Yazıçı Elçin Həsənov - kitablarını hazırda Elçin Hasan kimi imzalayır. 1965-ci ildə Bakıda fizika professoru ailəsində anadan olub. Rusdilli bakılı yazıçı Yazıçılar Birliyinin üzvüdür, texniki elmlər namizədi və onlarla kitabın müəllifidir. Azərbaycan MTN-nin istefada olan zabitidir.
Məşhur «peoples.ru»
saytı onu dünyanın ən məşhur adamlarıyla bir sırada təqdim edir. Onun
internetdə öz saytı və ən məşhur elektron kitabxanalarda öz səhifəsi var.
Onun adını bir sözlə də ifadə eləmək olar: qalmaqal. Onun kitablarını
oxuyanlar, xüsusilə də qadınlar mütaliədən az qala ürəyi bulanır. Bəzən
isə oxunmuş kitablar zibil yeşiyinə tullanandan sonra müsəlman Bakısında
əxlaqın korlanması haqqında fikirlər səslənir. Yerli qəzetlər onun rubrikalarını
bağlayır, oxucuları məhkəməyə verməklə onu hədələyir, elektron ünvanı
təhqir və hədə-qorxu məktublarının əlindən zığ vurur. Yazdığı bütün mövzular
ətrafında söz-söhbətlər, qovğalar, narazılıqlar olmasıa baxmayaraq onu
oxumaqda davam edirlər. Elçin Həsənov Rusiya saytlarının yaxına buraxdağı
nadir yazıçılardan biridir. Bu saytlarda o, azərbaycanlılara və islama
qarşı yazdığı məqalələrlə məşhurlaşıb.
Amma doğma dilində mütaliə edən azərbaycanlılar onu demək olar ki, tanımır.
Son vaxtlar müəllifin iki kitabı tərcümə edilərək ana dilində oxucularının
ixtiyarına verilib.
Elçin Həsənovun maarifçilik məqsədləri də yoxdu. O, heç adətləri də qamçılamır.
O sadəcə yazır. Ədəbiyyatdan da, məişətdən də, insanlardan da eyni soyuqqanlıqla
yazır. Bəzən o qədər abırsız yazır ki, yazdıqlarını dilimizə çevirib sitat
gətirməyə də utanırsan. Şəxsiyyətini bəyənməsələr də onu yenə də oxumaqda
davam edirlər. Ermənilər də, azərbaycanlılarda onu eyni həvəslə forumlarda
söyür, hədələyir və təhqir edirlər. Amma oxumağın arasını kəsmirlər. Çünki
o, aktualdır və gördüyündən, eşitdiyindən yazır. Bu günün oxucusu da ayrıdır,
yazıçısı da. Hər şey dəyişib, cənablar…
«Biz dalaşqan xalq deyilik»
- «QİÇS-ə yoluxmuş Anjela Petrosyan Bakıda» kitabının təqdimat mərasimində
bir sağlıq dedim. Arzuladım ki, Azərbaycanın adı bütün siyahılarda başda
olsun. Avropada bir təşkilat var. Hər il sorğu əsasında insanların intellektinə,
cəmiyyətə öz sözləri, hərəkətləriylə təsir eləyə bilmiş 100 nəfəri müəyyənləşdirirlər.
Mənə ağır gəlir ki, bir nəfər azərbaycanlı bu siyahıya düşməyib və heç
can atmır da.
-Deyəsən, həmən siyahıya düşməyə can atırsız. Azərbaycanın adına
görəmi, yoxsa öz adınızın hallanması naminə.
- Vaxt vardı mən qatı millətçi idim. Millətlər arası nikaha qarşı çıxırdım.
Hətta özüm millətçi fəhlə partiyası yaratmaq fikrinə düşmüşdüm, qanında
qarışıqlığı olanları vəzifədən atmaq kimi şüarlarla çıxış eləyirdim. Bunları
hətta yazıb çap eləyirdim də. Həmin opusları saytdan silməsəm də artıq
belə düşünmürəm. Klassiklərin əsərlərini oxuduqca, intelektuallarla ünsiyyət
qurduqca başa düşürsən ki, milli məsələ qabardılan yerdə inkişaf olmur.
Azərbaycanda millətçilik qışqırıq və çağırışlardan o yana getmir. Ya gəlin
silaha sarılaq, gedib ermənilərin kökünü kəsək. Yada heç olmasa susaq.
Onsuz da biz başqasını tapdaya bilən, başqa milləti ayaq altına salan,
məhv eləyən, öldürən xalq deyilik.
- Biz ermənilərə hücum eləmirik ki. Biz torpaqlarımızı geri alırıq.
- Mümkün deyil. Niyə heç kim etiraf eləmir ki, xalqımız heç vaxt dalaşqan
olmayıb.
- Deyəsən, tarixi kitabları heç oxumursuz?
- Tarix ən murdar və ən axmaq elmdir. Bu mənim fikrim deyil. Tarix hakimiyyətdə
olanların arzusuna uyğun yazılır. Mənim atamın vaxtında məktəbdə Stalini
vəsf eləyirdilər. Mənim vaxtımda isə Lenin və Brejnevi. 30-40 ildən sonra
heç bilinmir ki, kimdən yazacaqlar. Budur tarix?
- Bu boyda milləti qorxaq adlandırmaq olmaz axı!
- «Millət vuruşan deyil» demək ona qara yaxmaq demək deyil. Vuruşmaq nəyə
lazımdı axı? Çeçenlər ən dalaşqan millətdir. O boyda imperiyaya qarşı
vuruşurdular. Düzdür onlar uda dilməzdi, uduzmaqları da layiqli oldu.
Bir baxın, dallarında bir kəs dayandımı? Vuruşmaqla hörmət qazanmazlar.
Hörmətin gücü intellektdədir.
- Deyirsiniz itirdiyimiz torpaqları unudaq?
- Biz həmişə itiririk. İnsan dünyaya vuruşmaq üçün gəlməyib.
Barrikada arxasında dayanıb qan tökməlisən ki, sənin başçın növbəti rütbəsini
qazansın. Axı, sən cəbhənin o tayındakı insanı tanımırsan. Belə çıxır
ki, analar uşaq doğur ki, sonra onu müharibəyə göndərsin?! Gör bir, Elçin
Həsənov nə qədər axmaqdır ki, bunu anlamır. Uşağını vuruşmağa göndər,
sonra da onun meyiti üzərində oturub saçını yol. Həyatın mənası bəyəm
bundadır?
- Bəs nədədir?
- İnsan kimliyini yadına salmalıdır. Tanrının bir parçası olduğunu
və özünün də allah olduğunu xatırlamalıdır. Sonuncu ölümünü göz qabağına
gətirməlidir, çünki dəfələrlə ölüb.
- Bəs Elçin Həsənov bu «həqiqətlər»ə hansı yolla çatıb?
- Çoxlu kitab oxumuşam. Kitab oxumağı sənə heç kim qadağan eləyə
bilməz. Yalnız avaralar deyir ki, oxumağa vaxtı yoxdu. Nik Donald Uolşun
hit kitabı var, bütün dünyanı dolaşıb. Onu hamı oxuyur. Kitab elə gözəl
yazılıb ki, onu oxuyan 13 yaşlı qız təsirlənib özünü asıb.
- Deməli, çox ziyanverici kitabdır.
- İş ziyanlığında deyil. Orda xeyirxahlıq və ədalət haqqında yazılıb.
Belə kitabları oxumaq lazımdır. Mən gedib erməni öldürsəm bəyəm haqqı
bərpa eləmiş olaram? Əksinə, erməni evinə bədbəxtlik gətirərəm. Cavabında
deyərsiz ki, bəs erməni bizdən öldürəndə yaxşı idi? O vaxt daha yaxşı
qorumaq lazım idi, gözü açıq olmalıydıq. Ermənilərə ürkək ultimatum göndərib
sülhə istiqamət götürmək çıxış yolu deyil. Bu mənasız, axmaq bir şeydir.
- Sizə qulaq assaq hər şey mənasız gəlir.
- Ömər Xəyyam da elə bunu deyirdi. Hər şey mənasızdır.
- Evdə oturub tavana tüpürmək lazımdır?
- İndi azərbaycanlı millətçilərin elədiyi hərəkətlər normal insanlarda
gülüş doğurur.
- Siz deyəsən cəmiyyətdən çox uşaqsız. Hazırda heç kim yumruğunu
silkələmir, çığırmır, xəbəriniz yoxdu? Əksinə, laqeydlik var.
- Qışqırsalar da xeyri yoxdu. Nə olacaqmış? Mininqə çıxacaqlar. Bütün
bunlar polis tərəfindən döyülmələr və barmaqlıq arasına vizitlə müşahidə
ediləcək. Kursu tamam dəyişib özünü dərkə yönəltmək, allah olduğunu yadına
salmaq lazımdır.
«Nifrət
eləməyi bacarmasan sevə bilməzsən»
- İnsan Allah ola bilməz, elə olsaydı öz özünü yarada
bilərdi.
- İzah eləməyə çalışım. Hər bir ustad istəyər ki, şagirdi özü kimi ustad
olsun. Belə olmasa o özü əsil ustad deyil. Hər müəllim istər ki, şagirdi
professor olsun. Allah da istəyir ki, insan ona yaxınlaşsın, heç olmasa
bir az. Patriotizm isə əsil şərdir. Qan tökülməsindən başqa heç nəyə aparmır.
- Mən sizə bayaqdan qulaq asıram və anlaya bilmirəm ki, siz Azərbaycan
xalqını sevmirsiz, yoxsa bütün insanları?
- Əksinə, hamını sevirəm. Mən xalqların dostluğunun tərəfdarıyam. Məncə
əsil sivilizasiyanı biz Sovet dövründə yaşamışıq. Onda türkmən azərbaycanlı
ilə, litvalı gürcü ilə bir süfrə arxasında otururdu. Bir balaca pulun
olan kimi Moskvaya gəzməyə gedirdin. İndi mənim oğlum həsrətdi, mən onu
apara bilmirəm. Çünki millətlər arası nifaq var, ailəm üçün narahat oluram.
Bu hamısı patriotizmin nəticəsidir.
- Bir çox əsərlərinizi oxumuşam. Daimi tənqid, hamını yıxıb sürümək
ehtirası hardandı?
- Saltıkov Şedrin deyirdi: «Nifrət eləməyi bacarmasan sevə bilməzsən».
Çoxları deyir ki, Elçin Həsənov öz xalqını çirkaba bulaşdırır.
- Siz rusca çap olunursuz. Azərbaycan yazıçısının xalqını tapdamasını
onlar əvvəl oxuyur. Əgər mənimçün yazılıbsa deməli onlar azərbaycanca
yazılmalıdır.
- Mən bunları azərbaycanca da yazmışam. Rus xalqının ən qatı tənqidi öz
yazıçıları tərəfindən edilib. Onlar yazırdı ki, rus xalqı ən axmaq, ağılsız
xalqdır ki, gah türklərlə, gah da farslarda döyüşür. Mənsə deyirəm ki,
müharibədən əl çəkməyimiz daha yaxşı həyata gətirib çıxarar. Öz kəlləni
əla fikirlərlə şumlayıb əksən yaxşı məhsul yığarsan.
- Elə çıxır ki, yazıçı Elçin Həsənov öz zamanında doğulub. Nə
dövrunu qabaqlayıb, nə də keçmişə boylanır.
- İroniya eləmək lazım deyil. Mən bilirəm ki, mənim yolum haqqdır. Bütün
ilahi kitablar da bunu yazır. Bu yaxında şəhid atasının evində oldum.
Onun oğlu öləndə 21 yaşı vardı. O, mənə şkafda saxladığı kəlləni göstərdi.
Sən demə oğlu yarğana düşüb ölmüşdü. Onun ətini canavarlar yemişdi. Bu
kişiyə oğlundan bircə kəlləsi qalmışdı. Düzdü, axmaqlıq eləyib ki, basdırmayıb.
Mən istəyirəm ki, oğlanlarım müharibə görməsin. Bunun nəyi pisdir ki?
«Ağıllı
adam azərbaycanca elə yazmaz»
- Oxucunu şoka salan, epataj yapan Elçin Həsənov keçmişdə
qaldı?
- Epataj publika ilə oynamaq deməkdir. Hamı epatajla məşğul olub. Markiz
de Sad, Nabokov.
- Markiz ömrünün 30 ilini buna qurban verərək dəlixanada yatıb.
- Bu da onun axmaqlığından danışır. Onu əsərlərinə görə yox,
həyat tərzinə görə türməyə salıblar. Nabokov da öz işvəli Lolitası ilə
publika ilə oynayırdı. Oxucuyla oynamasan ustad ola bilməzsən. Oxucunun
xasiyyətini başqa cür necə öyrənə bilərsən ki? Mən oxucumla oynasam da
həmişə həqiqəti yazmışam. Hakimiyyətdə olan partiyanın üzvü ola-ola bunu
yazmağa hər adam ürək eləməz.
- Siz düşünürsüz ki, oxucunuz anaşa çəkən, içən, əyyaşlıq eləyən
adamın yazdığı həqiqətlərə inanacaq?
- Mən istəmirəm ki, cəmiyyət mənim sözümə qulaq assın.
- Yazıçı bunu istəməyə bilməz. Cəmiyyətdən qıraqda ədəbiyyat olurmu?
- Mən yazılarımda son dərəcə səmimi olmuşam ki, oxucu bunu anlaya
bilsin. İfrat dərəcədə səmimi yazmaq əslində Azərbaycan üçün yenilikdir.
Jan Jak Russo öz memuarlarında masturbasiya eləməsini təsvir edirdi. İnanılası
deyil, eləmi? Klassik ədəbiyyatın necə deyərlər qaymağı, parisli zadəgan…
Amma bununla yanaşı o, ağıllı şeylər də yazırdı. Mən epotaj əsərlərimi
rusca yazmışam. Hamı bilir ki, rusdillilərin səviyyəsi daha yüksəkdir.
- Nə olsun. Azərbaycanlılar istəmir ki, ədəbiyyatında söyüş olsun.
Bu bəyəm pisdir?
- Ana dilimdə mən belə şeylər yazmaram. Yazdıqlarımın əksəriyyəti MDB
ölkələrinin auditoriyası üçün nəzərdə tutulub. Misirdən tutmuş Arqentinaya
qədər mən dünyanın çox nöqtələrindən məktublar alıram. Burda Sevinc Pərvanə
adlı bir qız yazmışdı ki, atamla seksual əlaqəm olub. İndiyədək bunu müzakirə
edirlər. Bunu rusca yazsaydı iki gün keçməmiş unudardılar. Bu qızın yazdığı
mənim yazdıqlarımla müqayisədə mələk kimi bakirə görünür. Ya da Rafiq
Tağı axmaq bir fikir yazmışdı. Onu türməyə saldılar, nardaranlılar ölümünə
fitfa verdilər. Amma onun da yazdıqları mənim yazdığımın yanında heç nədi.
Ağıllı adam elə yazmaq, özü də ana dilində. Mənim ailəm var, gedib barmaqlıq
altında yatmaq fikrim də yoxdu.
- Belə çıxır ki, Elçin Həsənov hər yazdığı cümlənin məsuliyyətini
daşıyır.
- Əlbəttə. Mən yazanda dəyişirəm, tamam başqa adam oluram. Markiz de Sad
dəhşətli şeylər yazırdı, amma həyatda çox mədəni insan idi. Vladimir Sorokin
adlı yazıçı var. Pornoqrafik şeylər yazır, həyatda son dərəcə mədəni insandır.
Mən də düşünürəm ki, tamam ad-sansız olmaqdansa pis ad çıxarmaq daha yaxşıdır.
Hamı şöhrətpərəsliyindən yazır, jurnalistlər də, yazıçılar da. Sadəcə
mənim fərqim ondadır ki, bunu boynuma alıram. Bəli, mən darıxdığımdan
və şöhrətpərəsliyimdən yazıram. Mən tarixə düşmək istəyirəm. Nə qədər
ki, Azərbaycan xalqı dəyişməyəcək dediklərim də qüvvədən düşməyəcək.
«Rus dili
böyükdür, o, məni bağışlar»
- Əsil yazıçı obraz yaratmalıdır. Olmuş hadisələri qələmə
almaq hələ yaxşı ədəbiyyat demək deyil. Sizin ədəbiyyatda yaradılmış obrazlar
azlıqdadır.
- Niyə ki, bəyəm adamyeyən Karine, QİÇS-li Anjela Petrosyan,
ya da quldur Rita Çopur yaranma obraz deyil? Ömər Xəyyam deyirdi ki, özünə
ad qazanandan sonra insanlar sənin ayaqların altında olanda nə yazsan
oxuyacaqlar. Hm, xalq…
- Mən istəməzdim ki, mənim müsahibim belə danışsın.
- Niyə? Mən ki, sülh tərəfdarıyam. Xalqlar arasında dostluğu
istəyirəm. Millətçilikdən danışan adam mənə hürən iti xatırladır. Dağ
kimi, çay kimi olmaq lazımdır. Çay gürcünün yanından da, erməninin yanından
da eyni sürətlə keçir. Yalnız it yad görəndə hürər. Mən insanlara dağ
kimi olmağı təklif edirəm. Altında oturduğumuz ağac nə sənin, nə də mənim
kimliyimlə maraqlanmır. İnsan da dağa, çaya, ağaca bənzər substansiya
olmalıdır. Onlar kimi təmkinli.
- Deyirsiz ki, çox oxuyuram. Hamısında heç olmasa bir dənə ağıllı
fikir tapmaq olar. Öz fikirlərini ayıra bilirsiz, yoxsa siz gəzən kitab
rəfi kimi başqalarının fikirlərini daşıyırsız?
- Qızmar günəşin altına çıxan insan istəməsə də şüaların təsiriylə qaralır.
Kitab oxuyanda istər istəməz dəyişirsən. Mən həmən müəlliflərin beyninin
qırışlarında gəzişirəm. Elə bil ki, kəllə sümüyünü açıb içinə baxıram
ki, nə var, nə yox.
- Cəmi 6 ildir yazırsız. Ortaya çıxanda biz rus dilindən artıq
aralanmışdıq. Amma yenə də bu dildən yararlandız.
- İndi də rus dili kölgədə deyil. Rusdilli qəzetləri və saytları dünyanın
bütün rusdilli əhalisi oxuyur. Rus dilində isə Yer kürəsinin altıda bir
hissəsi danışır.
- Sonuncu kitablarınız Azərbaycan dilinə çevirmisiz. İndi Azərbaycan
dilliləri də ələ almaq üçün epotajdan istifadə eləyib azərbaycanlı «markiz
de sad» olmaq olar.
- Mən ana dilini küçə söyüşü ilə alçaltmağın əleyhinəyəm. Rus dili böyükdür,
nəhəngdir, o məni bağışlar. Azərbaycanca belə yazmaq ayıbdır. Axı bu bizim
babalarımızın dilidir.
Keçmiş xəfiyyə
- Dindən çox yazırsız. Bəs istəmirsiz ki, ana dilimizdə onları
oxusunlar?
- Din insanlar tərəfindən uydurulub. Allah isə təkdir. Allah insanın ona
görə yaratmayıb ki, ona səcdə eləsin. İnsanlar Allahı da öz arşınıyla
ölçür.
- Deyirlər ki, siz Salman Rüşdi cəmiyyətinin üzvüsüz?
- Yox, sadəcə kağız üzərində.
- İngiltərəyə konferensiyaya da getmişdiz, deyəsən?
- Orda həqiqəti yazan yazıçıların kastası var. İki il əvvəl
mən onlarla görüşə getmişdim. Salmanın özüylə də görüşmüşəm. Bu mövzuda
Bakıda mərəkə, qalmaqal qopmuşdu.
- Bu sizin nəyinizə lazımdı ki?
- Darıxıram. Həyatın mənasızlığını anlayıb bu üzüntüylə çarpışıram. Mən
gündəlik çörəkpulu qayğılarına batıb qalsaydım, əminəm ki, yazmazdım.
Düzdü, başım çox ağrayıb. Hətta MTN-ə də çağırılmışam. Keçmiş iş yerimin
adından çox istifadə eləmişəm. Oxucu keçmiş xəfiyyənin yazdıqlarıyla çox
maraqlanır. Bu Azərbaycan tarixində ilk dəfəydi ki, keçmiş MTN işçisi
ordakı münasibətlərdən kitab yazırdı.
- Məni dəfələrdə xəbərdarlıq ediblər ki, sizinlə ünsiyyətdən
qaçım. Sizin ünvana «yaxşı insan deyil», «pislik eləyə bilər» kimi ifadələr
işlədiblər. Onu da deyiblər ki, sizin kimi insana sözünü yüksək tribunadan
deməyə imkan vermək olmaz.
- Hamısı paxıllıqdandı. Mən çoxlarını arxada qoymuşam. Onlar mənim ayağımdan
çəkib özləri kimi ortabab olmağımı istəyirlər. Məni dahi sayanlar da var.
Mənə əclaf, əyyaş, eləcə də alicənab və cəsarətli deyənlər də az deyil.
Bəziləri düşünür ki, məni güllələmək daha yaxşı olardı, bunu yazırlar
da. Bəzən mənim adım kiminçünsə heç nə demək deyil, yəni tanımırlar. Düzün
desəm incimirəm. Tolstoya içində kəndir olan məktub göndərmişdilər ki,
«Yaxşı olar ki, özün özünü asasan». Emil Zolyanın yazmasına yasaq qoyulmuşdu.
Turgenev yazdıqlarına görə türmədə yatıb. Flober üzərində məhkəmə 3 ay
sürmüşdü. O qədər Xəzərdən, güldən, çiçəkdən yazan yazıçı var ki, onlar
haqqında heç kim belə demir. İnsanı söyürsənsə elə bil ki, Allahı söyürsən.
- Bəs bütün xalqı söyən insan birbaşa Allahı söymür?
- Mən xalqı oyatmaq üçün tənqid eləmişəm ki, oyansınlar. Bir növ elektro
şok rolu oynamışam. Sonra gördüm ki, heç bu da lazım deyil. Xalq oyansa
qan töküləcək. İnsanın hər kəşfi silahdır.
- Ədəbiyyat da ?
- Bəli. Marksın «Kapital»ı da, Hitlerin «Mayn kamf»ı da…
- Silahdan, yəni yazmaqdan əl çəkənə oxşamırsız. İndi nəyi gözləyək?
- Almaz Baxşəli adlı erməni əsirliyində olan rəqqasə, Ben Ladenin telefon
danışıqlarından parçalar, Bakıda Stalinin nəvəsindən, Qaqarinin kosmosda
Allahı görüb yazdığı gündəliklərindən, xəyanət eləmiş qadınlarla qadağan
olunmuş gündəliklərdən danışan kitablar üzərində çalışıram. Yeni kitablar
azərbaycanca yazılacaq. Çünki mən rus dilində kitabların bazaranda itib
batmaqdansa Azərbaycan dilində oxuyanlar üçün yazmağa üstünlük verdim…
Aforizmləri:
Özümü qoyumaq instiktim məni özümü öldürməyə təhrik edəcək.
Xeyirxah olmaq istəyirəm, ona görə də özümü qəddar sayıram.
Xalqın öz səsi olmayanda bu hətta qamma oxuyanda da gözə girir.
Cırtdanların qarşısında daha aşağı əyilmək lazım gəlir. Çünki badalaq
gəlməyi onlar daha yaxşı bacarır.
Qulların arzusu özünə sahib, ağa satılan bazarda alış-veriş eləməkdir.