«Vəhdət dinini qəbul eləməsək bəşəriyyəti fəlakət gözləyir!»
Yeni
«peyğəmbər» deyir ki,
«Hələ Heydər Əliyevdən əvvəl mən prezident olmalıydım ki, ölkə bu günə
düşməsin».
Əsrlərin astanasında sürprizlər çox olur. Kiminsə üçüncü gözü «açılır»,
o birinin yuxuları bircə-bircə çin çıxır, mələklərlə danışanlar «ordusu»
mətbuat səhifələrindən düşmür. İlk baxışdan taleyini oxuyub üzünə birnəfəsə
«guppuldadanlar», ağ-qara magiya falçıları, bəxt açanlar, ekstrasenslər,
parapsixoloqlar, astroloqlar, daha nə bilim kimlər jurnalistə mafal vermirlər
ki, bir qələmini yontsun, nəfəsini dərsin. Stuldan bərk yapışın, bu dəfəki
qonağımız peyğəmbərdi! Bunu biz yox, o özü deyir. Öz aramızdı, peyğəmbərlə
söhbət eləmək hər adamın da işi deyil…
Bu günlərdə növbəti mətbuat konfransını keçirən Mustafayeva Nüşabə Hidayət
qızı 15 illik peyğəmbərlik stajı olan insan kimi jurnalistləri məzmunlu,
mənalı suallar verməməkdə suçladı. 1991-ci ildən Allahın dərgahına açılan
qapımı deyək, yoxşa tuneldən xımır-xımır informasiy axır. Deyilənə görə
30-dan yuxarı qalın dəftər başhabaş doludu. Eşitməmişik deməyin, yazmadığı
yer, döymədiyi qapı qalmayıb - ilk dəftəri göndərdiyi Allahşükür Paşazadədən,
Ayaz Mütəllibovdan, Etibar Məmmədovdan tutmuş şazırki prezidentəcən.
1953-cü ildə Goranboyda anadan olub. 1975-ci ildə N. Tusi adına pedoqoji
institutu bitirib. 35 il Yevlax rayonunda orta məktəbdə biologiya müəllimi
işləyib. Evlidir, 4 uşaq anasıdır. Hazırda özünü yeni «Vəhdət» dinini
yaradıcısı və peyğəmbər elan edib. «Təmas» və «Müqəddəs həyat» adlı kitabların
müəllifidir.
-Bu barədə çox danışanda adiləşir. Eşitmiş olarsız, Allahın hökmlərini
Məhəmməd peyğəmbərə Cəbrayıl adlı mələk yetirirdi. Allahvn mənə də bəxş
elədiyi mələk mənim ruhumla birləşdi. Daha gedib-gəlmək yoxdu, indi mən
o olmuşam. Uşaqların dərs stolunun üstünə elə bil projektornan işıq salınırdı.
O işıqda yazırdım. Allah haqqında təsəvvürüm də yoxuydy. Bu hadisədən
sonra yazdıqlarımın İslam dininə aid olduğunu düşünürdüm. Sonralar anladım
ki, yazdıqlarımın nə islama, nə də xristianlığa dəxli var. Vəhdət dini
bunların hamısını əhatə edən dindi. Bəzən kiminsə sadəcə qulaq asması
da məni təmin edir. Mənim qabağımda öhdəlik yoxdu ki, dini neçə ilə yaymalıyam.
Ödül almalıyam. Deyib-deyib cavabını eşitməyib ölüb gedə də bilərəm. Əzəldən
din bir dənədi, insanların səviyyəsinə uyğun olaraq hissə –hiəssə verilir.
İslam sözü adi bir sözdü, Quran - aç oxu deməkdi. Yeni dinləri Allah göndərib,
həmişə də göndərəcək.
- Quranda yazılıb ki, göndərilən kitab da, Məhəmməd peyğəmbər
də sonuncudu.
- Xeyr, o da sözdü inanırsız. Quranda elə bir şey yoxdu. Ola
bilməz ki, Quran desin ki, Allah sonsuzdu, insanı özünə bənzər yaradıb,
eyni zamanda din burda qurtardı da yazsın. Bəyəm insan mükəmməlləşdi ki,
yaradanın işi tükənsin. Allahın özü sonsuz olduğu qədər dinlər də sonsuzdu.
- Dininizə iman gətirənlər çoxdurmu?
- Əvvəllər məktəbdə işlədiyim vaxtlarda ətrafıma yığılan çox idi. Mən
bu söhbəti açandan sonra 180 nəfərlik kollektivin 120 nəfəri həmən dəqiqə
qəbul elədilər. Mənsə belə şüursuz şəkildə qəbul eləməyə razı deyildim.
Dedim dəftər qələm gətirin yazaq. 10-cu sinif uşaqlarına köçürtdürüb Yevlax
rayonunda payladıq. Heydər Əliyev hakimiyyətə gələndən sonra mənim işimi
pozdular. Mənə yaxınlaşan, nəsə soruşan adama ziyan vurdular, dərslərini
əlindən aldılar. Elə elədilər ki, mənim ən yaxın rəfiqəm də mənə salam
verməyə ehtiyat elədi. Mən çıxışlarımda haqsızlıqları deyirdim, müharibə
zonasında da çox olmuşam. Elə o vaxt mənə təklif gəldi ki, gəl müharibəni
də udaq. İlham Əliyevin seçkisindən qabaq da konfrans keçirdim. 3 gün
sonra məni ərizə yazıb işdən çıxmağa məcbur elədilər.
- Hər dinin atributları var. Yeni din nəylə fərqlənir, ehtiyac
varmı ki, biz dinimizi dəyişək?
- Əgər ilk dinin yaranışından insanlar yola gəlsəydi başqa dinə
ehtiyac olmazdı. Allahın hökmlərinə əməl olunmayanda, qulaqlar, gözlər
dolanda yeni hökmlə təzə kitab gəlir ortaya. Əsas müddəalar o dindən yenisinə
köçürülür. Mənim kitablarımın da içində Quranın içindən bəzi müddəalar
var. Bu kitabları Allahın hökmüylə yazmışam. Mənə anlam kimi verilir,
ifadə isə özümünküdür. Allah ruhdur. O, verirsə yalnız özündən verə bilər.
Kitabı oxuyan onun içindəki ruhu mənimsəyir. Peyğəmbərlə insanın fərqi
də ondadır ki, Allah ona artıq ruh verib. Vəhdət dinində də təzəlik elə
budu. Bunu oxuyan və mənimsəyənlər başqa insan olur, onlara müqəddəs deyirlər.
- Müqəddəslərin sayı neçədi?
- Hələ bilmirəm. Amerikadan tutmuş BMT-yə qədər göndərirəm. Rusiya, Ukrayna,
Türkiyədə səfərlərim olub. Azərbaycanda da bacardığım qədər deyirəm. Xəbəri
olmayanları demirəm, amma agah olanlardan bircə nəfər dönməsə mən bu kitabı
qatlayıb qırağa qoyaram. Oxuyan kimi, uzağı sizi maraqlandıran bir neçə
suala cavabını eşitsəz qane olmalısız. Keçmişdə peyğəmbərin başına yığışıb
3-4 suala cavab alan kimi təslim olurdular. İndi təslim olası adam var?
Məni məhv eləyənə qədər qabağımda vuruşurlar.
- Tarixən belə olub, peyğəmbərin sözünə qüvvət ondan möcüzə istəyiblər.
- Mən dünya boyda möcüzə göstərmişəm, bunu hamı bilir. Mənim
möcüzələrimi görüb etiraf eləmirlər. Möcüzə insanın gözünə o buna layiq
olanda görünə bilir. Möcüzəni də burdan gedəndən sonra sizə göstərərəm.
Nə olsa da bu masada eləyəcəm. Bunun 50 faizi sizin inamınızdan asılıdı.
- Əgər bizim inamdan asılıdırsa bu fokusdu.
- Bəs Allahı görmədən ona necə inanırsız.Mən bura gələndə də düşünürdüm
ki, başqa müxbirlər kimi siz «məni inandıra bilmədiz» deyəcəksiz.
- Siz buna bir peyğəmbər kimi hazır olmalıydız.
- Bu millətin xasiyyəti qəribədi. Axı, mənə deyin ki, niyə möcüzə
istəyirsiz. Necə olur ki, şəxsiyyətini tanımadığınız insanın kitablarından
oxuduğunuza inanırsız, mənə inanmırsız. Bəlkə heç tarix boyu möcüzə olmayıb.
Məhəmməd peyğəmbərdən möcüzə istəyəndə deyir ki, ən böyük möcüzə Qurandır.
Niyə pyeğəmbər saydığınız adamdan möcüzə istəmirsiz, məndən gözləyirsiz.
Dediklərimi anlamaqçün yeni keyfiyyətdə olan insan lazımdı. Belə keyfiyyətdə
insanı hələ zaman yetişdirməlidi. Onu kitab bişirəcək, ya zaman onu deyə
bilmərəm.
- Belə çıxır ki, nəinki Azərbaycan xalqı, heç dünya da sizin
dinə hazır deyil.
- Ortada bir şey yoxsa deməli hazır deyillər. Mən heç tələsmirəm.
Türkiyədə Quranın 50 ildi əzbərçisi olan bir adam mənə kitabda cavabını
tapmadığı gəmi 3 sual verdi ki, cavab alsam, bilərəm ki, bunlar təzə göndərilmiş
dinin içindədi. Cavab alandan sonra ağsaqqal mənə yaxınlaşıb əl verdi
ki, «bunnan sən biz musəlmanları arxası üstə qoya bilərsən. Amma mən 70
il namaz qılmaqdan beli bükülmüş insanları düzəldə bilmərəm. Səninki gənclərnəndi.
Get məbədini tik, mənimkilər sənə gəlsin» dedi. İranda mənə inandılar,
amma 12 imamı tanımağımı istədilər. Allah var, quran var, peyğəmbər var.
12 imamı tanımıram. Quranın 21-ci surənin 7-ci ayəsində deyiilr ki, qadın
da peyğəmbər ola bilər.(Haşiyə: Quranın 21-ci surəsi, 7-ci ayəsi – «Biz
səndən öncə də yalnız vəhy verdiyimiz adamları peyğəmbər göndərmişik.
Bunu bilmirsizsə. Zikr əhlindən soruşun») Əgər Quran Məhəmmədin kitabıdırsa,
Məhəmməd kişidirsə, o surə ona yox, mənə aiddir. Mənim də kitabımda elə
surələr var ki, məndən sonrakı din üçündü.
- Sizin dinin yeniliyi nədir?
-Mənim dediyim odur ki, bu dini qəbul edən millət irəli, qəbul etməyən
isə geri gedəcək. Bu din verildiyi anda qəbul edilməsə insanlar ikinci
dərəcəli məxluqlar olacaqlar. İnsanın ifraz elədiyi lazımsız şeylər, məsələn
göz yaşı, tər təbiətə keçdiyi kimi artıq ruhu, yəni Quran dövründə işlətdiyi
ruhu canlıların digər formalarına keçməlidi. Yeni insan belə yaranacaq.
Allah insanı, insan isə təbiəti idarə eləməlidi. İnsan Allahdan almır
deyə aləm bir-birinə qarışıb. Sizinçün kitablarımdan qoyub gedəcəm. Bu
kitabı oxuduqca özünüzdəki dəyişikliyi hiss edəcəksiz, çünki Allahla təmasa
qalxırsız.
- Bununçün musiqi də var, şer də , namaz da.
- Təmas yalnız namaz vaxtı olur. Məsələn, insan namaz qılanda əyilir,
ruhsa əyilməz olduğundan dik qalır. O, qatlanıb əyiləsi deyil. İnsan bir
də ayağa duranda ruhuna qayıdaraq Allahdan nələrsə almış olur. Bizdə ibadətin
başqa forması var. Səhər günçıxana, axham günbatana baxım ayaqüstə ibadət
edirsən.
- Bu günəşə sitayişə bənzəyir?
- Məndə butun dinlərdən nəsə var. Axşamçağı günbatana baxmaq
ölüb səhər yenidən dirilmənin əlamətidi. Ölmək yenidən doğulmaq üçündür.
- Belə başa düşdük ki, nicat yalnız Vəhdət dinindədi? Qəbul eləməsək
bəşəriyyəti fəlakət gözləyir?
-Bu din qəbul edilməyə bilməz. Köhnədən cənnət var ha, hər yeni
din gələndə Allah-taala cənnətin təzə bir guşəsini açır. Məndən törəyən
4 uşaq mütləq mənim bu ruhumu daşıyacaqlar. Mən və övladlarım ölüb gedəndən,
o təzə cənnətə düşəndən sonra Allah yeni insan yaranışında bu təzə ruhlardan
istifadə edəcək. Allahın uğursuz işi yoxdu. Millət mənim dalımcı getsin,
ya yox məcbur deyil.
- Övladlarınız işi davam edirmi? Bir növ apostollar kimi.
- Mən bu gün öz mövqeyimi tapıb işimə başlamamışam ki, onları da iş dalıyca
göndərim. Allahın böyük qudrəti məndə ola-ola bir iş görə bilmirəmsə,
uşağım nə edəcək?
- Mətbuat konfransında İlham Əliyevin istahfaya getməsini tələb
edirsiz.
- Ona 5 dəfə istehfa ərizəsini göndərmişəm. Hələ Heydər Əliyevdən
əvvəl mən prezident olmalıydəm ki, ölkə bu günə düşməsin. Surət Hüseynovu
və başqa hadisələri yetişdirib 4 iyunda qarşı-qarşıya qoydum. Məni kəndirləyib
heç nə eləməyə qoymadılar.
- Bəs bu boyda hadisələri yetişdirəndən sonra necə olur ki, sizi
üstələdilər. Heydər Əliyev sizdən zirək çıxdı?
- İblisdi də! Mənim dinimdə o iblisdi, adı da var kitabımda.
Allah taala mənə din verib bura peyğəmbər göndərəndə bir iblis də göndərir
ki, sən onları bir az ləngit görək cəsuru, fədakarı, cəsarətlisi içindən
pırtlıyıb çıxa bilirmi? Bir nəfər millətdən çıxa bilsə Allah sevinir ki,
bax din bunundu. Mənə deyirlər ki, 15 ildi yazdıqlarını niyə çap eləmirsən.
Müəlliməm, qəşəngcə yazıram ki, özümdən sonra qalsın. İsa peyğəmbər, Məhəmməd
peyğəmbər deyiblər, çıxıb gediblər, kimsə yazıb. Bildiklərinizin hamısını
kitablardan oxumusuz. Çünki peyğəmbər görməmisiz. İndi məni görürsüz xoflanırsız.
Sakit həyat keçirdiyim bir vaxt mənim nəyimə lazım idi ki, bu qədər həyəcan
keçirəm, ayaq döyəm. Siz hələ bilmirsiz ki, bu Əliyevlər ailəsi məni nə
qədər incidib. Qisas almasam da nə vaxtsa alacam. Onlar mənə qan uddurublar.
Uşaqlarımı döydürüblər, bir parça çörək qazanmağa qoymurlar. Bir də ki,
mən bu millətə yalvaran deyiləm ki. İstədiyim budur - İlham Əliyev istehfa
verib məni çağırsın. Mən ilahi idarəetmə sistemi Azərbaycana vermək fikrinə
bu yaxınlarda düşdüm, amma acığı istəmirdim. Məndən başqa bu ölkəni heç
kim idarə edə bilməz. Mən bu milləti çox sevdiyimdən elə bil geriyə dönmüşəm.
Mənim fikirlərim çox ölkələrdə arzuolunandı. Bu xalq canavarların əlində
yazıqdı. Mən peygəmbər ola-ola ailəmi bu qədər incidirlərsə gör xalq nələr
çəkir? Xarkovda oğlumun yanında olarkən dini registrasiyadan keçirməyə
razıydılar. Burda isə mənə dedilər ki, biz yalnız sektaları qeydə alırıq,
peyğəmbəri qeydə alan maddə qanunda yoxdu.
Allahın məni niyə seçməsi barədə araşdırma aparmışam. Qaradağlılar adlanan
nəslimizin Nuh peyğəmbərə gedib çıxmasını sonradan tapmışam. Qardaşlarımın
məni görən gözü yoxdu ki, evdə biz dura-dura niyə səni seçib. Denən ki,
peyğəmbərlik məndən keçib bu qardaşıma verilib. Mən bunu eləyə bilmərəm.
- Siz hakimiyyətə gəlməsəz belə başa düşürük ki, bu dinin yayılmağa
şansı yoxdu?
- Azərbaycanda yoxdu. Düzdü, mən başqa ölkədə məsələn, Rusiyada
miqrasiya etmiş azərbaycanlılardan qoşun yığıb bura hücum çəkib hakimiyyəti
Əliyevlərdən ala bilərəm. Məqaləni yazın, görüm bu dəfə məni hardan çıxaracaqlar?..
Birdən Nüşabə xanımın əlyazmalarından nəsə görmək istərsiz? Oxuya bilməyəcəksiz.
Çünki o artıq öz dininin tezislərini öz əlifbasında yazır. Deyilənə görə
əski türk əlifbasına bənzəyir. O artıq öz zamanında, öz təqvimindədi.
Biz söhbətləşən gün o, 14-cü ilin 10-cu ayında həftənin üçüncü günü 2-si
tarixindəydi. Soruşduq da, ayların adanı bizimlə bölüşmək istəmədi. Amma
Peyğəmbər üsul idarəsinin sxemini ətraflı başa saldı. Onu sizə də anlatmağa
qəzetin formatı yol vermir. Adi insandan daha iddialı, peyğəmbər üçünsə
daha aqressiv xanımın bizə söz verdiyi möcüzəni hələ də bütün redaksiya
ilə birgə gözləyirik…
***
İnsan anlamından kənarda olan şeyləri tədqiq edən mütəxəssislər hesab
edir ki, Yer kürəsinin ətrafında atmosfer, biosfer kimi bir informasiya
qatı var. Yarandığı gündən etibarən bu planetdə hər hansı həyat formasının
fəaliyyəti maqnit lentə yazılan kimi bu qatda toplanır. Odur ki, orta
insandan bir qədər hissiyyatlı adamlar keçmiş ya gələcəkdə baş vermiş
hadisəyə, yaxud planetin ucqar nöqtəsində baş verənlərə radioqəbuledici
kimi köklənərək onu görə bilirlər. Bəzən isə insan özündən asılı olmayaraq
bu kanala köklənir. Buna avtomatik yazı üsulu deyirlər. Belə adamlarda
özündən asılı olmayaraq əl yazılar yazır. Nüşabə xanım tanımasa da Azərbaycanda
da, dünyada da belə hallar çoxdu. Nil Donald Uolşın «Allahla söhbət» kitabı
belə yaranıb və bizim «peyğəmbər»in dediklərindən daha maraqlıdı. Həmyerlimiz
Maya Bədəlbəylinin həmin bu üsulla yazdıqlarını dünya alimləri qəbul edərək
oni Heqel, Şopenqauer, Nitşe kimi filosoflarla bir sıraya qoyublar. İndi
onun kosmosdan aldığı kvant mexanikası və molekul quruluşu haqqında aldıqğı
informasiyanı yalnız alimlər anlaya bilir. Amma bu insanların peybəmbərlik
iddiası yoxdu.
Gülnarə & Fizzə