A.Şaiq adına Kukla Teatrının həyat və yaradıcıqından bir səhifə
Dəniz sahilində bir bina var, vaxtilə şəhərə gələn gəmiləri qarşılayıb.
Deyirlər, sonralar kazino olub. İndisə kukla oyunlarına tamaşaya gələn
uşaqları əyləndirməklə məşğuldu. Bir vaxt binanın naxışlarının, barelyeflərinin
üstünü əhəngləyəndə mənə yaman yer eləmişdi. Toğrul Nərimanbəyovun divar
rəsmlərindəki məşhur narları “partladıqca” içindəkilər dənələnib uşaqların
üstünə “səpələnir”. Bu binanın nə çölündə, nə də “daxili aləmində” baxılası
və yazılası bir şey var. Aralanmış taxtalar, solmuş rənglərdən deyil
bu yazı. Bunlar hamısı düzələndi. Çünki binanın əsaslı təmirinə hazırlıq
işləri gedir. Bu yazı kuklaların doğulduğu yer haqqındadı.
KUKLALARIN QƏZETLƏRLƏ QOHUMLUĞU VAR
Test imtahanları vaxtı anketdəki “doğulduğu yer” sualı qarşısında “Əzizbəyov
adına doğum evi” yazılar da vardı. Kuklalara pasport verilsəydi doğum
yeri qrafasında “A.Şaiq adına Kukla Teatrı” yazılmalıydı. Kuklaların
“doğuş prosesində” teatrın rəssamı Sənubər Səmədova köməkçimiz olacaq.
Prosesi izləmək arzumu bildirəndə elə telefondaca “Onda tələsin, bir
neçə gündən sonra qəlibləmə işi bitəcək. Bu, baxılası prosesdi” dedi.
Nədənsə mənə belə gəlirdi ki, Kukla Teatrının arxa qapısı yoxdu. Amma
varıymış. O qapıdan girən kimi solda butafor sexi yerləşir. Kuklaları
burda düzəldirlər. Sənubər xanımla söhbətimiz, əlbəttə ki, kuklalar
haqqındadı.
- Telefonda kuklaların doğulmasını, səhnə arxası işləri görmək istədiyinizi
deyəndə ilk əvvəl beynimə bu fikir gəldi: tamaşaya baxanda uşaqlar sevinir,
gülür, oynayır. Bura əsl cənnətə çevrilir. Amma səhnəarxası iş əsl cəhənnəmdi.
Onu görənlərdən başqa heç kim bilmir ki, bu, necə əzab-əziyyətdi.
Taxta pillələri qalxıb butafor sexinə giririk. Tozlu işlərçün ayrılmış
otaqda qəlibləmə gedəcək. Əvvəl kuklanın gil eskizini yapırlar. Gildən
başı və əlləri olur. Sonra gilin qipsdən qəlibini çıxarırlar ki, onu
materiala köçürmək olsun. Nə qədər qəribə olsa da, material rolunu adi
kağız və qəzetlər oynayır. (Bu yazını çap eləyən qəzetin bir müddətdən
sonra kuklanın sifəti olmaq şansı var.)
KUKLA “UJAS”I
- Xaricdə kuklaları müasir materiallar, rezin, plastmasdan qayırırlar.
Onların ömrü də uzun olur. Bizsə qəzeti bişmiş nişastayla isladıb bir-birinə
yapışdırırıq. Bu üsula “papye maşe” deyilir. Fransız sözüdü ( papye
– kağız, maşe – xırdalamaq deməkdi). Material təbii olduğuna görə nişasta
qurdu kuklaları yeyir.
Bu sözləri rəfdəki göyçək, amma çənəsi dəlik-dəlik olmuş kukla başını
tərpənməklə təsdiqlədi.
- Bu günlərdə Moskva televiziyasında kuklalar haqqında veriliş verdilər.
O qədər yeni söz eşitdim ki... Sən demə, onlar bir neçə kukla hazırlayandan
sonra hamının gözü qabağında qəlibləri sındırırlar ki, kopyasını çıxartmaq
mümkün olmasın. Bununla da həmin kukla yeganə olduğuna görə qiymətə
minir. Söhbət 3000-4000 dollardan gedir. Həmin kuklanın pasportu, adı-sanı
– hər şeyi olur.
- Bəs bizim kuklalar neçəyə başa gəlir?
- Bizdə bütün tamaşanın hazırlanmasına bir milyon manat sərf olunur.
Bir milyona dekorasiya, kuklalar, geyimləri – hər şeyi daxildi.
“XOŞBƏXTLİYİNİ ÖZÜN
DÜZƏLT”
Çantasından kiçik bir əl çıxardır. Əlbəttə ki, gildən yapılmış bir əl.
Üst-başını batırmamaqçün uzun yun köynəyini əyninə keçirib çırmalayır.
Kuklalar hissə-hissə doğulur. Bu gün əlin növbəsidi.
- Axı Allah da insanı gildən düzəldib. Belə rəvayət var ki, Allah Adəmi
yaratdıqdan sonra bir parça gil artıq qalır. Adəm o gili Allaha uzadıb
“bundan mənə xoşbəxtlik düzəlt”. Yaradan “xoşbəxtliyini özün öz əllərinlə
yap” deyə gili geri qaytarır. O vaxtdan da Adəm övladları gilə etinasız
qala bilmirlər. İnsan əlinin toxunduğu şeylərə xasiyyət ötürmək qabiliyyəti
var. Bəzən kuklanı yaparkən kimisə, məsələn, Aygün Kazımovanı düşünürsənsə,
sonra o kuklaya baxanlar “necə də Aygünə oxşayır” deyirlər. Mənsə onu
yapmağı düşünürdüm. Yaxud əksinə, pis şey fikirləşmişəmsə, o kukla çox
kobud, yapışıqsız alınır.
Hər bir iş kimi kuklalar da sevgi, təkcə əllərinin yox ürəyinin də istisini
tələb edir. Axı Allah da hər şeyi sevgidən yaradıb.
Sənubər xanım kiçik gil əli kartonun üstünə yerləşdirir. Gipsdən həlim
hazırlayıb üstünə tökür. Bir qədər qurulmağını gözləyir.
- İxtisasım xalçalıqdı. Teatra təsadüfən gəldim. Sonra burdan çıxıb
gedə bilmədim. İldə heç olmasa bir dəfə şələ-şüləmi yığıb gedirəm. Amma
alınmır. Çağırıb başımı tumarlayırlar, mənim necə lazımlı olmağımı bir
də təsdiqləyirlər. Mən də qalıram. Bura yaxşı mənada bataqlıq kimidi.
Səni heç yerə getməyə qoymur.
Sənubər xanım danışa – danışa gil əli çıxarıb yaxınlıqdakı vannaya tullayır.
- Onu yenidən işlətmək olarmı?
- Əlbəttə, bu gillərin üstünə bir vedrə su atıram, vəssalam.
Görən, Allah da insanı yapdığı gili yenidən emal eləyirmi?...
“ONLARIN CANLI OLMASINA MƏN DƏ İNANIRAM”
Gips qəliblər quruduğdan sonra onu qonşu otağa ötürürlər. Orda Xanım
xala “papye maşe” üsuluyla əlləri canlandırır. Özü də gileylidi:
- O qədər soyuq nişastayla əlləşirəm ki, evə gedəndə də canım qızmır.
Nişastanı qızdırmağın da nə mənası, onsuz da bumbuz otaqda o saat soyuyur.
Hələ ki, Xanım xalanın əlindəkilər kuklaya bəzəmir. Başını, əllərini
düzəldəcəklər, üstünə tənzif çəkib qruntlayacaq və makiyajını çəkəcəklər.
Axırda geyindirəcəklər, əl-ayağını, çənəsini tərpədəcək mexanizmləri
quracaqlar ki, kuklalar danışa bilsin.
- Əlbəttə, birinci fikir olmalıdı. Sonra o fikri beynində xeyli “çeynəyirsən”,
canlandırırsan. Bu prosesi beynində bitirmisənsə, materiala köçürülməsi
asandı. Həm də bu kuklalar sevinc gətirir axı. Elə buna görə də buranı
atıb getmək olmur. Sənin düşündüyün, sonra düzəltdiyin kuklalar səhnədə
qol açıb oynayır, gülür, güldürür. O vaxt mən özüm də onun canlı olduğuna
inanıram.
Məsələ
Sual: 200 nəfərlik zalı olan Kukla Teatrında tamaşaya 97 bilet satılıb.
Biletin qiyməti 2000 manatdı. Kassanın 3 faizinə bərabər məbləğdə qonorar
alan müəllif hər tamaşadan nə qədır qazanır?
Cavab: Müəllif hər tamaşadan 5820 manat qazanır.
KUKLALARI BOĞAZINDAN
ASIRLAR
Kuklaları rekvizit otağında saxlayırlar. Burda “Göyçək Fatma”nı təndirə
yox, sandığa salıblar. Hələ onun bəxti xeyli gətirib. Çünki o biri kuklaların
hamısını boğazından asıblar, özü də sırayla. Burda onlar gülmür, danışmır,
gözlərini bir nöqtəyə dikib durublar.
Rekvizit otağı və butafor sexi arasında bir qapı da var. Bu qapı səhnənin
arxasına aparır. Bir neçə pillə qalxıb səhnədən zala baxmaq olar. Sənubər
xanımın təsvir elədiyi “cənnət” və “cəhənnəmin” sərhədləri burdan keçir.
Boş zalın və boş səhnənin nəsə öz cazibəsi var. Həmin o “cənnət” və
“cəhənnəmin” sərhədi indi çox şəffafdı. Səhnə dekorasiyayla, zal uşaqlarla
dolanda isə bu sərhədin “şlaqbaumu” aşağı düşür. Amma sərhədi biz böyüklər
görürük. Körpələr onu nəinki görmür, heç qəbul da eləmirlər. Ona görə
də qəhrəmanla birlikdə qorxub diksinir, qışqırır, sevinirlər. Böyüklərin
tanıdığı səhnə qorxusunu çox asanca qırıb sevincək səhnəyə də dırmaşırlar.
Nağıldakı Fatma nənənin oxuduğu “elə təmiz olun ki, desinlər mələkdi
o” mahnısındakı kimi “cənnət” və “cəhənnəm” arasındakı mələklərə çevrilirlər.
Tamaşanın zəngi çalınır. Balaca İlkin demişkən, zalda ona görə zəng
çalırlar ki, kuklalar oyansın. Uzaqlara dikilmiş gözlərini qaldırıb
canlansınlar. Canlansınlar ki, 45 dəqiqəlik tamaşanı yaşaya bilsinlər.
“Avropa”
qəzeti
21-23 fevral, 2001-ci il.