Təklik hələ ki, tənhalıq deyil
Əlini hər şeydən üzmüş və qollarını qoynunda düyünləmiş insanlara
 
        Pələng ilini də yola verdik. 
          İrəliyə boylansaq uzun bir ilin astanasında dayandığımızı hiss edərik. 
          Bu dovşan ilini də yaşamaq lazımdı, bu ildə də gülmək, dolanmaq, sevmək 
          lazım gələcək, qarşıda ölümlər də, itkilər də, sevinclər də, uğurlar 
          da olacaq. Kimisi bu yolu cüt, kimisi isə həmişəki kimi tək keçəcək. 
          Bəlkə kimsə yarısını tapacaq, kimsə soyuq yatağını arzu və xəyallarla 
          qızdırmalı olacaq. Sevgi axtarışı belə bir işdir ki, bəzən ən ağıllı, 
          ən gözəl, ən özünə inanan insanlar bu yolda səhvlər edir və yanlış fikirlərə 
          uyurlar.
           Beynimizdəki tarakanlar
           Nədənsə düşünürlər ki, İnternetdə tanış olmaq yaxşı deyil. 
          Yəni ki, abırlı adamlar burda tanış olmaz. Elə bil ki, ingilis etiketindəki 
          kimi üçüncü şəxs sizi tanış etməyibsə ilk addımı atmaq yaxşı deyil. 
          Tənha adamlar düşünür ki, qisməti harda tutarsa odur, yəni ki özünün 
          nəsə bir addım atmasına ehtiyac yoxdu. Əlbəttə, tanışlıq saytlarında 
          cəmiyyətin tör-töküntüləri dolaşır. Amma İnternet təncə manyaklar, arvadbazlar 
          və yalançıların yığıncağı deyil. Dünya şəbəkəsinin imkanları özü qədər 
          böyükdür. O qədər yeniliklər öyrənmək olar ki…
          Tənha adamların buraxdığı ikinci səhv: Mən o qədər ağıllı, incə və ali 
          hisslərlə yaşayan insanam ki, məni yalnız seçilmiş insanlar anlaya bilər. 
          Dünya görmüş adamlar cavabında deyər ki , hər kəslə dil tapmaq mümkündü, 
          amma bir şərtlə, onu olduğu kimi qəbul etməli olacaqsan. Seçdiyin adama 
          yuxarıdan baxmasan, onun əməllərində mənfi fikir axtarmasan, onun da 
          düşüncələrinə hörmətlə yanaşsan aranızdakı simpatiya nəsə uzun çəkən 
          münasibətlərə keçə bilər. Onsuz da çoxları, hətta ailə içində saç ağartmış 
          adamlar da düşünür ki, qadın və kişi elə bil ki, başqa-başqa planetlərdən 
          gəliblər və bir-birini anlaya bilməzlər. Əslində kişi və qadının bir-birini 
          anlamaması insanın yaratdığı ən uzunömürlü bir mifdir. Bütün adamlar 
          sonsuzluq qədər müxtəlifdi və hərənin başında bir ovuc tarakan qaçışır 
          və bunun cinslərə heç bir dəxli yoxdu. 
           Dünyanı bağrına basanda
           Məni heç kim saymır. Məni heç kim düşünmür. Hərə öz işiylə 
          məşğuldu. Hamı eqoistdir və özünü başqalarından artıq sevir… Bu cümlələr 
          adətən tənha adamların ağlına gəlir. Yazının bu yerində əsil, patoloji 
          tənhalar yazının sonunu gözləmədən onu bir qırağa ata, ya da əlini masaya 
          əlbəttə ki, klaviaturadan yan keçmək şərtilə çırpıb, çığıra da bilər: 
          «Bu mənəviyyatsızlıqdı! Təkcə özünü sevirsənsə sənə heç kim lazım deyil! 
          Adam da özünü sevər?» deyəcək. Amma sevməyə özündən başlayırlar. Bütün 
          düynanı bağrına basmamışdan əvvəl bir balaca özünü də sev. Sən özünü 
          sevməsən səni kim sevər axı.
          Tənha adamların əksəriyyəti düşünür ki, sevgini axtarmazlar, qismətdisə 
          o özü səni tapacaq. Gələcək və gönorta çağı gün kimi, ya da zülmət gecədə 
          şimşək kimi çaxacaq və bütün ömrünü işıqlandıracaq. Deyirlər ki, bu 
          əslində bizim yaşadığımız zamanın problemidi. Yəni ki, insanlar dinləyir, 
          müşahidə edir, informasiya yığır,amma sonra yığdıqları məlumatlardan 
          yararlanmırlır, onu həyata keçirmirlər. Ona görə bütün arzular insan 
          qəlblərində dustaq olub qalır. 
           Həyat sakit çay kimi yanından keçir
          
 
           Yaşamaq qorxusu insanın uydurduğu ən qəddar qorxulardan biridir. 
          Bu qorxusunu və yanlışlığını ödəməkçün bəzən sevilmək kimi ləzzətdən 
          əl çəkənlər də tapılır. İrəlidə yalnz pis şeylər gözləyən insan necə 
          sevə bilər ki? Həyat qorxulu olsaydı qərinələr boyu insanlar nə sevər, 
          nə də bu qorxusundan yaşaya bilərdi. Bu mövzuda da əntiqə bir lətifə 
          var:
          Gecə…, meşə…, canavar oturub. Görür ki, kimsə qışqıra-qışqıra mahnı 
          oxuyur. Baxır və görür ki, Qırmızıpapaq səsini başına atıb oxuya-oxuya 
          gəlir.
          - Ey, Qırmızıpapaq, başına hava gəlib? Gecədi, görmürsən? Bəyəm qorxmursan?
          - Nədən qorxacam? Yolu tanayıram, seksi sevirəm…
          Tənha insanların daha bir səhvi odur ki, həyatın böyük bir imtahan olduğunu 
          düşünür və burda əziyyət və əzabların rolunu şişirdirlər. Onlar düşünür 
          ki, ruhun kamilliyində əziyyətlərin rolu xüsusidir və insan əzabları 
          onu cilalayır. Bu fikirlərin ucbatından taleyinə baş əyərək qarşısındakı 
          bütün əziyyətlərə sinə gərib həyatın axarından kənarda qalırlar. Həyat 
          isə sakit çay kimi onların yanından ötüb keçir. Əziyyətlərin labüdlüyünü 
          qəbul edənlər adətən ailə daxilində tək və tənha adamlar kimi yaşayaraq 
          heç nəyi dəyişmək istəmirlər.
           Ləzzət paylananda qadınlar harda idi?
           Özünə tay tapmamış qadınların əksəriyyəti düşünür ki, kişilərə 
          seksdən başqa bir şey lazım deyil. Qadın onlar üçün yalnız buna yarayır. 
          Amma həyat göstərir ki, bu belə deyil. Hətta passiv qadın özündən ikiqat 
          passiv kişiyə rast gələ bilər. Onda onun tamam başqa problemləri olar: 
          necə edim ki, o məni də görsün, qadın kimi maraqlansın, ona necə yoldan 
          çıxarım, heç olmasa bir anlıq gözünü televizordan, ya da monitordan 
          çəksin!? Sadalanan problemlər əslində seksual manyakın əlindən qurtulmaqdan 
          daha müşkül və çətin problemlərdi. 
          Məşhur lətifədəki kimi:
          - Bu andıra qalmış İnternetdən gözünü çəksənə! Nə qədər gic-gic lətifə 
          oxumaq olar axı! Gedək sənin başını daha maraqlı işlə qatım.
          -Yaxşı-yaxşı, əzizim. Sən get, mən indi gəlirəm. Mənsiz başla yaxınlaşıram 
          indi.
          Qadınların mütamadi başağrıları barədə də mif reallıqda elə deyil. Sadəcə 
          tarixin gedişatı həmişə qadının ləzzət payından kəsib.
           Məhəbbət gəmisinin qəzası
           Tənha qadınlar düşünür ki, kişiyə evin iş-gücünü görən xadimə 
          lazımdı ki, yusun, yığışdırsın, səliqə və rahatlıq yaratsın və arada 
          bir kişinin başını sığallasın. Tənha kişilərsə düşünür ki, qadına evinin 
          məişət qayğılarını həll edəcək birisi lazımdı. Onlar şəxsiyyətə, parlaq 
          individuallığa qiymət verə bilmirlər. El arasında buna «məhəbbət gəmisi 
          məişət qəzasına uğrayıb batdı» deyirlər. 
          Kim deyir ki, kişi ovçudur və qadını saxlamalıdı? Əvvəla təbiətcə ovçu 
          olmayanlar nə etməlidi ki, yaxınlarının gözündən düşməsin. Bir də ki, 
          heç kim, heç kimə borclu deyil. Nə qadın kişiyə, nə də kişi qadına. 
          Onların münasibəti müştərək razılıq və tərəflərə eyni dərəcədə lazım 
          olan bir izdivacdı. Başqasının qanını içmək də günahdı axı.
          Tənha adamlar düşünür ki, sevdiyim, ya da seçdiyim adama nə qədər diqqət 
          və qayğı ayrıramsa əvəzində o qədər də görməliyəm. Belə olmasa heç olmasa 
          minnətdar olmalıdır. Elə bil ki, banka pul qoyub faiz gözləyirsiz, ya 
          da dükandan nəsə alırsız. Bəndədən heç nəyin əvəzini gözləməyə dəyməz. 
          Minilliklərdi ki, bu belədi. 
          ***
          Tənha olmayın.
          Sevilməyi də bacarın.
          Amma əvvəl sevməyi öyrənin…
           
Qadın baxışı