Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Əxlaqsızlıq və azadlıq

Əxlaqsızlıq. Bu sözün arxasında nələr gizlənir? Çox vaxt fərqinə varmadan bu sözü tez-tez işlədirik. Əvvəl sözün sirli, cəzbedici məğzini anlayaraq onunla mübarizə edir, sonda ondan güclü olduğumuzu sübuta yetirməklə qalib rolunu oynayırıq. Əxlaqını bir neçə dəqiqəlik ləzzətə qurban verənləri necə həvəslə, ləzzətlə qınayır, yıxıb-sürüyürük. Nəfsinə sahib çıxa bilməyənlərin iç üzünü açmaqdan ləzzət alırıq.

Əgər əxlaqi axsaqlıqda qanun pozuntusu, iqtisadi cinayət yoxdusa, əslinə qalsa, burada dəhşətli heç nə yoxdu. Bunun əsl təbiətini aşkarlamaq məqsədilə kiçik araşdırma aparsaq, maraqlı və gözlənilməz müşahidələrlə qarşılaşarıq.

«Kompüterin klaviaturası ilə oynamaq əxlaqsızlıq deyilmi?»

Həqiqət axtarışı ümidiylə xalq içinə «baş vurub» tanış-bilişimi, qonum-qonşunu suallarımla əldən saldım. Onların heç ağlına da gəlməzdi ki, dediklərini yaza bilərəm. Müsahiblərin düşüncələrinin cəsarəti və qeyri-adiliyi hətta məni təəccübləndirməyə başladı. 58 yaşlı, keçmişdə texniki təhlükəsizlik üzrə mühəndis olmuş M. dedi ki, dünyada əxlaqsızlıq deyilən bir şey yoxdu. Bu, bədbəxt, həyatdan narazı və yaşamaqdan ləzzət ala bilməyənlərin uydurmasıdı.

Abşerondakı bir parça torpağında əkib- becərməklə başını dolandıran 46 yaşlı N. əxlaqsızlıq sözünü eşidən kimi siyasi liderlərimizin yaşam tərzini yada saldı. Ümumiyyətlə, Abşeronun göysatanları siyasi mövzularda gərgin mübahisələr aparmağı sevirlər.

Müsahibimiz N. isə «xalqın qulu» olmalı insanlara qarşı «əxlaqsız hərəkətləri xüsusi pozğunluqla icra etmək» hüququndan uzun-uzadı da danışdı.

Çörəyi insanlarla ünsiyyətdən çıxan, sənət növlərindən biriylə məşğul olan 60 yaşlı Q. cəmiyyətin qadağalarına məhəl qoymadan həyatını öz bildiyi kimi yaşamağı bacaran qadınlara çox böyük həsəd və heyranlıqla baxdığını dedi.


İnsanlarla söhbətdən sonra mən qəti əmin oldum ki, əxlaqsızlıq heç də təkcə insanın intim həyatıyla bağlı deyil. İş yoldaşlarımdan biri, güzəranını onun-bunun uşağının başına bilik yerləşdirməklə keçirən müəllimz R. bildirdi ki, restoranlarda pulu zibil kimi səpələmək, hər il istirahətçün xaricə getmək, hətta kosmetik salonlardan həddindən artıq istifadə eləmək özü də əxlaqsızlığın son həddidi. Çünki bu pulları daha sərfəli formada xərcləmək olardı. Amma yumurtanın ağını bu gün yeyib, sarısını sabaha saxlamağa adət eləmiş bu müəllimə çörəyin üstünə yağı çox qalın çəkməyi də israfçılıq sayır.

Ofisdə kağız daşımaqla pullu təhsilinin haqqını ödəməyə çalışan 20 yaşlı Z. görəndə ki, idarə «zavxozu» müdirinin heç də köhnə olmayan kompüterini yağ içində yeni, superkompüterlə dəyişir: «Mən necə pərt olduğumu ifadə edə bilmirəm. Bu işdə qalsam, özümə belə bir kompüteri, bəlkə on ilə ala bilərəm. O, kompüteri niyə aldığını heç özü də bilmir. Belə gözəl maşının klaviaturasında oyun oynamaq əxlaqsızlıq deyilmi?» demişdi.

Pişiyin əli ətə çatmayanda…

Əxlaqsızlıq mövzusunda axtarışlarım zamanı qarşıma çıxan ən qəribə ifadə belə olub: «Əxlaqsızlıq - arxasında mənəvi dayağı olmayan hər hansı bir hərəkətə deyilir. Hətta rəqəm və hərflərə nifrətlə baxıb kvartalın son hesabatını yazan mühasib öz müdirini hər an boğmağa hazır əlləriylə tez-tez saatını çəngələyirsə, o, sevgi mehrabında keşik çəkərək pul qazananlardan əxlaqlı ola bilməz».

Zarafat bir yana qalsın, amma aramızda bir çox adamlar var ki, onların fikrincə, içində ananas tikələri üzən şampan içib, hələ bir trüfellə bəzənmiş bildirçin yemək əxlaqsızlıqdı. Dəhşətli dərəcədə gözəl və dadlı olduğuna görə bu yeməklər heç vaxt ədəbli və əxlaqlı sayıla bilməz. Çünki onlar heç vaxt bu yeməkləri yeməyiblər, onların bu yeməkləri ağzına vurmaq ümidləri belə yoxdu. Bir sözlə, biz özümüzün əldə edə bilmədiyimizi də əxlaqsızlıq adlandırırıq. Bu acı həqiqəti danmaq olmaz.

Estrada səhnəmizdə ən açıq-saçıq geyinib biabırçı danışıq tərziylə ad çıxarmış Röyanın kolleqalarından kiminlə ən çox problemi olub? Yadınıza salın. İlhamə və Aygün Kazımova ilə. Çünki Röya: «Mən cavanam, nə istəsəm, onu edərəm. Sizin meydanı mənə buraxmaq vaxtınızdı» kimi fikirləri dilinə gətirməyə cəsarət edib. Həmin o Röyanı ən çox söyənlər mətbəxdə pilətənin qabağında durmaqdan, evdəkilərin arxasıyca yuyub-yığışdırmaqdan əl-ayağı şişmiş ev xanımlarıdı. Ömrünü başqalarının həyatıyçün yanar şama döndərən bu xanımlara bircə gün Röyanın həyatıyla yaşamaq şansı verilsəydi, yəqin onu söyənlərin sayı xeyli azalardı.

Qonağına arvadını təklif edən çukçanı başa düşmək çətindi

Görək sosioloqlar bu barədə nə deyir? Həmişə etibar elədiyimiz Amerika informasiya agentliklərindən birinin tədqiqatının nəticələrinə baxaq. Ən əxlaqsız hərəkətlərin başında zinakarlıqdan (88%) sonra ikinci yerdə vergidən yayınmaq (79%) gəlir. Sorğuda iştirak edənlərin 61%-i alkoqollu içki içməyi əxlaqsızlıq sayır. 52% üçün abort eləmək, soruşulanların yarısı üçün isə homoseksuallıq əxlaqsızlıqdı. Hətta ali məqsədlər üçün yalan deməyi 43% insan qəbul eləyə bilmir. Rəyi soruşulanların üçdə biri nikaha qədər əlaqəni, azartlı oyunlara aludəçiliyi və həddən artıq yeməyi də əxlaqsızlıq sayır.

Ən maraqlısı odur ki, sorğuya tutulanların təhsili və dünyagörüşü nə qədər məhdud, səviyyəsi aşağı olursa, onların əxlaq və mənəviyyat haqqında mövqeləri daha sərt və tələbkar olur.

Bu məsələyə hansı mövqedən baxmağın özü çox vacibdi. Bəzi xalqlar üçün, məsələn, Şimali Koreya vətəndaşıyçün ideyalara xəyanət ən dəhşətli bir şeydi. Rus yazıçısı Çexovun gündəliyində belə bir yazıya rast gəlmək olar: «Əgər arvadın sənə xəyanət edibsə, sevin ki, o heç olmasa vətənini satmayıb».

Hindularda valideynin öz uşağıyla birgə süfrəyə oturması çox ayıb bir şeydi. Amma onlar süfrəyə yaxın buraxmadığı uşağının qarşısında cinsi əlaqəyə girə bilər, «qoy baxıb öyrənsin».

17-ci əsrdə çiyni çılpaqlaşdıran dekolte heç də ayıb deyildi, amma topuğunu başqasına göstərən qadın kişini hər bir hərəkətə təhrik edə bilərdi. İndi göbəyini bayırda qoyan qızlarımız antik Yunanıstanda qadınların tül kimi şəffaf geyiminin qarşısında heç də biədəb görünmürlər.

Vaxt vardı, tanqo rəqsi ölüm cəzası altında qadağan olunmuşdu. Hazırda şəhərdə Latın Amerikası rəqslərini oynamağı öyrədən kurslara düşməkçün qabaqcadan yazılmalı olursan. Rəqslərdən rok-n-roll, tvist də əxlaqsız sayılıb. Dar şalvar, hətta cins geymək də cəmiyyətin çürüməkdə, amma yenə də cəlb eləməkdə olan qatlarının simvolu olub.

Dünyada bir xalqa qəribə gələn, o birisiyçün adi sayılan əxlaq və ədəb qaydaları çoxdu. Biz heç vaxt evinin qonağına arvadını təklif edən çukçanı başa düşmərik. Biz eləcə də Afrikanın az qala bütün müsəlman qızlarının «əl-ayağını yığmaq» məqsədilə sünnət olunmasını da anlaya bilmərik.

Əxlaqsız kişi qısqanc olar

«Google.az» saytında rus dilində «əxlaqsızlıq» sözünü («razvrat») axtaranda nədənsə «Day.az» saytının forumunda ATV kanalının müzakirəsi ekrana gəldi. Bu kanal əxlaqsızlığı təqdir edib yayan kanal kimi qiymətləndirilirdi: «Bizdə bütün kanallarda telekanalizasiyadı – mənəviyyatsızlıq, əxlaqsızlıq, axmaqlıq. «Gic xəbər»də deyilir ki, harda nəsə yanırsa, kimsə bir-birini öldürürsə, bizə zəng edin, birbaşa efirdə göstərək…. Əgər buna baxan varsa, deməli, kiminsə xoşuna gəlir…. Kanalların reytinqini öyrənmək istəsələr, əksəriyyət ATV-ni seçəcək. Bu kanal Azərbaycanı sutkada 24 saat dünyaya göstərir. Yaxşı ki, bizim bu yeşiyi söndürmək şansımız da var…. Maraqlı burasıdır ki, soruşanda guya heç kim baxmır, amma hamının hər şeydən xəbəri var».

.

Pornoqrafiyaya qarşı da insanların əksəriyyəti özünü belə aparır. Ona hər kəs baxıb, amma görmüşəm deyən tapılmır.


Bəlkə də 50 il olmaz ki, tarixə «Kinsinin məruzəsi» adıyla daxil olmuş «İnsan erkəyinin seksual davranışı» adlı kitab Alfred Kinsi tərəfindən çap olunub. Bu məsələyə tamamilə ciddi yanaşan zooloq tədqiqatı başlayanda məlum oldu ki, elm insanların davranışı barədə çox az biliyə malikdi. Tədqiqatçı hesab edir ki, əxlaqsızlığı yayan səbəb məhz cəmiyyətin qadağaları, əxlaqsız sayıb üstündən xətt çəkmək cəhdləridi. İndi onu Amerikanın bakirəliyini əlindən alan adam kimi təqdim edirlər.

Ömrünü insanların bir-biriylə rəftarını öyrənməyə sərf eləmiş, bu yolda evini təcrübə meydançasına çevirmiş, insan qəlbinin gizli guşələrində eşələnən alim axırda etiraf edib ki, intim sahədə qadağa ola bilməz. Kinsinin ictimaiyyətə açıqladığı məruzədən məlum oldu ki, kişilərin 90 faizi masturbasiya ilə məşğul olur, 85 faizi nikahdan əvvəl sekslə məşğul olub, 35-40 faizi arvadına xəyanət edib, 37 faizi isə heç olmasa ömründə bir dəfə kişiylə cinsi kontakta girib.

Çox güman ki, Kinsi tədqiqatını Azərbaycanda eləməli olsaydı, rəqəmlər daha dəhşətli ola bilərdi. Bəlkə ona görə biz daim əxlaqdan danışır, ona görə ətrafımızda heç kimi rahat yaşamağa qoymuruq? Az qala atalar məsəli olub: «Özü gəzəyən, əxlaqsız olan kişi mütləq qısqanc olur».

Azadlıq, yoxsa əxlaqsızlıq?

Jülyet Binoşun iştirakıyla çəkilmiş «Şokolad» filmini xatırlayaq. Şokolad bişirməyi və insanlara sevinc paylamağı bacaran qadın kiçik şəhərdə xoşbəxtlik uğrunda, sevmək hüququ uğrunda nə qədər mübarizə eləməli olur? Şirin, dadlı şokolad o boyda mənəvi dayaqları olan şəhərə neyləyə bilərdi ki, şəhərin meri şəxsən bu mübarizənin başında dayanmışdı? Ola bilər ki, bu dayaqların möhkəm olmadığı barədə şübhələr onu da rahat buraxmırmış.

Tolerantlıq, hər şeyə göz yummaq barədə, ətrafdakıların kiçik və böyük gunahlarını bağışlamaq barədə sonsuz danışmaq olar. Amma tez, ya gec hər birimiz beynimizə yeridilmiş «həqiqətlərin» qarşısında təkbətək qalmalı oluruq. Bəzilərində bu, arxasındakı hər şeyi göstərən şəffaf şüşə, bəzilərində isə təəssüf ki, beton parçasıdı.

İnsana azadlıq vermək lazımdı! Hələ ki, ali sayılan bu məxluqa eybəcərliyi, gözəlliyi, səadəti, murdarlığıyla baş-başa qoyub özünə nəticə çıxarmaq şansı verməsək, özündən baş çıxarmayacaq. Cəmiyyət insanı düz yola gətirmək kimi ağır və mənasız missiyasından əl çəkməsə, heç vaxt azad ola bilməyəcək. Hər kəs öz vicdanı və ruhu qarşısında cavabdehdi. Hər hansı addımı atarkən cəmiyyətin nə düşünəcəyini yox, özünün mənəvi artımında bu hərəkətin yerini ölçüb-biçməlidi.

Yeri gəlmişkən, ürəkdə boğulmuş arzular miqren, yəni baş ağrıları və mədə pozuntusuna gətirib çıxarır. İndi özünüz seçin!


«Bizim yol» qəzeti, 13 iyul 2007

Yuxariya doğru