Sükut qalası, yoxsa balaca kosmos?
 
 
      Xəzərin sahilində 
        bir qala var. O qədər sakit, dinməzcənə dayanıb ki, ona sükut qalası da 
        deyə bilərdik. Minilliklərdir ki, onu sökürlər, amma tam dağıda bilmirlər, 
        sonra guya bərpa edir, yeni görkəmə salırlar, adına min əfsanələr qoşurlar, 
        o isə dözür və dinmir. Məğrurcasına sahildən bir az aralı dayanıb yenə 
        də əvvəlki kimi öz sirrini kimsəyə danışmır. 
        Amma bizimçün, Xəzər sahilində yaşayıb onun sehrində qidalanan insanlar 
        üçün Qız qalası barədə danışmamaq günahdır. Bizim Qız qalası haqqında 
        biliklərimiz özünü qaladan tullamış qız barədə əfsanədən uzağa getmir. 
        Bu əfsanənin ucbatından həya edib Qız qalası barədə bütün dünyaya car 
        çəkə də bilmirik. İlk milli biletimiz – Əfrasiyab Bədəlbəylinin «Qız qalası» 
        baletini səhnələrdə görə bilmirik. Amma bu qalaya bir dəfə nəzər yetirmək 
        kifayətdir ki, onun şah iqamətgahı olmadığını anlayasan. Heç kim iddia 
        edə bilməz ki, qədimdə insanlar belə bir möhtəşəm tikintini sadəcə «ürəyim 
        belə istədi» deyib tikə bilsin. Qalanın divarlarına o qədər daş və əhəng 
        sərf edilib ki, bu tikinti materialı ilə bütün şəhəri hasarlamaq olardı. 
        Bəs Qız qalası hansı məqsədlərə xidmət etməliymiş?
        
Qız qalasının 
        əkiz tayı
        Bir vaxtlar Bakının yaxınlığında dənizin içində qız qalasına oxşayan daha 
        bir qüllə olub. Bu qüllə barədə Davud Axundov «Orta əsr Azərbaycan memarlığı» 
        əsərində daha ətraflı yazır. Bakılılar bu qalaya Səbayel qalası adını 
        veriblər. Hazırda o, suyun altındadır. Arabir su çəkiləndə onun qalıqları 
        üzə çıxır və görünür. Qalanın çox möhkəm olduğu ehtimal edilir, çünki 
        13-cü əsrdə monqollar bu qalanı möhkəm dağıtsalar da ala bilməmişdilər. 
        1306-cı ilin zəlzələsindən və Xəzərdə suyun səviyyəsi qalxandan sonra 
        həmin ada qala ilə birgə suya qərq olub. Səbayel qalasından çıxarılmış 
        daşlar hazırda Şirvanşahlar sarayının həyətində saxlanılır. Su altında 
        qalsaydı yəqin ki, Qız qalası da Səbayel qalasının taleyini bölüşərdi.
        Bizim yazının qəhrəmanı Qız qalası isə hələ ki, durur. O, sahil qayasında 
        tikilmiş 28 metr hündürlüyü, 16,5 metr diametri olan silindrik formalı 
        bir tikilidir. Aşağıdan divarının qalınlğı 5 metr, yuxarıdan isə 4 metrdir. 
        Onu da deyirlər ki, Qız qalasınını içindəki quyudan Şirvanşahlar sarayına 
        gedən gizli yeraltı yol var. 
        
Gecə 
        və gündüz bərabərləşəndə…
        Qalanın yaşı barədə mübahisələr hələ də səngimir. Məşhur tarixçi Sara 
        Aşurbəyli Qız qalasının tikilməsini eramızın ilk əsrlərinə aid edir. M.A. 
        Nəbiyev isə qalanın eranın 6-cı əsrində tikildiyini deyir. Davud Axundov 
        qalanın daha qədim olduğunu və eramızdan əvvəl 6-cı əsrlərdə tikildiyi 
        fərziyyəsini irəli sürür. Azərbacan memarlığı tarixi üzrə mütəxəssis L. 
        Bretanitskiy qalanın iki mərhələdə, aşağı hissəsinin 5-6 –cı əsrlərdə, 
        yuxarı hissəsinin isə 12-ci əsrdə tikildiyini fərz edir. Belə bir versiya 
        da var ki, qala əvvəl od məbədi kimi tikilib. Dilimizdə «qala» sözü həm 
        də od qalamaq mənasında işlənir. Qız qalasının zərdüşti daxması olması 
        versiyası da var. Zərdüştilər torpaq, od, su və havanı müqəddəs element 
        saydıqlarından ölülərinin torpağa basdırmır, odda yandırmırdılar. Sükut 
        qalası adlandırılan hündür bir yerdə qoyub gedir və onları vəhşi heyvanların 
        ixtiyarına verirdilər. Amma adı çəkilən bütün bu versiyaların demək olar 
        ki, hamısı ciddi şəkildə tədqiq edilərkən çoxlu suallar və anlaşılmazlıqlar 
        meydana gəlir ki, bu da Qız qalasını açlmaz bir sirrə çevirir. Fərziyyələr 
        arasında qalanın müdafiə xarakterli olması versiyası da vardı. Amma Qız 
        qalasının cəmi 8 pəncərəsi var. Bu pəncərələr göyə tərəf yönəldildiyindən 
        oradan heç Qalanın aşağısında dayanan adamları görmək mümkün deyil. Tədqiqatçı 
        Abbas İslamov daha bir maraqlı faktı üzə çıxarıb. Hər il dekabrın 22-də, 
        gecə və gündüz bərabərliyində günəş doğan kimi əsas pəncərədən içəri işıq 
        düşür. Sonra günəş müəyyən qanunauyğunluqla o biri pəncərələrdən içəri 
        işıq salır. Ona görə də Qalanın pəncərələri simmetrik deyil və sanki memarlıq 
        qanunlarını pozaraq qeyri mütənasib şəkildə açılıb. Bütün pəncərələr dənizə 
        baxır. Qala Günəş kültu ilə bağlı tikilibsə bunun daha qədim inanclara 
        söykəndiyindən xəbər verir. Amma hazırda biz günəşin Qalaya düşən şüalarıyla 
        bizə nə deyəcəyini bilə bilməyəcəyik. Çünki 60-cı illərdə aparılan təmir 
        işləri zamanı Qız qalasında əzəldən olmayan mərtəbələr tikilib. Pəncərələrdən 
        düşən işığın qədim divarlarda nə yazdığını da görməyəcəyik.
        
7 rəngli 
        alovun işığı
        Memar Davud Axundov 1980-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyasında 
        sübut etməyə çalışır ki, Abşeronun cənubunda təbii qaz olduğundan bu məbədləri 
        e.ə. 9-7-ci əsrlərdə Midiya, Xarəzm, və Abşerron ustaları tikəndən sonra 
        Hindistan, Midiya, Babilistan və Xarəzmdən gələn atəşpərəst zəvvarların 
        müqəddəs ibadətgahı olmuşdur. D. Axundov iddia edir ki, Qız qalasının 
        kəlləsində lap qədimdə 7 baca inşa edilib. Binanın kəllə hissəsi sonralar 
        dəyişdirildiyindən indi həmin bacalardan heç bir əlamət qalmayıb. Qədim 
        zamanlarda məbədin altından çıxan təbii qaz saxsı boru vasitəsilə məbədin 
        7 bacalarına qaldırılıb orada yandırılarmış. Bu məbədin 7 müqəddəsinə 
        həsr edildiyi üçün hər birinin şərəfinə məbədin girişindən sağdakı divarında 
        , ayrı-ayrı mərtəbələrdə, bir-bir yerləşdirilmiş 7 qurbangah taxçası qoyulmuşdu. 
        Nəzirlər bu taxçalara qoyularmış. Qaz boruları bu taxçalardan keçib bacalara 
        qalxarmış. Bacalarda qoyulmuş müxtəlif metal duzları imkan verirmiş ki, 
        bacalardan rəngli alovlar çıxsın. Bu rəngli adovlar gecə vaxtı əzəmətli 
        məbədə ecazkar görkəm verərmiş. Əbədi odların üstündə tikilmiş Qalanın 
        işığını minlərlə kilometrdən görmək olurdu.
        
Balaca 
        kosmos
        Qız qalası Günəş sistemini kiçik modelidir. Onun 9 pəncərəsi var (hazırda 
        8-dir, çünki «restovrasiya» zamanı pəncərələrdən biri qapadılıb), bu bizə 
        məlum planetlərin sayına uyğundur. Pəncərələrin asimmetrikliyi göy cisimlərinin 
        ziqzaqvari trayektoriyasını təsvir etməsiylə bağlıdır. Ən böyük pəncərə 
        ən böyük planet Yupiteri təmsil edir. 7-ci pəncərə isə T hərfi şəklindədir. 
        Məlumdur ki, 7-ci planet olan Uran yanpörtü şəkildə fırlanır. Ona görə 
        də başqa planetlərə nəzərən perpendikulyar pozadadır. Qız qalasının ən 
        üst mərtəbəsi göyün 7-ci qatını simvolizə edir. Qalanın hündürlüyü 28,7 
        metrdir. Bu Günəşdən Urana qədər olan məsafəni -28 700 milyon km.- simvolizə 
        edir. Beləliklə Qız qalası minilliklər sonra kəfş ediləcək astronomik 
        bilikləri özündə cəmləşdirib. Diqqət yetirilsə batıq və çıxıntı şəklində 
        görülmüş hissənin 31(30) zolaqlarıı asanlıqla samaq olar. Bu ayın günlərini 
        də göstərə bilərdi. Dayaq divarının cünub və şərq tərəfindən zolaqlar 
        sayılsa onların 24 olduğunu görərik. Bu, sutkada saatların sayını da bildirə 
        bilər. Abidənin cənuba baxan pəncərələrinin 4 olması fəsilləri, mərtəbələrə 
        qalxan pillələrin 12 olması isə ilin aylarını göstərir. 
        Keçmiş zamanlarda ulduzlar indikindən fəqli düzülmüşdü. Qız qalasının 
        bir qrup ulduza nəzərən tikildiyini fakt kimi qəbul edəndən sonra ulduzların 
        yerdəyişməsin nəzərə alaraq onun dəqiq yaşını təyin etmək olar. Onda bilinər 
        ki, Qız qalası 11-ci əsrdə yox, ən azı 3 min il bundan əvvəl tikilib. 
        
        
 
 
      Suyun 
        Allahla sazişi
        1960-cı illərdə edilmiş üzdəniraq bərpa işləri (Mimikonov adlı memarın 
        başçılığı altında) qalanın quruluşunu tam dəyişərək onun nə üçün tikildiyini 
        sübuta yetirən dəlilləri sıradan çıxardı. Amma qala boyunca yuxarıdan 
        aşağıyadək uzanan bişmiş gildən olan borular qırılsa da indiyədək saxlanılır. 
        Hazırda qalanın elektrik xəttləri onun içindən keçir. İndiki mərtəbələr 
        də «bərpa» zamanı tikilib ki, qalanın müdafiə xarakterli olduğunu sübuta 
        yetirə bilsinlər. Amma bərpadan qabaq mərtəbələrin yerində 80 sm enində 
        dairəvari çıxıntılar vardı. Onların içindən suyun axması üçün novçalar 
        keçirdi və həmən gil borulara tərəf yönəldilmişdi. Bu axurlar qalanın 
        içindəki tempratur fərqindən yaranan atmosfer suyunun borulara tərəf axması 
        üçün nəzərdə tutulub. Gil borunun əsas funksiyası qalanın başındakı səma 
        suyu - yağış, qar (yəni insanla təmasda olmamış su) eləcə də qalanın içində 
        şeh şəklində yaranan təmiz suyu toplayıb qalanın quyusuna yönəltməkdir. 
        Qala dəniz kənarındadır və burda nəmişlik çoxdur. Bu su ayinlərdə istifadə 
        edilirdi. İndi bu quyuda su yoxdu, çünki quyunun suyu həmən gil borular 
        vasitəsilə yığılırdı. 
        Qədim dövrün müdrikləri düşünür ki, Yaradan bütün həyatın ssenarisini 
        suya danışıb, suya tapşırıb. Dinlərin demək olar ki, hamısında ibadətdən 
        əvvəl yuyunmaq, dəstənamaz almaq və böyük bayramlar zamanı yeməyi su ilə 
        salavatlamaq ritualı da var. İnsanın suya qarşı münasibəti ona sağlamlıq 
        gətirə də bilər, onu öldürə də bilər. Çünki suyun yaddaşı var. Məbəddən 
        götürülmüş suyun strukturu altıguşəli ulduz formasında olur. Ən təmiz 
        su insanla təmasda olmayan sudur. Bəlkə Qız qalasını tikən əcdadlarımız 
        bunu bizdən daha yaxşı bilirdi? 
        Bir sufi əfsanəsində belə deyilir: müdriklərdən biri öncəgörməlik edir 
        ki, gün gələcək dünyada su yoxa çıxacaq. Yalnız xüsusi olaraq yığılmış 
        sudan başqa içməli su heç yerdə olmayacaq. Sonra su yenidən qayıdacaq, 
        amma onu içən hər kəs ağlını itirəcək. Yalnız bir nəfər müdrik kişinin 
        sözünə baxıb su eytiyatları yığır. Su yoxa çıxan gün o, yalnız öz ehtiyatında 
        olan sudan içirmiş. Sular kəhrizlərə, quyulara qayıdanda hamı hərisliklə 
        sudan içdi və havalandı. Təkcə həmin kişi öz suyundan içirdi və hamı onu 
        dəli adlandırdı. Səbri tükənən gün kişi bütün ehtiyatını torpağa töküb 
        hamının içdiyi sudan içdi və hamının dediyi kimi «ağıllandı». …Qız qalasının 
        düz yanında qayada ovulmuş daş qəbrin izləri görünür. Bilinir ki, onun 
        içini sonradan doldurublar. Bəlkə bu elə həmən kişini qəbridir?
        
Müqəddəs 
        Varfolomeyin son ünvanı 
        Qız qalasının yaxınlığında müqəddəs Varfolomey kilsəsinin qalıqları yerləşir. 
        O, İsa peğəmbərin 12 həvarisindən biri idi. Belə bir fikir var ki, həvari 
        Varfolomey dərin kök salmış atəşpərəstlik ənənələri olan kahinlər şəhəri 
        Barukda (Bakıda) xristianlığı təbliğ etdiyi üçün 71-ci ildə Qız qalasının 
        qarşısında İsa Peyğəmbər kimi edam edilib, çarmıxa çəkilib və dərisi soyulub. 
        Bu barədə məlumatı 7-ci əsrin məşhur tarixçisi Moisey Kalakantuyskidən 
        də oxumaq olar. Sonralar onun edam edildiyi yerdə alban kilsəsi tikilib. 
        1892-ci ildə Qız qalası yanındakı qədim məbədin yerində Varfolomey kilsəsi 
        tikilib. Lakin Sovet dövründə bu kilsə başqa kilsələr kimi dağıdılır. 
        
        Əgər bu mənbələrə inansaq deməli əsrimizin 71-ci ilində Qız qalası artıq 
        öz yerində durmuşdu və atəşpərəst məbədi kimi tanınırdı. Amma bu mövzuda 
        apardığımız bütün axtarışlar yenə də erməni müdaxiləsinə tuş gəldi. Bütün 
        mənbələrdə xristianlığı qəbul etmiş Albaniya əvəzinə qədim Armeniya yazılmağı 
        bir yana, Bakının da qədim erməni şəhəri olması xüsusi qeyd olunur. Bəzi 
        yerlərdə şəhərin adı Albane, bəzən isə Albanepolis, Abanopolis kimi verilir. 
        Amma bundan əvvəl şəhərin vəhşi camaatı, həvarinin dərisini soyan qansız 
        bütpərəst adamlar təsvir edilir, sonra buna baxmayaraq şəhərin xristianlığı 
        çoxdan qəbul etmiş ermənilərin şəhəri olması abırsızcasına təkid edilir. 
        Müqəddəs Varfolomeyin qalıqlarını qalay qaba yerləşdiririb suya buraxırlar. 
        Qalay qab üzərək Sitsiliya yaxınlığında Lipari adasından çıxır. Xəzər 
        dənizinə buraxıldıqdan sonra bu qabın suya batmayıb üzə-üzə (?) Aralıq 
        dənizindən çıxmasına inanan xristianlar yəqin ki, Bakının da erməni şəhəri 
        olmasına eyni cəhdlə inanırlar. 
      
 Qadın baxışı
Qadın baxışı