Gəldi gedər Bakı
 Bakı 
      dünyaya nə verdi və nə aldı
 
      Bakı 
      dünyaya nə verdi və nə aldı   
      Kimlər gəldi, kimlər 
        getdi
        Bu dünyadan, bu dünyadan…
Bayırda gün qızdırır. Günəşin şüaları 
        Bakıın torpağının olan-qalan suyunu buxarlandıranda bakılılar çox da fikir 
        eləmir. Qoy dəniz qızışsın, hamı özünü Xəzərin sahilinə atacaq. Qoy əcnəbilər 
        yol çantalarını qablaşdırıb Baham adalarına, Haitiyə, bəd ayaqda Antaliyaya 
        getsinlər. Amma vaxt vardı hamı bura axışırdı. İş üçün gələnlər mafal 
        tapıb bir yol istirahət etməyə də vaxt ayırardılar. Bakının isə göstərəsi 
        çox nəsnələri var. Ölkəmizin Avropa və Asiyanın kəsişməsində yerləşməsi, 
        coğrafi və iqlim şəraiti beynəlxalq turizmin inkişafı üçün əlverişli şərait 
        yaradır. Deyirlər ki, 2020-ci ilədək Böyük İpək yolu dünyanın bütün turistlərinin 
        üçdə birini qəbul edə bilən marşruta çevriləcəkdir. 
        
«Bakıda yaşamaq yaxşıdı»
        20 –ci əsrin simvolu sayılan rəssam Salvador Dalinin «Geopolitik uşaq» 
        əsərində təsvir olunan adam barmağını qlobusa uzadıb Bakını göstərir. 
        «Bu təsadüfdür, yoxsa rəssam bunu bilərəkdən belə çəkib?» mövzusunda çoxlu 
        mübahisələr olub. Bəlkə rəssam bu şəhərin gələcəkdə dünyanın mərkəzi şəhərlərindən 
        biri olacağına eyham vurur?. Hazırda Bakı dünyanın ən bahalı şəhərlərin 
        yüzlüyündə 99-cu yerdədir. Bunu «Economist Intelligence Unit» ingilis 
        agentliyi öz tədqiqatlarında təsdiqləyib. Bakının tutduğu yer təxminən 
        San-Paulu və Rio-de-Jeneyro ilə bir səviyyədədir. Amerikanın Notr-dam 
        Universitetinin simpozium iştirakçıları isə «Bakıda yaşamaq yaxşıdı» nəticəsinə 
        gəldilər. Sən demə şəhərimiz Yoxannesburq, Karaçi, Barselona və Bombey 
        kimi meqapolislərtək sakitliyi və stabilliyi ilə seçilirmiş. 
        
Bakı Şərqin Parisi
        Sovet dövrünün ən çox baxılan filmlərindən sayılan «Budulay» filmində 
        belə bir kadr var: qəhrəman köşkdən xanımına hədiyyə axtarır. Satıcı isə 
        ona deyir ki, «Tərəddüd eləmə, Bakı malı götür. Bakı malı Paris malından 
        keyfiyyətli olur». Təbiətcə pissimist olanlar «Parisi bütün dünya tanıyır, 
        bəs Bakını kim tanıyır ki?» deyib sual edə bilər. Necə olurdu ki, eramızdan 
        2-3 min il əvvəl Misirdə Bakını nəinki tanıyır, hətta «Ölülər kitabı»nda 
        adını da çəkmişdilər? İngilis arxeoloqu Vimdan Petri yazını «Zühur edən 
        günəşin şəhəri» Baxau (Bakhay) kimi tərcümə etmişdi. Artıq formalaşmış 
        şəhər kimi Bakının adına 5-8-ci əsrlərdən rast gəlinən 70-dən çox yazılı 
        mənbələr var. Bir də ki, İçərişəhər yalan deməyə qoymaz. İçərişəhər hələ 
        də qiymətli memarlıq irsinin açılmayan sazlanc yeridir.
        Bakı şəhəri dünya sivilizastyasının beşiyi sayılan Yunanıstan və İtaliya 
        ilə eyni paraleldə yerləşir. Buranın nəinki iqlimi, insanlarının temperamenti, 
        hətta ərazilərdə tapılan abidələr də eyni üslubdadır. Bütün dünya Roma 
        imperiyasının qalıqlarını seyr etməyə oralara axışan zaman biz tarixi 
        abidələrimizi şəxsi həyətlər üçün paylaşdırır və dağıdırıq. Qobustanda 
        Roma ordusunun Bakıda olmasını təsdiqləyən sənədlər var. Bizim eranın 
        80-90-cı illərinə aid yazı Böyükdaşın ətəyindədir. «İmperator Domisian 
        Sezar Avqusta Qermanikanın zamanı. Lutsiy Yuli Maksim, 12-ci senturionun 
        leqionu». Ramana kəndinin adı da Roma ordusunun şərəfinə qoyulduğu ehtimal 
        edilir. Düzdü, o vaxtlar «qonaqlarımız» silahla gəlmişdi.
        
 
 
       
      Hardan başlanır Vətən?
        Qobustan abidəsi ən qədim insan məskənlərindən sayıldığı kimi bir çox 
        hələ açılmamış sirrləri də özündə gizləyir. Dünya tarixinə sağ döşü olmayan 
        (onlar döşlərini uşaq ikən bağlayırmışlar ki, böyüyüb ox atmağa mane olmasın) 
        döyüşkən qadın tayfaları kimi girmiş Amazon qadınların məskəni Qobustan 
        qayalıqları olub. Şairə Nuridə Atəşi bu fikri sübuta yetirəcək çoxlu faktlar 
        toplayıb. Amazonlar 10 min il boyunca bütün Qafqazda, Xəzər, Qara dəniz 
        sahillərində və Kiçik Asiyada yaşayaraq, öz cəngavər savaşları ilə tarix 
        yaradıblar. Xəzər dənizinin sahillərindən baş alıb gələn bu cəngavər xalq 
        Qara dəniz sahillərinə yayılıb, bütün Kiçik Asiyanı öz tabeliyi altına 
        alıblar. Amazonların saldığı ilk “şəhər” - Qayalar yurdu - əzəmətli Qobustan 
        olub! Yunanıstanda olan Tamnos, Lemnos və Lesbos adaları zaman-zaman “Qadın 
        adaları” adlanıb. Amazonlar Qafqazdan Qara dəniz sahillərinə, oradan isə 
        Egey sahillərinə,Türkiyəyə, Yunanıstana və bütün dünyaya yayılıblar. 
        Abşeronda tapılmış kurqanlar (qəbirlərin üzərində 8 rəqəmi şəklində dairəvari 
        tikinti) Şotlandiyadakı kurqanlarla eynidir. Maraqlıdır ki, Şotlandiyanın 
        qədim kelt adı Albaniyadır. Şotlandiyanın dağlıq adalarından birinin adı 
        Arrandır. Ola bilər ki, oranın adamları Arrandan gəlmə idilər. Onlar müqəddəs 
        yeri «vatan» (azərbaycanca vətən) adlandırırlar, lap bizim kimi. 
        Məşhur norvecli alim səyyah və antropoloq Tur Xeyerdal təkid edir ki, 
        qədim vikinqlərin də vətəni indiki Azərbaycan olub və dediklərinin sübutunu 
        Qobustan qayalıqlarında tapıb. Şotland saqasına görə vikinqlərin əcdadı 
        Odin «Aser» adlı ölkədən gəlib. Odin, yəni "od canlı", "od 
        ruhlu", ya da "od məskəni". İslamdan öncə azərbaycanlıların 
        oda sitayişi etməsini nəzərə alsaq Odin adının bu cürə izah olunmasına 
        inanmaq olur. Yurdumuzun qədim sakinləri olan asların İrlandiya, Danimarka, 
        İsveç, İslandiya xalqlarının inkişafında mühüm rol oynaması barədə də 
        faktlar var. XVIII əsr və müasir İrland tarixçiləri qeyd edirdilər – «Biz 
        Aser torpağının davamçıları və nəsliyik.» İrlandiya və Şotlandiya arasında 
        kiçik "Azer" adasının olması bunu təsdiqləyən faktdır. Danimarka, 
        İsveç və Norveçin mifologiyasında yazılıb ki, xalq Odin adlı allahdan 
        başlanğıc götürür. Odin allahlar nəslindən imiş. Şaman kimi maqik məşğələləri 
        ilə ətrafdakıları heyrətə salarmış. Tur Xeyerdan deyir ki, çox guman ki, 
        vikinqlər Xəzər dənizi ilə Volqa çayına keçmiş , sonra Novqorod və Kiyev 
        tərəfdən Qərbə yollanmışlar. Məhz onlar İngiltərə, Şotlandiya, Fransa, 
        İrlandiyanın ilk krallarından olmuşlar. Azer ölkəsindən çıxmış dəfn mərasimini 
        norveclilər uzun müddət, xristianlığı qəbul edənədək saxlamışdılar. 
        
Yalnız Bakıda…
        Caz muğam yalnız Bakıda doğula bilərdi. Bununçün muğamı ana südüylə canına 
        çəkmiş bir adam cazın sehrinə düşməliydi. Caz azad adamların musiqisidir. 
        Muğamda olan azadlıq isə heç bir musiqi formasında yoxdur. Təbiətcə azadlıq 
        sevər bakılılar həm cazsevər, həm də muğamsevər insanlar kimi ad çıxarıb. 
        Bakı kəndlərində bu yaxınlaracan toylarını muğamla keçirərdilər. Sovetlər 
        zamanında Bakı ölkənin caz mərkəzlərindən biri idi. Bakıda ilk caz orkestri 
        artıq 1920-ci ildə yaranıb. 
        Bütün dünya simfonik muğamlardan bayılır. Şərq və Qərbin qovşağında olması 
        və mədəniyyətlərin sintezi ilə Bakı bu tövhəsini dünyaya verə bildi. Dünyada 
        analoqu olmayan musiqi formasını muğam bilicisi və Avropa musiqi məktəbini 
        keçmiş adam yaza bilrdi. Bu hadisə isə yalnız Bakıda baş verə bilərdi. 
        Şərqin ilk operası da Bakıda yaranıb, ilk Konservatoriya və ilk sirk də 
        eləcə.
        Hər il dünya səbirsizdliklə Nobel mükafatının nəticələrini gözləyir. Yəqin 
        hamı bilir ki, məşhur milyonçu Alfred Nobel varidatını Bakı neftindən 
        toplayb. Hesablamalara görə bu məbləğ Nobel mükafatının 12 faizini təşkil 
        edir. Təsəvvür edin ki, hər il mükafat alanlara bizdən də pay düşür. Hələ 
        hamının tanıdığı mükafat təsis edilməmişdən əvvəl Bakının öz Nobel mükafatı 
        vardı. Onu Alfred Nobelin qardaşı oğlu Emmanuel Lüdviqoviç Nobel 1904-cü 
        ildə Rus imperator Texniki cəmiyyətinin Bakı şöbəsində təsis etmişdi. 
        Ümumi kapitalın gəlirindən nəzərdə tutulmuş 1000 manatlıq bu mükafat hər 
        ilin 25 mayında neft, texniki üsullar və neftə yaxın elmlərin inkişafı 
        sahəsindəki uğurlara görə verilirdi. 
        Dünyada ilk kinomatoqrafçı kimi tanınmış Lümyer qardaşlarından biri Mişon 
        ilk sənədli filmi Bakda Bibiheybət buruqlarında çəkib. Film «Bibiheybət 
        buruqlarında yanğın» adlanırdı. Təqvimdə 1898-ci il görünürdü. Lümyer 
        qardaşları möcüzələrinin dünyaya göstərəndə Bakıdan da yan keçməmişdilər. 
        Filmləri Parisə aparmamışdan əvvəl avqustun 1-də Vasilyev sirkində bakılılara 
        göstərmişdilər. Burada Bibiheybət buruqlarında yanğın, Buxara əmirinin 
        qarşılanması, knyaz Aleksandrın gəlməsi və bir neçə komediya səhnəsi göstərildi. 
        
        İlk dəfə neft buruğu Bakıda qazılıb. Dünyada ilk neft tankeri Bakıda suya 
        salınıb. 1878-ci ildə Xəzərdə Nobel qardaşlarının tidirdiyi «Zərdüşt» 
        adlı tanker üzürdü. 1823-cü ildə Bakıda dünyanın ilk parafin zavodu tikilib. 
        Bakı-Krasnovodsk telefon xətti dənizin dibiylə aparılanda hələ 1879-cu 
        il idi. 
        1930-cu ildə Bakı alimləri indi bütün dünyada tətbiq edilən neft çıxarma 
        üçulunu kəşf elədilər. Bu üsulla neft buruğunu şaquli yox, maili qazırlar. 
        Ona görə də buruğu yataqdan uzaqda quraşdırmaq mümkün olur. Bakıda bu 
        üsulla nefti yaşayış məntəqələrinin altından da çıxara bilirdilər. Həmin 
        üsulun davamı kimi 10 -12 buruğun kol kimi budaqlaşmış şəkildə çıxarılması 
        üsulu da Bakıda kəşf edilib. Bu üsulla 5 min metr dərinlikdə buruq işləri 
        aparmaq olur. Sovet zamanı bu yeni texnologiyalar geniş işlədilmirdi. 
        Amma dünya neft çıxaranlarının nəzərindən qaçmayıb. Məsələn Şimal dənizində 
        neft çıxaran norveclilər yeni üsula görə bakılılara minnətdar olmaqdan 
        çəkinmirlər. 
        
Yolçu yolda gərək
        Hər il 12 milyon quş yolunu burdan salır. Onlardan 5 milyonu qışı burda 
        keçirir. Yəni onlar buranın havasını, suyunu, yəqin ki, insanlarını də 
        bəyənirlər. Bakı gəldi gedər Bakıdı. Nədənsə Yeseninin Mərdəkanda qonaq 
        qaldığı vaxt harda olmasını bilməməsi barədə əhvalat daha çox yayılıb. 
        Bəlkə də burda yaranan əsər «Fars motivləri» adlandığındandır. Amma o, 
        «Bakı və bakılılarsız yaşaya bilmirəm» deyirdi və hər dəfə bura qayıtmağı 
        arzulayırdı. 
        Məhəmmədi kəndi yaxınlığındakı Yanar dağ hələ Aleksandr Makidonskinin 
        vaxtından yanırmış. Bunu o dövrün yazılarından oxuyuruq. Deməli Makedonski 
        özü olmasa da əhatəsindən kimsə buralara təşrif buyurub.
        Nargin və Volf adalarının adını 1-ci Pyotr qoyub. İsveçlə müharibədən 
        təzəcə çıxmış Pyotr Narqin adalarının quruluşunu Fin körfəzindəki Revel 
        adasına oxşatdı. Həmin adanın Narqin- alman forması, Nartinqen eston formasıdır. 
        Dar boğaz deməkdir. Vulf isə almancadan qurd, qurd adası deməkdir. Bulla 
        adasının adı isə Stepan Razindən qalıb. Yəni ki, «Bıl ya», rusca «Burda 
        mən olmuşam» deməkdir.
        Məşhur bariton Şalyapin Tiflisə gedərkən yolunu Bakıdan salıb. O, Mailov 
        qardaşlarının teatrında konsert verib. Çaykovski isə bura lap tez-tez 
        gəlirdi. Onun qardaşı Bakıda çinovnik vəzifəsində idi: «Bu şəhər hər cəhətdən 
        yaxşı imiş. Daha doğrusu səliqəli, gözəl tərtib edilmiş, təmiz və bununla 
        yanaşı çox qeyri-adi xasiyyətli».
        Mendeleyev «Bakı çox səliqəli şəhərdir. Dənizə mənzərə və dənizdən görünüşü 
        də əladır» deyirdi. O, Suraxanıdakı kimya zavodunda bir müddət işləyib. 
        Amma deyilənə görə kimya zavodu işə düşəndən sonra Atəşgahın təbii odu 
        sönməyə başlayıb.
        Mayakovski isə yazırdı: «Bakını çox sevirəm. Burda nəsə var ki, onu heç 
        vaxt unuda bilmirsən». Onun Bakı nefti haqqında bir şeri də var. Orada 
        təxminən belə fikir yazılıb ki, Bakı qanı, yəni nefti başqa şəhərlərin 
        damarlarına donor qanı kimi yeridilir ki, onlar da yaşaya bilsin. Düzdü 
        Bakı Qorkinin gözünə bir az tutqun görünmüşdü. «Tutqun cəhənnəm lövhəsinin 
        dahiyanə şəkildə çəkilmiş mənzərəsi» deyib Bakı proletariatının təsvir 
        etmişdi. 
        1943-cü ildə kinorejisyor, Stalin mükafatının laureatı Aleksandrov Q.B. 
        Bakı studiyasında faşizm üzərində qələbəyə həsr edilmiş «Bir ailə» adlı 
        böyük filmi bitirdi. Çarli Çaplin bu münasibətlə Bakıya teleqram vurdu: 
        «Sovet İttifaqının xalqlarının ümumi düşmənimizə qarşı cəsarətli savaşından 
        iftixar duyuram. Sizin yeni işinizlə çox maraqlanıram. Çarli Çaplin»
        Pakistanın prezidenti Pərviz Müşərrəf multanı karvansarasına hədiyyələr 
        edib. Axı Pakistanda da belə şəhər var. «Pakistanın Multanı şəhərindən 
        mətbəx ləvazimatı» adlı dolabda dəvə dərisindən lampa, gül vazası, keramik 
        kasa və piyalələr, boşqab, su qazanı, çay dəsti, qazança və güzgü indi 
        də saxlanlır. Britaniyanın keçmiş baş naziri Marqeret Teççer də həmən 
        multanı karvansarasının qonağı olub.
        
«Mən Bakıda doğulmuşam!»
        Zaman belə gətirib, Bakı dünyanın ən beynəlmiləl şəhərlərindən biri olub. 
        Son illərin hadisələrinə baxmayaraq burda 72 millətin nümayəndəsi yaşayır. 
        Harda yaşamasından asılı olmayaraq burda doğulanlar fəxrlə «Mən Bakıda 
        doğulmuşam» ifadəsini işlədirlər. Elmdə Nobel mükafatçısı, riyaziyyatçı 
        Lütfizadəni, futbol arbitrı Tofiq Bayramovu, sahibkar Vaqit Ələkbərovu, 
        bəstəkar, dirijor Vaynşteyni, partizan Mehdi Hüseynzadəni, kəşviyyatçı 
        Rixard Zorgeni, kinodramaturq Rüstəm İbrahimbəyovu, kinorejisyor Qusmanı, 
        şaxmatçı Kasparovu, kosmos tədqiqatçısı Kərim Kərimovu, fizik Lev Landaunu, 
        müğənni Müslim Maqomayevi, cazmen Vaqif və Əzizə Mustafazadəni, beynəlxalq 
        qroysmester Teymur Rəcəbovu, violonçel çalan və dirijor Rostrapoviçi, 
        yazıçı Çingiz Hüseynovu, rəssam Tahir Salahovu hamı həm də sadəcə bakılı 
        kimi tanıyırlar. 
        
***
        Bu yaxında məşhur rus şoumeni Dmitri Malaxovun «Baku» jurnalına müsahibəsində 
        oxudum ki, o, şəhərimizin qonağı olubmiş. Bizim boğanaq saydığımış şəhərin 
        havasında o, duyduğu sehrli qoxuları təsvir edirdi. O, deyirdi ki, gözlədiyim 
        şərq şəhəri əvəzinə artıq formalaşmış meqapolislə rastlaşdım. Bakı çox 
        təmiz şəhər imiş və onu qonaqlardan gizləmək günahdır. Deyəsən şəhərimizə 
        qonaqların gözülə baxmaq zamanıdır… 
      
 Qadın baxışı
Qadın baxışı