Kamançaçı Elşən Mansurov “Şur” çalanda zala dirijorluq eləyirmiş
Bu yazı çoxdan yazılmalıydı
- kamançaçı Elşən Mansurovun Kirxadakı solo konsertində dinləyicilərin
alqışlarını eşidəndən, başqalarına bənzəməyən ifasından aldığım zövqü
düyandan sonra. O vaxt görüşdük ( elədiyimiz söhbətin lenti hələ də
durur), konsertdən başqa Alim Qasimovla işlədiyi dövrdən, kamançanın
dərd-sərindən də danışdıq. Sövdələşdik ki, təzəcə təşkil elədiyi qrupla
Fransa Mədəniyyət Nazirliyinin YUNESKO-yla birgə keçirdiyi uşaq festuvalından
qayıdandan sonra görüşək. Musiqiçi portretinin tamlığından ötəri bu
da çox vacibiydi. Amma nədənsə alınmadı. Hər dəfə rastlaşanda o da,
mən də - dilimizə gətirməsək də - ilk öncə o yazılmayan yazını düşündürdük.
Elə bil, Elşənin sözlə çəkiləcək portretində yeni cizgiyə, əlavələrə
ehtiyac olduğundan nəyisə gözləyirdim. Yarımçıq işim unudulmadı, əksinə,
məndən yazılmağını tələb elədi. Axı danışdıqlarımız unudulası şeylər
deyildi.
- Necə oldu ki, Alim o qədər kamançanın içində məhz səni seçdi?
- Alim bir vaxtlar Konservatoriyada illüstrator işləyirdi. O vaxtdan
tanışıydıq. Təxminən 85-86-cı illəriydi. Bir dəfə Alim Şamaxıya Toya
getməliydi. O vaxt Ədalət Vəzirovla işləyirdi. Ədalət Zeynəb Xanlarovayla
rayona qastrola getmişdi. Alim soraqlaşıb, məni məsləhət görüblər. Bu
toydan sonra bir - iki xeyr işə də məni dəvət elədi. O vaxt qardaşım
Malik hələ bizimlə işləmirdi. Hər dəfə tar çalan axtarası olurduq.
- Qastrollar, səfərlər, toylar....... Nə qazandız?
- Çox şey. Yəqin ki, pul-paranı nəzərdə tutmursuz. O vaxt bizim muğam
üçlüyünün yaranması çox müsbət şeylərə təkan verdi. Onacan stabil triolar
azıydı. Cavanlardan biz birinci olduq. Musiqimizin bakirəliyini, təmizliyini
xarici ölkələrə çatdırmaq istəyirdik. Düzdür, toylardan yaxşı pul qazanırdıq,
amma pul hər şeyi eləmir axı..... Hiss eləyirdik ki, toy ağırdı, əsəbləri
gərir. Onda qərara gəldik ki, daha toya getməyək. Artıq neçə illərdi
Alim toya getmir. Biz Alimə təkid elədik ki, getməsin. Dedi bəs hardan
dolanaq? O vaxt hələ qastrollar yoxuydu. Dedik, Allah kərimdi. Pula
görə səsini, olan-qalan əsəbini də toyda qoymayacaqdı ki... Toyu tərgidəndən
sonra qastrollar başladı. Çox gərgin məşqlər eləyirdik.
- Birlikdə məşq eləməyin hansı müsbət cəhəti var?
- Ola bilərdi ki, biz tar, kamança ifaçısı kimi, Alim də xanəndə kimi
bu günkü səviyyədə olmayaydı - budu xeyri. Ən adi oxuyan da bir neçə
saat nəyinsə üzərində işləsə, çox maraqlı şeylər alınar. O ki ola Alim
Qasımov fenomeni - mən bunu deməkdən çəkinmirəm - o istedadın sahibi
məşq eləyə... Çox gözlənilməz nəticələr alındı. Məşqlər bir yana, konsertlərdə
tamam başqa şeylər üzə çıxırdı... Moskvada Azərbaycan günləriydi. “Gəl
mənə naz eləmə” mahnısının o vaxtki ifa variantını indi istəsək də,
alınmaz. Orda Alim lirik hissəni qurtarandan sonra mən Dilkəş çalmalıydım.
Onun zümzüməsindəki notlardan ritm götürdüm və Alim də həmin ritmi dəfdə
çalmağa başladı. Sanki elə bunu belə də məşq eləmişdik...Ümumiyyətlə,
Alimlə birgə çalışanda o heç vaxt narahat olmazdı ki, birdən nəsə eləyər,
tar, ya kamança tuta bilməz. Arxayınıydı ki, improvizəni, bəlkə hələ
üstündə bir təzə mövzu da qaytardıq özünə. Yəni bir-birimizi yarı sözdən
anlayardıq. Səsində xırıltı olsaydı, özü bildiyi qədər biz də bilərdik.
Çox qəribəydi, bəzən Alimin səsində xırıltı olanda mənim də səsim tutulurdu.
- Səsin xırıltısı kamançaya keçmirdi ?
- Çalışırdıq keçməsin. Adətən, konsertin əvvəli bir qədər həyəcanlı
olur. O həyəcanı kimsə sındırmalıdı. Elə bil, siftə dik qalxırsan, sonrası
düzənlikdi. Çox vaxt Alim qabağa düşürdü. Biz yaxşı çalanda o da yaxşı
oxuyurdu.
Haşiyə: Son vaxtlar jurnalistlər “İfaçı qazanc
dalınca toya getməlidi, yoxsa yaradıcılığını kütlənin zövqündən qorumalıdı”
sualına cavab tapmağa çalışırlar. Toy nə qədər yaxşı hadisə olsa da,
oranın dinləyicisi çox müxtəlif, zövqüsə rəngarəngdi. İfaçı da mağara
uyğunlaşmağa məcburdu. Maraqlıdı, Alim o vaxt toylardan əlini üzə bilməsəydi,
bu günkü Alim ola bilərdimi ?
- İndi Alimin
yanında Malik var, sən yoxsan. Bu təsadüfdürmü ?
- Bəlkə də zərurətdi. Alim mənə xəbərdarlıq eləmədi özünə yeni dəstə düzəltdi.
Niyəsi mənimçün sirr olaraq qalır. Düzdü, münasibətləri korlamamışıq,
amma qızının toyuna məni çağırmamağı gözlənilməz oldu.
- Solo konsertlərə indiki meylini, təxmini olsa da, başa düşmək
mümkündü...
- Bunun qısa tarixçəsi var. 80-ci illərdə solo konsert olmurdu. Onda mən
uşağıydım. Sumqayıtda solo konsert vermək istədim. Güclü yağışa baxmayaraq,
zal doluydu. Fortepianoda müşayiətçim konsert gününü səhv salıb gəlməmişdi.
Mən prinsipə konserti tək çaldım.
- Bəs effekti necə oldu ?
- Necə olacaq: “mən - tək, kontrabasda?..” ona görə solo konsert fikrini
bir də 20 ildən sonra ağlıma gətirə bildim... Elə əsər var ki, ona təkrar
qayıtmaq lazımdı.
“Şur” dəstgahında kamançanı Teymur Göyçayevin rəhbərliyində Dövlət Kamera
Orkestri müşayiət eləyirdi. Muğamlarımızın orkestrlə işlənməsi ideyası
Qərblə Şərqin qovşağında özünə yer eləmiş incəsənətimiz və hər iki mədəniyyətin
sintezi üçün gözəl çıxış yoludu.
- Teymurdan danışdım axı... onunla bir məktəbdə işləmişdik. Onun “Tutti”
uşaq orkestrinin konsertlərini həmişə izləmişəm. Əməkdaşlıq barədə bir
neçə dəfə söhbət də eləmişdik. Muğamlardan birini orkestrlə işləmək ideyası
yeni olduğundan əvvəl cəsarət eləmirdim. Amma artıq bu səslənməni də,
quruluşu da “eşidirdim”. Öz partiyamı kasetə yazıb Teymur Göyçayevə verdim.
Mənə zəng elədi ki, filan yeri bir də çal. Mən evdə çalanda Teymur telefonun
o biri başında harmoniyanı düzəldirdi. Cəmi üç, telefondakıyla dörd dəfə
məşq eləmişdik.
- Səhnəyə çıxanda həyəcanlanmadın ?
- Nədənsə, yox! .. Bizim publikada bir pis cəhət var. Hissə bitməmiş,
əsər tamamlanmamış başlayırlar əl çalmağa. Dinləyənlər də, ifaçıya da
mane olurlar. Orda dinləyiciylə elə kontakdaydım ki, barmağımı qaldırıb
onlara əl çalmamağı işarə eləyirdim. Sonra Teymurla zarafatlaşırdım ki,
sən 30 adama dirijorluq eləyirsən, mən 300 adama.
Bu, bizim yazılmış yazılmamış söhbətimizin bir hissəsiydi. Amma o vaxtdan
ürəyimdə bir inciklik də gəzdirirəm. Elşən kamançaya münasibət, repertuar
problemi, ifaçılığın incəlikləri barədə danışdıqlarımızdan necə ruhlanmışdısa,
söhbətimizin bir hissəsini “Azadlıq” qəzetinin müxbirinə yenidən danışmışdı.
Musiqiyə bir balaca yaxın olduğumdan bilirəm ki, kamança ətrafında hələ
xeyli problemlər var. Bu isə ayrıca yazının mövzusudu.
“Avropa”
qəzeti
25-27 aprel 2001