Azərbaycan pianocusu Rəna Rzayeva imkansızlıq məngənəsində sıxılanlardan
fərqli səfərə pul, çalmağa həvəs və imkan tapır. Bu dəfəlik gedişi də
Londona və okeanın o tayı Vaşinqtona idi.
Daim çalışmada olan Rəna
xanım Opera Teatrında , Gerşvinə həsr olunmuş konserin orkestr məşqlərində,
çelesta arxasında yaxaladım.
-Amerikaya səfər hələ ötən il planlaşdırılmışdı. Orkestr yığılmışkən
yolüstü Londonda da dayanmaq fikrimi qəbul etdilər. Konsert Londonun
ən nüfuzlu beş salonundan birində -“Kivin Elizabet Xoll”da keçirildi.
900 nəfərlik zal ağzınacan dolu idi. Şəhərə səfər Böyük Brotaniyadakı
səfirimiz Məmməd Quliyevin şəxsi mühavizəsi altında idi. Səfirlər, rəsmi
nümayəndələr də həvəslə alqış edənlərə qoşulmuşdular. Proqrama Baxın
“Suita”sı , ingilis bəstəkarı Britenin “ Sadə simfoniya”sı, mənim ifamda
Şostokoviçin fortepiano və orkestr üçün I konserti , Q.Qarayevin “Sonatina”sı
( F.Qarayevin simli orkestr üçün işləməsində) və X. Mirzəzadənin Amerika
bəstəkarı Çarlz Ayvzın xatirəsinə bəstələdiyi “Memori” əsərləri daxil
edilmişdi.
-Belə mürəkkəb proqram istənilən pianoçu üçün baş ucalığı gətirə
bilər. Amma söhbət gəzir ki, qonaqlara rəgbət ingilis pianoçularının
azlığından olub.
-İngilislərin öz pianoçuları kifayət qədərdir. Bir gündə müxtəlif yerlərdə
konsert olduğundan seçmək imkanı böyükdür. Ona görə də bizim müvəffəqiyyətimiz
daha qiymətlidir. Xeyli alqışladıqdan sonra “bis”ə Ü.Hacıbəyovun “Arazbarı”sını
ifa etdik. Elə Amerikadakı konserti də “Arazbarı ” ilə başlayıb tamaşaçıların
xaişi ilə də onunla bitirdik.Vaşinqtonda əsas vurğunu Azərbaycan musiqisinə
verməyi qərarlaşdırmışdıq. X.Mirzəzadə, Q.Qarayev musiqisindən əlavə
M. Quliyevin 2 pyesini: “4 muğam ” və “Aşıqsayağı”, A. Dadaşovun xüsusən
bu səfər üçün yazdığı “Divertisment”, Amerika bəstəkarı Barberin “Adojio”su
və sonda Baxın “ Suita”sını ifa etdik. Qoy amerikalılar bilsin ki, biz
Baxı da çalmağı bacarırıq. Vaşinqton konserti Ceyhun Mollazadənin təşkilatçılığı
ilə Azərbaycan-Amerika şurasının təşəbbüsünün məhsuludur. Bura Azərbaycan,
Türkiyə, Yəhudi icmaları da cəlb olunmuşdu... Orda mənə “ayağın yaman
yüngüldür” dedilər. Çünki keçən il Amerikaya tək gəlmişdim. Bu ilsə
22 nəfərlik orkestri gətirə bildim. Allah qoysa gələn il orkestri lap
böyük tərkibdə aparacağıq. Dünən C. Mollazadə zəng edib amerikalıların
təəccüb qarışıq rəqabətini mənə çatdırdı.
-Soyuq ingilislər, cilovsuz amerikalılar və yerli dinləyicilər
arasında fərq böyükmü?
-Mən hiss etməmişəm. Bu dəfə amerikalılar bizi ayaq üstə alqışlayırdılar.
İngilislər daha təmkinli idilər. Amma keçən il səfərimdə ingilislərdə
ayaq üstə alqışlamaqdan çəkinməmişdilər.
Rəna Rzayeva gələcək planları haqqında danışmağı sevməsə də sentyabr
ayı üçün Londonda yazdırdığı, üçüncü diskini gözlədiyini bildirdi. Disk
1000 nüsxə tirajla çıxdığından onu Bakıda da əldə etmək mümkün olacaq.
Sonda Rəna xanım səfərin maliyyə tərəfini boynuna götürən BB Amoko və
Şevron şirkətlərinə minnətdarlıq etməyi də unutmadı.
“Ekspress”
qəzeti
16 aprel 1999