İlin sehr yapma məqamı
 
 
      Hamıya elə gəlir ki, bu bayramı çox yaxşı tanıyır
Bizdə belə inam 
        var ki, Novruz bayramında evdə olmasan 7 il sərgərdan gəzəcəksən. Ona 
        görə də mart ayında Novruzdan yazmamaq günahdır. Hamıya elə gəlir ki, 
        bu bayramı çox yaxşı tanıyır və barəsində də hər şeyi bilir. Amma üstümüzə 
        su çiləyib odun üstündən atılmaq, şəkərbura, paxlava yeyib qulaq falına 
        çıxmaq bu sirli bayramı anlamaq üçün kifayət deyil. Minilliklərdir Novruzu 
        xalqa unutdura bilmirlər. Dinini, dilini, əqidəsini dəyişə bilən xalq 
        Novruzunu dəyişdirmək istəmədi. 19-cu əsrin ilk illərində rus imperiyası 
        tərəfindən işğal edilən Azərbaycan türkü ildə 3 dəfə – məhərrəmin 1-də, 
        yanvarın 1-də və yaz gecə-gündüz bərabərliyi anında yeni il keçirmək məcburiyyətində 
        qalır. Bunlardan birini ruhani aləm, ikincisini dövlət himayə etdiyi halda 
        Novruzu xalq özü yaşadır. 1922-ci ildə Nəriman Nərimanov Genuya konfransında 
        olduğu vaxt Kirovun əmriylə küçələrdə Novruz bayramını qeyd edən əhaliyə 
        atış açıldı. Amma bundan sonra da Kosa və Keçəlin xurcunundakı şəkərburaların 
        sayı azalmadı.
        İslam dini yayıldığı torpaqlarda ibtidai təsəvvürləri, bütləri sındırıb 
        dağıtsa da, Novruz bayramı mərasimlərinə toxunmayıb. Çünki bu mərasimlər 
        əzəldən dünyaya düzgün baxışla köklənib. Mərasimləri nəinki toxunmaz şəkildə 
        saxlayıb, hətta bəzi dini hadisələri də bu bayramla əlaqələndirərək insanların 
        inamında möhkəmləndirib. Hər dini bayramımızın öz duası var. Novruzun 
        isə öz duası yoxdur. Bu, Novruzun İslamdan çox-çox əvvəl artıq el arasında 
        qeyd olunduğuna dəlalət edir. 
        
Yaranışın 
        ssenarisi üzrə
        İlaxır çərşənbələr Yer üzündə analoqu olmayan rituallar silsiləsidir ki, 
        ilkin təsəvvürlər toplu halında xalq tərəfindən gen yaddaşında yaşadılır. 
        Dünya duranı olan inanclara görə Allah ilk olaraq qarmaqarışıq xaosdan 
        suyu ayırır. Başlanğıcda kürreyi-aləm ancaq sudan ibarət idi (su çərşənbəsi 
        buna eyham vurur). Sonra odun köməyilə suyun keyfiyyətlərini dəyişir və 
        günəşin şüalarıyla suyun müəyyən hissəsini qurudub torpağı üzə çıxarır 
        (od çərşənbəsində simvolizə edilir). Torpaq meydana gəlməklə dünyanın 
        bir çox elementinin doğuşuna şərait yaranır (torpaq çərşənbəsi ona görə 
        sırada üçüncüdür). İlk insan suyun dibindəki gildən, yaxud Allahın gərgin 
        zəhmət çəkdiyi anlarda alnından düşən tərdən yaranır. Ulu Allah Yel vasitəsilə 
        ilkin yaranışları bir məkandan başqa məkana aparır (göydən yerə endirməklə) 
        və hava, nəfəs verməklə (yenə də yel vasitəsilə) ruhu meydana gətirir 
        (bu da sonuncu mərhələ, yel çərşənbəsi).
        Qədim Şumerdə tapılan mixi yazıların içərisində mətnlərdən biri «Kainatın 
        və insanın yaranması barədə mif»dir. Ehtimal var ki, bütün dinlər mənbəyini 
        buradan götürüb, yerini göstərməyiblər. Burada deyilir ki, dünya əvvəlcə 
        başdan-başa su olur. Ata Göylərlə Ana Yer əvvəlcə bir yerdə ər-arvad şəklində 
        olublar. Zaman keçdikcə Göy Yerdən ayrılıb. Lakin Ata Göylər heç zaman 
        öz sevimli «arvad”ını nəzərdən qaçırmayıb. Ondan öz məhəbbətini əsirgəməyib, 
        günəşin şüasını, yağışı, qarı göndərib. Hava, od, yel torpaqla birləşərkən 
        Yer «hamilə olub». Nəticədə Yerdə canlı həyat əmələ gəlib. İncildə bu 
        münasibət Adəm və Həvva şəklində verilib. Bu mifin yaşı 45-50 min il göstərilir. 
        Bəşəriyyət isə hələlik ki, şumerlərdən başlayır. Ondan əvvəlki dövrlərə 
        aid faktlar yoxdur.
        Müqəddəs günlərin çərşənbə seçilməsinin isə izahı budur ki, Tanrı dünyanı 
        yaradanda həftənin ilk günündə hazırlıq işlərini yerinə yetirib, 2-ci 
        gün (çərşənbə axşamı) yaratmağa başlayıb. 3-cü gün su, 4-cü gün od, 5-ci 
        gün torpaqla bağlanan varlıqlar yaradıb, 6-cı gün yaranışların hamısına 
        can (ruh) verib, 7-ci gün bütün işlərini tamamlayıb istirahət edib. Bu 
        inama görə bütün yaradılış işlərinin bünövrəsinin qoyulması çərşənbə axşamına 
        düşür. 
        
Allah, 
        məni su elə…
        Novruzla bağlı bütün mərasimlərimiz su çərşənbəsi ilə başlar. Su hər şeyin 
        əzəli və çıxış nöqtəsidir. Su çərşənbəsi suya sitayişlə başlar. Günəş 
        doğmadan su başını gedərlər, təzə suda yuyunarlar, yaralıların yaralarına 
        su səpərlər, bir-birini suyla çiləyər, arx üstündən atlanarlar. Əski inama 
        görə su çərşənbəsində günəşin şəfəqi görünən anda şüaların toxunduğu su 
        təzə və müqəddəs sayılır. Həmin suda yuyunan arzusuna çatarmış. Əzəl çərşənbə 
        erkən köpüklənən su hər dərdin dərmanı sayılar. «Kitabi Dədə Qorqud»da 
        su ona görə aydınlıq sayılır ki, Tanrının üzünü görüb.
        Su çərşənbəsində erkən durub axar sudan, bulaqdan, çaydan «lal su» gətirərlər. 
        Yəni suyu evə gətirənədək heç kimlə danışmazlar. Bu su niyyətləri çin 
        eləmək üçün yarayır. Ən təmiz su insanla təmasda olmayan sudur. Çünki 
        suyun yaddaşı var. Dünya alimlərinin qoyduğu təcrübələr sübut edir ki, 
        su bütün hadisələri yaddaşına yazıb ona reaksiya verir. Maddəyə toxunması 
        kifayətdir ki, su onun haqqında hər şeyi bilib yaddaşında saxlasın. Suyun 
        hər molekulunda 444 informasiya paneli var. Bu bir növ kompyuter yaddaşı 
        kimidir. Su fikirləri oxuyur. Alimlər təcrübələr aparıblar. İki qab qoyulub, 
        birinə hər gün xoş söz deyilirdi, o birini isə hər gün söyürdülər. Nəticədə 
        mikroskop altında hər iki su damcısının çox fərqli quruluşu gözə çarpıb. 
        İki söz suyu təmizləyir: sevgi və şükranlıq. Keçmişdə bu suya dirilik 
        suyu deyərmişlər. Dirilik suyu ilə suvarılmış bitkilər, canlılar sağalır. 
        Bu artıq faktdır. Məbəddən götürülmüş suyun strukturu altıguşəli ulduz 
        formasında olur. Bizim bayrağımızdakı altıguşəli ulduz kimi. 
 
 
      
İçimə 
        od düşdü
        Mifoloji təsəvvürlərdə dünyamızın yaranmasına təkan verən ikinci mühüm 
        amil oddur. Əski inanclarda odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. 
        Novruzla bağlı çərşənbələrdən ikincisində dan yeri qızarmamış durub odla 
        ünsiyyətə girmək lazımdır. Hələ zərdüştilikdən çox-çox əvvəllər də insanlar 
        inanırdılar ki, Günəşi əzizləsələr, oxşasalar, təbiət tez isinər, adamlara 
        xoşbəxtlik gətirər. Günəş istisini arzulayan ulu babalarımız od çərşənbəsində 
        sübh tezdən Günəşə qurban aparardılar. 
        Od çərşənbəsi insanın yaradılışında ikinci mərhələni, od komponenti ilə 
        bağlı mərhələnin mifik təzahürüdür. Qədim dövrdə tonqalı yetkinlik yaşına 
        çatmamış oğlan uşağı çaxmaq daşı vasitəsilə qalayardı. Belə od müqəddəs 
        sayılardı. 
        Səməni, saxla məni
        Sayca üçüncü olan torpaq çərşənbəsində torpağı ana təbiət su ilə islatdı, 
        günəşlə isitdi və onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkininə 
        xışla-kotanla məhz torpaq çərşənbəsində başlayardılar. Nənələrimiz «Səməni, 
        saxla məni, ildə göyərdərəm səni» deyib buğda isladardılar. Novruz mərasimləri 
        içərisində Səməni hazırlama mərasimi ən vaciblərindən biri sayılır. Bu 
        təbiətin, insanın məhsuldarlığının simvolu olaraq magik və ibadət funksiyasını 
        da daşıyırdı. Məsələn, Səməni vasitəsilə sonsuz qadınların təmizlənməsi 
        mərasimini keçirirdilər. Səməni hazırlama prosesi lap dini mərasimə oxşayırdı. 
        Bura yalnız qadınlar buraxılırdı. İri qazan qoyulmuş ocağın odunu başı 
        bütöv (yəni ailədə xoşbəxt, əri, uşaqları olan) qadın yandırardı. Mərasimi 
        isə hörmətli, ağbirçək qadın idarə edərdi. Səməni hazırlanan yerə kişilər, 
        başqa dinə inananlar və bəd nəzəri olanlar buraxılmazdı. 
        Torpaq çərşənbəsində bar gətirməyən ağacları zaminə götürmək mərasimi 
        də icra edilir. Kimsə baltanı götürüb ağacın üstünə gedir ki, guya onu 
        kəsəcək. Bu vaxt başqa birisi yaxınlaşıb onun nə edəcəyini soruşur. Ona 
        deyirlər ki, ağac bar vermir ona görə kəsiləsidir. Bu dialoqu guya ki, 
        ağac eşidir deyən tamaşa reallığa mümkün qədər yaxın oynanılır. Bu zaman 
        ikinci adam ağacın yerinə söz verir ki, gələn il o, mütləq bar verəcək, 
        ona görə səbr edib onu kəsməsinlər. Bir növ ağacı zaminə götürür. Deyilənə 
        görə, belə üsulla zaminə götürülmüş ağaclar bar verməyə başlayır və heç 
        vaxt da kəsilmirdi. 
        
Yelə 
        tüpürsən, öz üstünə qayıdar
        Axır çərşənbə ilaxır çərşənbələrin mərasim, ayin, etiqad, oyun və şənliklərlə 
        ən zəngin olanıdır. Bu vaxt əvvəlki çərşənbələrdə icra olunan bütün mərasimlər 
        təkrar qeyd olunur. Ona görə çox vaxt sonuncu çərşənbəyə nə Yel çərşənbəsi, 
        nə Od, nə Torpaq, nə də Su çərşənbəsi adını vermirlər. Çərşənbələrin sıralanmasında 
        mübahisələr olsa da, bu günü yəqin kimsə mübahisə etmək istəməz. Axı hamı 
        inanır ki, Axır çərşənbəni necə qarşılayıb yola salsan, elə də bütün ili 
        keçirərsən. 
        Mağlar deyirdi ki, hava görünməyən şeylərlə doludur. El içində Yel çərşənbəsini 
        «küləyi oyadan», «yelli» də adlandırırlar. Etiqada görə bu çərşənbə oyanan 
        yel və külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. O, lazım 
        gələndə insanları əzizləyir, onlara kömək edir, qəzəblənəndə isə adamları 
        cəzalandırır. 
        Bu günü səhər tezdən suya tapınma ayinini keçirirlər. Bütün günü davam 
        edən mərasimlər axşama doğru daha da maraqlı olur. Bu axşam üzərlik yandırır, 
        tonqaldan tullanırlar. Bacalardan torbalar sallanır, qurşaq atılır, fal 
        açılır. Bu günü xüsusilə subaylar gələcək qismətini axtararaq qulaq falına 
        çıxır, suyla, odla, başqa üsullarla fala baxırlar. 
        Dünyanın yaranmasında iştirak edən sonuncu ünsür havadır. 4 ünsürdən ikisi 
        od və yel mənəvi-ruhi, kişi başlanğıcı, torpaq və su isə maddi, qadın 
        başlanğıcı hesab edilir. Bu ünsürlər maddi və mənəvi başlanğıca bölünərək 
        əks cəbhələrdə dayanırlar. Yel canlılara nəfəs verməklə öz hərəkətliyini, 
        dinamikliyini onlara keçirir. Bir sözlə, cansız torpağı və suyu durğunluqdan 
        çıxarır. Ona görə də yeli ruhla eyniləşdirirlər. Lakin od və hava qarışmasa, 
        maddi, əşyavi tərəf əbədi dəyişməz qalar, sular coşub daşmaz, dalğalanmaz, 
        torpaqlar vulkana çevrilib püskürməz.
        Novruzda xonça tutub bayramlaşmaq adətimiz də var. Xonça müqəddəsdir. 
        Bəlkə ona görə xalçalarımızın tən ortasındakı ornamentə də xonça deyirik. 
        Nəsildən-nəslə ötürülən xalçanın tən ortasında oturub niyyət eləsən yerinə 
        yetəcək deyən qədim inamımız da var. Ulularımız deyirlər ki, «Yel əsdirəni 
        söyməzlər». Çünki onun arxasında Baş Ruh durur. 
        Bu gün təkcə cismin yox, ruhun da təzələnmə günüdür. Yaxşı olar ki, ev-eşiyimizi, 
        həyətimizi silib təmizlədiyimiz qədər ruh aləmimizin təmizlənməsinə diqqət 
        verək. Evlərin təmizlənməsi də heç də təsadüfdən baş vermir. Hələ zərdüştilik 
        zamanından bəri yeni ilə bir gün qalmış evdə nə qədər sınıq şeylər varsa, 
        xüsusən də güzgü, cırılmış paltar və sairi birmənalı olaraq atırdılar. 
        Ruhun təmizləmə mərasiminin izləri türkmənlərin «xəncər rəqsi»ndə çox 
        aydın görünür. Rəqsin funksiyası xəbis ruhlardan xilas olmaqdır. Bizim 
        milli rəqslərimizdə də hərəkət elementlərinin əksəriyyəti ruhi aləmlərlə 
        təmas, yaxşı və pis ruhlar arasında özünə yer tapmaqla bağlıdır. Rəqs 
        edən insan ruhunun təmizlənməsi üçün xüsusi hərəkətlər edir və ali varlıqlarla 
        təmasa girir. Rəqslərimizin magik xüsusiyyətləri, eləcə də muğamlarımızın 
        sehrinin səbəblərini uzaq tariximizdə, mağlar adlanan tayfanın mədəniyyətimizin 
        formalaşmasında oynadığı rolunda axtarmaq lazımdı.
        
Axır 
        çərşənbə dua və ovsun günüdür
        Bir vaxt Ulu Yaradan bütün bunları bizimçün yaratdı. Suya, oda, torpağa 
        və yelə tapşırdı ki, gözü üstümüzdə olsun. Hər il gecə-gündüz bərabərləşəndə 
        biz bütün bunları yenidən xatırlayıb Allaha dualarımızı və şükranlığımızı 
        çatdırırıq. 4 ünsürü bir araya gətirən Novruz bayramının daha bir keyfiyyəti 
        odur ki, bu günü insanlar bir-birinə sevgilərini izhar edir. «Beşinci 
        element» filmində qəhrəman su, od, torpaq və hava ünsürlərini yerinə qoyandan 
        sonra onları işə salmaq üçün 5-ci elementi tapmalı idi. Yalnız sevgi bu 
        4 ünsürü tərpədə, onların ən yaxşı keyfiyyətlərini işə sala bilər. Bunu 
        biz çoxdan bilirik…
31 Mart, 2011
 Qadın baxışı
Qadın baxışı