Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Utopiya – göyə ucalan pilləkan

Çəhrayı fikirlərin hakimiyyəti altında qeydlər

İnsan öz təxəyyülündən daha çevik və bacarıqlıdır.
«Şüurun oyunları» filmindən

Ən adi, gündəlik qayğılarla dolu olan bir kəllədə ağıllı, lazımsız, dahiyanə və s. fikirlərlə yanaşı həmişə reallıqdan uzaq, utopik fikirlər də olur. Bu, bir növ şüurun, beyinin qaymağıdır ki, onu bölüşməyi sevməzlər. İnsanın öz-özüylə tetatet qaldığı intim məqamlarda, gələcək barədə şirin düşüncələrə dalanda utopik fikirlər cana gəlir və insanın beyninə hakim kəsilir. Utopiya relalşmayan, daha doğrusu reallaşa bilməyən ideyalara deyilir. Bəlkə də utopiya reallaşandan sonra artıq utopiyadan daha artıq olur. O, nədisə ələgəlməz, gözəgörünməz və bir qədər də izaholunmaz bir nəsnədir. Çünki hər hansı reallıqdan çox uzaq olan kimi hamı əlini yellədib «Eh, utopiyadır» deyərək bu fikirdən əl çəkməyi tövsiyə edir.
Vim Vendersin «Berlin üzərindki səma» filmində mələklər görüşəndə bir-birinə izaholunmaz insan hərəkətlərini danışırlar. Məsələn, onlar heyrətlə deyir ki, «Qadın küçəyə çıxaraq yağış altında islanmaq üçün düyməni basaraq çətiri bağladı». Əgər rejisyorun bu fikrinə inansaq belə şeylər mələkləri heyrətə gətirir. Bu yazıdakı ideyaların da hamısı nəinki mələklərin, elə insanların özünün də heyrətini doğuraraq onları bütün ideyaların nə vaxtsa reallaşacağına inandırır.
Zaman və məkanın buludda necə ayaq saxladı
Bulud ev 2002-ci ildə İsveç gölü Nefşatel sahillərindən 120 metr aralıda tikilib. Tikilib, yoxsa bu baş verib, bu barədə tarix susur. Onun özəyi mürəkkəb konstruksiyadan ibarətdir və içində uzunluğu 90 m, eni 61 metr, hündürlüyü 20 metr olan dumanı öz içində saxlaya bilir. Duman süni yaradılır. Bunun üçün Nefşatel gölündən su vurularaq filterdən keçirilir və sonra yüksək təzyiq altında xırda hissəciklərə parçalandırılaraq havaya sovrulur. Körpü vasitəsilə bu buluda girmək, içində öz intuisiyana arxayın olaraq dolaşmaq olar. Buludun içində şüşədən bir otaq var. Hər tərəfi, hətta döşəməsi də şüşədən olan bu otaqda Zaman və məkanın necə ayaq saxlayıb dayandığını və arabir dumandan çıxan işıq şüası ilə necə əridiyini görmək olar. Gecə düşən kimi bulud «Omnimax» texnologiyası ilə canlanarıq böyük ekrana çevrilir və ponoram filmlər nümayiş edir.

Darius Bikoff və onun buzlaq suyu butılkası t (Glacier Water Bottle)
Yer üzündə Darius Bikoff adlı bir qəribə adam yaşayır. Beynində utopiyaların dolaşmasına baxmayaraq o, çox varlı adamdı. Çünki utopiyaları reallığa çeviməyi bacarır. O, bir dəfə qəribə dizaynı ilə seçilən Filipp Starkla görüşür. İçəri girən kimi salamlaşır və qovluğu açaraq təzəlikcə aldığı buzlağın fotosunu və 999 ilə bağladığı kirə müqaviləsini göstərir. Onun dediyinə görə bu yaxınlarda velosiped sürərkən susadı və əlini atıb su şüşəsini götürmək istəyəndə xatırladı ki, pis iy verdiyindən on evdə islağa qoyub. Bundan sonra onun beynində ən təmiz su tapmaq ideyası yaranıb. Buzlağın suyu ən təmiz olduğundan o, bu buzlağı almaq fikrinə düşüb. Paslanmayan metaldan hazırlanmış gəmi buzlağın alt tərəfində dayanaraq əridikcə damcılayan suyu öz içinə yığmalıdı. Hazırda o, yığdığı təmiz su üçün ən intellektual qab hazırlanmasını istəyir. Qab avtomatik açılıb bağlanan olmalıdı, çünki insanlar daim hərəkətdədi. Həmin qabın dizaynını verəcək adam ondan qazanacağı pulları hara xərcləyəcəyini soruşur. İşguzar kişi deyir ki, balinaları çox sevir, amma onları müdafiə edən cəmiyyətlərə etibar etmir. O, düşünür ki, bir neçə cəsus-mühasiblərin xərclərini çəkərək balina əti hazırlayan fabriklərin maddi durumunu öyrənəcək. Onlardan hansınınsa maddi problemləri yaranan kimi fabriki alıb onu suyla dolduraraq məhv edəcək. Darius Bikoff bu sözləri deyəndə gözlərində böyük fəxr hissiylə dizaynerə baxmışdı.
Şərq qonaqpərvərliyi

Kinorejisyor Parajanov özü barədə: «Gözəldir, amma dözülməzdir» deyir. Amma o, belə davranışla adam arasına çıxanda heç kim onu əbədsiz adlandırmır. Bir dəfə Paracanov rejisyor Tarkovskinin qonaq çağıranda masa çox bahalı, qədimi krujeva ilə bəzənmiş və orada yaşı az qala 300 il olan şərab qoyulmuşdu. Qonaq içəri girər-girməz ev sahibi tələsik şərabı götürüb içindəkini süfrəyə çiləməyə başladı. Sonra bunun adını «Şərq qonaqpərvərliyi» qoydular. Paracanovun avtoportretlərinin əksəriyətində «Mən dahiyəm» kommentarisi qoyur.
İçkiyə yer olmayanda qədəhlər oxuyar
Onu bəzən «Serofim», ya da şüşə arfa adlandırırlar. Bu aləti dilə gətirmək üçün qədəhin içindəki mayeyə barmağı batırıb səbrlə onun kənarlarına durmadan sürtmək lazımdı. O vaxta kimi ki, şüşə «dilə gəlib» səslənməyə başlayacaq. Əslində bu alət əhlikef adamların instrumentidir. Artıq mədədə içkiyə yer olmayanda içki masası ətrafında adamın hoqqabazlıq etməyi gələndə nələrsə uydurmağa başlayır və əl altda olan alətləri və fantaziyasını işə salır. Amma deyirlər ki, heç də bütün qədəhlər oxumur. Bu alətin texnikasına yiyələnəndən sonra onda hətta Baxın da əsərlərini çalmaq olar. Büllur qədəh üçün musiqini Mosart, Bethoven kimi bəstəkarlar musiqi yazıblar.
Səsini oddan qoparan musiqi aləti – pirofon
«Oxuyan alovlar» kitabında odu səsləndirən alətlər Pirofon, Alovsəs, Plazmasəs kimi alətlərin adı çəkilir. Fredirik Kastner isə İşıqsəs alətini 13 budaqlı və alovsaçan bir cihaz kimi təsvir edir. Deyir ki, «Lumen philosorhicum», sadə kimyavi qarmonika Alovsəsin keyfiyyətlərində fəlsəfə məşəlini yandırmağa nail olub. Bu ələtin şüşə borularına müəyyən həcmdə iki alovu burxdıqda o vibrasiya etməyə və səs çıxarmağa başlayır. Alov dilləri bir-birinə qovuşana qədər bu boru səslənir, qovuşan kimi səsini kəsir. 2 illik təcrübələr insan səsinə maksimum yaxınlaşan bir alətin yaranması ilə nəticələnib. O, orqan aləti kimi 3 klaviaturadan ibarətdir. Klavişlərə basanda alov dilləri aralanır və səslənir. Deyirlər ki, bu alətdə insan nəfəsi hiss edilir. Səslənən zaman aləti görməsən onu qadın səsinə oxşatmaq olur. Aristotel deyib: «Bədən müqəddəs Alovdur, amma artıq sönüb. Ruh isə ilkin Alovdur ki, titrəyir və yaşayır».

Ey dili qafil, oyan!
Təbiət vahid və parçalanmazdır. Kainatın bütün yolları eyni poeması səsləndirir. Gündəlik həyatda insan özünü məhdudlaşdırmaqda Kainatı da parçalayır və onun yalnız müəyyən hissələrini görə bilir və aralarındakı əlaqəni görmür. Sənətkar, rəssam, heykəltaraş, şair, musiqiçi, yaxud sevgisindən boğulan məşuq, şüursuz şəkildə yaradılmış çərçivələri sındırırlar. Necə ki, Günəş öz şüalarıyla soyuq və şaxtann sındırıb çayları əridib dilə gətirir və həyatın yeni səslərini ortaya çxarır. Əgər başımızı kitab vərəqinə çox yaxınlaşdırsaq biz sanki bir saniyəlik kor olarıq və orda yazılanları oxuya bilmərik. Ammabir qədər çəkilən kimi hərfləri və onların verdiyi mənanı oxumaq olur. Təbiətdə səs və işıq bölünməzdir. Adi adamlar bunu görmür, yaxud görmək istəmir. Şimşək çaxanda əvvəl sarı-qırmızı işığıyla, az sonra ildırım səsiylə dilə gəlir. Alov da quru otu yandıranda alışan kimi çoxlu səslər doğurur: xırçıldayır, fısıldayır, fit çalır, uğuldayır və öz işıq-səs poemasını zümzümə edir. Bəlkə də bu səbəbdən həyatı dilə gətirən və səsləndirən Günəşin kultu ən qədim inanclardan biridir. Biz otun torpağı deşib çıxanda buraxdığı səsi eşitmirik, yalnız nəticəsini görürük, amma qırmızıdərili hindu eşidir. Edqar Po başqalarından fərqli olaraq hamının gördüyü işığın tərpənən zaman çıxardığı səsi də eşidirdi. Bəstəkar Skryabin səsin rənglərini görürdü. Ona görə də səs və rəngin qovşağından yaranan əsərlər də 20-ci əsrin əvvəlindən tez yarana bilməzdi. Skryabinin mistik həyəcanlarını əks edən musiqisi əslində sufi İnayət Həzrət Xan ilə ünsiyyətindən qidalanırdı. Çox guman ki, sufi dostu başqa dünyalara səyahətə çıxan zaman dostunu da özüylə aparırdı. Skryabindən əvvəl Berlioz, List, Rimski Korsakov da bunu görürdülər, amma bu barədə çox danışmırdılar. Skryabin öz işıq simfoniyasına baxıb «Həyat bayram kimi olmalıdır» deyəndə haqlı idi, çünki artıq utopiya əsrində yaşayırdı. Amma onun fikirləri əsil təcəssümünü ölümündən sonra bəşəriyyətin texniki imkanlar kifayət qədər inkişaf edəndən sonra reallaşa bildi.
Eyzenşteynin şar-kitabları
«Kitab yazmaq çətindir, xüsusilə də o, ikiölçülü olduğuna görə. Mən istəyirəm ki, kitab ikiölçülü çap əsəri olmaqdan daha artıq, yəni elə bir keyfiyyətli olsun ki, fərqlənsin». Onun fikrinə görə həmin bu kitabda vərəqlər ardıcıl qavranmamalıdır. Onlar sıra ilə yox, şamısı birdən insanın beyninə girməlidir. Bununla belə bir oçerkdən o birinə keçmək imkanı da olmalıdır. Belə bir imkanı yalnış şar şəklində reallaşdırmaq olar. Səhifələrin bir-biriylə əlaqəsi şarın mərkəzindən keçəcək. Təssüf, kitablar şar kimi yazılmır. Fırlanan şarlar şəklində kitabı gözləyərkən biz hələ də oxumağı adi kitablardan öyrənirik. Amma Enzenşteyn demiş «Sabun körüyü kimi kitablar da az deyil, xüsusilə də incəsənət barədə».
Orqan ağac insanlara küləyin nağılını danışır
Eolova arfası külək ilahının şərəfinə belə adlandırılıb. Çünki onu külək səsləndirir. Arfanı adətən külək tutan yerlərdə, evlərin damlarında quraşdırırlar. Bu alət mistik, sanki o dünyadan gələn səslər çıxardığından romantizm əsrində - 19-cu əsrdə çox populyar idi. Hazırda bu primitiv alətə maraq azalıb, amma həmin prinsiplə səslənən binalar, memarlıq abidələri yaranır. «Singing Ringing Tree» - oxuyan orqan - Lankaşir qraflığının (Böyük Britaniya) ən küləkli təpəsində yerləşir. Quruluşu ilə ağacı xatırladan abidə küləklərin axını qarşısında belini bir az əysə də oxumağını saxlamayıb. Bu küləyin axınından dilə gələn orqana daha çox bənzəyir. Külək mifik «ağac»ın borularından keçərək musiqi yaradır. Amma musiqi o qədər möhtəşəm alınır ki, dinləyicilərini qorxudur. Külək eyni borulardan keçmədiyindən ağac bir musiqini iki dəfə səsləndirmir. Buralarda olanlar abidəyə küləkli yox, sakit günlərdə baxmağı məsləhət bilirlər. Bu vaxt orqan yumşaq və kədərli musiqi «oxuyur». Bu musiqi abidəsi Mayk Konkin və Anna Lünün kəşfidir. Müəlliflər deyir ki, «Bu bizim işıq və rəngdən səs tərəfə keçmək cəhdimizdir». Oxuyan ağacın məziyyətləri qiymətləndirilərək 13 laureatla birgə Britaniya Kral muzeyinin milli mükafatına layiq görülüb.
Utopiya əsrində yanıb qaralmış kimrit çöpü də, içilməmiş araq badəsini örtmüş qara çörək də artıq eksponitdır. Fərqi yoxdur ki, onlar qiymətli daşlardan düzəldilib, yoxsa hələ səhər mətbəxdə qaz plitəsinin yanında dayanıblarmış. Onlar insanda emosiya oyada bilirlərsə artıq öz funksiyalarını yerini yetirmiş olarlar.
Dördölçülü ədəbiyyat
Pianoçu və yazıçı Afanasyev «Mazurkalar» essesində yazır: «Bizim düşüncələr üçölçülüdür. Qoxular bizim üçün necə deyərlər «inqredient»lərdir. 4 ölçülü dünya isə bizim şüuru nisbətən daha çox əks etdirməyə qadirdir. Ona görə kubik forma, ya da həndəsədən yüksəkdə duran bir forma lazım olur. Bəzən mənə elə gəlir ki, Şopenin mazurkaları 4 ölçülü ədəbiyyatdan daha çox bu məqsədə xidmət edə bilir».
Utopiya fabriki
Elvin Toffler futuroloqdur və «Gələcəyin şoku» adlı əsərin müəllifidir. Həmin bu kitabda o, xəyalpərəstləri, xülyaçıları praktik baxımdan istifadə etməyə çağırır. O, gələcəyi öyrənmək üçün utopiya fakriki təşkil etməyi təklif edir. Bu barədə onun sitatları daha yaxşı məlumat verər: «Bu gün biz həmişə olduğundan daha artıq şəkildə görüntülər, öncəgörməlik, xəyalpərəstlik və vəhydən gələn informasiyaya ehtiyac duyuruq». «Fərziyyə, guman, mücərrədlik əvvəlki əsrlərdə realizmə ehtiyac olduğu qədər praktiki lazımi vasitədir». «Ona görə də dünyada əslində konservativ olan müəssisələr bu gün məsləhətçi simasında intuitiv futuroloqlara, yazıçı fantastlara və vizionerlərə müraciət edir. Başqa müəssisələr də, məsələn məktəblər, yerli administrasiya orqanları da gələcəyi təxəyyül vasitəsilə tədqiq etmək imkanından istifadə etməlidirlər. Buna görə «təxəyyül mərkəzləri» yaradılmalıdır ki, beyin həmləsinin qarşısının alınmasını təmin etsinlər». «Bu gün biz yeni, qüvvətli utopik və antiutopik anlayışlara ehtiyac duyuruq ki, super industriyaya əminliklə baxa bilək». «Bizim utopiya istehsalında inqilaba ehtiyacımız var. Ona görə də Utopiya fabrikləri tikilməlidir. Biz utopiyanı reallıqdan qaçmaq üçün yox, sabahın texnologiyalarına söykənən alət kimi işlədə bilərik».
Küləyin rəsmləri
Küləyi rəsm çəkməyə də məcbur etmək olar. Utopik fikrin müəllifləri Suzdalyov, Tişkov və Olqa Xan küləkli günlərdən birində hündürmərtəbəli binanın başına çıxdılar. Orda onlar vərəqləri yerə sərib üstündə ipdən salladılmış və rənglərə batırılmış fırçalar asdılar. Külək onların gözü qarşısında rəsm çəkməyə başladı. Küləyə mane olmasan o əsrarəngsiz gözəlliyi olan rəsmlər çəkə bilirmiş. Rəssamlar iş prosesini videoya çəkib rəsmləri ipək üstünə çıxararaq müəllif kitabı şəklində çap ediblər. Fırçaların damdakı oyunu əslində bir qədər də rəqsə bənzəyir.
Con Keyc- sükut bəstəkarı
Bəstəkar Con Keyc öz əsərlərində ən qəribə alətləri istifadə edir (şüşə, su altında çalan qonq) və musiqidə qüsurları, not çap edilən kağızın teksturasını nəzərə alır. O, səma xəritəsini səslərə çevirmiş, çinlilərin Təbəddülat Kitabını havaya dəmir pul atılma üsuluyla nota çevirmiş bəstəkardır. Onu həm də «sükut bəstəkarı» adlandırırlar, çünki 4 dəqiqə, 33 saniyə sürən fortepiano və ya hər hansı alət üçün yazılmış «4:33»adlanan əsərin, daha doğrusu sükutun müəllifidir. Onun partituralarına baxsaq not əvəzinə belə yazılar görərik:
27 : . . . . . +. . ( ( ( . . . . . + . + . . + + . . ) )
30+ . . . . . + . . + . . . . . . . . . . . . . + . . . . . .
Keyc musiqini «Səs-küyə nəzərən nə ola bilər?» izahı ilə yazır. Onun hazırlanmış royal adlandırılmış üsulunu da ən yumşaq şəkildə qəribə adlandıra bilərik. O, düşünür ki, royalın içinə dəmir bolt və qayka, pozan, şlayapa cırıqları atsan, bütün bunlar birlikdə maraqlı səslənər. Vaxtilə çox qəribə, utopik görünən bu üslubda çalmaq üçün ləvazimatları indi musiqi dükanlarından almaq olar. Keyc musiqiçiyə dəqiq göstərişlər verir, harda yerə, harda isə partituranın üstünə sərələnmək lazımdı. Çap maşını üçün yazılmış «musiqini» ifaçı çap maşınında çap edir və vərəqləri yerə tullayır. Başqa bir artist isə onlardan kağız təyyarələr düzəldib tamaşaçılara tərəf uçdurur və deyir: «Aktyor tamaşaçının vaxtından sui istifadə etməməlidir!». Əslində Keycin musiqisi çox darıxdrıcıdır. Bunu bəstəkarın dzen-buddist düşüncə tərzinə aludəçiliyi ilə bağlayrlar. Dzen-buddist monaxları nə düşünür biz bilmirik, amma Keyc özü «Sakitləşin və bunu qəbul edin» deyir. Onu ən şəffaf personaj sayırlar. Onun nə özü, nə musiqisi, nə də ifaçısı gözə görünür.
Dünya Kitabla bitəcək
Stefan Mallarme ümumbəşəri, təkrarsız və yeganə kitab yaratmaq fikrindəydi. Həm qermetik, həm əlkimya mənasında yeganə olacaq Kitab dünyada hər şeyi özündə birləşdirməliydi. O, anlayırdı ki, kitabı bitirə bilməyəcək. Ona görə də fraqmentlər üzərində işləyirdi və tez-tez hardansa eşitdiyi «Dünya Kitabla bitəcək» fikrini xatırlayırdı. Onun kitab»ının bəzi çertyojları, rəqəm və hərflərdən ibarət cızmaqaraları qalıb. Amma hətta burnunu hər yerə soxan Umberto Eko «Açıq əsər» kitabında müəllifin bu fikrinin dərinliyinə varmamağı məsləhət bilir. Bəzi tədqiqatçılar düşünür ki, qeydlərdən əlavə Mallarmenin «İqitur» və «Sümük atma» poemaları da həmin bu ideya ilə əlaqədardır.
Deyirlər, dillərə parçalanmamışdan əvvəl hamı quş dilində danışırdı
Musiqi tarixinə diqqətlə nəzər salsaq burada «Quş dili» anlayışının qəribə şərhlərini görərik. Məsələn, orta əsrlərdə quş oxumasını təqlid edən fiqurların musiqidə olmasına xüsusi diqqət verərdilər. Bir az sonra, xüsusilə də Fransada quş imitasiya partituralara köçdü. Dakenin «Ququ quşu», Kuperenin «Bülbül», Ravelin «Qəmgin quşlar»ı belə əmələ gəldi. Deyəsən, quş diliylə hamı maraqlanırdı. Bu mənada 20-ci əsrdə orqançı və bəstəkar Olivye Messian hamını kölgədə qoydu. 40 ildən artıq müddətdə o, müxtəlif ölkələrin meşələrini gəzir və quşların oxumasını yazırdı. O, hətta quş oxumasını not sisteminə salmağın üsulunu kəşf etmişdi. Nəticədə 7 cilddən ibarət «Quşlar kataloqu» əmələ gəldi. Sonra fortepano və orkestr üçün yazılmış «Quşların oyanması», fortepiano, zərb alətləri və kamera orkestri üçün «Ekzotik quşlar» səsləndirildi. Burada musiqi quş oxuması əsasında yazılıb. Quşlar Messian üçün maddilikdən uzaq, mistik əhval daşıyan bir varlıqlar kimi gəlirdi.
Həqiqəti xirtdəyindən tutub saxlayanda
«Fevralın 15-inin axşamı yaxınlaşırdı. Saat 6-ya yaxın vağzalda hava qaralan vaxtdı. 2 cavan qadın gözləyir. Tratuarda çəhrayı yanaqlı, qırmızı palto geymiş qadın soyuqdan titrəyir. O, kəskin şəkildə danışmağı başlayır:

«Burda gözləyərik, amma bilirəm ki, o, gələn deyil».
Onun yoldaşı solğun yanaqlı nimdaş yubkalı qadın sonuncu not ürəyində kədərlə əks-sədə vermiş kimi qəmgin səslə:

«Mənim vecimə deyil»- deyib yarıitaətsizlik, yarıgözləmə pozasında dayandı».
Çex jurnallarından birində mütəmadi olaraq not yazılarıyla birlikdə çap edilən mətnlərdən birində belə yazılırdı. Təsəvvür edin ki, bu fraza hansısa hekayədə replikadır və onu aktyor tamaşaçı qarşısında deyir. Ola bilər ki, biz onun danışığında nəsə xaric səslər tutarıq. «O, nə dərəcədə səmimidir? Reallıqda bu necə səslənməlidir?» kimi suallar bizi narahat edər. Görəsən itirilmiş anın musiqisi necə olmalı idi? Bax əsas sual elə budur. Melodiyada həqiqət axtarışı, həqiqəti xirtdəyindən tutub saxlamaq əslində Yanıçekin danışığı nota yazmaq cəhdinin əsas məğzidir.
Qlen Quld və səs memarlığı
Qlen Quld fortepianonun kimyagəri, elitar musiqiçidir. Onun elitarlığı o yerə gətirdi ki, pianoçu səhnəyə çıxıb çalmaqdan imtina etdi. O, studiyalarda musiqisini lentə alır, səs üstündə sehr yaparaq öz səs memarlığını yaradırdı. . Onun fokuslarından biri budur: bir parçanı stakkato (yəni qırıq-qırıq), sonra leqato (yəni arasıkəsilmədən) çalıb sonra lentləri üst-üstə yapışdıraraq alınan yeni səslənmədən ləzzət alır. Həyatda da o qəribə adam kimi tanınırdı. Musiqiylə gecələr məşğul olurdu. O, ciddi jurnala palçıq içində olan ayaqqıbada müsahibə verə bilərdi.Onu pianoçu adlandıranda özündən çıxırdı ki, o, təmiz musiqiylə məşğul olur, fortepiano ilə yox. Bir az da dərinə gedəndə mütəfəkkir olduğunu və fəlsəfəylə məşğul olduğunu deyə biləərdi. Təcrübələr üçün dərin fəlsəfi musiqini, məsələn Baxın musiqisini seçərdi. Sonunda Quld fikirlərini nəinki musiqiylə, həm də mətnləri vasitəsil təbliğ etməyə başladı. Müasir musiqidə nəinki səs memarlığı, həttə səs landşafı da tətbiq edilir.
Yoxa çıxan simlərin musiqisi
Paqaninonun bu adda əsəri olmalıdı. Deyirlər ki, əsəri «La Mancanza delle corde» yəni «Yoxa çıxan simlərin musiqisi» adını Paqanino özü düşünüb tapıb. Bu, o qədər mürəkkəb musiqi olub ki, Paqaninodan sonra heç kim onu ifa edə bilməyib və əsərin notları itirilib. Birinci hissə 4 simdə çalınırdı. Sonra yüngül polşa rəqsi artıq 2 simdə çalınmalı idi. Sonuncu hissəni isə yalnız bir simdə ifa etmək lazım idi. Paqanini bu əsəri ilə fəxr edirdi: «Əgər rondo yazıb onu simsiz ifa etmək mümkün olsaydı bu, mənim ürəyimdə səslənən musiqini tam ifadə edərdi». Bəlkə də belə adlandırıldığından əsər müəllifin ölümündən sonra özü də yoxa çıxdı.
Göyə ucalan pilləkan
Amerikada Kasad dağlarının ətəyində Reynir vulkanından bir az aralı «Cedar Creek Treehouse» adlı bir ev var. O, yerdən 15 metr aralıda 200 illik kedr ağacından sallanıb. Ora çıxmaq üçün «Göyə aparan pilləkən»dən (Stairway to Heaven) keçmək lazımdı. Bu, «Led Zeppelin» qrupunun məşhur mahnısının adıdır. Ev rəsədxana ilə birləşib. Bura həm də musiqi studiyasıdır. O, yerdən 30 metr aralı olaraq yaxınlıqdakı şam ağacından asılıb. Onları sözün əsil mənasında göy qurşağı adlandırıla biləcək (o, göy qurşağı kimi rəngbərəngdir) körpü ilə (Rainbow Bridge)birləşdirir. Bu tikinti musqiçi və multiinstrumentalist Bill Koiferin ideyasıdır. O, barokko dövrünün və İntibah zamanının musiqisiylə maraqlanır. Bu xəyalparəsm-intellektual evini çox vaxt kirayə verir. Kirayəşini olmayanda pilləkənlə göyə özü qalxır və göy qurşağı rəngində körpüdən keçib öz studiyasına yollanır. Ordan ulduzlara baxıb barokko zamanının alətlərində «oyun çıxarır». Həmin bu musiqi ağacların tacı üzərində dumana sevrilib oğrun-oğrun sürünür…
***
20-ci əsri ümumilikdə utopiya əsri adlandırırlar. Çünki ən utopik ideyalar, diaqnozu qarabasma, şizofreniya, ya da ağıldankəmlik kimi qoyulan bütün insan hərəkətləri bu əsrdə reallaşıb. Musiqidən uzaq olan musiqilər, heç nə bildirməyən rəsmlər, yalnız heyrət doğuran heykəllər, gündəlik həyatda abırsızlıq kimi qiymətləndirilən ədəbi əsərlər yaranıb. Çox yox, 100 il bundan əvvəl kimsənin ağlına gəlməzdi ki, tələbə Vladimir Ulyanov beynindəki utopik quruluşlu dövləti qura biləcək. İndi də konsert zalları, sərgi salonlarında qəribə təqdimatlı əsərlər və ondan da daha qəribə şərhi olan incəsənət nümunələrinə tez-tez rast gəlmək olur. Belə əsərləri dinləyib, ya da seyr etdikdən sonra insanda natamamlıq kompleksi baş qaldırır: «Yəqin mən o dərəcədə savadlı və bilikli deyiləm ki, bunları anlamıram» düşünür. Amma əslində bunlar hamısı müəllifin öz utopiyasının realaşdırmaq cəhdidir. Utopiya əsri bitdi. Utopiyadan sonra yalnız absurd gələ bilər…
P.S. Neçə il əvvəl hansısa xarici jurnalların birində böyük sekvoya acağında qamak quraşdırıb hər gecə orda gecələyən qəribə xəyalpərəst adam haqqında oxumuşdum. İllər keçib, amma mən hələ də o adama həsəd aparmaqda davam edirəm. Mən də onun kimi hardasa öz fantaziyalarınmdan asılıb qalmaq istərdim. Bu ba bir utopiya…

Yuxariya doğru