– 60 yaşın 
        zirvəsində özünüzü necə hiss edirsiniz? Təbii ki, sənətkar kimi.
          – Özümü gümrah hiss edirəm. Yəni hələ gücüm, oynamaq imkanım var. Mən 
          yubileyimi teatrda Sofoklun «Şah Edip»i ilə qeyd etmək istəyirdim. Maliyyə 
          məsələsi ortaya çıxdı. Nazirlikdə sponsor axtarmağı tövsiyyə etdilər. 
          Allah qoysa ayın 15-də «Kral Lir»i oynayacağam. Belə tamaşaların öz tamaşaçısı 
          var. Mənə çox tamaşaçı lazım deyil. Əgər zalda 50-60, lap 100 tamaşaçı 
          varsa, bu, mənim tamaşaçımdır. Şekspiri başa düşən tamaşaçıdır. 
          – Yəni tamaşaçı problemi yoxdur? Zalın dolu olması Sizi narahat 
            etmir? 
          – Əlbəttə, istərdik ki, dolu olsun. Belə tamaşaları qoruyub saxlamaq lazımdır. 
          Klassika belə şeydir. Gürcülər «Üçüncü Riçard» tamaşasını qoyanda, ora 
          10-20 nəfər gəlir. Amma onlar bu tamaşa ilə bütün dünyanı gəzirlər. 
          – Hansı tamaşa üzərində işləyirsiniz? 
          – Hələlik heç birində. Günlər ömürdən gedir. Mənim boş-bekar oturan vaxtım 
          deyil axı. Gərək mən ildə heç olmasa, bir tamaşa verim. Mənə hərdən sual 
          verirlər ki, necə dolanırsan? Deyirəm ki, necə dolandığımı bilirsənsə, 
          niyə soruşursan? Necə sən dolanırsan, mən də elə o cür. O qədər narazılıq 
          edirik ki, sırtıqlaşırıq. Düzəlsə də, gərək kökündən düzələ. 
          – Məncə, teatr savadlı, intellektual olmağı tələb edən mühit yaratmalıdır. 
            Həmin mühit aktyorları, arxasınca tamaşaçını da yetişdirməlidir. 
          – Mən dərs dediyim institutda da uşaqlara bunu deyirəm. Hələ yaxşı vaxtlarda 
          teatra gələndə bilirdik ki, pul söhbəti yoxdur. Bura varlanmaq, dövlətlənmək 
          üçün gəlmirdik. 7 milyonluq əhalisi olan respublika üçün 31 teatr çoxdur. 
          Teatrda islahat getməlidir, beşcə dənə dövlət teatrı olmalıdır. Heç kim 
          üçün sirr deyil ki, biz Stanislavskidən bəhrələnmişik. Mən Türkiyədə olanda 
          onların 1-2 işinə baxmışdım. Biz iş vaxtı getdikcə çox dərinə keçirik. 
          Onlarda iş səthidir. 
          
 
          – Bəlkə itirdiyimiz elə budur? Teatr var, məktəb itir. 
          – Teatr rejissordan başlayır. Teatr heç vaxt bir aktyora bağlı olmur. 
          Vaxtilə deyirdilər. Adil İsgəndərov teatrı. Tofiq Kazımov teatrı. Mehdi 
          Məmmədov teatrı. Biz elə gözəl millətik ki, yenisi yetişəndə də o saat 
          başından vururuq ki, artmasın. Bir adamı nə qədər təpiklə qabağa itələmək 
          olar. Gəlin, beş nəfər yığışmaq Kamalı itəliyək qabağa. Millət də deyir 
          ki, bundan yaxşısı yoxdur. Başqa bir istedadlısı qıraqdan baxıb təəccüblənir 
          ki, bunlar nə edir? Rəhmətlik Mirzağa Əliyevdən soruşanda ki, sənət nədir, 
          belə cavab verirdi:
          «Xəmiri götürürsən əlinə. Sıxırsan, barmaqların arasından çıxan sənətdir». 
          O vaxt hələ Moskva mehmanxanası təzə tikiləndə, onun qabağında yaşıllıq 
          etmək üçün parça-parça otları götürüb yerləşdirirdilər. Sulayırdılar, 
          baxırdılar, amma quruyurdu. Bir az aralıda Ali Sovetin qabağında isə qırırdılar. 
          İstedad bax budur. O, mütləq haradansa bitib çıxacaq. 
          – Rollarınızdan razı olmusunuz? İstədiyinizi oynaya bilmisiniz?        
          – Bəli. Amma istəklərim hələ çoxdur. Mən indi yaşıma uyğun rollar oynamaq 
          istəyirəm. Mənim indi vurub-yıxan vaxtım deyil. İstərdim, elə rol olsun 
          ki, özümü də tamaşaçını da düşündürsün. Əyləndirməkdən uzaqlaşdırmaq lazımdır. 
          Biz Məşədi İbadın komediyasını yox: faciəsini oynamalıyıq. 
          – Sizi bu gün də düşündürür? 
          - Biz də aktyorları görüb sənətə gəlmişik. Məni düşündürən odur ki, bizdən 
          sonra teatra gələcəklərmi? 
          – Bəlkə keyfiyyət dəyişikliyi, teatra başqa baxış olacaq? 
          – Hələ ki, heç nə görmürəm. ANS-də getmiş verlişdə belə fikir deyilib: 
          «Baxmayaraq ki, biz başqa quruluşda yaşayırıq. Hər şey rusun vaxtında 
          neçə idisə iclaslar, üsul-idarə - indi də belədir». Yeni qanun yox, bir 
          şey yox.
          – Belə cəmiyyətdə yaşamaq Sizi sıxmır ki? 
          – Neynək, hamımızı sıxır. Biz bunu bacarmırıqsa, kimsə bacarır. Bunun 
          üçün doğulanlar var. Mən eləmirəm, nə olsun. Amma onun pulu, hər şeyi 
          var. Şəxsən, mən o adama zəmanə adamı adı verirəm. Zəhmətsiz-zadsız yaşamağın 
          yolunu tapıb. 
          – Oynadığınız obrazı daxilə buraxdıqdan sonra daxildə problem 
            yaratmır ki?
          – Mənim aləmimdə problem yoxdur. Deyirsiniz ki, obraz insanın şəxsiyyətinə 
          dəyişə bilər? Əgər mən bunu qəbul etməsəm, necə inandıra bilərəm. İş prosesinə 
          mənfi obraz oynayıramsa, mən onun müsbət tərəfini tapmalıyam. Əgər tapsam, 
          rol alınmayacaq, hardasa sınmalısan. Sənətdə tavan yoxdur. Əgər hiss edirsən 
          ki, tavana çatmısan, onda çıxıb getməlisən. Əgər «Kral Lir» kimi güclü 
          obrazı oynayırsansa, sabah cavan dramaturq gəlib ondan da artıq bir şey 
          yarada bilər. Ona görə, nə qədər səhnədə varsan son həddi hiss etməməlisən. 
          
          
Müəllifdən: 
          
          Çox arzulasam da, Kamal Xudaverdiyevi iş yerində və ya məşqlər zamanı 
          görə bilməzdim. Çünki Dram Teatrının müdriyyəti müxbirləri içəri buraxmamaq 
          barədə əmr verib. Onlar bilet alıb tamaşaçı kimi gələ bilər. Müxbirləri 
          sensassiya axtarmaqda, məqalə başlığına həqiqətən uzaq şeyləri çıxartmaqda 
          günahlandırırlar. Ona görə də teatr da ö növbəsində sensasiya axtaran 
          müxbirlərin marağını sensassiya doğuracaq tamaşalarla söndürməli olacaq. 
          
          “Çağ” qəzeti
            02.05.98
          

