 
        Məmmədov: “Onu çəkməkdən asan nə var..”
        - Əgər bəşəriyyəti iki hissəyə bölmək olsaydı, onda qadınları bəşəriyyətin 
        ikinci yarısı hesab etmək olardı. Qadınlar qəribə məxluqlardır. “hə” demək 
        istəyəndə “yox” deyir, yaxud əksinə. Qadında iki başlanğıc – mələk və 
        şeytan-hər ikisi yanaşı yaşaya bilir. Qadın insanda eyni zamanda həm incə 
        və ülvi hissləri oyada bilir, həm də daxili etirazın yaradıcısıdır. Hərdən 
        arzulayıram ki, qadına ehtiyacım olmasın. Cavanlıqda adamın vurulub qol-qanad 
        açdığı vaxt çox olur. Yaşa dolduqca bu hissləri itirirsən. Vaxt tapıb 
        emalatxanada işlədiyim bir neçə saat ərzində mən həmin o itirdiyim ruhi 
        vəziyyəti bərpa edirəm. Bu zaman yanımda olan qadını görünməyən sevgiylə 
        sevmək iqtidarında oluram. Bu vəziyyətdə bacarsam, ürəyimi öz əllərimlə 
        çıxarıb ona verərdim.
        İsmayılın ekspromt rəsm çəkmək, əhval-ruhiyyə ötürmək bacarığını kim bilmir 
        ki. Qadın haqqında nisbətən uzun, sonu qaranlıq dalana dirənən söhbətdən 
        sonra professional rəssam əliylə bir neçə ştrixlə şəffaf, elə bil uçmağa 
        hazır qadın doğulur. Qəribə bir rahatlıqla. Elə bil qabaqcadan hazırlanmışdı. 
        
           Maarif Baba oğlu: “Qadın görəndə işlərim saz gedir...”
 
          Maarif Baba oğlu: “Qadın görəndə işlərim saz gedir...”
- Qadın? Qadın 
          hər şeydi. Mənim emalatxanama qadın, xüsusiylə gözəl qadın gələndə çox 
          sevinirəm. Onda işlərim də yaxşı gedir. 
          15 gün fasiləsiz işlədiyi tablonu lap təzəcə qurtardığından elə bil “sıxılmış 
          limon” kimidir. Nə sualın, nə də xahişin məğzinə varmır, yaxud anlamaq 
          istəmir. Qonaqpərvər ev sahibi kimi vaxtilə kiminsə çap etdirdiyi diplom 
          işinin vərəqlərini stol üstünə sərməklə səliqə yaratmağa çalışır. Qələm 
          tapa bilmədiyindən elə qonağın qələmiylə bir neçə saniyə ərzində nəsə 
          cızmağa başlayır. “Mən işləməyə çox simicəm” deyə işini tamamlayır. Sonrasısa 
          Nəsimidən, Fizulidən sitatlar və mövzudan xeyli uzaq bir söhbət. 
          Zakir Hüseynov: 
            “Onların çox şeydə əli var...”
 
 
      - Hə demək olar? 
        (Yəqin çeynənməmiş frazaları təkrar etmək istəmir deyə bir qədər tərəddüd 
        edir) Təbiətin qanunudur: qara-ağ, qadın-kişi və s. Bu, bizim istəyimizdən 
        asılı deyil. Dünyada ən gözəl kəşflər də, müharibələrin əksəriyyəti də 
        qadınlara görə olur. Bəzən deyirlər ki, qadınlar quşbeyindir. Mən buna 
        inanmıram. Qadın var, 15 kişidən üstündür. Tarixin qaranlıq qalan səhifələrində 
        mütləq qadınların əli var.
        Suala həvəssiz cavabından sonra məmnuniyyətlə yerini işıqlı pəncərə qarşısında 
        rahatladı. Başqalarından fərqli olaraq qadını rəngli akvarellə çəkməyə 
        üstünlük verdi. Çəkdiyi qadının nə üzü var, nə də cizgiləri. Əvəzində 
        mürəkkəb rəngli bir dairə. Yəqin qadın cizgisiz olsa, onunçun daha yaxşıdır. 
        Qarışıq rənglərdən doğulan qadının yaradıcısına ənənəvi bir sual: 
        - Onu sevirsənmi? 
        Əlini arxadakı kətan üzərindəki oxşar qadınlara uzadıb “Sevməsəm, onu 
        çəkərdimmi” cavabını verir. İşini qurtarandan sonra da qurumağa qoyulmuş 
        kağızın yanına dəfələrlə qayıtmalı olur. Deyəsən, ürəyi onu rahat qoymur. 
        
Bəs, görəsən, psixoloq nə deyərdi?
Özü də müəllifi 
          tanımadan. Axı çəkilən hər bir cızıqda, hər bir əyridə xaricə yönəlmiş 
          informasiya var. Təəssüf ki, fikir deməyə razılaşan psixoloq mətbuatındakı 
          boğuşmaların növbəti qurbanı olmamaqçun anonim qalmağı arzuladı. Amma 
          verdiyi kiçik məlumat oxucu üçün, elə müəlliflərin özüyçün də maraqlı 
          ola bilər.
          1. Ətalətli adamdır. Ona qarşı edilən pisliyi, eləcə də yaxşılığı unutmur. 
          Sözü üzə deməyi sevir. İndividuallığı gözə çarpmır. Həssas, amma passiv 
          tipdir. 
          2. Cəhdlərinin əksəriyyəti xaricə yönəlib. Rəsmdəki məkanı tam doldurmasından, 
          boş yer qoymasından görünür ki, elədikləri özünü göstərməkçündür. Özündənrazı 
          təəssüratı oyadır. Qadınlara xas cəhətləri də (həssaslıq, ürəyiyumşaqlıq) 
          var. 
          3. Çəkilən rəsmdə informasiya azdır. Amma imzasından görünür ki, demonstrativ 
          xüsusiyyətləri var. Təbiətcə liderdir. Sənətlə məşğul olmasına baxmayaraq 
          elədiklərinin hamısı karyera qurmağa yönəlib.
          4. Rəsmlərin içində ən çox maraq doğuran budur. Qeyri-standart düşüncəsi 
          var. Amma patologiyası, bəlkə də cinsi patologiyası ola bilər. Qadının 
          qeyri-ənənəvi quruluşu onun qeyri-adi baxış bucağından asılıdır. 
 “Avropa” 
          qəzeti,
          19-25 fevral, 2000-ci il
          

