Milliyəti, sərhədi və dili olmayan dövlət


Burda heyvanla da adam kimi davranırlar

Rəngbərəng parçalardan tikilmiş “araba” çöllüklə ağır-ağır irəlləyir. “Arabaya” bağlanmış heyvanlar da həmin tempdə yeriməyə məcburdu. İçindəki adamlar yəqin ki, yuxulayır. Növbəti dayanacaqda şəhər sahibiylə, yerli hakimiyyətlə razılığa gəlməkçün onlara çoxlu qüvvə lazım gələcək. Camaatsa bilir ki, həmin “araba” şəhərə gəlirsə, toy-bayram olacaq...
Fotoda təsvir olunan qaraçı köçü, nə də teatr tarixindən səhnələrdi. Şəhəri sevindirməyə gələn Sirk idi. Sirk indi də köçəri keçmişiylə üzülüşməyib. Amma sivlizasiya inkişaf elədiyindən daha açıq havada çadır qurmur. Gələndə rahat manejdə təchizatlı binada çıxış eləməyə üstünlük verir. Bizim də Sirki qəbul eləməyə gözəl və əzəmətli binamız var.
Əvvəllər, yəni 1904-cü ildən Sirk Tarqovudakı taxta binada otururdu. O bina yanandan sonra -1928-1929-cu illərdə indiki hökumət evinin qabağındakı aptekin yerində yenı də taxtadan sirk tikilib. 1967-ci ildə yeni Sirk inşa olunub. Təzə binanın memarı Ənvər İsmayılovdu. Sirk daxili ritmiylə, öz həyatıyla yaşayır. İndi sirkdə passiv sezondu, yəni o, qonaq gözləmir, sadəcə heyvanların əhliləşməsiylə məşğuldu. Sirkin direktoru Maqbet Bünyadovsa jurnalistin suallarını cavabsız qoymamaqla...


SİRK TEATR DEYİL


- Bizim milli musiqimiz, milli teatrımız, milli rəssamlıq məktəbimiz var. Bəs milli sirkimiz necə?
- Əlbəttə. 1945-ci ildə Ü.Hacıbəyovun təşəbbüsüylə yaranıb. Rejissoru - Soltan Dadaşov, dirijoru –Səid Rüstəmov, baletmeysteri - Əminə Dilbazi olub. Əminə Dilbazi indi sirkin canlı ensiklopediyasıdı. O vaxtkı sirk repertuarı xalq oyunları, güləş, toy mərasimi...olub. Dünyanın ən məşhur sirk ustaları-Monte Karlo laureatı Çijov, dünyada anoluqu olmayan Marqarita Breda Bakıda çıxış eləyiblər. Həmin o Çijovun indiyədək oynadığı nömrənin musiqisini Tofiq Quliyev yazıb, rəssamı Toğrul Nərimanbəyov olub. Tofiq Axundov sirki, İsrafilov sirki öz proqramlarıyla dünyanı dolaşır. Heç bir sirkin öz kollektivi olmur. Sirkin nə milliyəti, nə dili, nə sərhəddi var. Sirk aktyorunun anası erməni, atsı türk və başqa milliyət ola bilər.
- Sirk məktəbimiz varmı?
- Yox, keçmiş müttəfiq pespublikaların heç birində yoxdu. Məktəb yaratmaq çox böyük problemdi. Xoreoqrafiya məktəbinin nəznində nəsə eləmək olardı. Amma tutalım, bir-iki il buraxılış oldu, bəs sonra? Sirk- konversiyadı, qaraçı kimi bir ölkədən o birinə gəlməlidi. Gəldi, çalışdı, oynadı və hamı gördü. Tamaşaçı bir şeyə bir dəfə baxar, ikinciyə gəlməz. Sirk artistləri ömrünü sirkə bağışlamış ailələrdə yetişir. Məşhur dinastiyalar var: məsələn, Şirvanilər, Xosrov Abdullayevin ailəsi...Hərəsinin də öz profili: kimisi cigitdi, kimisi akrobat.
Sirk teatr deyil. Teatrda cılız bir aktyor - əlbəttə ki, əgər qabiliyyəti varsa-cəngavər rolunu oynaya bilər. Teatrda Koroğlular, Babəklər yaratmaq olar. Amma sirkdə ən azı cəngavər olmalısan. Burda bir saniyə gecikmənin sonu ölümdü. Teatrda aktyor bir dəqiqə geciksə tamaşaçı heç nə hiss eləməz.

CAMIŞ TƏKÇƏ AZƏRBAYCANDA ƏHLİLƏŞİR.

- Heyvanları hardan gətirirsiniz? Yəqin ki, ova çıxmağa ehtiyac olmur.
- Moskva Sirk Birliyi var. Sovetlər dövründə ora tabe idik. İndi müstəqil ölkə kimi onlarla müqavilə bağlayıb heyvanları gətiririk. Hərə öz heyvanıyla çıxış edir. Camış kimi tənbəl bir heyvanın əhliləşməsi bizdə olub. Ən gec əhilələşən qoyundu. Demək olar, hər dəqiqə özünü itirir. Ona görə küt adamlara “qoyun” deyirlər. Bəzən olur ki, heyvan dressuraya yatmadı. Deməli, sahibindən ayrılmalıdır.
-Faciəvi hallar olur?
- Olur. Yırtıcı, güclü heyvanlar içənləri heç sevmir. 1990-cı ildə olmuş hadisəni danışmaq istəyirəm. Rusiya sirkinin İstanbulda qastroludu. Ora bomba atdılar. O vaxt Cəmilə Şirvaninin də çox heyvanı həlak oldu. Almaz adlı begomotu isə dəli olmuşdu. Vəziyyəti sakitləşdirmək üçün məni hadisə yerinə göndərdilər. Burdan bəzi heyvanları aparmalı olduq. Gərək ki, Fedotovun proqramıydı. Onun filə baxanı filin yanına sərxoş gəlmişdi. Fil onu ayaqları altına salıb öldürdü. Sonra.. . Beqbudi öz filini incitmişdi. Sonra isə nə qədər çalışdı, fil onu bağışlamadı. Beqbudi də məcbur olub onu satdı. Antalyada olanda Beqbudiyə oxşayan bir tamaşaçını görən fil ipə-sapa yatmırdı. Fedotov məni kənara çəkib dedi ki, o adam zaldan çıxmasa, fil heç kimə tabe olmayacaq. Türk də demaqoqun biri çıxdı: “Abi, mən niyə çıxmalıyam”-deyib tərslik eləyirdi.
- Bəzən deyirlər insanları əhilləşdirmək çətindi...
- Çox kobud məsəldi. Amma heyvanlar insanlardan vəfalı çıxır.

“BİRCƏ SİRKİM ÇATMIR...”


-Uşaq vaxtı baxdığım sirklərin əksəriyyətində qastrola gəlmiş Sirkin palazı bizim manejdən kiçik olurdu. Bunu belə izah eləyirdilər ki, Bakı sirkinin maneji ən böyük manejdi. Həqiqətən belədi?
-Bakı sirkinin maneji Avropada dördüncüdü. İndi də səhnə təchizatı, texniki imkanları çox sirklərdən üstündür. Həm də günbəzi çox hündürdü. Bəzən bura gələn məşhur artistlər də heyrətlənir. Bir də gördün 25-30 metrdən artist şırıppıltıyla gəldi yerə. Bir dəfə ışığımızı kəsmişdilər. Akrobat qız saatlarla soyuğun qabağında qaldı. Nərdivan deyil ki, düşə bilsin.
Sirkdə işləmək əsl fanatizmdi. Çox təəssüf ki, bəzən adamlar “bircə sirkim çatmırdı” ifadəsini işlədirlər. Sirkdə hər adam ömür, can saxlaya bilməz. Sirkin görünən və görünməyən tərəfi var. Artist ömür boyu topaladığı gücü, canını, enerjisini tamaşaçıya satır. Sirk aktyoru qeyri-professionallığına canlıya cavab verir. Yaşlı sirk ustalarımızdan ip üstündə məşhur rəqsin ifaçısı Şəfiqə Baxşəliyevanın indi 70 yaşı var. Üç-dörd yerdən ciddi sınıqları olub. Hələ də fəxri ada layiq görülməyib. Amma o qədər adamlara ad veribler ki...
-Bu qədər fanat insanı haradan tapıb bir yerə yığırsız?
- İnanın mənə, bizdə bir nəfər də işdən çıxan adam yoxdu. Siz də üç ay burda işləsəz, qoşulacaqsız bizə. İş elə gətirib ki, sirkin tarixində də direktorlarının sayı da az olub. Ölübsə, yerinə başqası gəlib. İşdən çıxarılanı yoxdu.

YAXIN ŞƏRQİN YEGANƏ SİRKİ


Sirkin binası elə yerdə və elə görkəmdədi ki, onu başqa birisiylə səhv salmaq olmur...
-Çox unikal binadı. Təmir işləri aparmaq istəyirik. Əgər şəhərin meri Hacıbala müəllimin bizə yazığı gəlsə. Axı sirk Bakının sirkidi. Bu binanı da mer qorumalıdı.
- Sirki sökmək istəyən yoxdu ki?
-Ola bilər, istəyən olsun. Yeri yaxşıdı, zalı auksion eləmək olar, xüsusilə maşın ticarətiyçün əlverilişdi. Türkiyənin sirki yoxdusa, azərbaycanınkı niyə olsun? İranda da yoxdu. Bakı sirki Yaxın Şərqdə yeganə sirkdi. Amma ətrafdakı binalar tikilməsydi, daha yaxşı olardı. İstər-istəməz sirkin fasadını örtür. Əvvəl hardan baxsaydın, sirk görünürdü. Pul aludəsi olanların hərdən gözləri bağlanır, ətrafı görə bilmirlər. Şəhərin abad yerlərinin səfirliklərə verilməsi şəxsən mənə toxunur. Səfirlik bina tikəcəksə, ona tör-töküntü yer də vermək olar ki, abadlaşsın. Abad yeri mənə də versələr düzəldərəm.

SİRK DİLİNDƏ SONLUQ...


-Lap ciddi mövzulara gedib çıxdıq, heç klounlardan danışmadıq...
-Həmişə klouna məzhəgəçi kimi baxıblar. Danışıq klounu da var, hərəkət klounu da. Sirkin dili yoxdu, amma onu hamı başa düşür
-Siyasi klounlar hələ əmələ gəlməyib?
-(Gülür)Siyasi klounların sirk arenasında nə işi var, onlar televizora çıxır...
Sonra fəxrlə sirkin nəznində təzəcə təşkil olunmuş Bakı Dövlət Arena Orkestrinin yaranmasından, irəlidə gözlənən konsertindən danışır. “Avropa” nın oxucularına təzə xəbər də verir: sentyabr ayında Bakıya Çin sirki gəlir. Ev sahibi indidən hazırlıq görür. Bunlar hamısı passiv, “ölü” sezondakı işlər, sirkin elə görünməyən tərəfidi. Maqbet müəllim qonağını yola salanda narahatlıqla:
-Nə yazacağınız məni harahat eləmir. Amma xahiş edirəm “sirk dilində” olsun-deyir.

“Avropa” qəzeti
23 – 29 iyun 2001