«Çeçenə qurban olum desən, çəkər bıçağı ki, ver başını kəsim …»

Əhmədlidəki birotaqlı mənzillərdən biri rəssam Məmməd Səfər oğlunun emalatxanasıdı. Uzun dəhliz boyu günahkarlar kimi üzü divara çevrilmiş rəsmlər onu daha da ensizləşdirir. Hər bir emalatxananın dəyişməz atributu olan, rəssamın zövqünə uyğun saxsı qablarla, xalılarla, qədim məişət əşyaları ilə bəzənmiş küncdə o, qonaq qəbul edir. Tez-tez cayımı təzələyib, İran xurmasına qonaq edərək özündən savayı hər şeydən həvəslə, bəlkə də bir qədər qeyzlə söhbət edir. Maraqlı həmsöhbət axtarışında olduğum vaxtda rəssamın təvazökarlıqdan qurulmuş, jurnalistlərə etimadsızlıqla suvanmış hasarını aşmağı arzulayırdım.


– Şaumyan adına klubda rəsm dərnəyinə getdiyim vaxtlar şüşə üzərində nə işləsəm yaxşıdır – S.Vurğunun «Komsomol» poemasını illyustrasiyaları. İlk dəfə bu barədə yazı çıxmışdı. Daha sonra 1973-cü ildə respublika sərkəsində iştirak edəndə mənim adımı və işimi qeyd etmişdilər. 1988-ci ildə böyük, iki metrlik əsər nümayiş etdirdim. İndi heç vaxt o mövzunu işləməzdim. Elə çəkdiyim adamlar da pis adam deyildi: Şeyx Xiyabani, Səttarxan, Nəbi, Həcər. Cırılmış Quran vərəqlərini də dövrün simvolu kimi yapışdırıb kollac etmişdim. Bu işi Mədəniyyət Nazirliyi aldı. Əsər Moskvaya beynəlxalq sərgiyə də getdi. Fransada da nümayiş olundu. İndi Mədəniyyət Nazirliyi işi hara tullayıb, heç bilmirəm. O vaxt mən bunu asanda bir curnalist çıxıb yazmadı ki, sağ olsun, Səttərxanı, Şeyx Xiyabanini yada salıb. Ondan qabaq Səttarxana aid bir əsər də işləmişdim. Sərgiyə qoyanda gənclik seksiyasının sədri soruşdu: «Bu kimdir?» Cavab verdim ki, Səttarxandır. Dedi: «Bunun papağına qırmızı lent çək». «Bu, Cənubi Azərbaycan mücahididir, axı…» – dedim. Səttarxana qırmızı, Çapayev lenti vurmaq istəyirdilər. Rəssamın yanına da gəlirdilər ki, görən nə söz deyəcək. Curnalist tez yazır ki, bu yenilikdir. Yeni söz deyə bilməzsən. Nə sən, nə də mən. Çünki biz gördüyumüzü çəkirik. Sənin başqa curnalist dostların yazır ki, gedək Şeyx Səfi xalçasını Londondan alıb gətirək. Bu gün də şeyx səfilər toxunur. Yenə də onu ingilislərə satırlar. Birisi deyir kökümüz Altaydan gəlir. Mən deyirəm, köküm Allahdan gəlir, Adəm, Həvvadan gəlir. İstəyirsən qəbul et, istəyirsən yox, dünya iki yerə bölünüb: Allaha və şeytana xidmət edənlər.
– Kişilər indiyə qədər qadının qabırğadan əmələ gəlməsinə məmnuniyətlə inanır.
– Kişi kimdir, inansın? Allah heç nəyə uyğunlaşmır. Həyat elə şeytanla mübarizədir. Dualarımda deyirəm ki, «Allah, məni pis insandan hifz elə». Məsələn, səhər gəlmişəm emalatxanaya. Bəlkə avtobusda kiməsə əl tutmadım, kiminsə məndən umacağı var idi, bəlkə bilmədən kobud bir söz demişəm. Səhv etməmək üçün gəlib bu otaqda gizlənmişəm.
– Demək emalatxanada gizlənirsiniz?
– Bunu məsəl üçün deyirəm. Mən hər səhər qəzet alıram, başlıqları oxuyub əsəbiləşirəm. Azərbaycanda 1 milyardlıq müsəlmanın şərəf və ləyaqətini təhqir etmək adi bir şeydir. Namaz qılmasam da Allah günahımdan keçər. Amma mətbuatın İslamı iyrənc çəkişmələrə qatmasına dözə bilmirəm.
– Vətəndaş kimi həmin qəzetə yazı ilə cavab vermək olmazmı?
– Mən onu qəzetdə yazsam, birisi aftafasız onu aparacaq şah piyada gedən yerə. Mən elə istəmirəm. İnşallah mənim pulum olsa vəkil tutacağam. Ondan sonra, bir neçəsini verəcəyəm məhkəməyə. Belə yazılara Allahşükür cavab verməlidir, Məmməd yox. 1992-ci il idi. Nazirlər Kabinetindən, Akademiyadan bura gəlmişdilər. Rəssamları bura yığmışdılar ki, bunlar tarixi bilmir. Onda mən dedim ki, niyə ziyalını təhqir edirsiniz. Tarix yazmaq tarixçinin işidir. Hansı tarixi yazırsınızsa, onu da bilirik. Bircə bunu demişdim ki, axşam KQB məni axtardı. Sən demə dini təbliğatla məşğulam, ona görə. Bəyəm mən azan verirəm, sinə vururam, ya yığıb məscidə aparıram bunları. Dinsizləri 1400 ildir ki, müsəlman edə bilmirlər. Mən edə bilərəm? Mən kiməm ki ….
– Sizə qulaq asanda adamın ürəyi sıxılır. Sözlərindən bədbinlik sızır.
– Xeyr. Mən nikbinəm ona görə ki, əl-ayağım yerindədir, ortabab bir insanam. Ona görə nikbinəm ki, ağlım başımdadır, Allah məni dəli yaratmayıb. Axirət günündə təkcə uşaqlar və dəlilərdən sorğu olmayacaq. Gözüm görür, rəngləri başqasından bir az artıq seçirəm. Bu bədbinlikdir?
– Söhbətlərin ahəngindən duyulur.
– Məsələn, vəziyyətdən, rəngkarlıqdan, ayrı-ayrı şəxslərlə söhbət edirəmsə, deyirəm ki, bunu belə dərk edirəm. Bu qəzeti də saxlamışam ki, göstərim. Belə çıxır ki, bunlar hamısı islama qarşı cihad elan ediblər. O, Allahı danırsa, nə ilə vuruşur? Zirvəni görmürsə niyə ona tərəf sürünür? Divarda söykəndiyin bilirsən nədir? Kəbin kağızıdır. Üstündə dörd dənə möhür var. Qaçarlar dövründən qalıb.
Divarda uzunluğu yarım metrdən artıq olan bir kağız çərçivədə asılmışdır. Gözəlliyi sözə gəlməyən naxışlarla bəzənmiş kağız ərəb hərfləri ilə yazıldığından onu oxuya bilməzdim. Amma tələsik onu fikrimdəcə evdə yeşiklərin birində saxladığım öz kəbin kağazlarımla müqayisə etdim. Nəticəsi ürək açan olmadı.
– Hardan tapmısınız bunu?
– Mən tapmıram, Allahım özü yetirir. Bir arxaya keç, rənglərinə bax. Ağın üzərindəki zər, innabı rəng necə gözəldir. Bu kağızın özü millətin islamdan beləki mədəniyyətidir, qadına olan hörmətdir. Bilirsən nə gözəl sözlər yazılıb burda. Bu qadına necə pud qızıl, var-dövlət verilir. Dörd nəfər möhür basanlar isə şahidləridir. Belə kəbin kağızı olan ailə heç boşanarmı? Bu özü rəssamlıqdır da.
– Nədənsə naxış kağızın bir qırağından keçir, simmetriyası yoxdur.
– Yəni həyatda simmetriya var? Sənin üzünün bir yanı o biri ilə simmetrik ola bilməz. Simmetrik olsaydı palaz olardı.
– O yerdə ki, naxış var, adətən simmetriya olur. Naxışları xalçadan başqa harda görmüşük ki …
– Adətən etdiyimiz çox şeylər var. Məsələn, toylarımız. Əslində bunun nə islama, nə kəbinə dəxli yoxdur. Dönüb erməni toyuna. Toyda 100 qram vuran kimi kişi düşür ortalığa ki, iş bilmişəm oynayıram.
– Oynamaq istəyi pis deyil ki …
– Hansı gününə oynayır axı. Azərbaycan tarixində oxuyanlar, çalanlar bir sekta olub. Əsilzadələr isə heç vaxt oynamazdı. Təsəvvür elə ki, Bakı qoçusu düşüb ortalığa oynayır. Heç çeçenlər də oynamır. Onlar fırlanır, zikr edir, krişnaçıların dili ilə desək, meditasiya edir. Yaxud çeçenin birinə qurban olum desən, çəkər bıçağı ki, ver başını kəsim, bu nədi mənə deyirsən! Bizdə riyakarlıq səmimiyyətlə qarışıb.
– Ətraf mühitin əxlaqı rəssam yaradıcılığına nə dərəcədə təsir edir?
– Hansı mühitin adamlarıyıqsa eləcə də təsir edir. 1930-cu illərdə Əfrasiyab Bədəlbəyli «Qız qalası» baletini yazmışdı. Librettosu Cəfər Cabbarlınındır. Bu balet dönüb olmuşdu Azərbaycanın siması, bir növ turistin yol göstəricisi. Bakıya gələn turistlərə Qız qalasını bir rus qızı göstərib deyirdi ki, XII əsrdə tikilib, belə bir əfsanə də var. Bu barədə görkəmli Azərbaycan bəstəkarı və görkəmli yazıçısı balet yazıb. Xan öz qızını almaq istəyirmiş, qız da dözməyib atır özünü dənizə. Amma belə olmayıb axı… Ə. Bədəlbəyli ilə C. Cabbarlı – bu iki dahi xan, bəylərə çirkab damğası vurmaq istəyirdilər deyə həmin damğanı öz xalqına vurdular. İndi bəlkə də bu libretto internetə düşüb, fransız da açıb oxuyur. Və yaxud Səməd Vurğun «Vaqif» əsərini yazanda bəlkə də bilmirdi ki, Qacar fars deyil. Ona görə də şah Qacara açılmayan qapılar aykanuşlar, petrosyanlara açılırdı.
– Bəs bu günün yalanı necə?
– Bu, göz qabağındadır. Bu günümüz vağzal qabağında yekəqarın «igid» oğlanların alma satan qadınlara vurduğu dubinkadır.
– Amma siz onları çəkmirsiniz. Tarixi çəkirsiniz.
– Tarixi mən başqa şeyə görə çəkirəm. Mən indi oturmuşam emalatxanamda. Bura mənim həm evimdir, zindanımdır, cənnətimdir. Adam hərdən şəhərə çıxıb kazinolardan çıxan 12 yaşlı qızları, yarı dəm uşaqları, fəvvarələr meydanında konki sürənləri görürəm. Elə bil Los-Ancelesdir. Şəhərin bir hissəsi Ağdam bazarıdır, bu tərəfsə gettodur. Mərkəzdə nə isə modern bir bina ucalır. Türklərin tikdiyi qəşəng evləri isə almağa pulumuz yoxdur.
– Bəs narahat olmursunuz ki, gələcək nəsil sizi qınayar ki, Məmməd reallığı çəkmir?
– Mən reportyor deyiləm. Mən rəssamam. Mənə o sifarişi, rəngi verən var ki, çəkim.
– Rəssam reallığı çəkmir?
– Reallığı Allah xəlq edib. Hərə öz gözü ilə baxıb, onu dərk etməyə çalışır.
– Səksəkəli şüur adında bir kəlmə keçir beynimdən. İnsanlar içində qorxu gəzdirir. Deyəsən səksəkəli şüur sənətə də gəlib çıxıb?
– Qorxu hissiyatla bağlıdır. Sənətdə qorxu isə başqa şeydir. Məsələn, kətan da, rəng də dayanıb qarşında. Ola bilər ki, mənə işləməyə mane olan işlər var, qarnım acdır, yaxud başım boşdur. 18 yaşında olanda adam elə bilir böyük alim, böyük rəssam olacaq. 3-4 il əlinə gələni çəkir. Əgər Allah istedad veribsə, işlərinin arasında 10-20 dənə fərlisi çıxır. Rəssam işi başlayanda onun əvvəlini bilir, axırınısa Allah bilər. Pikassonun gözəl bir kəlməsi var: «Hər yeni işimə başlayanda elə bilirəm ki, bu mənim birinci və sonuncu işimdir». Lap elə kolleksiya yığan da bilməlidir ki, niyə yığır.
– İşə başlayanda birirsiniz niyə başlayırsınız? Yoxsa ilham pərisi gəlir?
– Bəli. Bilirəm nəyə işarə edirsiniz. İndi dəbdir. Bəzisi deyir başqa qalaktikadan kimsə çəkdirir, yaxud informasiyanı Dalinin ruhu verir. Həmin o danışdığımız mühit xəstələndirib bunları. Süpürgəçi olmağa layiq olmayan prezident olmağa çalışır. Bu gün Şəhriyarın şəklinə baxıb deyirlər ki, o acından ölüb. Onun ruhu tox idi. O, İsa bulağında araq içib, şer yazmayıb. Dərvişanə həyat sürüb. Mən onun qohumları ilə şəxsən tanış idim. Lap bəy kimi yaşayırlar. Şəhriyara nə lazımdır ki… O, qələmlə yaratdığı obrazlarda yaşayır. İstəyirdi şah olurdu, istəyirdi Rüstəm Zal. O, «Lenin» poemasından sonra Koroğlu yazmayıb. Bizimkilər isə Şaumyanı yıxıb, yerinə Şah İsmayılı qoyurlar. Sonra da yazırlar ki, Şah İsmayıl adamyeyən olub. Bunu sənin yazıçıların, curnalistlərin yazır. Şah İsmayıl isə onları tövlədə atlara baxmağa da qoymazdı. Mən Şah İsmayılı ona görə işlədim ki, 3-4 əsərini oxudum. Gördüm ki, bu adam Allahın qulu olub. Sevgisi, məhəbbəti Allah sevgisi olub. Özünü yox, Allahı şah sayıb.
– Bu günün əsərlərində cırlaşmaq müşahidə olunur. Sərgilər çox da ola bilər, az da ola bilər. Obraz cırlığı da mühitdən gəlir?
– Bu gün 7 milyonluq Azərbaycanda 30-40 partiya, 250 qəzet var. Elə Azərbaycan sənəti də bu gündədir. Kirli Xəzərə girib, pak çıxmaq olmaz. Biz özümüzdən qaçırıq.
– Yenə emalatxanada gizlənirsiniz?
– Yox. Mən indi yox, sovet höküməti dövründə qorxurdum. 3-4 nəfər birlikdə söhbət edəndə kimsə NKVD-nin nişanını almaq üçün gedib kimsəni satırdı. İndi qəzetdə maşallah, hamını söyürlər. Deməli, bu yazıqların davası Allahladır. Həyata, yaratmağa mane olan da elə budur. Mən arzulardım ki, bir qalereyam olsun. Onu klub edərdim. Allahım arzumu ürəyimdə qoymaz. 10-15 şəkil asardım. Musiqiçiləri, bütün maraqlananları dəvət edərdim. Mən burada özümü nümayiş etdirmirəm. Qərbdə belə şeylərin adını akt qoyurlar. Bir quru ağacı rəngləyir, müəllif isə soyunub dırmaşır ağaca. Cığırlar çəkir, sərhədlər qoyurlar. Bunu onlar Yapon bağlarından öyrəniblər. Amma Yapon bağlarında hər şeyin-kiçik, böyük daşların, ağacların da həcmi, ölçüsü, meyarı var. Yapon qadını 2 saata çay dəmləyib, əynində kimano onu süfrəyə verəndə heç kim ona gülmür. Bizdə qadınlar başını da bağlaya bilmir. Sən nənənin nənəsi kimi geyirsən, sənə gülərlər. Yaxud xarokirini götürək. Həmişə deyirik ki, Vətən yolunda ölməyə hazırıq. 70 min kilometr açıq sərhəd boyunca 70 oğlan xarokiri eləcə, düşmən qorxusundan qaçar.
– Onlarda stabil həyat tərzi, ünsiyyətin formalaşmış standartları var.
– Biz kimliyimizi bəyənməyənlərdənik. Əgər Alimə fransız – Coze, Martin qulaq asıb tərifləməsə küllü Azərbaycan da tərifləməyəcək. Mən geridə qalmış adam deyiləm. Art, sürrealizm, modern-filan hamısını oxumuşam. Məndən soruşanda ki, hansı rəngi sevirsən, yaxud hansı üslubda işləyirsən, təəccüblənirəm. Allah yaradan bütün rəngləri sevirəm. O divardakı quramada qara da, yaşıl da gözəldir. Çünki yerindədir. Çünki onu toxuyan Fatma xanımda böyük zövq var idi. Hansı fransızda, Yelizavetada belə kəbin kağızı, belə qurama var?

Məmməd bəy söhbətimizin sonunda Füzulinin qəzəllər toplusunun arasından iki qırıq kağız çıxardı və dedi: «Mən 4 il qabaq qaçqınların yanından gələndə İmişlidə, kababxanada bizə əl silmək üçün bu kağızları vermişdilər. Bu, Hüseyn Cavidin «Peyğəmbər» əsərindən səhifələrdir»…

Gülnərə Rəfiq

«Ekspress» qəzeti
15 aprel 1999


Məmməd Səfəroğlunun işləri >>>>