Haqq ədalət tərəzisində həmişə rənglər qalib gəlir

Rəssam Qəyyur Yunusun cənnət qadınları

Qəyyur Yunusu tanımayanlara bələdçilik eləyək: 1948-ci ildə Əmircanda doğulub və indiyədək orda yaşayıb çalışır. 50 yaşının ərəfəsində ondan «Keçən 50 ildə yaddaşında qalmış ən parlaq xatirə nədir?» soruşanda Ə. Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olduğu gün keçirdiyi sevinc hissini xatırlayır. Sonra Tbilisi Rəssamlıq Akademiyasında təhsil alıb. Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam fəxri adına layiq görülmüş rəssamın şəxsi arxivində beynəlxalq «Humay» mükafatı, ABŞ, Almaniya, Fransa, Rusiya, Türkiyə, İngiltərə, Norveç, Finlyandiya, Danimarka, Hollandiya, Polşa, Suriya, Əlcəzair, İranda keçirilmiş sərgilərin iştirakçısı olduğunu təsdiqləyən sənədlərlə yanaşı 9 fərdi sərgisindən də materiallar saxlanılır. 60 illik yubiley ilində növbəti sərgisini düzənləyəcək rəssamın işlərini gözləriylə görmək istəyənlər gözdə qulaqda olsun. Rəssamın əsərləri dünyanın məşhur sənət kolleksionerlərinin qalereyalarında və məşhur incəsənət muzeylərinin ekspozisiyasında saxlanılır.

Heyran xanımın nağılı
Qəyyur Yunus haqqında yazını sənətşünas Dilarə Vahabova kimi «Biri vardı, biri yoxdu» kimi başlamaq da olardı. Sanki şirin bir nağıl danışacaqmış kimi məsum qəhrəmanlarının gözlərinə baxıb sonra çatma qaşlı qızın necə doğulduğu barədə nağıl demək. Hamıdan fərqlənən bu qız asan doğulmadı. Hələ 80-ci illərdə «Heyran xanımın portreti» yarananda hamı bir ağızdan dedi ki, milli bədii köklərə arxalanan yeni obrazdır. İlk qələm təcrübələrində Abşeron məktəbinə aidiyyəti ortaya çıxdı. O da Mircavad kimi sənətdə işıq axtarışlarına qoşulub öz cığırını axtarıb tapdı. Qacar miniatür məktəbinin əsas qayəsini müasir texniki vasitələrlə ifadəsi yolu o vaxt özünü sənətdə axtaran gənc rəssamlarçün millilik yolu idi. Bakıda qazanıb şimalda itirdikləri şərqli təfəkkürünü geri qaytarmaq axtarışları mentalitetdən doğan yaşantı sayılırdı. Bəlkə də ona görə indi Qəyyur Yunus yaradıcılığında şərq üslubunu tapanların sözlərindən məmnunluq duyur. İndi bu, özünü tapmış, təsdiqləmiş anlayışının sinonimi kimi səslənir. Nisbətən sonralar sənətşünaslar «qəyyurizm», «qacarların qəyyurlaşması» kimi terminləri işlədəcəkdi. Hələ ki, ilk addımları atdığı astanadan hər şey başqa cür görünür:
- Hər bir insanın daxilində psixoloji durumu var və bu fərdidir. Məsələn, Bosxun yaradıcılığına baxaq. Fantastik səhnələri, cənnətin gözəlliklərini, cəhənnəmin dəhşətlərini yuxularında görürdü. Düzdü, gördükləri İncilə əsaslanırdı. Allahın təqdir eləmədiyi mövzulara mən yaxın durmuram. Bu mövzuları tanıyıram. Axı biz təkcə özümüzçün yaratmırıq. Bəşəriyyətçün, insanlarçün yaradırıq. Yaradıcı insan gözəllikləri əks eləməyə çalışır.
Ətraf mələklərlə doluymuş, bilməmişik…
Reallıqla irreallığın görüşdüyü, keçmişlə gələcəyin qovuşduğu yerdə yaranan obrazlar o qədər doğma, tanış və sanki təkrarlanan simalardır. Rəssam deyir ki, ideal görünən obrazlar fərdi müşahidələrinin məhsuludur. Yəni həmin nur saçan insanlara biz küçədə, cəmiyyətdə, bir sözlə hər yerdə rast gələ bilərik. Ətraf mələklərlə doluymuş, bilməmişik… Qəyyurun yaradıcılığı bu günkü mürəkkəb həyatın mənsəbində dayanmış insanın gözəllik anlayışını genetik köklərə əsaslanaraq izah etmək üsuludur. Burda hər şey o qədər qədim, nağıllardakı kimi əski və eyni zamanda doğmadır. Müasir dövrün ruhu da əsərlərdən çox aydın sezilir. Həndəsi formalar, abstrakt kompozisiyalar real şərqli məişəti atributları və Quran ayələriylə yanaşı dayanıb. Bunlar hamısı 21-ci əsrdə bizimlə yaşayan rəssamın həyatının bir parçasıdır. Bəlkə də ona görə onun obrazları bir-birinə bənzəsə də ümumilikdə təkrarsız, özünəməxsus və seçiləndir.
Deyirlər ki, sevgini görmək olmur, yalnız duymaq olar. Qəyyur bizə sevgini müxtəlif formalarda görmək şansı yaradır. Burda qadına olan sevgi vətənə, övlada olan məhəbbətdən bir o qədər də seçilmir.
- Məhəbbət ruhun daxilindəki olan nurdur. Ruhun nuru başdan ayağa Allah eşqindən yoğrulub. Bu ailəyə də, gözəl qadına da, təbiətə də, yaradıcılığa da aid ola bilər.

«Eybi yox, əsil rəssam olanda görəcəksən»
Qəyyur Yunusun müəllimləri çox olub, amma Səttar Bəhlulzadə ilə ünsiyyətdən aldığı dərsləri əvəzsizdir. Üslubu formalaşanacan Qacar, səlcuq məktəbindən, gürcü rəssamı Pirosmanidən yararlansa da rəssam və şəxsiyyət kimi Səttarla ünsiyyətindən «cücərib» desək yanılmarıq. Onlar yaxın qohum və Əmircanda qonşu idi. Cavan şagird və qocaman rəssam qoltuqlarına qovluqlarını vurub birlikdə rəsm çəkmək niyyətiylə Abşeronun qumsalında bəlkə də min kilometrlərlə yol gedib, yoldaşlıq eləyiblər. Ə. Əzimzadə adına rəssamlıq texnikumunun 1-ci kursunda oxuyarkən Səttar Qəyyurdan «Bax, orda çəhrayı və mavini görürsənmi» soruşardı. O vaxtlar Qəyyur dünyaya Səttarın gözüylə baxıb onun gördüyünü görməyə çalışardı. Səttar sualının qarşısında sükut görəndə «Eybi yox, əsil rəssam olanda görəcəksən» deyirdi. Artıq o vaxtlar Səttar gəzən əfsanə sayılırdı. Son dərəcə səmimi, lovğalıq və təkəbbürdən uzaq insan kimi Qəyyura «qardaş» deyərdi. Bəlkə o da gənc tələbədə gələcək rəssamın cizgilərini görmüşdü?

Qocalar cənnətdə cavanlaşır
Qəyyur Yunusu başqa rəssamlardan fərqləndirən, daha doğrusu çox fərqləndirən bir cəhət var. O, sənətkarların əksəriyyəti kimi tanrısını axtarmır, allahıyla döyüşmür, çarpışmır. O, Allah ruhuna bələnmiş çöhrələr və ancaq xeyirxəh əməl sahiblərinin çöhrələrini çəkməklə artıq öz yolundadır. Həyatda və yaradıcılıqla Allaha tapınmaq rəssamın seçəcəyi ən çətin yollardan biridir.
- Mən hər yeni əsəri başlayanda Tanrıdan kömək diləyirəm. Yaradıcılıq günahları yumur. Günahları yalnız Tanrı bağışlayır. Sənət isə insanı günahlardan hifz eləyir, saflaşdırır və inam yaradır. Allah deyir, əgər məni tanımaq istəyrsənsə, öz vicdanındakı təmiz, pak zərrəni gör. Ondan bərk yapış, ümidini isə mənə bağla. Qazandığın təcrübə, elm, məntiq sadəcə insana lazım olan meyarları üzə çıxarmaq üçün vasitədir. Bu vasitələrin hərəkətə gəlməsi üçün əlbəttə, bir ilahi qüvvə lazımdır. O qüvvə Allah tərəfindən gəlir.
Qəyyurun obrazlarında Allahı axtarmaq istəyənlər gərək qəhrəmanların gözünə baxsın. Onlar gözəllikdə hamı bir-birinə bənzədiyindən cənnət qadınlarını xatırladır.
- Qurani Kərimin bir ayəsində cənnət qadınları barədə oxumuşdum. Bilirsiz də, cənnətə qocalar girmir, orda hamı cavandı. Qocalar cənnətə düşəndə cavanlaşır, qadınlar 15 yaşında, kişilər 33 yaşında olur. Gözəllikdə də bir-birinə oxşayır. Diqqətlə qadın obrazlarıma fikir versəniz görərsiz ki, onların simalarında uşaq çöhrəsi var, amma gözlərinə baxanda yaşlı, dünyagörmüş, düşüncəli insan baxışları sezilir. Bunlar cənnət qadınlarıdır…

Qaraya söykənən rənglərin azadlığı
Qara rəngdən boylanan həqiqət… Deyərsiz heç həqiqət də qaradan boylanarmı? Biz Qəyyurun tablolarına baxırıq və onun rənglərinə, hətta qara rəngin həqiqət danışacağına da inanırıq. Rəssamın rəngləri inandırıcı deyilsə deməli naşıdır. Deməli özü hələ yol arayır. Qəyyur Yunusa isə rənglər aləmində artıq bələdçi lazım deyil.
- Elə əsərim var ki, 70 faizini qara rəng təşkil eləyir. Qara rənglə mövzunun dərk edilməsi daha da güclənir. O özünə yaxın rəngləri gizləyə, uzaq olanları isə qabarda bilir. Qara bir çoxlarının düşündüyü kimi bədbin deyil, ruhlandırıcıdır. Qaranın içindəki rənglər həmişə ona arxalanır, onun köməkliyilə işıqlığa çıxır.
Qəyyur rəng seçimində maksimalistdir, yəni rəngdə qaranın lap qarasını, qıpqırmızını, ya da ağappağı seçir. Rənglərin sərhədlərini pozub bir-birinə qarışdırmır. Yamyaşıl otlaqda gəzən insanlar qıpqırmızı ehtirasın, hirsin, hiddətin təsirindən tarazlığı itirmir, gömgöy səmanın altında gəzib bəmbəyaz ümidlərlə yaşayır:
- Mən üç rəngi daha çox sevirəm: ağ, qara, qırmızı. Mənə bu rənglərlə işləmək rahatlıq gətirir. Ağın içində qalan rənglər daha işıqlı olur. Ağ bütün rənglərin şahı sayılır. Ona görə ki, ağ rənglə mahiyyət üzə çıxır. Qarada gizlətdiyini, ağla üzə çıxarırsan. Qırımızı artıq xarakterdir. O, əsərin və müəllifin xarakterindən irəli gəlir. Mən qırmızının ən güclüsünü xoşlayıram. Axı qoç bürcünün planeti Marsdı. Mars astrologiyada qırmızı rənglə xarakterizə edilir. Rənglərin dili o qədər sonsuz, dərin və mürəkkəbdi ki, heç bir rəssam deyə bilməz ki, onların dilini tapmışam. Adi insanın görmədiyi rəngləri rəssam görür. Məsələn, qırmızı rəngin 20-30 bəlkə də 40 çalarını rəssam görə bilir.

Havadan asılı qalmış sual…
Qəyyur Yunus haqqında çox deyilir, çox da yazılıb. Hazırda respublikada keçirilən hər yeni sərgidə onun rəsmlərinə rast gəlmək olar. Mövzular nə qədər müxtəlif olsa da sanki burda nəsə bir pauza, havadan asılı qalmış sual görünür. Yumru sifətlərin iri, ideal formalı gözləri və bir o qədər də ideal qaşları nə deyir? Qəribədir ki, son dərəcə xırda detallarına qədər professionallıqla çəkilmiş rəsmlərdə obrazın qeyri maddi olması barədə bu sual hardan doğa bilər? Elə bil ki, uşaq baxışlı böyüklər xeyirxahlıq, həssaslıq, incəlik, sevgi kimi qeyri maddi meyarların simvoluna çevrilirlər. Bu tablolardan xalqın minillik mədəniyyəti boylanır.
Onun obrazlarına daxil olaq, özümüzçün Qəyyuru kəşf edək. Bununçün bəlkə də skipidar və əlif qoxulu emalatxanaya getmək lazım deyil. Burda hər şey çıxılmaz faciə və mütləq səadət hissindən uzaqdı. İnamlı və istiqanlı insanlar, kəbini göylərdə kəsilmiş sevgililər arasında göz yaşları, ayrılıqlar, qovuşmaqlar, ətraf mühitlə konflikt və əsəb gərginliyi də yoxdu. Böyük, geniş açılmış gözlərin ətrafa saldığı işıq kətandan qırağı da nura boyayır. Bu obrazlar incə estetlər, həssas romantiklər və ətraf aləmin dərk edilməsinin mümkünsüzlüyününda əmin olan aqnostlara eyni dərəcədə maraqlı olacaq. Çünki mövzular əbədidir: sevgi, mərhəmət, gözəllik, dünyanın harmoniyası, əcdadlarımızın xeyirxahlığı və müdrikliyi, dünyanın tamlığı, həyat və Allahın sonsuzluğu. Burda bəzən heyvanlar və bitkilər də ilahiləşdirilərək öz ruhi keyfiyyətlərini faş edir.

Rəsm nizamlamaq deməkdir
Əlbəttə rəssam yazır yaradırsa işlərini sərgiləməli, göstərməlidir və onun yaratmasıyçün əsərlərinin satılması da vacibdir. Azərbaycanda satış bazarının olmaması rəssamlarımızı ya çətin maddi durumla üzbəüz qalmağa, ya da xarici ölkələrdə işləməyə təhrik eləyir.
- Rəssamlıq avropalıların inhisarındadı. Siyasətdə olduğu kimi burada da ikili standartlar var. Şərq dünyasında imkanlı kolleksionerlər var: Səudiyyə kralı, Bruney sultanı və sənətə vəsait ayıra biləcək başqa adamlar. Nəşr edilən kataloqlarda şərq aləminin rəssamlarına sanki bilərəkdən yer ayırmırlar. Onda niyə də imkanı çatan şərq milyonerləri alternativ kataloqlar nəşr elətdirməsin ki? Məncə bu kataloq zənginliyinə görə avropalıların nəşrindən heç də geri qalmaz. Bu gün azərbaycanlı rəssamlar müasir durumda çıxış yolunu xaricdə işləməkdə görür. Fikir verin, sənətini dünyaya göstərməkçün yox, bir parça çörəyə görə getməli olur.
Biz Qəyyur Yunusun yaradıcılığını təkcə müəllif sənəti kimi yox, şərq aləminin dünyaya meydan oxuması kimi də dəyərləndirə bilərik. Avropa məktəbini keçmiş rəssam sırf şərq obrazları yaratmaqla Şərqin bənzərsizliyini qoruya bilib. Əslində Qərb Şərq mədəniyyətindən kifayət qədər yararlanıb və hələ də davam eləyir. Özünü dünyaya tanıtmaq istəyində bulunan hər bir rəssamın Qərb ifadə vasitələriylə silahlanmaqdan başqa yolu yoxdur. Biz öz sənətkarımızı o vaxt qəbul edirik ki, onun qiymətini Qərb versin. Şərq isə həmişə şərtilik, rəmzlər, geniş bədii ümumiləşdirmələyə arxalanıb. Şərq və Qərbin qovşağında yaradan Qəyyur Yunusu eyni dərəcədə hər iki qütb qəbul eləyir. Hətta çılpaq rəsmlər çəkmək istəyi yaşadığı dövrdə bir seriya çılpaq qadınları yaranmışdı. Amma Qəyyur bunu Şərq mədəniyyətinə rəva bilməyib tezliklə onların hamısını «geyindirdi». Cənnət qadınları çılpaq olmaz, yəqin…
- Mən Qurani-Kərimdə rəssamlığı haram bilən bir dənə də ayəyə rast gəlməmişəm. O şey haram sayılar ki, Allahın təqdir etmədiyi bir şeyi çəkəsən. İnsanın anatomiyasını öyrənmək məqsədilə çılpaq insan rəsmi çəkməklə nəfslə, şəhvət düşüncəsilə çılpaq insan rəsmləri çəkmək arasında böyük fərq var. Rəsm sözünün mənası nizamlamaq deməkdir, yəni gözəl şəklə salmaq.

Əməli salehlərin yaşam tərzi
- Deyrlər ki, özü haqqında yüksək fikirlə olan rəssam tükənib.
- Özündən razı sənətkarda, istər rəssam, istər bəstəkar olsun, tükənən nəyisi varsa- istedadı, inamı, bacarığı - deməli fani imiş. Bu insanın ruhu, əqidəsi, amalıynan və təbii sənətkarlıq qüdrətilə bağlıdır.
- Biz bilirik ki, Səttar Bəhlulzadə ilə sıx ünsiyyətiniz olub. Səttarı fırçadan «qoparmaq» prosesi çətin oldumu? Biz indi sizin yaradıcılığınızda artıq bənzərlik adında bir şey görmürük.
- Təbii ki, bənzərlik yoxdu. Mən vizual baxımdan onun təsiri altında heç olmamışam. Mən tələbəlik illərində dəsti xəttini, üslubunu öyrənmək məqsədilə onun əsərlərini yamsılamışam. Mən Əzimzadə adına rəssamlıq texnikumunda oxuyanda sinif kompozisiyalarını, natürmortları onun üslubunda işləyirdim. Direktorumuz bunu mənə irad tutmadı, amma Səttara çatdırdı ki, dayı nəvəsi Qəyyur sənin kimi işləyir. Ondan sonra emalatxanasına gələndə məni içəri dəvət elədi, çay süzdü. Bir də gördüm ki, barmaqları az qala gözümüq içindədi. Bilirsiz də çox uzun, arıq barmaqları vardı. «Sən orda nə hoqqa çıxardırsan? Eşitmişəm mənim kimi işləyirsən! Sən məktəb öyrən, mənim kimi işləməklə sən nə öyrənə biləcəksən? Heç nəyə nail olmayacaqsan. Sən oxu qurtar, sonra öz yolunu tapmağa çalış. Əsil sənətkar orijinal düşüncəsi, dəsti xətti ilə seçilir». Bu mənim qulağımda sırqa oldu. Mən texniki və vizual tərəfdən onun təsirinə düşmədim. Amma onun sənətlə, həyatla bağlı fəlsəfi fikirləri, rəssamlığın əsil mahiyyəti haqqındakı düşüncələri mənimçün örnək oldu.
- Müasir dövrün tematikası – məsələn, «ujas» filmlər, qorxular, xəstə təxəyyülün məhsulu, reallıqdan uzaq fantastik obrazlar – müasirliyinq atributu kimi sənətə daxil olub. İnsanın şəxsi qorxularını sənətə gətirməyə münasibətiniz necədir? Sizdə belə obrazlara rast gəlmədim.
- Bu tək müasir dövrlərdə yox, elə qədim vaxtlarda da olub. Məsələn, Bosxun yaradıcılığına baxaq. Fantastik səhnələri, sənnətin gözəlliklərini, cəhənnəmin dəhşətlərini o, yuxularında görürdü. Düzdü, gördükləri İncilə əsaslanırdı, çünki mütaliəsi isə İncildən olurdu. Tarix boyu belə şeylər çox olub. Amma indi bunu ifrat dərəcəyə gətiriblər. Əksəriyyəti qeyri-adilik, heyrətləndirmək, heyranlıq və sensasiya yaratmaq eşqinə eləyir. Ola bilər bu əsərdə predmet mənasında heç həqiqi sənətdən əsər-əlamət olmasın. Amma ola da bilər ki, ilahidən gələn obrazlar və Allahın təqdir elədiyi mövzu olsun. Allahın təqdir eləmədiyi mövzulara mən yaxın durmuram. Axı biz təkcə özümüzçün yaratmırıq. Bəşəriyyətçün, insanlarçün yaradırıq. Yaradıcı insan gözəllikləri əks eləməyə çalışır.
- Sevgini də çəkmək olur?
- Lap küləyi də çəkmək olur. Biz insanın hisslərini, duyğularıni rəng və forma ilə çatdırırıq. Rəssamlıqda bunların öz ifadə dili var, təsvir vasitələri və texniki yolları. İnandırıcı olmaq məsələsi isə sənətkarın qüdrətindən asılıdır.Məsələn Repinin «İvan Qrozdnının oğlunun öldürməsi» əsərinin orijinalına baxanlar bilir, (reproduksiyada görünmür) adamı dəhşət hissi bürüyür. Elə bil sən də həmin dəhşətləri yaşayırsan.
- Sizə bəzən irad tuturlar ki, eyni qadın sifətlərini çəkirsiz. Onlar sadəlovhlükdə də, gözəllikdə də bir-birinə bənzəyir.
- Qurani Kərimin bir ayəsində cənnət qadınları barədə oxumuşdum. Bilisiz də, cənnətə qocalar girmir, orda hamı cavandı. Qocalar cənnətə düşəndə cavanlaşır, qadınlar 15 yaşında, kişilər 33 yaşında olur. Gözəllikdə də bir-birinə oxşayır. Diqqətlə qadın obrazlarıma fikir versəniz görərsiz ki, onların simalarında uşaq çöhrəsi var, amma gözlərinə baxanda yaşlı, dünyagörmüş, düşüncəli insan baxışları sezilir. Bunlar cənnət qadınlarıdır…
- İslamda rəsmə qadağa, xüsusilə də insan simalarını çəkməyə yasaq var. Buna münasibətiniz necədir?
- Mən Qurani Kərimdə rəssamlığı haram bilən bir dənə də ayəyə rast gəlməmişəm. O şey haram sayılar ki, Allahın təqdir etmədiyi bir şeyi çəkəsən. Ümumilikdə rəssamlıq haram deyil. Rəsm sözünün mənası nizamlamaq deməkdir, yəni gözəl şəklə salmaq.
- Bu qadağalar hardan qaynaqlanır sizcə?
- Bunun kökü məncə massonlara gedib çıxır. İslama qarşı çıxan masson qüvvələr bu məsələni ortaya atırlar ki, islamda incəsənət inkişaf eləməsin. Əgər belədirsə Səudiyyə ərəbistanının mərhum kralının zəngin kolleksyası vardı. Rəsm yasaqdırsa niyə yığırdı? Yəni o, riyakardı? İran şahının gözəl kolleksiyası var. Hazırda İranda rəssamlıq çox yüksək səviyyədə inkişaf eləyir. Onların dini rəhbəri Xamineyi rəssamları qəbul eləyir, söhbət aparır, sərgilər keçirir. Bu islamda yasaq olsa onlar ilk növbədə bunu eləməz.
- İndi sənətin yuksək səviyyəsində deyə bilərsiz ki, rənglərin dilini tapmışam?
- Rənglərin dili o qədər sonsuz, dərin və mürəkkəbdi ki, heç bir rəssam deyə bilməz ki, rəngin dilini tapmışam. Hər rassımın özünə məxsus rəng duyumu var, özünün formayla bağlı rəngləri reallaşması var. Yəni adi insanın görmədiyi rəngləri rəssam görür. Məsələn, qırmızı rəngin 20-30, bəlkə də 40 çalarını rəssam görür.
- Amma rənglərdən bəzilərin daha artıq sevirsiz. Məsələn, qara, ağ, və qırmızını. Onların da hamısını tünd, dolğun çalarda işlədirsiz. Rənglə bağlı müəyyən assosiasiyalar varmı, yoxsa rəng seçimi üslub formalaşandan sonra dəyişmir?
- Elə əsərim var ki, 70 faizini qara rəng təşkil eləyir. Qara rənglə mövzunun dərk edilməsi daha da güclənir. O özünə yaxın rəngləri gizləyə , uzaq olanları isə qabarda bilir. Qara bir çoxlarının düşündüyü kimi bədbin deyil, ruhlandırıcıdır. Qaranın içindəki rənglər həmişə ona arxalanır, onan köməkliyilə işıqlığa çıxır. Ağ rəng bütün rənglərin şahı sayılır. Ona görə ki, ağ rənglə mahiyyət üzə çıxır. Qarada gizlətdiyini ağla üzə çıxara bilirsən. Qırımızı artıq xarakterdir və tablonun, müəllifin xarakterindən irəli gəlir. Mən qırmızının ən güclüsünü xoşlayıram. Axı mənim bürcüm qoçdur. Mars planeti altında olduğundan planetin rəngini də özünə götürüb.
- Siz Azərbaycan rəssamlığında Abşeron məktəbinin davamçısı sayılırsız. Başında Mircavad kimi dahi rəssamı dayanmış bu cərəyana necə qoşulduz və fərdiliyinizi qurban vermədən qarışıb itmədiz?
- Bu cərəyana yaradıcılığın əvvəlki illəri məni aid eləmişdilər. Məktəb deyəndə ki, bu məktəbin cöğrafi miqyası elə burda qalıb. Avşerondan qıraqda bu məktəbi kim tanıyır ki? İtalyanların 20 məktəbi var, heç hay-küy salmırlar.
- Bəs bu termin hardan çıxdı?
- Birinci elə Səttar Bəhlulzadədən yarandı. Abşeronun təbiətini çəkməyi çox sevirdi. Sonra Mircavad, Kamal, buzovnalı Əlövsət Əliyev abşeron peyzajlarını yaratdılar. Tahir Salahovun da Abşeron mənzərələri var. Əslində bunu məktəb adlandırmaq da olmaz. Məsələn, Fransada Barbizon mənzərə məktəbi var. Barbizondan olanlar, hətta başqa yerlərdən gələn rəssamlar bu yerlərin mənzərələrini o qədər çəkdilər ki, məktəb adını aldı. Bu məktəb 17-dən 19-cu əsrə qədər sürüb. Avşeron məktəbi ən çoxu 20 il davam elədi. Sənətşünaslar yer adlarıyla bağlı məktəblərin adını çəkməyi öyrəşiblər. Sovet dövründə idealogiya vardı. Əksəriyyəti kommunizmə qulluq eləyirdi. Abşeron məktəbi onlara bir növ müxalif kimi meydana çıxdı. Onlar partiyanın sifarişlərin eləmirdilər. Əfsuslar, məktəbin miqyası böyük olmalıdı. Azərbaycan rəssamlığını biz heç indi tanıtdıra bilmirik.
- Hazırda imkanlı şəxslərimiz çoxdu. Yeni tikilən müasir evlər, içini bəzəyəcək dizayn sənətinin inkişafı imkan verir ki, biz təsviri sənət bazarının genişlənəcəyi barədə düşünə bilək. Amma əslində sənət əsərlərinə maraq artmır. Xaricdən gəlmiş əcnəbi rəssamın, heykəltaraşın yaradıcısının səviyyəsini aşkarlamayan işləri evlərimizə yol açıb və iteryerləri bəzəyir. Yüksək səviyyəli rəssamlıq məktəbi olan ölkə üçün bu qəribə deyilmi?
- Əlbəttə qəribədi. Qalereyalarda Azərbaycan rəssamlarının gözəl əsərlərini toplayırlar. Amma şəxsi kolleksiyalardan xəbərim yoxdu. Ümumiyyətlə son vaxtlar Azərbaycan rəssamlarının əsərlərinin satışı lazımi dərəcədə getmir. 3 ayda bir dəfə kiminsə əsəri alınır. Bizim rəssamlar Avropaya, Moskvaya nisbətən nisbətən ucuz olduğu halda yenə də alınmır.
- Bəlkə alıcıların da səviyyəsi kifayət qədər deyil ki, dəyər verə bilsin?
- Bizdə bəyəm istedadsız rəssam yoxdu? 10-15 rəssamımız var ki, onlar lap dünya səviyyəli işlər yaradır. Onların əsərləri həqiqətən dəyərlidi. Amma onların işlərinə bu qiyməti verən yoxdu. İmkanlı insanlar ola bilər ki, bunu dərk eləmir. Bəlkə də bizdə maarifçilik yoxdu deyən belə olaylar baş verir. Bizim inkanlı şəxslər sanki yuxarıdan əmr gözləyir ki, sənətə qiymət verməyə başlasın. Bu məsələni dəbə salmayıblar, formalaşmayıb. Cavan biznesmenlərə pulu qazanmağı, yığmağı, yerləşdirməyi öyrədirlər. O da qazancından maşın, evlər alır, kurortlara gedir, qızıl və brilyant yığır və s. Hər şeydən daha dəyərli olan rəssamlıq işlərini almağı anlamaqçün maarifçilik olmaldır. O, bilməlidir ki, sənət əsəri dəyərdən düşmür, zaman kekdikcə yalnız bahalaşır. Rəssamın işi emalatxanasında oturub işləməkdən ibarətdi. Rəssamlarla işləyən menecerlər formalaşmalıdır ki satışı təşkil eləsin. Rəssam işini qoltuğuna vurub satışa aparmaz ki?! Fikir vermisiz, televiziyada rəssamlıqdan bir dənə veriliş yoxdu. Ekranda mahnı şoularından başqa bir şey görməzsiz. Bəstəkarlar bir qıraqda qalıb ifaçılar dəbə düşüb.
- Şərq və Qərb arasında yerinizi müəyyənləşdirənəcən rəssam kimi hansı yolları keçmisiz?
- Mən öz kökümdən başlamışam. İnsan ərtafını, kökünü öyrənməlidi ki, sonra kənara çıxıb dünyada nə var, nə yoxla maraqlana bilsin. Bu gün informasiya almaq çətin iş deyil. Bilirsən ki, qərbdə, ya şərqdə sənətkarlar hansı məsələlərə toxunur.
- Əlbəttə rəssam yazır yaradırsa işlərini sərgiləməli, göstərməlidir və onun yaratmasıyçün əsərlərinin satılması da vacibdir. Azərbaycanda satış bazarının olmaması rəssamlarımızı ya çətin maddi durumla üzbəüz qalmağa, ya da xarici ölkələrdə işləməyə təhrik eləyir.
- Rəssamlıq avropalıların inhisarındadı. Siyasətdə olduğu kimi burada da ikili standartlar var. Şərq dünyasında imkanlı kolleksionerlər var: Səudiyyə kralı, Bruney sultanı və sənətə vəsait ayıra biləcək başqa adamlar. Nəşr edilən kataloqlarda şərq aləminin rəssamlarına sanki bilərəkdən yer ayırmırlar. Onda niyə də imkanı çatan şərq milyonerləri alternativ kataloqlar nəşr elətdirməsin ki? Məncə bu kataloq zənginliyinə görə avropalıların nəşrindən heç də geri qalmaz. Bu gün azərbaycanlı rəssamlar müasir durumda çıxış yolunu xaricdə işləməkdə görür. Fikir verin, sənətini dünyaya göstərməkçün yox, bir parça çörəyə görə getməli olur.
- Bəs yeniləşmək, tapıntıları arxada qoyub tamam başqa tərəfə getmək istəyi olurmu? İndiyədək tanınan, artıq özünü tapmış Qəyyurdan aralanmaq, fərqli işləmək, yeniləşmək…
- Elə şeylər var ki, mənim özümdən asılı deyil. Xislətində varsa proses gedir. Təbii mən də rəssamlıq aləmində baş verən yeniliklərdən, düşüncə tərzlərində xəbərim olur. Bu saat Avropa islama meyl göstərir, araşdırmalar aparır. Misirdə, İranda, Türkiyədə Surayada, İrakda gözəl rəssamlar var. Onların adı müsəlman rəssamları kimi gedir. Mən də bu qisimdən sayılıram. Daha doğrüsü məni müsəlman rəssamlarının sırasına daxil eləyiblər. Dediyiniz sintez, yəni şərq və Qərbi birləşdirmək istəyi onların hamısında var.
- Bizdə Qara Qarayev ömrünün sonuncu dövründə dodekafoniya üslubuna keçdi. Bu əlbəttə ki, əvvəl yaratdıqlarının bədii dəyərini yerə vurmadı. Amma bir çox bəstəkarlar bunu qəbul eləyə bilmirdi. Bu tamam fərq üslublu yolu bəstəkar özü seçmişdi.
- Qarayev böyük sənətkardı. O, hiss eləyirdi ki, bunu eləmək lazımdı. Onda millilik elə dərinlərdədi ki, araşdıra bilmirik. Amma Qərb bəstəkarı ona qulaq asan kimi bilir ki, bu Şərq musiqisidir. Amma nə qədər dünyavidir. Bizdə nədənsə dünyavi deyən kimi hamı Qərbi nəzərdə tutur. Qərb aləminin formalarını istifadə eləyən kimi sənətkar dünyavi olmur ki! Şərqin öz ifadə forması var, qərbin özününkü. Mənim tablolarıma xristian aləmindən kimsə baxırsa o, özünə məxsus, daha doğrusu şərqə məxsus dəyərləri həmən görür. Əcnəbi gəlib görsə ki, Azərbaycanda kimsə Pikasso kimi işləyir, ona tamam maraqsız olacaq. Yaxud rəssamlıqda konseptualizm cərəyanı var, Almaniyadan çıxıb. İndi bizdə də bu üslubda işləyənlər var. Belə əsərlər heç baxılmır, çünki çeynənmiş məsələdi. Amma bizim Şərqə məxsus, İslamla bağlı öz düşüncə tərzimiz var. Bunu ortalığa çıxarmaq lazımdı. Qərbin özünü də yalnız bu maraqlandırır.
- Bu günki zamanda cəmiyyətdə rəssamın rolu və yerindən razısız?
- Vallah, mən heç öz yerimi dəqiq bilmirəm. Məsələn, mənim 60 illik yubileyimi Mədəniyyət Nazirliyi eləməliydi, eləmədi. Artıq il qurtarmaq üzrədi, Rəssamlar İttifaqı heç barmağını tərpətməyib. Fevral ayında yubiley sərgisi eləmək bardə yazılı müraciət eləmişdim. İndi mən yerimin harda olduğunu necə bilim? Moskva mənə bunlardan artıq hörmət eləyir. Bu yaxında Moskva keçmiş sovet məkanı ərazisini əhatə eləyən böyük bir reytinq kitabı buraxıb. Ən yüksək yerlərdən birində mənim adım dayanır. Reytinqdə birdən yeddinci səviyyəyə qədər kateqoriyalara bölünüb. Birinci səviyyədə klassiklər Repin, Kramskoy, Şaqal, Kandinski, Maleviç kimi rəssamlar durur. Mənim adım Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyovla birgə 3-cü səviyyədədir. Bizim rəssamlardan qalanları sonrakı katoqoriyada yerləşdirilib. Mən Avropanın da reytinqində 3-cü səviyyəsindəyəm. Respublikadan kənara çıxanda heç kim xalq rəssamısan, ya yox ona baxmır, əsərə baxır.
Burda məni sayan var?! Rəssamlar İttifaqında sərgimi eləməkçün məndən pul istəyirlər. Halbuki İttifaq özü mənə borcludur. 1989-cu ildə 5 əsərimi Amerikaya yolladılar, arada itdi-batdı. İndiyədək pulunu ödəməyiblər. 3 əsərimi də Rusiyaya yollayıblar, hələ xəbər ətəri çıxmayıb. Mədəniyyət Nazirliyi yubileylə bağlı sərgi keçirib kataloq buraxdırmalıydı. Mənə muzey mərkəzində heç yer vermədilər. Planımız tutulub, nə bilim nə. Berlinin ən böyük muzeylərindən birində yeganə azərbaycanlı rəssamam ki, əsərin ekspozisiyada asılıb. Başqa muzeyləri heç demirəm. Burda mənə o qiyməti kim verir? 3 il əvvəl fərdi sərgim oldu, Mehriban xanımın köməkliyilə. Mən hər dəfə ona müraciət eləməliyəm ki, sərgi keçirilsin? Bəs dövlət orqanı nə üçündür? Onsuz da yubileylər və sair tədbirlərə dövlət büdcəsindən vəsait ayrılır. Belə danışmaq istəməzdim. Amma neynək ki, ağlamayan uşağa süd vermirlər.

Əlbəttə, Qəyyurun əsərlərdəki həqiqətləri gələcək nəsil daha yaxşı görəcək. Sanki sehrli çubuğun əmriylə yaranan tablolara baxanda düşünürsən ki, müasirliyin xəstə fantaziyaları, gecə qorxuları, tənhalıq xofu və həyatın fani olduğu barədə bədbin fikirlər hardan qaynaqlana bilər? Qəyyurun çəkdiyi gözlər sizə danışacaq ki, bütün bunlar insan fantaziyasının dolanbaclarında ilişmiş lazımsız emosiya tullantısıdır. Qəyyur Yunusun rəsmlərinə baxın və qoy sizi onun məleykələri ruhi əzablardan qorusun. Daha bir işıqlı mif, əfsanə! Bundan sonra o dünyaya da, axan süd göllərinə də, cənnətə də inanmağın gəlir. Əməli salehlərin yaşam tərzini çəkən rəssamın obrazları bunu fasiləsiz danışır.
P.S. Mənim şəxsi kolleksiyamda Qəyyur Yunusun hədiyyə verdiyi bir neçə rəsm var. 3 yaşlı balaca Vüsal hər dəfə bu portretlərdəki müxtəlif, amma bir-birinə çox bənzəyən qadınlara əlini uzadıb «ana» deyir. Bəlkə bütün körpələrə bu qadınlar anası qədər doğma və mehriban görünür…

Qəyyur Yunusun işləri >>>>>

Qəyyur Yunus: «GƏRƏK MƏN HƏYƏTDƏKİ QOYUN DƏRİSİNİ GEYİNƏM, SİZSƏ AĞ ÖRPƏKLƏ QIRMIZI ŞƏRF ÖRTƏSİNİZ»