Rəssam Zakir Hüseynov yaradıcılıq əzabını sərçələrlə bölüşür

Uşaqlıqda “üçölçülü
dünyada yaşayırıq” cümləsinin alt qatındakı mənanı heç cür anlamırdım.
Əşyanı ancaq eninə və uzununa ölçə bilirdim. Onun hündürlüyünü də ölçməyi
öyrədib predmetlərin fəzadakı yerini mənimçün dəqiqləşdirdilər. Sonradan
musiqidə qammanın üç əsas səs üstündə qurulduğundan hali oldum. Nəhayət,
əsas üç rəngi müxtəlif nisbətlərdə bir-birinə qatıb başqa rənglərin alınmasını
da mənə göstərdilər. Bircə insanları necə “ölçməyi” göstərən olmadı. Onu
özüm öyrəndim. İnsanları zamanla ölçürlər. Çünki hər bir canlının dünəni,
bu günü və mütləq(!) sabahı olur...
DÜNƏNİ...
Rəssam Zakir Hüseynovun dünəni Əmircanda başlayıb Səttar Bəhlulzadə başlayan
yerdə. Ordan Qəyyur Yunus, Akif İsgəndərov, Soltan Qarayev, Eldar Şəfiyev
də başlanğıc götürüblər. Zakir deyir:“İndi rəssamlar azalıb. Rəssamlığı
qurtaran hər yüz nəfərdən ikisi rəssam olur”. Görəsən, özü rəssamlığa
necə gəlib?
Əvvəl Əmircandakı Pionerlər evində rəsm çəkib. Pionerlər evinin pəncərəsindən
görənən buruqları, neft mənzərələrini, Bakı bağlarını fırçaya alıb. Onları
indəyədək çəkir. Amma rəsmdəki o cür Abşeron evlərini heç özü də görməyib.
Onlar İtaliya, İspaniya filmlərindəki ağardılmış evlərə daha çox bənzəyir.
Abşerona heç xas olmayan bir peyzaj.
- Bu yaxınlarda dostum Pirallahıya gedibmiş. Həmin o mənzərələri, o cür
evləri orda görüb. Deyir, lap Zakirin mənzərələridi, durub.
Çeynənmiş bir ifadə var: “Rəssam gördüklərini kətana köçürür”. Əsl rəssam
gördüyünü yox, duyduğunu çəkir. Təkcə gördüklərini çəksəydi, rəssamlığın
ömrü fotoaparat kəşf edilənədək sürərdi.
- Əmircandakı evimizin pəncərəsindən görünən qonşu evin rəsmini çəkmişdim.
“Yanpörtü” Ay ətrafında işıq saçırdı. Qəribədi, bir neçə ildən sonra həmin
pəncərədən məhz o cür Ayı görə bildim.
Ə. Əzimzadə adına rəssamlıq məktəbini parça rəssamı kimi bitirib. “Laxlama
dövründə” “Leonardo üslubu”, xətti rəsmlə maraqlanıb. Diplom müdafiəsinə
kilim toxuyub.
- Bilirdim ki, parça işləyən deyiləm. Bilikləri də özüm müstəqil toplamışam.
Axı biz heç naturayla da işləməmişik.
Təhsil vaxtı damaya düşməyi öyrənsə də, yod zavodunda rəssam işləyən vaxt
damaya düşə bilmədi ki, bilmədi.
- Plakat, şüar, elanlar... Həvəssiz çəkdiyimdən yazdığım hərflər də əyri-üyrü
alınırdı. Ayda 80 manatçün düz bir il orda işləmişəm.
O vaxtdan da azad rəssamdı. İşi-peşəsi sərgiləri “güdməkdi” ki, orda əsərlərini
göstərə bilsin.
“Lobiirnt art” qrupuyla birlikdədi. Yığışıb aksiyalar keçirirlər, gah
təbiəti qorumağa, gah da gənc və istedadlı olduqlarını bir daha aktiv
formada göstərməyə çalışırlar.
- Biz bir-birimizi tamamlayırıq. Elə düşünürdüm ki, başqa qruplar da yaranacaq.
Amma yaranmadı. Yəqin bir yerə yığışmaq asan deyil. Zarafatla özümüzü
“alfa qrupu” adlandırıram. Bir tədbir olan kimi bizi “səfərbər eləyirlər”.
Hərdən qiyam da qaldırır. Cavan və təbii ki, pulsuz rəssamları işlərini
dəyərsiz, ucuz satmamağa çağırır.
- Bilirəm, caamatın maddi vəziyyəti yaxşı deyil. Onsuz da işləri bizimkilər
yox, xaricilər alır. İşin qiymətini saldıqca bizim də dəyərimiz düşür.
Dünənində hələ çox şey var. Ən vacibi rənglərdi, məhz özünün tapdığı,
tanıdığı rənglər...
Onlardan hələ danışmayacam. Çünki rənglər dünənində də, bu günündə var,
hələ sabahında olacaq.
BU GÜNÜ...
Bu günü emalatxanasında keçir. Çəkilib öz mağarasına, gecə-gündüz işləyir.
Gəlib gedənlər rahat qoysa... Hamı bilir ki, Zakirin çayı həmişə dəmdədi.
Qapısını döymüş dostuyla bir-iki gəlmə danışmağa, üzünə xoş baxmağa gücü
çatar. Bu gün də saat ondan çayı dəmləyib jurnalist qonağı gözləyir.
- Sonra deyərsən... lap gedib yazarsan ki, soyuq çay verdim. Qorxuram
sizlərdən. Rəssamları incitmək asandı. Axı biz incəyik.
Görəsən, jurnalist azad rəssama neynəyə bilərmiş? Diktafonu çıxarıb stolun
üstünə qoymaqla Zakirin durub qaçmağı bir olur. Arxasındakı rəsmlərə tərəf
çəkilib elə bil onlardan imdad istəyir.
- Bircə onunla yox, yığışdır diktafonu. Mən bəzən lazım olanda da kameraya
danışa bilmirəm. Onsuz bəyəm danışmaq olmaz?
Diktafon video kamera kimi göstərə bilmir. Deməli, sözlə təsvir eləmək
lazım gələcək. Müəllif ekspozisiyanı tez-tez dəyişməyi sevəndi. Eyni mıxdan
gah kiçik rəsmlər asılır, gah iri Abşeron peyzajı otağa “mavilikdən qoparılmış
balıq” iri stolun üstündə divarın cansız rəngini canlandırır. Bu gün nədənsə
işlərin çoxu ortalıqdadı.
- Tamamlanmamış işlərdi, hələ onları çox işləyəcəyəm.
Üst-üstə işləməyi sevir. Tərəzinin üstündə qadın çəkir, bəyənmir – dəyişib
ağacları çəkir. Eləcə, istədiyini alanacan... Divardan yeni bir iş asılıb.
Qara mazutlu neft konteynerləri rəngarəng rəsmlər arasından seçilir.
- Sovet dövründə belə şeylər çəkməzdim ki, deyərlər yaltaqlanır. O qədər
neft buruğu, fəhlə çəkiblər ki... Mənimsə uşaqlığım buruqların arasında
keçib.Birdə nəyi çəkmək yox, necə çəkmək daha önəmlidi. Bəzən illərlə
bir ideyanı içində gəzdirirsən, amma çəkməyə gücün çatmır.
Nu üslubunda (Nu – fransızcadan tərcümədə çılpaqdeməkdi) qadınları qəribədi.
Elə bil boyun qadının dizindən də aşağıdı, sən də ona aşağıdan yuxarı
baxırsan. Gözlərin qaraldığından heç üzünün cizgilərini də görmürsən.
- Hündür qadınları çəkmək mənə ruhən daha yaxındı. Onlara müxtəlif perspektivdən
baxıram. Bəzən real da çəkirəm ki, bu qadınları görəndə çaşmasınlar. Əgər
fərqli baxış bucağı kimisə təəccübləndirirsə, deməli, kubik adamlar çəkən
Pikasso da xəstədi.
Pərdə arxasından güclü cikkilti gəlir. “Sərcə saxlayıram” deyəndə azad
quşu qəfəsdə necə saxlaması barədə tələsik düşünməyə məcbur oluram. Pəncərəyə
yaxınlaşırıq. Sərcə çöldə xüsusi hazırlanmış yerdə çörək qırıntısı dənləyirdi.
- Ora çörək qoyanda göyərçinləri cəlb eləmək istəyirdim. Sonra dedim,
heç olmasa, sərçələr gəlsin. Əvvəllər onlar da gəlmirdi. Rəsmdə işim alınmayanda
lap əsəbləşirdim ki, heç sərçələr də çörəyimi yemək istəmir. Sonralar
gəlməyə başladılar. İndi yaradıcılıq əziyyətimi mənimlə bölüşürlər.
- Əziyyət niyə olur axı? Dünyada milyonlarla adam istəmədiyi işlə məşğuldu.
Əziyyət bax, budu.
- Olur ki, örəyin qırmızı istəyir. Bu rəngi o birinə qatmalısan, vəssalam.
Rəssamçün bu nisbəti təyin eləmək avtomatik baş verir. Eləyirsən, kətana
vurursan – o rəng deyil. Elə bil, səninlə o rəng arasında nəsə çatışmır.
Adamı lap ağlamaq tutur. Mən bu əziyyəti deyirəm.

...VƏ SABAHI
Deyəsən, rənglərdən danışmaq məqamıdı.Rənglərlə çəkdiyi əzabı yəqin ki,
ömürlükdü. Bəlkə də dünənində olduğu kimi rəsmlərini yandıracaq. Amma
inanıram. Çünki incəsənətə və rənglərə münasibəti dünənində olduğu kimi
ola bilməz. Səhvlərini də özü qazanıbsa, onları məhv eləməyə əli gəlməz.
Şəxsən mənim beynimin rəng kataloqunda “Zakirin yaşılı” adlı anlayış var.
Yaşılı da, bənövşəyini də, moruğu rəngi də yaman sevir.
O dövrdə yaratmasa da, sovet rəssamlığından nostalji hissiylə danışır.
Bəlkə ona görə ki, o vaxt rəssamlar rəngi yeşiklə, kətanı rulonla ala
bilirdilər. Ola bilər ki, böyük işlərə ehtiyac onu belə danışmağa məcbur
eləyir. Böyük işlərə rəngdən başqa böyük güc və böyük ürək də lazımdı.
- Deməli, mənim içimin tələbi budu. Bəzən deyirlər, maşının varsa, elə
bil, ikinci ailə saxlayırsan. Rəssamlıq da elə. Məncə, kimsə oturub çəkirsə,
ona artıq Nobel mükafatı vermək lazımdı.
Bəlkə ona görə evlənmir. Yəqin ikinci ailəyə gücü çatmır.
Deyəsən, sona yaxınlaşırıq.
Amma sabahın sonu hardadı – bunu biz bilmərik.
Sabahı sona yetənəcən onun işləmək şansı var. Hər yaşanmış gününü dünəninə
qatıb Allahdan bir gün də diləyəcək ki, çəkə bilsin.
- İnsan özünü təsdiqləməlidi. Evlənməsəm, maşınım, ev-eşiyim olmasa da
olar. Amma bunu eləməsəm (bayaq diktafondan qaçıb pənah gətirdiyi molbert
və rəsmlərinə əlini uzadır), nakam köçərəm dünyadan. Ruslarda bir məsəl
var: “Один в поле не воин”. Mən indi bilirəm ki, bu belə deyil. Bir nəfər
də döyüşçüdü. Tək hər şeyə qalib gəlmək olar. Mən indi özümü meydanda
tək qalmış döyüşçü kimi hiss eləyirəm.
“Avropa”
qəzeti
23 – 25 yanvar 2001