Evdə hakimiyyət davası
Qadınlar şaxmatçılar kimi qələbə naminə qurban verməyi bacarırlar
Hər
şey insanın əlindədi, insan isə qadının.
Adeksandr Fürstenberq
Mendelsonun toy marşı səslənən kimi və yaxud bizdə ənənənvi «Vağzalı» havası başımızın üstünü alandan sonra bir-birimizin ağuşuna atılanda heç kim əməlli başlı təsəvvür eləmir ki, sonra nə olacaq. Hələ ki, daşlara dəyməmiş məhəbbət qayığımızı necə bölüşdürəcəyik? Görəsən vanna otağında rəfdəki ən böyük yeri, ya da divanda ən böyük ərazini kim zəbt eləyəsək? Başımız bu məsələlərə qarışiışkən bir də ayılırıq ki, ev hərbi əməliyyatlar keçirilən cəbhə bölgəsinə daha çox oxşayır.
Özünə
layiqli qiyməti verə bilməyən qadın bütün qadınları qiymətdən salır.
Nelli Makklanq
Bir
də ayılırsan ki, intim dialoqlar zamanı heç dəxli olmayan məqamda belə
bir söhbət alındı:
- Əzizim, mən saatı bu divara asmaq istəyirəm.
- Yox, mən öləndən sonra asarsan.
Yeri gəlmiş, məsələ gedib tabuta çatmamış ərazi konfliktlərinin sülh yoluyla
həll edilməsi üzrə kiçik vəsait tərtib eləmişik ki, tanış situasiyalarda
qan su yerinə axmasın.
Pultun
sahibi kimdi?
Kişi ona qulaq asmağı bacaran hər qadına vurulmağa hazırdır.
Frensis Bekon
Hər kəsin öz şəxsi ərazisi var. Kiminkisə balaca, kiminkisə nisbətən böyükdür.
Psixoloqlar deyir ki, (əlbəttə ki, sicilləmə təcrübələr qoyub nəticələr
çıxarandan sonra) kişilərçün bu yarım metr, qadınlarçün isə düz bir metr
təşkil eləyir. Əlbəttə ki, bu rəqəmlər adam arasında, camaatın sıx olduğu
yerlərçün hesablanıb. Evdə isə hər şey tamam başqa cürdür. Burda hər kəs
«tort»un ən yağlı parçasını özünə kəsib götürmək istəyir. Özü də bu proses
şüurlu sürətdə getmir. Kişi normal erkək kimi öz ərazisini corabları,
qəzetlər, disklər, və sair əşyalarla işarələməyə cəhd edir. (Bu yerində
biologiyadan keçdiyimiz bilikləri, heyvanların ərazini işarələmək üsullarını
yada salmağınız lazım gələcək). Ən vacibi isə kişi absolyut hakimiyyət
rəmzi kimi televizorun pültünü əlinə keçirməyə çalışacaq. Qadınlar daha
praqmotik olduğundan evin starateji məntəqələri, yəni mətbəx, hamam otağı
və qarderobu ələ keçirirlər. Çünki qadında ocaq yaratmaq instinkti güclüdür,
kişilərdə isə mağara instinkti, icmada seçilmək istəyi. Əlbəttə ki, bütün
kişilərə öz ərazisinin sahibi olmaq duyğusu çox əzizdir. Yəni ki, «mənimdi,
vəssalam». Qadınsa evin bütün mexanizmlərini işə salmalı, sonra isə onların
işlək qalmasının keşiyini çəkməlidir. Evi bəzəmək, rahatlıq, komfort yaratmaq
və s. Çox nadir hallarda əksinəsi olur. Qadının divan şahı, kişinin mətbəx
naziri olduğu nümunələri axtarmaqçün çox gəzmək lazım gələcək. Amma həyatdı
da, hər şey ola bilər. Əslində kişi divan uğrunda mübarizəsinə nöqtə qoyandan
sonra evin qadın ərazisinə, yəni mətbəx, hətta vanna otağına da soxulmaq
cəhdləri eləyir. Əvəzində qadın cavab manevri kimi divan uğrunda mübarizəyə
başlayaraq televizor pultunu əlinə keçirməyənədək rahat olmur.
Hər kəsin şəxsi ərazisi onun evlənənədək yaşadığı şəraitdən asılı olur.
Böyük ailədə, ya da kommunal mənzildə yaşayanlar nisbətən üzüyola və yumşaq
olur. Çünki heç vaxt fərli başlı şəxsi ərazisi olmayıb. İndividualistlərə
həmişə hər şey azlıq eləyir, necə deyərlər «küçə mənə dar gəlir». İndi
allah eləməsin ki, iki individualist evlənib bir evdə yaşamalı olsun.
(subaylar bu yerində qulaqlarını çəksə daha yaxşıdı, Allah göstərməsin!).
Sərhəd
münaqişələrinin növləri
Qadını idarə eləməyin iki növü var, amma onları heç kim bilmir.
Frenk Habbard
Kişi psixoloqlar düşünür ki, yeni evlənənlər hayatını kişinin mənzilində
başlasa daha yaxşıdı. Guya ki, bu münasibətləri malalayır. Amma təcrübə
göstərir ki, qadın yeni əraziyə düşəndə uzaqbaşı mətbəxi ələ keçirə bilir.
Evin qalan hissəsində hələ subayçılıq (yəni sultanlıq) əlamətləri qalmaqda
olur. Qadın burda subayın mağarasında nəyisə dəyişdirmək istəyəndə evdən
müharibə qoxusu gəlməyə başlayır. Kişi də öz növbəsində müxtəlif flakonlara,
tübiklərə, yumşaq tüklü oyuncaqlara, hətta arvadının cehizi – naxışlı
balışlara ultimatum elan eləyir. Onunçün bütün bunlar lazımsız, hətta
stress yarada bilən əşyalardır. Bizim qadınlara bir məsləhət kimi deyək
ki, kişilərin zir-zibil saydığı əşyaların hamısını toyun səhəri gün göz
qabağına qoymasınlar. Ərinə qarşı bir qədər humanst olmaq da olar. İlk
günlər ikicə krem bankası və uzağı bir mütəkkə çıxarılsın. Sonrakı yenilik,
yəni reforma 3 həftədən sonra aparıla bilər. Deyirlər ki, 3 həftə adaptasiyanın
orptimal müddətidir. Sizi inandırım, bir ildən sonra sizin mağara adamınız
heç xatırlaya bilməyəcək ki, evlənməmişdən əvvəl buralar necə görünürdü.
Bu müddətdə krem bankalarını qəbul eləyə bilməyib hələ də müharibə eləyən
kişilərə qarşı xüsusi metod kimi bir yaxşı üsul var. Hər axşam məhs həmin
bankadan olan kremlə massaj olunan kişi heç onun qurtarmasını gözləmədən
növbəti bayramların birində bir qucaq krem dəsti hədiyyə edəcək. Sınanmış
üsuldur ha…
Qadınlar
əsrlər boyu sirrli, kişiləri həqiqi ölçüsündən artıq göstərməyi bacaran
güzgü rolunu oynayıblar.
Virciniya Vulf
Hərdən olur ki, kişi qadının evinə köçməli olur. Qadın şifonerində 1-2
rəf, vannada bir qırıq yer boşaltsa da məlum olur ki, ərinin hər görüşə
geydiyi bir dəst şalvar-köynəyindən başqa bir qarderob paltarı varmış.
Bura unikal disk dəsti, güclü parfüm arsenalı, üstəlik «Vəhşi mustanq»
adlı trinajor qurğusu da var. Əlbəttə, bunların hamısına evdə yer tapılır,
amma ev əvvəlki görkəmini itirdiyindən qadın mütləq narazı qalır. Bir
aydan sonra künc bucağa dürtülmüş əşyalar evin ortasında, «mustanq» isə
eyvanda gözü mazol eləyir. «Bəlkə onu bağa aparaq, hə?» deyə qadın təklif
eləsə mütləq «yox» cavabını eşidir. Ər bu «mustanqı» sonuncu qalası kimi
müdafiə eləməkçün qiyam qaldırır. Təcrübəli insanlar belə şəraitdə münaqişəni
aradan götürməkçün kişiyə evdə bir künc ayırmağı məsləhət bilir. Yoxsa
o özünü həmişə qonaq kimi hiss eləyəcək.
Əlbəttə ki, baxılan situasiyaların içində daha acınacaqlı variantlar da
var. Məsələn, (bu yerində bütün subaylar qulağını yenə də çəksə yaxşıdı)
yeni evlənənlər valideynlərilə yaşamalıdır, çünki hələ ki, müstəqil yaşamağa
imkan yoxdu. Burda isə bütün ərazilər artıq bölünüb. Hətta ən yumşaq münasibətlər
zamanı sizin bu evdə elədiyiniz ən cüzi dəyişiklik sərhədlərin pozulması
aktı kimi qiymətləndiriləcək. Qaynanalar da belə şəraitdə katalizator
rolunda çıxış eləyərək ağıllı-başlı münaqişə yaradacaq. Bəzən belə münaqişə
o qədər böyüyür ki, evləri ayırmaqdan başqa çıxış yolu qalmır. Amma belə
bir statistika da var ki, ailələrin çoxu məhs müstəqil yaşamağa başlayandan
sonra ayrılır. Çünki özünü böyük mexanizmin kiçik vinti kimi aparmağa
öyrəşmiş cavanlar adi problemləri həll eləyə bilmirlər.
Brilyant
üzüyü qaytarmaq dərəcəsində kişiyə nifrət eləməyi özünə icazə vermə!
Sari Qabor
Yeni həyatı yeni ərazidə başlamaq ən ideal variantdı. Mənzilə ayağınız
dəyən kimi hamının ambisiyaları üzə çıxacaq. Mülkiyyətçi ən böyük və strateji
zonaları ələ keçirəcək, kollektivist gözlərini döyə-döyə qalıb sonra inciyəcək.
Amma təzə mənzilin təmirində, quraşdırılmasında hər iki tərəf paralel
iştirak eləsə sonra münaqişələr o qədər də qanlı olmur. Bir qırıq ərazi
üstündə milçəkdən fil qayırmaq da artıq böyümüş insanlara heç yaraşmaz.
Bunun qarşısını şəxsən almağa çalışmasaz ömrü boyu qonşu evində qonaq
qalan qaçqın kimi hiss eləyəcəksiz. Elə bütün dünyanın problemləri də
burdan başlayır. Bir də ki, kimsə zəhmət çəkib evin rahatlığıyçün nəsə
yaradıbsa onu tərifləsə o birisinin dili qurumaz ki? Vaxt keçəcək hər
ikiniz bu günləri xatırlayıb güləcəksiz. Vasvasılıq eləyib təmizlik eləmək
adıynan kişinin evdən qaçıran qadın sonra oturub başını sındıracaq ki,
mənim nəyim əskikdi axı, filankəsdən?!
Biz
evi yox, hakimiyyəti bölürük!
Qadınlar yaraları sarımağı bacardığı səviyyədə yara vurmaq
istedadına malikdir.
Barbe d’Orvil
İnciklik ürəkdə dərin yaralar sala bilir. Ona görə də əvvəlcədən (hələ
ki, saçyolduya gəlib çıxmamış) danışıqlara getmək lazımdı. Vasvasılara
bir müddət kişi corablarının yerə atılmasıyla barışmaq da olar. Hətta
ən stajlı ailələrin də vaxaşırı ərazi münaqişələri olur. Xüsusilə də narazılıq
olanda, amma bəhanə tapılmayanda ərazi bölcüsü gündəmə gətirilir. Elə
belə vaxtlar xalq arasında «ayağı sürüşmək»lər başlayır. Hər ikisini ayrılıqda
danışdırsan gülməli və axmaq iddialar eşidilir. Qadın «Mətbəxə burnunu
niyə soxur axı, onun nə başı çıxır?» deyəndə kişi «Deyəsən, nəzarətdən
çıxmağa başlayırsan» deyir. Bu konfliktin arxasında «mən evdə ən vacibi,
ən əsasıyam» iddiası durur. Münaqişə bu çalarda aparılırsa artıq diqqətli
olmaq lazımdı. Bu kitab rəfi, ya da disk dolabı uğrunda gedən mübahisə
deyil. Buna ailədə avtoritet uğrunda çarpışma deyirlər. Bu qiyam, ya da
inqilabın sonunda ailədə demokratiya, ya da diktatura qurulacaq. Uşaqlarsa
kənardan baxıb hansı cəbhədən olacağını seçməli olacaqlar….
Özünü
təyin etmək üçün test
Lazımi kişi qarşısında lazım olan anda ağlamağı bacaran qadın
üçün dünyada mümkünsüz heç nə yoxdu.
Uilyam Noker
Ola bilər bu an hamı özünü quzu kimi apararaq «mən ki, belə deyiləm»
deyib çiynini çəkir. Şəxsi ərazini ölçmək də heç bizlik deyil, qoy bununla
psixoloqlar məşğul olsun. Amma test vasitəsilə kimliyinizi daha rahat
öyrənib hələ bir psixoloqa getməməkdə bir az da qənaət etmiş olarsız.
1. Uşaqlıqda sizin:
A) ayrıca otağınız vardı – 5
B) otağı başqasıyla bölsəz də öz küncünüz vardı – 3
C) yalnız çarpayını və oyuncaq qutusunu özünüzünkü adlandıra bilərdiz
– 0
2.
Ailədə siz:
A) yeganə uşaq idiniz – 5
B) ortancıl idiniz – 0
C) ən böyük idiniz – 3
3.
Məmnuniyyətlə harda yaşayardız:
A) neçə nəsil dalbadal yaşayan iri, kamini olan ikimərtəbəli evdə – 0
B) dəniz qırağında, ya da meşəlikdə yerləşən kiçik, amma rahat evdə –
5
C) müasir penthausda – 3
4.
Lazım gələrsə gecəni başqa evdə qonaq qala bilərsiz?
A) asanlıqla – 0
B) mən yalnız evdə yuxuya gedə bilərəm – 5
C) şəraitə baxır, hava pis olsa, gecə yarısıdırsa və s. – 3
5.
Dostunuzu bir həftəlik evə buraxa bilərsizmi?
A) bəli – 3
B) nə qədər istəyir, qoy yaşasın – 0
C) əgər getməyə yeri heç yoxdusa – 5
Bundan
sonra balları hesablayıb nəticə çıxarmaq çətin deyil
25-18: - siz individualistsiniz. Bəlkə də «mənimkidir» deməyi «ana» deməkdən
də qabaq öyrənmisiz. Sizin dünyada mənimki və yadlarınkı deyilən anlayışlar
böyük sədlə dəqiq sərhədlənib. Ona görə də özünüzünkü hesab elədiyinizi
Ərəbzəngi kimi qorumağa çalışırsız. Müqəddəs saydığınız şeylərə əlini
vuranın az qala gözünü çıxara bilərsiz. Amma hər şey o qədər də tutqun
deyil. Siz nəinki özünüzünkünə, başqasının əmlakına da hörmətlə yanaşıb
qoruya bilirsiniz. Əgər həyat yoldaşıyla yola getmək fikriniz varsa bilməlisiz
ki, onun da balaca bir küncə sahib olmaq ixtiyarı var.
17-9: - Sizi ideal tərəf müqabili saymaq olar. Çünki hər iki başlanğıc
sizdə var. Şəxsi ərazi iddiası məsələsi sizdə o qədər də kəskin dayanmır.
Siz şəxsipərəstlə də, kollektivistlə də yola gedə bilərsiz.
8-0: - Siz əsil kollektivistsiniz. Sizinlə yalnız sizə bənzəyən yola gedə
bilər. Şəxsiyyətçi ilə birgə yaşasaz hər dəfə onun qabında çay içməyiniz,
onun ülgücünün istifadə eləməyiniz onu əsəbləşdirəcək. Hətta onun otağında
səliqə-səhman yaradanda da konflikt yaranacaq. Onun hər şeyi bölmək istəyi
də sizi özünüzdən çıxara bilər.