Dahiliyin seksual cazibəsi
 
 
      Alimlər qadınların dahilərə marağının səbəbini tapıblar
«Məlim 
        balacam, həyatda cəmi iki işlə məşğul olmağın mənası var: 
        elm və əxlaqsızlıq. Kitablar bizə kişilərin verə biləcəyi, 
        abırsız nəvazişlər isə qadınlardan gözləyə biləcəyimiz ən yaxşı şeydir».
        Valeri Larbo
Ağıllı kişilərdən 
        kimsə deyib ki, «Dahi uzun saç gəzdirib, əlinə keçəni yeyən və özünü camaata 
        güldürən insana deyilir». Amma qadınların əksəriyyəti belə düşünmür və 
        çox vaxt pinti görkəminə baxmayaraq yanılmadan adi kişini dahidən ayıra 
        bilir. Mifologiyada, əfsanələrdə, nağıllarda anaların öz qızını qəhrəmanın 
        yanına gətirməyi barədə çox oxuya bilərik. Bircəcik görüşün məqsədi ondan 
        uşaq doğmaqdır. Qəribə səslənir, elə bil ətrafda kişilərin hamısı ölüb?! 
        Markezin «100 il tənhalıqda» əsərinin qəhrəmanı Aureliano Buendia şöhrətin 
        zirvəsini yaşayanda yanına gətirilən qızların sayını itirmişdi. Nəticədə 
        vaxtaşırı ona bənzəyən bir oğlan uşağı doğulurdu və 8 uşaq atası kimi 
        Aureliano adlandırılırdı. 
        Əlbəttə, səhnəmizdə əcnəbi ulduzların çıxışı zamanı saçını yolan qızların 
        cəhdlərini anlamaq çox çətindir. Amma buna kütləvi psixoz da demək olmaz.
  Hər 
        şeyin çox sadə izahı var.
        İntellektual kişi hər şeyə yarayır
        Hamı yanındakı kişini Hollevud aktyoru görkəmində və Nobel mükafatı laureatı 
        statusunda görmək istərdi. Amma belələri çox nadir hallardı rast gəlinir 
        deyə qadın ömrünü bu «fiks ideya»ya sərf eləyə bilməz. Ona görə də qadınlar 
        həyatda seçim qarşısında qalıb əziyyət çəkirlər: bilmirlər daha gözəlini, 
        yoxsa daha ağıllısını seçsinlər. Həyat göstərir ki, çoxları birinci varianta 
        üstünlük verir. Yüksək intellektli kişini ər kimi görmək istəyənlərdən 
        başqa əksəriyyəti onları daha çox ötəri əlaqələrdə personaj və məşuq rolunda 
        təsəvvür eləyir. Qadınlar daimi münasibətlərdən danışırsa ailənin qayğısına 
        qalmaq məqsədilə ağla üstünlük verir. Yəni ki, ağıllı kişi ailəsini dolandırmağın 
        yolunu tapar. Bir də ki, ağıllı atadan olan uşaqlar atalarına çəkərlərsə 
        heç olmasa 50 faiz ağıllı doğulmaq şansı var. 
        Soruşa bilərsiz, «Bəs qısa seksdə, gələcəyi olmayan münasibətlərdə kişinin 
        ağıllı olması nəyə lazımdı ki?». Axı qadın təsadüfi münasibətlərdə parlaq 
        intim təssürat axtarır. Bu məsələlərdə isə bilirsiz ki, beynin əqli imkanı 
        o qədər də önəmi faktor deyil. Buna baxmayaraq qadının seçmə imkanı olsa 
        heç vaxt intellegenti qoyub debili seçməz. Hətta bilsə ki, seçmədiyi yorulmaz 
        seks maşınıdır. Niyə?
        Açılmaz sirrlərdən biri
        Tapmacanın açmasını Nyu Meksika Universitetinin psixoloqu Joffrey Miller 
        deyəsən tapıb. Daha doğrusu qadınların ağıllı kişilərə olan marağının 
        bioloji əsaslarını ortaya çıxarıb. Alim yeni təcrübələr qoymadan artıq 
        aparılmış müşahidələrin nəticələrini bir daha araşdırıb. 1985-ci ildə 
        həkimlər Vyetnam müharibəsinin veteranlarını öyrənəndə onlar kişilik toxumu 
        və intellekt testlərini vermişdilər. Məlum olmuşdu ki, kişinin nəsil vermə 
        aktivliyi onun intellekti ilə tam mütənasibdir. Alimlər hətta deyir ki, 
        intellekt və reprodiktiv qabliyyətə görə eyni genin cavabdeh olduğunu 
        öyrənsələr heç təccüblənməzlər. Ona görə də fərz olunur ki, qadın şüuraltı 
        səviyyədə partnyorunu dəyərləndirəndə onun yaxşı nəsil vermə qabliyyətini 
        də müəyyən eləyə bilir. Çox guman ki, qadınlar bunu evolyusiyanın çağdaş 
        vaxtlarında insanların yaşama instinkti nəsil vermədən asılı olan zamanlarda 
        öyrəniblər. Düzdür bu kamil mexanizmin əldə olunması bəşəriyyətin açılmaz 
        sirrlərindən biri kimi qalır. 
        Obrazların həyatını yaşayarkən
        Bəlkə dahilərin yaratdıqları obrazlar oxucusunun, dinləyicisinin ürəyinə 
        girir deyə personasına marağı artırır? Şekspir və Evripidin obrazlar qalereyasına 
        baxaq. Sonsuz sayda rəngarəng obrazları yaratmaqçün həmin obrazı tanıyıb 
        bilmək lazımdı ki, onun düşüncələrindən, psixoloji sarsıntılarından yazmaq 
        olsun. İnsanı anlamaq onu içində gəzdirmək deməkdir. Höte deyib ki, günah 
        və cinayətlərin içində onun anlaya bilməyəcəyi, ya da meyl eləmədiyi bir 
        şey çətin ki, tapılar. Ehtirasdan qətllərin motivlərini çox yaxşı başa 
        düşən Emil Zolya özü heç vaxt belə qətllərə qol qoymazdı. Çünki içində 
        bundan əlavə başqa keyfiyyətlər də var. Dahi insan daha mürəkkəb və daha 
        çoxşaxəlidir. Şekspirin qadınları onunla birgə Falstafın şitliyini, Yaqonun 
        alçaqlığını, Kalibanın kobudluğunu da sevməli olur. Bu bücaq altında baxanda 
        dahi şəxsiyyətlərin həyatındakı ən alçaq və ən güclü ehtiraçlarının səbəbini 
        anlamaq olar. Bunu onların bioqrafiyaları təsdiqləyir. 
        Bu yaxınlarda Rusiya televiziya kanallarında seksual cazibəsiylə seçilən 
        bakılı akademik Landau (Bakının suyunu içib, ona görə) haqqında çəkilmiş 
        film böyük disskussiyalar doğurub. Filmə inansaq Landau hətta xəstəxanada 
        yarıhuşlu vəziyyətdə, hətta ayın tarixlərini unutduğu vaxtlarda belə şəfqət 
        bacılarını yanından narazı buraxmayıbmış. Landaunun arıq, çəlimsiz bədəni, 
        yoxsa burnunun ucundan o yana görməyən xırda gözləri onları cəlb eləmişdi?
         Bəşəriyyətin genetik potensialı nə yerdədir?
        Amerikalı jurnalist Devid Plots 28 il əvvəl başlamış layihənin nəticələrini 
        yekunlaşdırıb. Təcrübə Nobel mükafatı laureatları və gözəl qadınlardan 
        süni mayalanma yoluyla fölqəl ağıllı uşaqların doğulmasını nəzərdə tuturdu. 
        Layihənin əsas ideoloqu plastik linzaların satışıyla varlanmış multimilyoner 
        Robert Qrexem layihənin nəticələrində heç şübhə də eləmirdi. Nobelçiləri 
        yola gətirmək kimi ən çətin işi də o özü görmüşdü. Qiymətli kolbaları 
        əldə ediləndən sonra 1980-ci ildə 29 fevralda qəzetlər «Bəşəriyyətin genetik 
        potensialının zənginləşməsi layihəsi» adı altında material çap elədi. 
        Donorların anonimliyi saxlanırmış deyən nobelçilərin nə qədər olması dəqiq 
        məlum deyil. Amma jurnalist Devid Plots 3 namizədin taleyini dəqiq öyrənib. 
        1999-cu ildə ideya müəllifinin ölümü ilə əlaqədar bu bank dağıldı. Bu 
        illər ərzində 200-ə qədər uşaq artıq doğulmuşdu. Onlardan heç kim dahi 
        şəxsiyyət ola bilmədi. Yalnız biri Doron Bleyk ümidverici uşaq kimi böyüyürdü. 
        O, 2 yaşında kompüterdən istifadə eləyir, 3 yaşında Şekspiri oxuyur, yeniyetməlikdə 
        isə intellekt testi 180 bal idi (adi adamlarda bu göstəirci 100 bal orta 
        nəticə götürülür). Amma o da böyüyən kimi oxumağın daşını atarak hippiliyə 
        aludə olub, spiritizmlə məşğul oldu. Görünür ki, ideya tamamilə iflasa 
        uğramışdı. Bu yerində Bernard Şou və məşhur balerina Aysedora Dunkan arasında 
        olan dialoqu yada salmaq yerinə düşərdi. Balerinə yazıçıya dünyaya uşaq 
        gətirməyi təklif eləyir: «Təsəvvür edirsiz, o mənim bədənim və sizin ağlınızı 
        daşıyacaq». Şou cavab verir: «Birdən onda mənim ayaqlarım və sizin ağlınız 
        olsa necə olar?». Bəlkə gözəl yox, ağıllı qadınları mayalandırmaq lazım 
        idi? Bəlkə dahilər doğurmaqçün daha nələrsə lazımdır? Bu sualların cavabını 
        bəşəriyyət hələ ki, bilmir…
 
 
       
      
Sublimasiya 
        - hisslərin qarşısında çəkilmiş bənd
        Sublimasiya (yəni seksual enerjinin başqa istiqamətə yönəldilməsi) adlı 
        termini gündəmə psixoanalizin atası Freyd gətirib. O, təkid eləyirdi ki, 
        insan hər şeyi seks xətrinə edir. Həyat haqqında məşhur ifadəni dəyişdirib 
        freydsayağı «Həyatda yeganə məmnunluq hissi yalnız yaxşı seksdən sonra 
        olur» kimi də deyə bilərik. Freyd cinsi instinktlərdən qaynaqlanan enerjinin 
        əsas olduğunu təkid eləyərək bəşəriyyətin stimulu olduğunu deyir. 
        Təbiət bizə hisslərlə bərabər kimyəvi laboratoriya da verib. Ayrılıqda 
        tamamilə zərərsiz olan elementlər birləşsə zəhər yarada bilər. Bu kimyavi 
        prosesləri işə salan emosiyalar da həmin elementlərdən insanı dahiyə, 
        təkrarsız, sehrli insana, eləcə də ehtirasdan və qısqanclıqdan yanan vəhşiyə 
        də çevirə bilər. Seksual hisslər bəzi təsvirəgəlməz hallara gətirir. Amma 
        bəzi nadan insanlar bunu nəfsin diqtəsi, şəhvətlə səhv salırlar. Bu hissin 
        diqtəsilə insan təxəyyül, inadkarlıq, görünməmiş yaradıcı imkanlarını 
        inkişaf etdirə bilər. Duyğular insanı o qədər qəsb eləyə bilər ki, o, 
        cəmiyyətdə yeri, reputasiyası ilə risk eləyər. Onları cilovlayb istiqamətləndirməyi 
        bacarmayanlar əsir düşmək riskini yaşayır. Amma duyğularını cilovlamaq 
        yoluyla açılmış yaradıcılıq qabliyyəti ədəbiyyat, təsviri sənət, musiqi, 
        hətta biznesdə də fantastik nəticələrə gətirir. Bunu bir növ sürətlə axan 
        çayın qabağanı bəndlə kəsib süni göl yaratmağa bənzətmək olar. Amma burdakı 
        su da nə vaxtsa axıb çıxmalıdır. 
        Yenə də alimlərə inansaq cəmiyyətdə ən yaxşı nəticələri seksual instinkləri 
        yaxşı inkişaf edilmiş insanlar əldə eləyir. Dünyada milyoner olmuş, ədəbiyyat, 
        memarlıq, hətta sənayedə geniş populyarlıq qazanmış fərdlər həm də sevgi 
        olimpinin zirvəsindədirlər. Bunu 2 min il ərzində tədqiq edilmiş tarix 
        kəsiyi də sübut eləyər. Söhbət parlaq şəxsiyyətdən gedirsə, istər qadın, 
        istər kişi olsun, dahi nailiyyətlər həm də duyğuların da yüksək səviyyəsindən 
        danışır. Bunu hər kəs öz üzərində də yoxlaya bilər, əlbəttə sizi iflic 
        vurmayıbsa…
         O dünyanın yolu
        Ağlı başında olan insan mütləq soruşar ki, bəs dahi şəxsə ortabab insanlarla 
        münasibətin nəyi maraqlı ola bilər? Seks vasitəsilə sıravi insanların 
        əli çatmayan bilikləri necə əldə eləmək olar? 
        Hamı bilir ki, insanda altıncı duyğu var. Buna təxəyyül də demək olar. 
        Bəziləri ömrünün sonuna kimi bunun nə olduğunu bilməyib, heç dadına da 
        baxmayıblar. Təxəyyülünü işlətməyi bacaranlara dahi və istedadlı insanlar 
        deyirik. Təsəvvür, xəyal, təxəyyül Ali Şüur və fani insan arasında birbaşa 
        çəkilmiş yoldur. Bu yol həm də başqa insanların bacarıqları və fikirlərinə, 
        onların topladıqları informasiya bankına yol açır. Altıncı duyğu adi insanı 
        dahi şəxsiyyətdən ayıra bilən sərhəddir. 
         Dünyanı hissslər idarə edir 
        Tarix dahi insanlara qadının heyranedici təsirinə nümunələrlə doludur. 
        Nə qədər ki, Napaleon Bonopart Jozefinasının sevgisilə yaşayırdı (paralel 
        olaraq qadının kimləsə sevişməsi də ona maneə deyildi) o, məğlubedilməz 
        idi. Jozefinadan ayrılan kimi onun günəşi qüruba doğru getdi. Təbiətcə 
        çox seksual sayılanların içində Corc Vaşinqton, Uilyam Şekspir, Endryü 
        Cekson, Enriko Karuzo da var. Onları çox seksual şəxslər kimi tanıyırlar. 
        Təbii ki, bu artıq sublimasiyada süzgəcindən keçmiş seksual enerjidir. 
        Tulus Lotrekin eybəcərliyi ona qadın kolleksioneri olmağa maneə deyildi. 
        Balzak isə axsaqlığını gizləməkçün yerimək əvəzinə qaçırdı. Onun qadınlarının 
        sayını hələ ki, dəqiq bilən yoxdu. Tosqun, buruqsaç, Dümanın qadınlarını 
        kitablarıyla eyni sayda bilirlər. Təxminən 600-dən yuxarı. Onları heç 
        maraqlandırmırdı ki, Dümanın damarlarında həbəş qanı axır. Bu siyahını 
        daha böyük və daha geniş eləmək olardı. Amma siz bəşəriyyət tarixində 
        irəli çıxmış bir şəxs göstərə bilməzsiz ki, seksual imkanları çox aşağı 
        olsun. Seçilmişlərin içində bir nəfər də impotent tapmaq mümkün deyil. 
        
        Kim nə deyir, desin, dünyanı insan hissləri idarə eləyir. İnsan şüuru 
        həmişə kənardan təsirə ehtiyac duyur. Hər yeni tapıntının başında bir 
        sevgi macərası, hər ixtiranın özəyində yaşanmış real əhvalat dayanır. 
        İnsan sevgidən, duyğulardan sərxoş ola bilir. İnsan nə dahi olmaq iddiasından, 
        nə də seksdən əl çəkə bilir. Bizdə bu barədə danışmağı sevmirlər. Yəqin 
        hamı hiss eləyir ki, danışası mövzu deyil, ya da ayıbdır. Rəşid Behbudovun 
        qadınsevərliyini pis keyfiyyət kimi qələmə vermək, ya da Üzeyir bəyin 
        həyatsevərliyini pis yozub gizli saxlamaq da bizə başucalığı gətirməz. 
        Yəqin bu mövzuda sakit, təmkinli və bir qədər də yumorla danışmağı biz 
        hələ çox öyrənməli olacağıq. Amma biləsiz, ağzı açmadan dişləri müalicə 
        eləmək mümkün olmayacaq. 
 Qadın baxışı
Qadın baxışı