Qadın məntiqi
 Kişilər 
      deyir ki, qadınlarla yola getmək çətindi. Qadınlarsa əksinə, kişiləri yola 
      verməyin çətin olduğunu deyir.
 
      Kişilər 
      deyir ki, qadınlarla yola getmək çətindi. Qadınlarsa əksinə, kişiləri yola 
      verməyin çətin olduğunu deyir.  
      Küçədə sorğu 
        aparılır. Bir kişiyə yaxınlaşıb soruşurlar:
        - Sizcə Brodvey küçəsində dinozavra rast gəlmək ehtimalı varmı?
        -Milyonda bir faiz olar, bəlkə. Amma artıq yox.
        Həmin sualı qadına da verirlər:
        - Sizcə küçədə dinozavra rast gəlmək ehtimalı nə qədərdir?
        - 50-nin 50-yə.
        - Necə yəni?
        - Ya rastlaşacaqsan, ya da yox…
İstəyirəm, 
        ya istəmirəm!
        Qadın məntiqi dedikdə kişilər bu mövzuda ya danışmaq istəmir, ya da uzaqbaşı 
        dodağı qaçır və demək istədiklərini nəzakət xətrinə dilinə gətirmir. Dilindən 
        sözləri gömrüksüz buraxanlar deyir: qadın və məntiq bir araya sığan anlayışlar 
        deyil. Ona görə də kişilərin hamısı əmindir ki, qadın məntiqi deyilən 
        bir xüsusi anlayış var və bu, kişi məntiqindən tamam fərqlidir.
        Qadın qərar verərkən «İstəyirəm, ya da istəmirəm» arqumentlərindən çıxış 
        edir. Ona görə də küçədə dinozavra rast gəlməyin ehtimalı barədə düşünərkən 
        qadın onun olub ola bilməyəcəyini deyil, dinozavra rast gəlmək istəyi 
        barədə düşünür. Həmin məntiqlə yanaşsaq qadın və dinzavr heç vaxt küçədə 
        rastlaşmayacaq. Çünki o, qorxusundan burnunu evdən bayıra çıxarmayacaq.
Qadın 
        məntiqi hələ də öz Aristotilini gözləyir
        Qadın məntiqi hələ ki, nəql etmə, izhar etmə mərhələsindədi və yazıya 
        alınmayıb. Adi, kişi məntiqi uzun inkişaf yolu keçib və filosofların yaratdığı 
        cild-cild kitablarda bu məntiqin həm astarı, həm də üzüylə tanış olmaq 
        olar. Əlbəttə yazılarların hamısı qiymətli olmasa da kişi məntiqinin inkişaf 
        yolunu aydın şəkildə göstərir. Qadın məntiqindən kim yazdı ki? Bu mənada 
        qədın məntiqi hələ də öz Aristotilini gözləyir. Ona görə də gələcək nəsillərə 
        bir balaca artıq güc düşəcək. Qadın məntiqini sistemləşdirib, aksiomalaşdırıb 
        sonra sxemlər şəklində yazmasaq kişilər bizi məsğərəyə qoyub güləcək. 
        Axı onlar yalnız sxem anlayırlar.O da bir məntiqi nəticədir ki, hər kişi 
        özünü məntiqli saya bilməz və yazılan cildlərlə kitabların ona qəti dəxli 
        yoxdu. Gələcək nəsillər daha bir vacib missiyanı yerinə yetirməlidir. 
        Hansısa təbii səbəbdən kişinin qadın məntiqindən yararlanmaqdan məhrum 
        edilməsini araşdırıb bəzi elementar situasiyalarda çox yararlı olan qadın 
        məntiqini nədən anlamadığını öyrənməlidir. 
        Qabaqcadan ehtimal var ki, müəllif pozisiyasını qadın məntiqindən çıxış 
        edərək yazmaqda ittiham ediləcək. Amma hər halda davam edirik. Birlikdə 
        sonacan olmaq istəyənlərin nəzərinə: qadaqcadan hazırlıq keçməmiş, qadın 
        məntiqi lobirintinin gizlinlərinə ayaq basmamış təcrübəsizlər o qədər 
        də risk etməsin. Əvəzində ağ ciyərlərin həcmini artırmaq və səs tellərini 
        bərkitməklə məşğul olmaq yaxşı nəticələr verər. Çünki başqa vasitələr 
        yaramır. Onsuz da hələ ki, bir kişi də qadını öz məntiqindən dönməyə məcbur 
        edə bilməyib. Uzaqbaşı qadını susduraraq (özü də müxtəlif zorakılıq vasitələriylə) 
        kişilər işini bitmiş sayır. Ağ ciyərlərin böyüklüyü və səs tellərinin 
        möhkəmliyi onda yarayacaq.
Sən özünə 
        görə haqlısan
        Qadın məntiqinin kişi məntiqindən ən başlıca fərqi olur ki, həmişə mübahisə 
        doğurur. Amma kişilər öz məntiqləriylə mübahisə də edər, sakitcə fikir 
        yürüdə də bilər. Qadın məntiqinin məhdud zonada tətbiq edilməsi həmişə 
        gözəgirən nəticələr verir. Bu mənada Aristotel özü qadınlara həsəd apara 
        bilərdi. Kişilər nədənsə mübahisə edirsə onlardan biri haqlıdır, təbii 
        ki, öz fikirlərini məntiq ipinə düzə bilməyən kişi haqsız çıxmış olur. 
        Qadınlar mübahisə edəndə ola bilər ki, tərəflərdən hər ikisi də haqlıdı. 
        Bunu belə ifadə edirlər: «Sən özünə görə haqlısan». Müasir elm qadın məntiqinə 
        əsaslanmsış mübahisədə kimin haqlı olmasını təyin etməkdə acizdir.
        İki azyaşlı oğlan uşağının qadın məntiqinə əsaslanmış söhbətinə fikir 
        verək. Onlar hələ ki, kişi məntiqiylə silahlanmayıb:
        - Mən dayımgilə gedəcəm, səni özümlə götürməyəcəm.
        - Mən özüm gələrəm, sənsiz.
        - Mən səni otaqda iplə bağlaram.
        - İpi qırıb gələrəm.
        - Onda qapını bağlaram.
        - Mən sındıraram.
        - Qapını dəmirdən düzəltdirərəm.
        - Pəncərədən çıxaram.
        - Pəncərəni də dəmir qəfəsə salaram.
        - Onda divarı sındıraram.
        - Mənsə səni dəmir otaqda bağlayaram!!
        Bu mubahisədə uduzan tərəf söhbəti başqa müstəviyə çevirməyi bacarsaydı 
        əlbəttə ki, udardı. Amma o, hələ balacadı və ağlamaqdan başqa çarəsi qalmadı. 
        Deyək ki, bu üsul, yəni vaxtında gözündə 2 damla yaş çıxara bilmək bacarığı 
        bəzən kişi və qadın mübahisələrində zəif tərəfin qalib çıxmasına kömək 
        edir.
        
Etirazsız, 
        yoxsa ehtirassız?
        Qadın məntiqinə əsaslanmış mübahisələrin öz daxili qanunları var:
        1. Etiraz edilməmiş fikir artıq sübut edilmiş sayılır. Çox böyük sürətlə 
        deyilmiş 5-10 fikrin cavabı gəlməsə qadın özünü qalib hesab etməyə başlayır. 
        Nəzərə alsaq yüksək sürətlə yağdırılmış fikir fəvvarəsində hansısa bir 
        cümlə etirazsız qalmalıdı, kişi beyni bütün arqumentlərə cavab vermək 
        iqtidarında deyil. Hələ buketin sonunda bir təhqiramiz ifadə də olsa apponent 
        bu təhqirə cavab verəcək, deyilmiş fikirlərə yox. Burdan aydın olur ki, 
        qadın fikirlərini artan xətt üzrə elə düzməlidir ki, söhbətin axarı kulminasiyaya 
        doğru getsin. Bəzən dediyi sözün cavabını eşitmədən otaqdan ağlaya-ağlaya 
        çıxmaq, uzaqbaşı qulaqları qapamaq kimi ekstrimal vasitələr də tətbiq 
        edilir. Əgər iki qadın mübahisə edirsə, onlardan biri qulaqlarına pambıq 
        tıxayıb və müsahibinin cavablarını eşitmirsə o özünü artıq qalib saya 
        bilər. 
        2. Sonuncu sözü deyən adam qalib sayılır. Bu tip mübahisədə hər cümlənin 
        cavabı həmən saniyə gəlməlidir. Cümlələr gözlənilməz sürətlə yağdırılırsa 
        orda sonuncu cümləyə cavab vermək lazımdı. Ondan əvvəlkinin cavabı artıq 
        mənasızlaşır. Çünki onu dilinə gətirmiş tərəf bir saniyədən sonra utanıb 
        qızarmadan ondan imtina edə bilər. Çayda eyni suya iki dəfə girmək mümkün 
        olmadığı kimi qadınla mübahisədə əvvəlki cümləyə qayıtmaq olmaz.
        3. Qadın məntiqiylə bir firki təkzib etmək də mümkündür, rədd edib qəbul 
        etməmək də. Yəni ki, sərf etməyən bir ifadəni mənasız elan edərək onu 
        cavabsız qoymaqla qadın hər şeyi sübuta yetirmiş sayır. Bu vaxt «Nə olsun?!» 
        ifadəsi fantastik effektlər verir. İki saat ərzində kişi məntiqiylə dürr 
        kimi düzülən faktlar bu iki kəlməlik zərbədən darmadağın olur.
Cız-bız 
        edən yağlı ifadələr
        Kişi və qadın məntiqi bir araya sığmır, bunu hətta qadınlar da bilir. 
        Məsələn, bir dialoqu təsəvvür edək:
        Qadın: Sənə ərə gələndən sonra mənə heç nə bağışlamamısan!
        Kişi: Bağışla əzizim, martın 8-də sənə öküz boyda qabda ətir bağışlamışam.
        Qadın bir neçə variandan birini seçməlidir. 1-ci variant: Bah, bir balon 
        it iyi verən ətir vermisən. İldə bir dəfə nəsə verib sonra il boyu başıma 
        çırpırsan. 2-ci variant: Mənə heç nə verməmisən, Allh bilir hansı müğənniyə 
        bağışlayıb sonra unutmusan. 3-c variant: Nəsə bağışladığını xatırlamıram. 
        Əgər lap belədirsə də, başqa kişilərin arvadlarına qayğısı qarşısında 
        bu nədi ki?! 
        Kişilər fikir yürüdəndə onlardan hansısa biri sübut edilibsə onun təkrarından 
        fikrin mənası dəyişməyəcək. Qadın məntiqində isə təkrarladıqca arqumentin 
        fikir yükü artır. Ola bilər ki, dəhşətli dərəcəyə şişirdilsin, ya da gözlənilməz 
        səviyyəyə ensin. Özü də hər təkrarda yeni sözlər, ifadələr əlavə edilərək 
        arqument daha da mürəkkəbləşdirilir. Üstündə bir iki dənə «cız-bız» edən 
        yağlı ifadələr olmasa bu, qiyməsiz,qatıqsız xəngələ bənzəyər. Eyni ifadəni 
        təkrarlamaqla təsdiqləmə üsulu hələ Esxilin faciələrində bir ədəbi üsul 
        kimi tətbiq edilirdi. 
        Kişi deyirsə ki, «Ayaqqabı qaradı» o, ayaqqabının rəngini nəzərdə tutur 
        və onun qara olduğunu deməyi özünə borc bilir. Qadın üçünsə ayaqqabının 
        qaralığı qarşısına qoyduğu məqsəddən asılıdır. Ona lazımdısa ayaqqabı 
        qara da, bozumtul da, rəngi qaçmış da ola bilər. Qaynana filmində çay 
        məsələsini xatırlayın. Qaynana deyir ki, gəlinin gətirdiyi çay bumbuzdu, 
        amma sonra barmağını həmin çaya salıb yandırır.
 
 
      Sizin 
        qəribə məntiqiniz varmış
        Söhbəti tamam fərqli müstəviyə çevirmək bacarığı qadın məntiqinin ən vacib 
        keyfiyyətlərindəndir. Bəzən bu proses o qədər sürətlə baş verir ki, ortabab 
        kişi beyni nə baş verdiyini heç anlaya da bilmir. Xüsusi hazırlığı olmayan 
        kişilər söhbətin nədən getdiyini başa düşmür. Çünki bəzən mübahisə predmeti 
        yaddan çıxır və söhbətin sonunda kimsə xatırmamır ki, hər şey nədən başlamışdı. 
        
        Qadın «Biz Bolqariyada Qızıl qumlarda ərimlə istirahətdə olanda gördük 
        ki, oranın qumu daha narın və daha istidi» deyirsə bunun cavabında «Ərimlə 
        qışda Dubayda olduq, orda hamı xaricilər idi» səslənsə arqument daha güclü 
        və məntiqi cavab sayıla bilər. Söhbəti başqa müstəviyə çevirməyin qaydalarına 
        görə əks arqument, sübut bir frazadan uzun olmamalıdır. Pauzadan istiadə 
        edərək söhbəti çevirə bilmək bacarığına görə qadınlar hətta vertuoz sayıla 
        bilər. Pauza yoxdursa «Səninlə danışanda ağzını yum!» kimi ifadə də öz 
        işini görə bilər. Bu ifadə qadının şəksiz haqlı olduğuna işarə edir. Bütün 
        bu sadalananlar qadının düşüncə qabliyyətlərinin zəifliyini deyil, əksinə 
        qeyri-adiliyini sübut edir. İş ondadır ki, qadın iki fikirdən nəticə çıxarırsa 
        bilir ki, həmsöhbəti də bunu ondan pis bilmir. Lazım gələrsə həmsöhbəti 
        sözün altından çıxıb bayaq səsləndirilmiş fikirlərdən imtina edəcək. Ona 
        görə də qadın bu addımı birinci atıb qalib çıxmaq istəyir. Kişiylə danışanda 
        nəyisə təsdiqləmək lazım gələrsə qadın təsdiq əvəzinə «Ola bilər» kimi 
        sürüşkən ifadələr işlədir. 
        Söhbətdə «Mənim N adlı dostumun tanışlarının hamısı ya avara, ya da əclaflardı» 
        cümləsi səsləndisə kişi məntiqinə görə bu sözü deyən adam özü də avara 
        və əclafdır. Amma bu ifadəni qadın çox asanlıqla dilinə gətirə bilər. 
        Bu halda həmişə lətifəsi özündən iraq tutaraq dediyindən utanmaz. Ona 
        görə də kişilər belə cətin dolanbacları olan qadın məntiqindən baş aça 
        bilmirlər. Kişi məntiqinə görə deyilən fikir ya doğrudur, ya da yalan. 
        Yalanı doğrudan ayırmağı öyrənmiş kişilər həmin üsulları Adəm peyğəmdərdən 
        bu yana dəyişilmədən istifadə edirlər. Qadın üçünsə həqiqət, yalan və 
        maraq doğurmayan fikirlər var. Ona görə də qadın eşitdiyi fikri asanlıqla 
        və ondan da böyük əminliklə 3-cü kateqoriyaya aid edib maraq dairəsindən 
        çıxaracaq. Qadın beynində «absolyut» qanunu işləyir. Çünki hər qadının 
        öz absolyutu var, yalan və doğru həmin absolyuta nəzərən müəyyən edilir. 
        «Sizin qəribə məntiqiniz var» ifadəsi də burdan doğur. Həmin bu absolyut 
        özü də vaxt keçdikcə dəyişə bilər. 
Özün 
        bil…
        Bəziləri deyir ki, qadına heç nəyi sübut etmək olmur, başqaları isə əksinə, 
        düşünür ki, qadın bütün deyilənlərə çox tez inanır. Müşahidələr göstərir 
        ki, qadının diqqətindən kənarda olan hər bir şeyə inandırmaq su içmək 
        kimi asandır. Amma onun daxili qanunları, absoyutunu şübhə altına salan 
        hər kiçik cəhd belə uğursuzluğa məhkumdur. «Kilkə balıqdır və bütün balıqlar 
        kilkədir» fikri bir kişinin də başına yerləşməz və o əlbəttə ki, buna 
        inanmaz. Qadın öz fitri istedadı ilə kişini bu fikrə gəlməyə vadar edə 
        bilər. Sonra deyirsiz ki, qadınlarla yola getmək çətindi?
        Qadın məntiqi deyilən anlayış var və hər bir qadın onu artıq 3 yaşında 
        olanda mənimsəyir. Kişilər içində bu sənətə yiyələnmiş bir kişini də xatırlaya 
        bilmirəm. Olarsa ya dahi alim, ya da rəssam ola bilər. Qadın məntiqi bir 
        açar kimi kişi məntiqi qıfılına tam uyğun gələ bilər, əgər sizin absolyutu 
        həmin kişi qəbul edər, ya da onu qəbul etdirə bilərsizsə. Qəbul etməsə 
        söhbəti həmən kəsmək lazımdı. Amma özünü məğlub elan etmədən. Qadın bu 
        məğlubiyyəti özünə icazə verə bilməz. Bu «söhbət»dən sonra qadın rahatlıqla 
        deyə bilər: «Düz iki saatdır çənə döyürəm. Onunla heç danışmaq mümkün 
        deyil!». Kişilərin absolyutu olmur deyən onlar yalnız məntiqi şəkildə 
        ortaya atılmış fikri qəbul edirlər. Onlar heç maraqlanmırlar ki, bu məntiqi 
        fikir hardan süzülüb gəldi. Öz absolyutunu kişiyə məharətlə yeridə bilən 
        qadın həmişə qalıb çıxır. Uzunboğaz çəkmələrin dünya böhranından daha 
        vacib olduğunu, siqaret dumanının çəkəndənsə ətrafdakılara daha çox zərərli 
        olduğunu inandıra bilən qadına heç kim bata bilməz. Adətən belə qadınların 
        dilindən «Mən sənə öz fikrimi yeritmirəm. Özün bil, sən ki, həmişə özün 
        qərar verirsən. Amma sənə başa salmaq istəirəm ki….» kimi ifadələr əskik 
        olmur. 
        ***
        Dünya qədimdir. Məntiq də dünyanın özü kimi qədimdir. Qadın məntiqinin 
        yaşı isə bilinmir…
 Qadın baxışı
Qadın baxışı