Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Klara Setkin adına öpüşlər

8 mart qoşa X xromosomunun mədh edilmə günüdür

«Mən vəzifə başında, mitinqdə, ya da türmədə ölməyi arzulayıram»
Roza Lüksemburq

Etirazlar qəbul edilmir! Bir vaxtlar siz Klara Setkin, Roza Lüksemburq adına küçədə, 8 mart adına meydanlarda gəzişəndə o qədər də etiraz eləmirdiz. Bazar ertəsi xanımınıza verəcəyiniz hədiyyənin üstündə öpücüklər olarsa onlar da Klara Setkin və Roza Lüksemburqurunn adını daşıyacaq. Neynəməli, tarixi kimlərsə yaradır. Özü də 100 illik yubiley günündə etirazlar heç qəbul edilmir. Amma məncə 8 mart bayramına olan kişi etirazlarının 100 illik tarixi yoxdur.

Boş qazanın danqıltısı
Dükan, bazar, hədiyyə, qaçhaqaç, gül buketi, «bəyənərmi, ya yox», «bezdim», «ay Allah, nə edim?!» və s. Bu 8 mart bayramının ənənəvi ssenarisidi. Bu günü nə qədər çətin olsa da kişilərin qəbul etmələri lazımdı. Hələ qədim Romada qadınlar günü vardı. Bu günü ailənin baş qadını – azad doğulmuş, ərə getmiş qadınlar – ərindən hədiyyə alar, diqqət və nəvazişlə əhatə olunardı. Diqqət verin, bu günü kənizlər də hədiyyə alardı və qul olmasına baxmayaraq işdən azad olunardı. Qadınlar bəzənib Vesta ilahəsinin (ev, ocağın himayədarı) şəhəfinə yürüş və bayrama qatılardılar. Nəzərə alsaq ki, 8 mart günündə kişilərimizin əksəriyyəti hədiyyə verməklə canını qurtarır (yəni qabları yumaq, evi səliqəyə salmaq və ən vacibi corabı çıxaran kimi yerə atmaq əvəzinə çirkli paltarlar olan dolaba atmaq, hamama yolu düşmüşkən üstəlik çimmək və s. kimi zülmlərə özünü qatmırlar), deməli onların şikayət etməyə haqqı bir daha çatmır.
Beynəlxalq qadınlar günü tamam başqa ruhda başlanmışdı. 1857-ci il 8 martda qadınları boş qazanları tanqıldadarak küçələrə çıxmağa məcbur edən səbəb diqqət və hədiyyə tələbi deyildi. Onlar kiçicik maaşlarından dad vurub iş şəraitini düzəltməkçün etiraz edirdilər. Yəqin bu qadınlara ömürlərində heç kim gül hədiyyə etməmişdi. Əminəm ki, dünyada bir qadın da gül və hədiyyə xətrinə küçələrə çıxmaz. Əlbəttə, 8 mart bizim milli bayram deyil. Əlbəttə, bu sovet dövrünün qalıqlarıdır. Əlbəttə, israfçı bayramdı və cibə çox ziyandı. İnternetin belə inkişaflı zamanında Qadınlar günü mövzusunda mübahisələr qopmamalıdı. Axı, hər kəs bu barədə informasiyanı 2 dəqiqəyə əldə edə bilər. Amma mübahisələr və bu bayramla bağlı qaranlıq məqamlar hələ də var. Bir-iki günə 100 yaşı olacaq bu bayram bu yaxınlaracan kişilər tərəfindən müqavimətsiz qeyd edilirdi. Çünki Yerin yumru olmağını hamı bilir və onun yastı olub 3 fil üzərində dayanmamasını artıq sübut eləməyə ehtiyac qalmır. Yəni ki, qadınların bayramı olmalıdı və bu arqumentə qarşı bir kişi də cınqırını çıxara bilməz. Amma 8 mart yaxınlaşan kimi internetdə, bəzən çox nüfuzlu saytlarda bu bayramın «iç üzünü» açan yazılar və hər il yeni versiyalar əmələ gəlir. Onları toplasaq belə bir mənzərə əmələ gələr: 8 mart guya əslində Purim adlanan yəhudi bayramıdır. Milliyyətcə yəhudi olan Klara Setkin (Setkin onun qeyri-qanuni ərinin soyadıdır) bu bayramı hansısa məkrli məqsədilə bütün dünyaya sırıyıb. Bu bizim bayramımız deyil və burada milli xüsusiyyətlər tapmaq çətindir. Bu «həqiqətlə»in sırasına bir sıra xürda pikant detalları da əlavə edək ki, ilk nümayiş guya etnik mənsubiyyətilə seçilmiş fahişə qadınların nümayişi idi.

Qadın selinin qarşısını öpüşlə almaq olar
Beynəlxalq qadınlar bayramı 1910-cu ildə Kopenhagendə 2-ci Beynəlxalq Sosialist Qadınlar Konfransında elan edilib. Amma heç Klara Setkin bu məsələdə ağzını da açmamışdı, o iclasın sədri idi. Təklif Roza Lüksemburqun fitvası ilə Leni Qrünberqdən gəlmişdi. Qadınlar bayramını gələn ildən qeyd etmək nəzərdə tutulmuşdu. Amma 1911-ci il martın 19-da. 1914-cü ilə qədər Avropada Qadınlar gününü müxtəlif vaxtlarda qeyd ediblər. Bu indiki kimi yaz və çiçəklər bayramı deyildi. Adətən bayrama çıxan qadınların qarşısına gül dəstələri yox, polis və əsgərlər göndərilirdi. (Bu yerində deyəsən kimsə «əcəb eləyirdi» dedi). Ona görə də bunu yəhudi qadınların azərbaycanlı kişilərin cibinə qarşı səlib yürüşü hesab eləməyə əsasımız qalmır.
İlk dəfə Beynəlxalq qadınlar günü Avstriya, Almaniya, Daniya, İsveçdə qeyd olundu. Necə deyərlər, əzilən qadınlar nümayişlə anıldı. Sovet ideologiyası isə bayramın beynəlxalqlığı barədə mifi yaradıb inkişaf etdirdi. Komissarlar ideyanı çox bəyəndilər və onu provoslav kilsəyə qarşı silah kimi işlətməyə başladılar. 8 mart insanları yaz ərəfəsində qeyd olunan dini bayramlardan uzaqlaşdırmalı idi. Sovet şurası dağılan kimi müttəfiq respublikalar bu gündən imtina etdilər. Amma biz qadınsevər olduğumuzdan və təqvimi qırmızıya boyamağı sevdiyimizdən hələ də bayramlaşırıq. Martın 8-ni bütün dünya qeyd etmir. Sadəcə günün Beynəlxalq qadınlar günü olmasını xəbərlər bölməsində bir daha xatırladırlar. Bir növ kosmonavtlar günü, gəmiçilər günü kimi.
Bayaqdan faktlar sıralanır, amma hələ deyilməyib ki, 8 mart dünya qadınlarının öz iqtisadi, siyasi və sosial hüquqlarının bərabərliyi uğrunda mübarizə apardığı beynəlxalq bir gündür. Məncə bu da kişilərin apardığı siyasətdi ki, inqilabi ruhlu günü öz məqsədlərinə uyğun dəyişdiriblər. Çünki evində hədiyyə gözləyən milyonlarla qadın meydanlara tökülüşmüş qadın selindən milyon dəfə yaxşıdır. Bu qadın selinin qarşısını yalnız öpüşlərlə almaq olar. Ayrı yolu qalmır. Yeri gəlmiş, 1985-ci iln 8 martında ingilis Gon Makferson bayram şərəfinə 8 saat ərzində 4444 qadını öpərək Ginnes kitabına düşüb. Deyəsən, onun öpüşdüyü qadınlar hüquq bərabərliyi uğrunda mübarizə aparmırdılar. Bayramda öpüşənlər nə qədər çox olarsa qadınların hüquq bərabərliyi uğrunda mitinqlərə çıxması ehtimalı bir o qədər az olar. Kişilər, eyhamı anladızmı?

Dəlisov Klara və Qırmızı Roza
Məncə artıq bayramı boynumuza qoymuş Klara Setkin və Roza Lüksemburq barədə danışmağın zamanıdır. Bu iki inqilabçını dostları Dəlisov Klara və Qırmızı Roza çağırırdı. Onlar hüquq bərabərliyi uğrunda nümayişə çıxıb polis tərəfindən döyüləndə ağıllarına gətirə bilməzdi ki, nə vaxtsa onların adıyla bağlı bayram belə cılız nəticələrə gətirəcək. Uzaqbaşı bir qədəh şampan, bir dəstə gül…
Roza Lüksemburq hələ uşaqlıqdan ambisiyalı qız idi. Valideynləri onu inqilablardan yayındırmaqçün musiqi müəllimi də tutmuşdu. Amma inqilabçılıq ona fiziki qüsurlarına, görkəminə görə çəkdiyi utancaqlıq komplekslərindən qurtulmağa imkan verirdi. Onun balaca boyu, bədəninə görə çox yekə başı vardı. Üstəlik axsayırdı da. Ona görə Roza iri şlayapalar, xüsusi ayaqqabı, yöndəmsiz enli paltarlar geyməli olurdu. Əgər inqilabçılara qoşulmasaydı yəqin həyatının ilk sevgisinə rast gəlməzdi. Leo Yoqixə olan sevgisi onu bu misraları yazmağa ilhamlandırmışdı: «Əgər nə vaxtsa göydən ulduz dərib onları kiməsə köynəyinə qol düyməsi yerinə bağışlamaq istəsəm hissiyyatsız pedantlar məni barmaq yelləməklə hədələməsinlər ki, guya mən astrologiya dərsliklərinə çaşqınlıq salıram». Roza göydən ulduz qoparmadı, amma sevgisinə görə müasir kişiləri hər il göydən ulduz dərməyə məcbur elədi. Sevgilisi onunla yalnız inqilab barədə çılğınlıqla danışırdı. Ona görə ilk etirafı Roza özü etməli oldu. Cavan oğlan onun hisslərinə ilk əvvəl cavab versə də Rozanın aramsız enerjisindən tezliklə usanmağa, yorulmağa və nəhayət ondan qaçmağa başladı. O, evlənməyə hələ hazır deyildi. Məğrur Rozanın müstəqil qadın olub, nikaha nifrət edib azad məhəbbətdən danışan qadın olmaqdan başqa bir yolu qalmadı. Kişilər, diqqət verin, sizi 100 illik zülmə salan qadın deyil, kişi qorxaqlığı oldu. Əgər bu Leo vaxtında ağciyərlik eləməsəydi, Roza Lüksemburqu arvad edib bir küncdə otuzdursaydı o, nə nümayişlərə çıxar, nə də qadınları azad edərdi. Yəni azərbaycanlılar demişkən «boşbaşını bişirib, arvadlıq edərdi». Rozanın sonrakı həyatında təbliğatçılıq işi, polis təqibi və türmələr çox oldu. Yəqin sevgiləri də olmuşdu, amma onlarn hamısından inqilab qoxusu gəlirdi.
Dəlisov Klaranın anası uşaqlarına Marselyezanı oxumağı öyrədirdi və Alman Qadınları Şurasının iclaslarına gedirdi. Klaranın atası kəndli uşaqlarına təhsil vermək üçün Leypsikdə Baxın çaldığı orqanda çalmaq şərəfindən imtina etmişdi. Belə ailənin beşinci uşağı olan Klara artıq 5 yaşında valideynlərinə dedi ki, böyüyəndə Yan Qust olmaq istəyir. 1415-ci ildə inkvizisiyanın tonqalında yandırılmış çex inqilabçısı onun fikirlərinə sahib çıxmışdı. 9 yaşında o, Höte və Şilleri oxumuş, məmnuniyyətlə şerləri əzbərdən deklomasiya edirdi. 11 yaşında Homerin «İlliada»sını orijinal dildə əzbərdən, 12 yaşında isə Tomas Karleylin «Fransız inqilabının tarixi» kitabından səhifələrlə sitat gətirirdi. 18 yaşında Klara diplom alanda direktor belə demişdi: «Bizim gimnaziya fəxr edəcək ki, Klara Eysner- alman pedaqoqikasının doğan ulduzu – burada oxuyub». Amma Klara pedaqoqikanın yox, tamam başqa «bürcün» ulduzu oldu. Gimnaziyadan sonra gizli inqilabi məclislərin havası onun yolunu müəyyənləşdirdi. Rozadan fərqli olaraq Klara özünü ərə getmiş saya bilərdi. Əri Osip Setkin ilə nikahı olmasa da məktubları Setkin imzası ilə imzalayırdı. Birlikdə yaşadığı illər ərzində onların iki uşağı doğulmuşdu. Çox kasıb yaşayırdılar. Əri prinsipial olaraq yalnız sol yönlü qəzetlərə məqalələr yazırdı və qəpik-quruş qazanırdı. Ona görə Klara günə 20 saat dərs deməli olurdu ki, acından ölməsinlər. Üstəlik ev, uşaqlar və vərəm xəstəsi olan ərə qulluq etmək lazım gəlirdi. Partiya tapşırıqları da bir yandan. Ona görə əri vərəmdən vəfat edəndə onun cəmi 32 yaşı olsa da 50 yaşlı qadına bənzəyirdi. Klara zəhmətkeşlərin həyat tərzini, iş rejimini çox yaxşı blirdi. Üstəlik bu illər ərzində o, 952 məqalə yazmağa da vaxt tapmışdı.
Alman sosial demokratı Frank Mesinq deyirdi: «Klara Setkin və Roza Lüksemburq sısqa partiyamızda yeganə kişilərdir». Müasirlərinin kişi adlandırdığı bu 2 qadını daha bir bağlılıq da birləşdirirdi. Klara Setkinin 22 yaşlı oğlu Kostya 37 yaşlı Roza Lüksemburqun məşuqu idi. Klara o qədər də etiraz eləmirdi. Axı onun özünün ikinci əri ondan 18 yaş kiçik idi. Belə «gəlin-qaynana», həm də rəfiqə münasibətləri onların arasında sonuna qədər qırılmamışdı. Kostya Roza Lüksemburqu atanda o, rəfiqəsi-«qaynanası» Klaranın qoynunda ağlayaraq özünü ovutmuşdu. Şəxsi həyat inqilabi mübarizəyə mane ola bilməzdi. Klara cavan ərini də yanından buraxmırdı, ona boşanmanı özünün 71 yaşı tamam olandan sonra verdi. Ona görə də indi demək çətindi ki, qadın hüquqlarına görə özünü zülmə salmış bu iki qadın şəxsi həyatında xoşbəxt idimi, yoxsa taleyin qisasını bütün düynadan alırdılar. Sevimli, arzulanan və zərif qadın olmaq onlara nəsib olmasa da onların yaratdığı bayram günündə bütün zərif, incə, sevimli və gözəl qadınlar diqqətə layiq görülür.

Yenə də mətbəxə doğru…
Bu gün də qadınlar cəmiyyətdə öz yerini təsdiqləməkçün mübarizə aparırlar. Bu gün də savadlı olmasına baxmayaraq işə düzələndə kişilərlə rəqabətdə uduzurlar. Unutmayaq ki, 8 mart qadınların kişilərlə bərabər hüquqları uğrunda mübarizəsi günüdür. Yəqin indi kişilər çox razıdır ki, qadınlar bu gün kişilərdən xərac almaqla məsələni dinc yolla həll etməyə üstünlük verirlər. 8 mart qoşa X xromosomunun mədh edilmə günüdür. Amma sağlamlıq, gözəllik, əminamanlıq arzulayanların içində bir nəfər də açıqcada yazmır ki, əməkdə uğurları olsun, ya da həyat yoldaşı məişətdə ona kömək eləsin. İctimai fikrin təzyiqilə qadını bir növ yenə də mətbəxə sıxışdırırlar.
Qadınlar bayramı ərəfəsində etiraz əlaməti olaraq qadınlara ithaf edilmiş küçə və yer adlarını saymaq üçün barmaqlarını hazırlamış insanlar, dayanın! Bizi ton və kilometrlərlə ölçmək olmaz. Vəzifə başındayıq, yoxsa plətə qarşısında, fərq etməz. Ola bilər qadın ona sırınan koordinat sisteminə sığmır. Biz paralel məkanda sizində birgə mövcuduq və inkişaf edirik. Ola bilər inkişafımız çox vaxt eninə olur, əlbəttə, biz kamil deyilik. Biz sübut edə bilmədik ki, biz də kişiyik. Biz seçki hüququ, iqtisadi müstəqillik alsaq da yenə də görkəmimiz barədə daha çox narahat oluruq. Bizi bir daha hüquqlarımızı müdafiə etməkçün küçələrə çıxmağa məcbur eləməyin. Axı bir dəstə gül nədi ki, onu bizə qıymayasız?..
P.S. Bu yazı əslində müəllifi başda olmaqla bütün təmbəl qadınlara ithaf edilib. Təmbəl qadının tərifi: «Gündə 20 saatdan az çalışan, maaşının əsas hissəsini kosmetika və geyimə xərcləyən qadına, üstəlik qadınlar bayramı ərəfəsində abırsızcasına gül dəstəsi və təbriklər gözləyən qadına təmbəl qadın deyilir. O, azadlığı uğrunda nümayiş və mitinqlərə çıxmaq və mübarizə aparmaq istəmədiyinə görə ömürlük bu damğanı üstündə daşımalı olacaq. O öz arzularının özü reallaşdırmaqdan imtina edir, hətta Klara Setkin və Roza Lüksemburq kimi öz xoşbəxtliyi üçün heç barmağını tərpətmək belə istəmir!»

 

Yuxariya doğru