Bakı allahlar şəhəridir
Bakı böyüyən şəhərdi. Tez artan, sərhədlərini birnəfəsə qıran, dağıdan və yeniləşən şəhərdi. Ona görə də burda tikənlər olduğu qədər sökənlər var. Bir qismi keçmişini əlindən buraxmaq istəmir, o biri qism tarixini buldozer qarşısına verməyə tələsir. Üçüncü bir qism isə bu qalmaqallardan, qarşıdurmadan bezib deyinir. Bu faktdır: Bakıda total şəkildə məscidləri sökdürürlər. Qanunsuz inşa edilmiş evlərin sökülməsi işlərilə məhkəmələr doludur. Söküntülər yerində modern binalar inşa edilir ki, əksəriyyəti onların möhkəmliyinə etibar eləmir. Köhnə tikintiləri sökməsək şəhər necə böyüsün bəs? Kim haqlıdı, sökənlər, yoxsa mühafizəkarlar? Bunu araşdırmaqçün Bakının tarixinə ekskurs eləyək.
Qəbir
üstə ev tikməzlər
Bakının tarixi və adının yaranması barədə mübahisələr hələ də gedir. İngilis
arxeoloqu Vilyam Petri hesab edir ki, Misirdə «Ölülər kitabı»nda (bu kitabı
«Mumiya» filmindən tanımış olarsız) adı çəkilir. Bü kitabda Bakı haqqında
«Bahau (Bakhay) zühur edən cünəşin dağı» yazılanda hələ eramızdan 2 min
il əvvəl idi. Bakını oda sitayişlə də bağlayırlar. Bəzi qədim dillərdə
«baqa» günəş, Allah deməkdir. Türk İslam ensiklopediyasında Bakını «Bey-Key»
adlandırırlar, yəni türkcə «bəy şəhər». Bakıya küləyinə görə Badu-Kübə,
yəni «küləklər şəhəri» də deyirlər. Şəxsən mənə Baquan, yəni allahlar
şəhəri daha yaxındı. Axı mən bilirəm ki, Bakının orta tempraturu Yer kürəsinin
orta tempraturu ilə eynidir. Düz 14, 2 dərəcə. Belə yerdə allahlar məskən
salmazmı?
Şəhərin gözəl, səliqəli, çirkab, neft içində olan vaxtları da olub. Amma
Bakının təməli qoyulan gündən bu günəcən bir prinsip həmişə ən vacibi
sayılıb. Burda abidələri sitayiş yerlərinin üstündə tikərdilər. Heç vaxt
mənzilləri, insan məskənlərini tilsimli, ya da ibadət yerlərinin üstündə
tikməzdilər. Burda istər Abşeron abidələri, istər şəhər memarlığında insanların
ibadət etdikləri yerlərə toxunmayıblar. Bu şəhər kimlərin tapdağı altında
qalmayıb? Hətta qəsbkarlar şəhəri tutandan və dini dəyişdirəndən sonra
hamının adət etdiyi məbədin üstündə yenisini inşa ediblər ki, insanlar
adətlərini dəyişməsin. Ona görə də bəzən Bakıda mehrabı üzü qibləyə baxmayan
məscidlər tapılır. Yəni ki, ondan əvvəl bura xristian, ya da atəşpərəstlik
məbədi olubsa onu yerlə yeksan eləməyə heç kim cürət etməyib. Elə onun
üstündəcə yenisini tikib ki, insanların inamını qırmasın. Abşerondakı
qədim abidələrdən az qala hamısı ondan daha qədim olan qəbirlərin yaxınlığında
tikilib. Qəbirlərin quruluşundan bilinir ki, bu adi adam deyil, dövrünün
seçilən, hörmətli adamı olub.
İndiki Passaj bazarından yuxarıda, indiki Bülbül adına musiqi məktəbinin
yerində bir vaxtlar möhtəşəm Aleksandr Nevski kilsəsi vardı. Kilsəni tikməkçün
bünövrə qazanda ordan kümbəzin içində 6-7 çox qədim qəbirlər çıxdı. Basdırılma
tərzindən onların adi adam olmadığı bəlli olur. Böyük təndir şəklində
qəbirlərdə insanlar yarıoturmuş şəkildə basdırılmışdı. Bakının milyonçuları
və şəhər sakinlərinin ianələri hesabına tikilmiş kilsə çox möhtəşəm bir
abidə idi. Bu kilsəni bolşeviklər sökəndə onun zəngi yerə çırpılanda ətrafdakı
bütün binaların divarları çat verdi. Hətta bolşeviklər də sökdükləri kilsələrin
yerində yaşayış binası tikməyə cəsarət etməyiblər. Həmin yerdə indi Bülbül
adına orta ixtisasa musiqi məktəbi yerləşir. Konservatoriyanın yerində
erməni kilsəsi olub, Mahnı teatrının yerində isə sinaqoq.
Bulvarın
altında şəhər var
Prezidentin qərarı ilə İçərişəhərin bərpasına 3 milyon manat ayrılıb.
İçərişəhər köhnədir deyib sökmək istəyənlər və gözəllik xətrinə qədimliyi
gudaza verən barpa işlərinə müqavimət göstərənlər arasında əsil qarşıdurma
yaranıb. İçərişəhər torpağın altında 10 metrliklərlə dərinlikdə ondan
daha qədim bir şəhərin izlərini qoruyur. İndiki Bulvarın altında qədim
şəhər dinməzcənə gizlənib. Çünki yazılı mənbələrdə Bakı dənizdən çox aralı
göstərilirdi və deyilirdi ki, Narqin adasına qədər torpaq yol vardı. Sonradan
Xəzərin suyu artıb o şəhəri sularına qərq eləyib. Arabir Xəzərin səviyyəsi
azalanda köhnə şəhərin uca binaları sudan baş qaldırıb görünməyə başlayır.
60-cı illərdə Səbail qalası sudan çıxmışdı və dağılmamışdan əvvəl özünü
bizə göstərmişdi. Ona görə də İçərişəhərdə lap sökük, əldən gedən bir
binanı söküb yerində nəsə tikmək artıq böyük cinayət olur. Çünki təzə
binanın bünövrəsini qazanda bir neçə metr tariximizdən itirəcəyik. Onu
bizə qaytaran olmayacaq. İçərişəhər lay-lay üst-üstə yığılmış qədim şəhərlər
toplusudur. Burda hər qarış torpaqda yaddaş yatır.
İçərişəhərdə Şirvanşahlar sarayını tikdirəndə də məhv etməmək prinsipini
işlədiblər. Sarayın yerində qayanın üstündə Süd quyusu adlanan pir vardı.
Südü olmayan qadınlar bura gəlib dua edər və bu quyudan su içərdilər.
Bu pir saraydan qədimdi. Saray müqəddəs sayılan bu ərazidə qayanın üstündə
tikilib. Amma quyuya toxunmayıblar.
Ruslar şəhəri alandan sonra Şirvanşahlar sarayında soldatları yerləşdirmişdilər.
Aşağı mərtəbədə isə atları saxlayırdılar. Az qalmışdı ki, saray məscidi
qarnizon kilsəsinə çevrilsin. Ruslar qarnozonu köçürməyə yer tapsaydılar
Xan sarayını da sökmək fikirləri vardı. Rus soldatları sarayı bərbad günə
qoyub getdilər.
Tikmədim
özüm qalam
Bakının simvolu sayılan Qız qalasının başı lap çox çəkib. Onun nə üçün
tikildiyini anlamayan sovet memarları qalanın müdafiə xarakterli olduğunu
iddia edərək üzdəniraq bərpa işlərini də yanlışlıqlıq üzərində qurublar.
Qız qalasının mərtəbələri yox imiş. Qalanın pəncərə və qapıları tağvari
deyildi. Tağvari pəncərə və qapılar orta əsrlərin memarlıq üslubudur.
Qız qalası isə daha qədimdi. Qala elə tikilib ki, üzü dənizə baxan pəncərələrdən
gün işığı müəyyən saatlarda düşə bilsin. Qız qalasında dekabrın 21-dən
22-nə keçən gecə cünəş sübh tezdən birinci pəncərədən içəri düşüb sırayla
o birilərinə tərəf sürünür. Amma bərpa zamanı qalaya bitişik tikintidəki
çıxıntını axıracan hörüb cünəşin şüalarının qabağını alıblar. Mərtəbələrin
tikilməsinə görə Günəşin şüaları vasitəsilə bizə «nə deyəcəyini» biz artıq
bilməyəcəyik. Ən uzun qış gecəsi - Yılda gecəsi- türklərin əski inamları
ilə bağlıdır. Bu bir daha bu torpaqlarda türklərin qədimdən bəri yaşadığını
sübut edir.
Qız qalasının qarşısında 9 quyu olub ki, zəvvarlar bu maneələri atlanıb
qalaya gəlməli idilər. Müqəddəs yerlərə gəlməkçün insan müəyyən maneələri
keçib gəlməli idi. Zaman bütün çökəkləri doldurduğu kimi bu quyuların
da ağzını möhkəm bağlanıb.
Harda
gəldi tikmək olar?
İndi şəhərə ötəri baxanda adama elə gəlir ki, insanın yalnız yaşayış evlərinə
ehtiyacı ola bilər. Bəyəm şəhərə bu qədər mənzil lazımdırmı? Görəsən binaları
inşa edən memarlar şəhərin energetikası ilə maraqlanırlar? Bəyəm hər yerdə
yaşayıb evi tikmək olar? Hələ qədimdən də məlumdu ki, şəhərdə bütün yerlərin
energetikası eyni deyil. Məsələn, Musa Nağıyev keçmiş «Semaşkonu» tikdirəndə
şəhərdə 3 yerdə - Bibiheybətdə, Qara şəhərdə və «Semaşko»nun yerində qoyun
kəsdirib qoyub gedir. Bibiheybətdə qoyun birinci günü çürüməyə başlayır.
İkinci gün Qara şəhərdəki qoyun çürüyür. Ən axıra qalan yeri, yəni indiki
xəstəxananın yerini belə seçirlər. O, xəstəxananın yerini Bibiheybətdə
seçsəydi necə olardı?
İndiki dağüstü parkda Pirvənzərə adlı bir qaya parçası var. Hələ park
olmamışdan çox-çox əvvəl Bibiheybəti ziyarətə gələnlər əvvəl bu daşı ziyarət
edib sonra Bibiheybətə gedərmiş. Daş hansısa müqəddəs adamın qəbridir.
Qayanın içində dördbucaqlı şəkildə oyuq ovulub. Deyirlər ki, ən qədim
basdırılma üsullarından biridir. Müqəddəs sayılan adamları torpağa basdırmır,
qayanın içindəki oyuğa qoyub ağzını bərkidirdilər. Hətta parkı tikəndə
sovet inşaaatçıları bu başa toxunmağa ürək eləməyib. Qaya parçası parkın
ümumi kompozisiyasını pozsa da onun qarşısında balaca meydança da yaradıblar
ki, Kirovun keçmiş heykəlindən aşağı enən pilləkənlərlə düşüb oranı ziyarət
etmək mümkün olsun. Bir qaya parçasını itələyib yerə salmağa nə vardı
ki?
İmamzadələr
yurdu
Bakı və ətraf kəndələr imamzadaların, yəni Peyğəmbər nəslindən olan insanların
seçiminə də uyğun gəlib. Bakı ətrafında Əli ayağı deyilən bir yer var.
Ehtimal olunur ki, İmam Əlinin ayağının izi qalıb orda. Bilgəhdəki Lela
xanım, Nardarandakı Rəhimə xanım, Bibiheybətdəki Hökümə xanım da imamzadələrdəndi.
İndi Nardaran piri iri, gözəl bir memarlıq kompleksidir. Amma vaxtilə
Rəhimə xanımın qəbrinin yeri məlum deyildi. Deyirlər ki, o, kənd əhlindən
birinin yuxusuna gəlib qəbrinin yerini deyib. Neçə gün rahatlıq tapmayan
bu kişi axırda qazıb, qəbri üzə çıxarıb. Yoxsa ki, narın qum hər yeri
baçıb qəbri itirmişdi. Bibiheybətdəki Hökümə xanım isə 20 yanvar faciəsindən
əvvəl neçə adamın yuxusuna girib xəbərdarlıq eləmişdi. Demişdi ki, «Eh,
siz bilmirsiz ki, nələr olacaq!». Dediyi kimi qan su yerinə axdı. Amma
bakılılara atəş açmış ruslar bilmirdi ki, allahlar şəhərini qana bulayırlar.
Biz ki, bilirik, 20 yanvar faciəsi sovet ordusunun törətdiyi sonuncu qırğın
oldu. Şəhidlərin ahı tutdu bu topdağıtmaz rejimi və eləcə də Qorbasovun
özünü də. Sovetlər belə dağıldı.
Burda bir ağaca niyyət edib parça bağlayırsan, bir ildən sonra görürsən
ki, pirə çevrilib. Ateizm kimi güclü silah insanların dinini əlindən ala
bildi, amma inamını ala bilmədi. Ömründə namaz qılmağı, oruc tutmağı bacarmayan
adamların ayağını pirlərdən kəsmək mümkün olmadı.
İçərişəhərdə Mirmövsüm ağanın evi şəhərlilərin ən çox inandığı yerlərdən
biridir. Bakılılar «Ətağa cəddi» deyib and içməyi çox sevir. 37-ci ilin
tuthatutunda onu da aparmağa gəlmişdilər. Mirmövsüm ağa təmkinini pozmadan,
sakitcənə evdən çıxıb maşina minir. Qara gödəkcəlilər nə qədər çalışırlar
maşın işə düşmür. Kişini evə qaytarıblar ki, maşını düzəltsinlər. Mirmövsüm
ağa maşından düşüb evinə qayıdan kimi maşın işə düşüb. Onu yenidən mindirəndə
maşın elə bil ki, yerə mıxlanıb. Bu hadisə allahsızların da ürəyinə şübhə,
canlarına qorxu salıb. Mircəfər Bağırovun nəvəsinin xatirələrində babasının
Ətağaya hörmətindən danışılır. Onun sözlərinə görə minlərlə insanın qanına
bais olmuş Mircəfər Bağırov Ətağaya görə Stalinin yanına gedib xahiş edib.
Zəfəranların
sirri
By yerlərin öz müqəddəsləri var. Bitki sarıdan həmişə kasıb olmuş şəhərdə
əncir və xar tut ağacları az qala sitayiş obyektinə çevrilib. Üç tərəfi
şor su olan yarımadada iri yarpaqlı əncirin bitməsi özü bir möcuzədir.
Qara tut isə nəinki Abşeron, şəhərin içindəki çox hadisələrdən xəbərdardır.
Köhnə həyətlərin əksəriyyətində heç olmasa bir ağac olardı ki, insanlar
onun ətrafında məskunlaşardı. Bakı həyətlərindəki qocaman tut ağaclarının
məhvindən sonra şəhərin və insanların çoxlu problemləri əmələ gəldi. Deyilənə
görə tutun budaqları arasında yaxşı ruhlar məskən salır. Bakılılar sehrliliklərini
komfort evlərə qurban verdilər. Heç kim qara tutun kölgəsində niyyət eləmək
istəmədi.
Burda çinar ağacları da müqəddəs sayılırdı. Çinarın əsil yerli ağacdır,
gəlmə deyil. İndi şəhər mühitində çinarlara da çox çətin olub. İnsan emosiyalarına,
kütləvi ağac qırğınlarına, çirkli su və havaya dözməli olurlar. Şəhərin
neçə yerində çinar ağacının qaz borusundan yayınıb kənara çəkilməsini
gözümlə görmüşəm.
Abşeronun daha bir sehirli bitkisi zəfəran barədə eşitmiş olarsız. Hər
zəfəran çiçəyinin içində 3 dənə qırmızı tel olur. Onu seçib götürürlər.
200 zəfəran çiçəyindən bir qram hazır zəfəran alınır. Keçmişdə zəfəranı
tərəzinin bir gözünə qızıl qoyub ölçürdülər. Zəfəran yalnız Abşeronda
bitir. Deyəsən, xəzri və yalın qumlar olmasa yaşaya bilmir. Keçmişdə İçərişəhərdə
qala divarlarının boyunca bayır tərəfdən zəfəranlıq vardı. Onu xaricə
koloqramlarla ixrac edirdilər.
Şəhər üçün küçələri, meydanları, insanları, bitkiləri hamısı eyni dərəcədə
müqəddəsdir. Məncə o, heç birini itirmək istəməz. Necə ki, biz onu itirmək
istəmərik. Bir vaxtlar Bakının xanı Hüsenqulu xan şəhəri ruslara təslim
eləmək istəmədi. Rusun gücünü və şəhərin duruş gətirə bilməyəcəyini anlasa
da. O, şəhərin açarlarını Sisiyanova vermək adıyla onu qala divarlarından
qıraqda zəfəranlığa çağırdı. İndi Nizaminin heykəli dayanan yerdə 8 fevral
1806-cı il –cı ildə rus imperiyasının elçisini öldürərək Allahın qoyduğu
qaydalardan birini pozdu. Onünçün Qala divarları içində, ya da sarayında
öldürmək daha rahat olardı, amma yəqin oraları murdarlamaq istəmədi. Qaladan
çıxan bakılılar cumub Sisianovun bədənini parça-parça elədilər. Sisianovu
öldürüb başını Nadir şaha göndərdilər. Bədənini isə qala divarlarının
yanında basdırdılar. İnnən belə Bakı müqəddəs bitkilərindən birini də
itirdi. Bəlkə ona görə zəfəranlar şəhərdən yoxa çıxdı? Onlar qana bulaşandan
sonra bir daha gül açmaq istəmədi.
***
İndi Bakının taleyi həmişəki kimi neftə bağlıdı. Neft bu şəhəri böyütdü, gözəlləşdirdi. İndi isə məhv də eləyə bilər. Yox, şəhəri neft yox, insan hərisliyi məhv edər. Amma dərinə getməsək hər şey çox sadədir: Harda gəldi tikmək olmaz. Nəyi gəldi sökmək olmaz, düşərdüşməzi var. Allahlar şəhərində hər şeyin öz yeri var.