Elə bilirsiz “Dörd yanın qızdı, kef elə” deyən cavanları dinləmirəm?

“İrs”in bədii rəhbəri Sidqi Mustafayev rep üslubunda nömrə hazırladığını da deyir: “Baxan kimi başa düşəcəklər, kimin bostanına daş atırıq”

Yerini-yurdunu nişan verəndə dedilər Qala qapısından içəri keçib irəlidəki polis köşkündən soruşun, mütləq bilərlər. Deyəsən, soraqlaşan çox olur. Yolu bizimlə üst-üstə düşən cavan oğlan polisə ağzını açmağa imkan vermir: “Gəlin, ötürüm”. Xan sarayının qənşərindəki ensiz dalana girsək, azmarıq. Çünki dalanın ağzında qırmızı hərflərlə yazılıb: “Folklor evi”.

Folklor evi bu gün qonaq gözləmir. Amma tələsmək lazımdı, eşitmişik, Nadejda İsmayılova da bu ünvanı arayır. Məsəl var, qonaq qonağı sevməz. Yox, yubiley, qonaqlıq deyil, “İrs” folklor ansamblı 25 illiyini keçən il yola verib. Bir də, bəyəm adamın qapısını bayramdan-bayrama döyərlər?
Qısaca “Folklor evi” deyilən idarənin uzun-uzadı adı da var: Elmlər Akademiyasının nəzdində “Dədə Qorqud” adına elmi metodiki mərkəzin “İrs” folklor ansamblı. Əslində bura “mətbəx”di. Karvansarada, Qalanın meydanlarında, “Qaravəlli” verilişində görüb eşitdiklərimizi burda hazırlayırlar. Binanın içində “mətbəx”i aramalı oluruq. Adətən, qonağı mətbəxə buraxmazlar. Yerin təkinə aparan pillələri enib axtardığımızı tapırıq. Tələsməyə dəyməzdi. “İrs”in bədii rəhbəri Sidqi Mustafayevə işi düşənlərin növbəsinə durmaq lazım gələcək. Hamı da tələsir: “Sidqi müəllim, məşqə başlayaraq? Vaxtımız azdı”, “Bu uşağı dinləyərdiz, yaxşı səsi var”, “Kasetə yazın, aparım evdə öyrənim”, “Zapis nə vaxtdı?..” Biz də bu tərəfdən iki xahişlə gəlmişik. Əvvəl Sidqi müəllimi qədim alətləriylə birgə 13 saylı musiqi məktəbinə dəvət edirik ki, uşaqlara qədim alətləri göstərsin. Müsahibə də öz yerində. Hər iki təklifi qəbul eləsə də, məşqin vaxtı keçir. İşə başlamaq lazımdı.
Əyilib alçaq qapıdan içəri giririk. Otaq elə bil ki, “İrs” rəhbərinin boyuna biçilib. Bir az mehriban oturmaq lazım gələcək. Kiçik otaq boyu düzülən sınıq-salxaq stulları bizimlə bölüşürlər. Amma ansambl 15 nəfərlik tam tərkibində məşqə gəlsəydi, kimsə ayaq üstə qalardı. Güclə yerləşdikləri otağın küncündə qədim mis qablara, köhnə cəhrəyə də yer tapılıb. Sidqi müəllim deyir ki, bunları camaat gətirir. Deyirlər, sizdə yaxşı qalar.
Əvvəl elə bildik qədim alətləri xüsusi yerdə saxlayırlar, nəmişlik, get-gəl çox olduğuna görə. Çünki bu otağın küncündən qazmağa başlasaydıq, gedib Xan sarayının altına çıxardı. Bəlkə də sarayın yeraltı yollarının üstündə otuyrmuşuq? Hər halda belə düşünmək xoşdu... Konsertlərdə geydikləriləri zər-zibalı geyimlər də burdadı, divardan asılıb. Əslində, bura Sidqi müəllimin kabinetidi. Həm yaradıcılıq emalatxanası, həm məşq yeri, həm də alətləri və kostyumları qoruyan otaq. Deyir “buna da şükür, yenə də şəhərin mərkəzidi. Axtaranlar asanlıqla tapır. Qorxuruq bunu da alalar əlimizdən”.
Məşqarası fasilədən istifadə eləyən Sidqi müəllim əlini atıb günahkarlar kimi küncə qoyulmuş qara üzlüklü alətləri bir-bir çıxarır və tanış eləyir. Bah ... Balrübab, Dilrübab, Cürə saz, Bəm tar, Laqqutu, Abbas babadan yadigar qalan tar da burdaymış. Hamımız birlikdə sadə el havalarına, yaddaşımızda qoruya bildiyimiz səslərin içinə “baş bururuq”.

“Züy tut, a başuva dönüm, dəm ver, dəm”
Balabanlar, tütək, tar, qarmon özünü yığışdırır. Sidqi müəllim cürə sazı əlinə alır: “Ya Allah!”
- “Sol” ver, kökləyərək.
- Yox, bir az zildi.
- İndi də bəm oldu elə bil.
- Qarmon xaricdi, kökü pozur.
- Nədi, qarmon istədiz, bu da qarmon. Yenə narazıdılar!
- Hə, getdik. Da-ra-ra-ra-ram...
- Qoşanağarasız olmur e...
- “Zapis”ə nağara gətirə bilərsiz? Bir “şirvan” verərik.
- Bir “şirvan”a kim gələr, a rəhmətliyin oğlu.
- Qoşanağara çalan lazımdısa, gətirim.
- Başı-zadı yerindədi? Alətimiz olsaydı, lap özüm də çalardım.
- Nəsə heç xoşuma gəlmir.
- Sintezator da olacaq, bəlkə boşluğu doldurdu?
- Birigünə düzələr!
- Jurnalist xanımlar, bir az da səbr eləyin. Dörddən sonra toya tələsənlər gedəcək, rahat söhbətləşərik.
- Xaric-xaric çalmaqnan deyil e... Adamın qulağını xarab eləyir!
- A kişi, dəm ver də...
- Dodaqdan deyil, acındandı.
- “Zapis”ə bir az tez gələrsiz, kökümüz düz olsun.
- Axşam evdə təmizləyərsiz.
Bu ansambl ifaçılarını da axtarıb tapmağı, bəlkə də kəşf eləməyə məcburdur. Sidqi müəllim deyir ki, onların əksəriyyəti özü gəlir. Mindən birini seçirlər, çünki burda qazanc yoxdu.
- Hərəsinin öz iş yeri var. İki daş arasında qaçıb bura gəlirlər. Onlar da mənim kimi dəlidi. Mən də gitara çala bilərdim, pul qazanardım. Bu 25 ildə heç toya da getməmişəm. Gələnlərin arasında “sürüşkən”ləri də olur. Gəlir, baxır, pul olmadığından aradan çıxır. Amma qalanlar həqiqi fanatlardı. Görürsən, yekə kişidi, üstünə çağırıram ki, düz çal! Tez evə qaçıb axşamnan bilmədiyini məşq eləyir. Bəlkə qorxur birdən deyərik ki, daha gəlmə.

İRS BÖYÜK HƏRFLƏ YAZILMIRDI
Hələ 70-ci illərin əvvəlində, bəstəkar Rəşid Nəsiboğlu və tarzən Sidqi Mustafayevin Konservatoriyada oxuduğu vaxt, itirilmiş ənənələr, yaddan çıxmış intonasiyalar, unudulmuş alətlər bu iki gəncin söhbətinin daimi mövzusuna çevrilir. Azərbaycanda Rəşid Nəsiboğlunu iki şeyə görə tanıyırlar: bir “İrs”in yaradıcısı kimi, ikincisi, rəhmətlik Mirzə dayının oxuduğu “Sən getdim, tək qaldım, bir liman, bir də mən”mahnısının müəllifi kimi. Bu gün Sidqi Mustafayev keçmişi xatırlayanda dostu yanında yoxdu.
- O vaxt Azərbaycanda bu alətlər yox idi. Əhməd Bakıxanovun ansamblında bəm tarın yerinə rusların domra alətini işlədirdilər. Alətlərin şəklini, texniki imkanlarını arxivlərdən, qədim miniatürlərdən axtarıb tapırdıq. Axtara-axtara Gürcüstana, Özbəkistana gedib çıxmışdıq. Tapa bilmədiklərimizi düzəltdirdik. Lampa zavodunda mühəndis vardı, bəm tarı ona sifariş vermişdik. O vaxt elə usta da yox idi ki, sifariş verə biləsən. Amma indi ustalar işsiz qalmır. Çünki bizdən sonra bütün ansambllar qədim alətləri işlətməyə başlayıb.
Alətlərdən sonra ifaçıları və mahnıları axtarmağa başladıq. O vaxtlar Səid Rüstəmov, Tofiq Quliyev Konservatoriyada oxuyanda “Xalq mahnılarının yığılması və nota salınması” dərsi vardı. Bəstəkarlar qiymət almaqçün mahnıları yazıb təhvil verirdilər. Notlar da arxivdə atılıb qalmışdı. Ortaya çıxardığımız “Almanı alma gəlin”, “Əylən gəlin, öylən gəlin”, “Həştərxandan gələn gəmi” mahnılarını indi hamı tanıyır. Təzə-təzə öz evimizdə məşq eləyirdik. İfaçılara çay süzür, “yaxşı olacaq”, “tanıyacaqlar” deyib ürək-dirək verirdik. Bizim məxfi məşqlərimizdə Bəxtiyar Vahabzadə, Arif Məlikov, Fərman Kərimzadə iştirak edirdi. Sonra o vaxtkı mədəniyyət naziri Zakir Bağırov da bizimlə maraqlandı. Dedik, elə-belə evdə özümüzçün çalırıq. Bizi Aktyor evinə yığdılar ki, sizə baxış olacaq. 30 nəfərlik komissiya toplanmışdı: Anar, Arif Məlikov, Şəmsi Bədəlbəyli, Rüstəm İbrahimbəyov, akademik Aslan Aslanov... 45 dəqiqəlik çıxışımızdan sonra zaldan bir səs də çıxmadı. Sonra Şəmsi Bədəlbəyli soruşdu: “Ansamblın adını nə qoymaq istəyirsiniz?” Dedik, “İrs”. Nazir müavini Məmməd Ziyadov dedi ki, olmaz. İrs sözü həmişə cümlənin ortasında kiçik hərflə yazılır: mədəni irsimizdən, babaların irsi. Siz indi böyük hərflə “İrs” yazacaqsınız? Düz gəlmir! (Məmməd Ziyadov uzun illər radioda diktor işləyib. İrs sözünün cümlənin harasında gəlməyini ona görə yaxşı bilinir-G.R.) Bəxtiyar müəllim bizi müdafiə elədi ki, bəyəm pis iş görüblər? Kiçik hərfi böyüdüblər. Adımız qaldı “İrs”.

“Zindana salınan notlar”
Torpağın altında gizlənmiş suxurları, mineralları, izi itmiş sivilizasiyaların qalıqlarını qazıb çıxaranlara arxeoloq deyirlər. Bəs itirilmiş səsləri, unudulmuş alətləri, bir vaxt beşik başında, yasda-toyda oxunan, ürək yananda zümzümə edilən havaları yaddaşlardan qazıb çıxaranlara nə deyirlər?
“İrs” tanındı, sevildi, libasını təzələdi, ifaçılarını seçdi, xaricə ayaq basdı. Sonra bir vaxt el havalarını həyata qaytaran “İrs”in özünü də “qazıb” çıxarmaq lazım gəldi. “İrs”i dağıtmaq istəyənlər meydan çıxdı. 1983-84-cü illərdə xaricə səfərlərin birindən əvvəl “KQB” ansamblın rəhbərlərinə təlimat verdi ki, on beş nəfərdən beşi bizdən olmalıdı. Rəşid Nəsiboğlu, deyəsən, bərk adammış, “sizinkilər bu alətlərdə çala bilməz” deyib tərslik elədi. Belə işləri çox asanlıqla yoluna qoymağı bacaran “KQB” həmin o beş nəfəri Rəşid Nəsiboğlu və Sidqi Mustafayevlə üzləşdirdi. Onlar hamısı təsdiqlədi ki, Rəşid rüşvət götürüb, Sidqi də ordaydı. Hərəsinə 8 il iş verib “İrs”i susdurdular. Həmin o qastrol səfərinə “İrs”in əvəzinə başqa ansambl göndərdilər. Xaricdə onları “İrs”in videokasseetiylə müqayisə eləyib, heç futlyarları da açmağa qoymayıb geri qaytardılar.
İki il həbsdə qalandan sonra bu məsələyə bəstəkar Xrennikov maraqlanır, məktub göndərir ki, bəs Azərbaycanda belə bir ansambl vardı, nə oldu? Araşdırma göstərir ki, Rəşid Nəsiboğlunu da, Sidqi Mustafayevi də nahaqdan tutublar. Amma yatdıqları iki il ərzində hər iki məhbus musiqidən uzaqlaşmıyıb. Rəşid Nəsiboğlu taxtadan pianino düzəldib mahnı bəstələyirmiş. Sidqi Mustafayevsə özü yaratdığı, çahar tar adlandırdığı yeni tarın simini, pərdələrini artırmaqla məşğulmuş.

“Kök dəyişib, “re”dən yox, “do”dan çalacağıq”
- İndi yaman çətin olub. O vaxtlar hökümət hər şey eləyirdi, kostyum tikdirirdi, alət alırdı. İndi birdən başıma qəribə papaq qoyub düşürəm ortalığa, başqa cür çalıram. Mən tamaşaçını da başa düşürəm, bizi heç burda oturan musiqiçilər dərindən anlamır. Çarəsizlikdən oturub. İndi tarzən gitara çalır, kamançaçalan skripka, zurnaçalan klarnet. Elə bilirsiz “dörd yanın qızdı, kef elə” deyən cavanları dinləmirəm? Geyimimiz açıq, sözümüz açıq, musiqimiz açıq... Hələ uşaq idim. Şəxsən özüm Vahidin balaxanılı Nəcəfqulu deyişməsini görmüşəm. Buna rep yox, bəhri-təbil deyiblər. Amma o vaxt açıq söhbət özü ayıb sayılardı. Rep üslubunda nömrə hazırlayıram. Adını bəlkə meydan oyunu qoydum. Baxan kimi başa düşəcəklər, kimin bostanına daş atırıq.
25 ildi “İrs” folklor dalınca gəzirdi. İndi folklor özü öz ayağıyla bura gəlir. Kasetdə də gələni var, kitabda da. Folklorun da, maşaallah, ucu-bucağı görünmür. Bu yaxınlarda yüz il əvvəl itib-batmış “Nəva” muğamını tapb qaytarıblar. Ehey, Folklor, eşidirsən?! Evinə gəl, ünvanı ki, yaxşı bilirsən...

“Avropa” qəzeti
15-21 fevral 2003