O dünyanın nağılı
 
 
      Yolçü 
        yolda gərək, 40-cı qapıya qədər…
        Nədən deyim, sizə nədən danışım? Bu nağılı deyən olmayıb. Belə nağılları 
        ucadan danışmırlar, yalnz qulağa pıçıldayırlar. Bilən bilir, qanan qanır, 
        qanmayan özü bilsin.
        
Az getdim, 
        düz getdim, dərə-təpə düz getdim
        Nağılı nədən başlarlar? Biri var olan, o biri yox olandan yəqin. Nağıl 
        deyənimiz də yox olub. Balalarına nağıl deməyənlər metronun keçidində 
        20 nağılı bir diskə yazıb 1 manata satan alverçidən (el rasında ona disk 
        piratı da deyirlər) bir disk alıb atır uşaqlarının qabağına. Uşaq orda 
        babalarının, nənələrinin sözü biri qızılla ölçülən informasiyalarını deyil, 
        bir dəstə şəkil çəkməyi bacaran əmi-xalaların fantaziyalarına baxır. Başqa 
        millətlər bir yana, onlar nağılda tarixi fakt axtarırlar, biz ki, bilirik 
        qızın ən gözəli kasıb məlikməmmədlərə deyil, padşaha qismət olur, nağıl 
        personajı bir göz qırpımında böyümür, bir şey verməsən Simurq quşu səni 
        qaranlıq dünyadan çıxarmaz, 40 qapının sirrini bilməkçün institut qurtarmaq 
        azdı.
        Heç düşündüzmü ki, niyə nağıllarda qəhrəman özünə nişanlını uzaq, yad 
        ölkələrdə axtarır? Ya da kı nağıllardakı padşah qızları gözünü niyə yola 
        dikib adaxlısını kənardan gözləyir? Bəlkə bu elə bir zamanlar idi ki, 
        nağılların yarandığı vaxt qəbilənin içində hamı bir-birinə yaxın qohum 
        olduğundan qan qarışıqlığı olmasın deyə, sağlam nəsil vermə xətrinə, yadlarla 
        qohum olmaq üçün qəbilə daxili bəzi qadağalar vardı? Nağıllarda kasıb 
        qəhrəman taxta çıxır, amma bununçün çox vaxt qaynatasını öldürməli olur. 
        Görəsən nağıl hansı sosial quruluşda yaranmışdı ki, hər qəhrəmana qonşuluqda 
        bir padşah vardı. Onun da gözəl qızı yuxuda adaxlısını yanına çağırmışdı. 
        
        
Fatma 
        xanım kəndirdə!..
        Nağllarda hansısa kult, dinlə əlaqə mütləq hiss olunur. Amma onu hər hansı 
        ictimai quruluşla müqayisə etmək mümkün olmadığı kimi heç dir dinlə də 
        bağlamaq olmur. Nağıllarda çoxlu mərasimlər var. Məsələn, Göyçək Fatma 
        inəyinin sümüklərini bağçada basdırıb sulayırsa bu onun şəxsi fantaziyaları 
        deyil. Belə mərasim olub. Qədimdə əcdadlarımız heyvanların ətini yeyib 
        sümüyünü tullamazdı. Mütləq basdırardılar. (Müqayisə üçün uzağa, Balaxanı 
        zibilliyinə deyil, hər məhəllənin kiçik olsa da iyli zibil yeşiklərinə 
        baxın).
        Nağıl deyirsə ki, padşah uşaqlarını zirzəmidə saxlayıb su və çörəkdən 
        başqa heç nə vermirdi, deməli həqiqətən də padşah öz uşaqlarının mənəvi 
        kamilliyi üçün onları hansısa məhdudiyyətlərə məruz qoyaraq bu mərasimə 
        icazə verirmiş. Nağılda qəhrəmanı heyvan dərisinə səriyəndən sonra onu 
        bir quş caynağına alıb qaranlıq dünyaya aparırdısa əslində də belə bir 
        adət vardı. Öləni heyvan dərisinə səriyərdilər və o, ölülər dünyasına 
        belə «kəfəndə» köçürdü. Sanki nağıl qəhrəmanı sehirli dünyaya düşməsi 
        üçün bu mərasimi bir daha keçməli olurdu. 
        Nağılda hər şey başayaqdı. Lap qədimlərdə qocaları öldürmək adəti vardı. 
        Amma nağılda qocalara rəhm edən qəhrəman nəsə bir sehirli hədiyyə alır. 
        Yaxud suyun qarşısını kəsmiş əjdahaya qızı qurban verirdilərsə əkinçiliyin,məhsuldarlığın 
        qeydinə qalırdılar. Həyatda qəhrəman peyda olub bu qızı azad etmiş olsaydı 
        onu tikə-tikə doğrayardılar. Qocanı buraxan qəhrəmanın da başını sığallamazdılar. 
        Yəqin bu nağıl elə zamanda yaranmışdı ki, bəlkə də ölümə könüllü gedən 
        qızın məhv edilməsi artıq hamıda ikrah oyadırdı. 
        Nağıllarda qəhrəman ölürsə, ona aparıb torpağa basdırırlarsa da o ölmür. 
        O başqa dünyalara köçür və sonra səyahətinin sonunda həmən yerə qayıda 
        bilir. Nağıllarda yağış çağırmaq istəyirlərsə rəqs edirlər. Həqiqətə yaxın 
        olmaq üçün su çiləmir, ləyəndən yerə su səpələmir amma oynayır və şamanlar 
        kimi təbiət qüvvələrinə təsir etmək istəyirlər. Bu, əsil magiya deyilmi?
        
Gözdən 
        iraq böyüyəndə bəsirət gözü açıq olur
        Biri vardı, biri yoxdu deyən kimi uşaqlar sanki rahatlıq və trans vəziyyətinə 
        düşür. Əslində bu aldıdıcıdır, çünki həyəcanlar, hadisələr hələ irəlidədi. 
        Nağılların çoxunun əvvəlində ya ölüm, ya da ayrılıq olur. Nağılın qəhrəmanı 
        ya yetim qalmış uşaq, ya da harasa, nəyə görəsə evdən uzaq düşmüş, səyahətə 
        çıxmış olur. Bu yerində nağılda uşağa evdən çıxmağını qadağan edən kimsə, 
        ya da səfərin çox təhlükəli olduğunu deyən adam tapılır. Bu qadağa əlbəttə 
        ki, mütləq pozulur və bağda gəzən şahzadəni, meşəyə göbələk yığmağa getmiş 
        uşağı, ya da ki, heç olmasa bağda yeyilməsinə qadağan qoyulmuş almanı 
        oğurlayırlar. Bu yerində konflikt başlayır və nağıl əsil detektiv romanın 
        keyfiyyətlərini nümayiş edir. Gözlənilməz hadisə kiminsə yuxusuna girə 
        bilərdi, ya da qəhrəman sevgilisini yuxuda görüb yola düzələ bilərdi. 
        Oğurlananları ya yüksək qalada kilidləyirlər, ya da yer altında dərin 
        çala qazıb üstünü torpaqla bərabərləşdirirlər ki, imdadına kimsə gələ 
        bilməsin. Bu da vaxtilə olmuş mərasimi çox xatırladır. Padşah uşaqları 
        və kahinlərin övladları üçün belə bir qadağalar vardı. Onlar kimsəylə 
        görüşüb danışa və yaşayış yerlərini tərk edə bilməzdilər. Bu qayda Yaponiyada 
        19 əsrə kimi dururdu. Taxta varisin üzünü kiməsə görə bilməzdi, yeməyi 
        balaca pəncərədən ötürürdülər, danışanda pərdənin arxasından danışırdılar. 
        Koroğlu dastanında da Qırat və Dürata baxan olmasaydı və gün işığı dəlikdən 
        içəri keçməsəydi onda bu atlar qanadlı ola bilərdi. Yəqin o vaxtdan bəri 
        göz- nəzərdən qorxan olmuşuq və qanadlarımızı «kəsiblər». Qız qalası barədə 
        və bu tip qalada bağlanmış qızlar balədə əfsanələrdə qalada qızların hamısını 
        saçını kəsmək qadağası da vardı. Qalada bağlanmış qızların əhvalatının 
        sonu ya ölüm, ya da məcburi nikah və yarıallahlıq qabliyyətli oğulların 
        doğulmasıyla bitərdi. Qalada bağlanmaq bir növ maqik qabliyyətlərini artırmaq 
        üçün keçirilən mərasimə bənzəyir. Gözdən iraq yerdə, özü də tam qaranlıqda 
        yeməyi çörək və sudan ibarət olarsa insanın bəsirət gözü açıla bilər. 
        
        
 
 
      Az getdi, 
        düz getdi…
        Hamı bilir ki, nağıllarda həmişə bağlı yerdən qəhrəmanı xilas edib çıxaran 
        olur. Qızdısa onu ilan qaçırdır, ya da təpəgöz aparıb 40-cı otaqda gizləyir. 
        Qızın atası padşah əvəzində qızını və varidatının yarısını vəd verir. 
        Əlbəttə bu yerində böyüklü-kiçikli bütün dinləyicilər bilir ki, ilandısa, 
        əjdahadırsa ya da təpəgözdüsə məğlub olacaq və nağılın ən dramatik yeri 
        olsa da ardını sakitcənə, həyəcansız amma maraqla gözləyir. Qəhrəman məqsədinə 
        çatınca kimlərlə görüşür, kimlərlə vuruşur bax bu yerləri daha maraqlıdı.
        Altdan geyinib üstdən qıfıllanmış qəhrəmanımız yola bir dağarcıq aparır, 
        ya da anasının nəsihətini qulağında sırğa eləyir. Bunlar ona lazım olacaq. 
        Amma nağılda yol həmişə ya qısa olur, ya buraxılır. Az getdi, düz getdi 
        və bizim anlamımızda bir göz qırpımında istədiyi yerə çatdı. Elə bil ki, 
        əcdadlarımız zaman məhvumunun o qədər də vacib olmadığını vurğulayırmışlar. 
        Yola çıxan qəhrəman heç vaxt əliboş getməzdi. Döyüşəcəksə mütləq əlində 
        toppuzu, əmudu olardı. Yolun təsvirini verməyən əcdadlarımız yol tədarükünü 
        yaxşıca təsvir edərdilər. Qəhrəmanın əl ağacı, çörəyi və çarığı olardı. 
        Bu üçlük yolçunun simvolları kimi demək olar ki, bütün nağıllarda var. 
        Qədim mərasimlərdə o dünyaya yola salınan hər kəsin məzarına mütləq əl 
        ağacı, çörək və ayaqqabı qoyulardı. Bu bütün dünya xalqlarının qədim adət-ənənəsində 
        var. Nağılı dinləyənlərə hər şey sanki o dünyanı görüb qayıtmış adamın 
        əhvalatını dinləyirmiş kimi görünür. Biz o dünyadan qayıdanları görməsək 
        də nağılları sevməklə əslində o dünya barədə əhalatları sevdiyimizi deyirik. 
        Görək aldı sonra nə dedi.
        
Qurdnan 
        qiyamətəcən
        Kimdi bizim qəhrəmanımız, o dünyaları gəzəcək mərhum, yoxsa ölülər dünyasını 
        gəzib qayıda bilən azad ruh sahibi? Axı bu qəhrəman gələcək sevgilisini 
        xilas edəndə özünü əsil şaman kimi aparır. Əlinə dəf alıb mərasim rəqsi 
        yapır, mənfi ruhları qovub sevgilisini huşa gətirir. 
        Nağıllarımıza zəngin deyirik. Amma onun zənginliyi kompozisiyasında deyil, 
        eyni təkrarlanan motivləri istifadədə işlədilən sonsuz üsullardadı. Qəhrəman 
        sevgilisini divin əlindən ala bilər, vicdansız qardaşlarının da, ilanın 
        da, əjdahanın da. Amma onun sehirli əşyası, ya da sehirli gücü olmasa 
        o dünyalardan baş aça bilməz. Sehirli gücü ona küpəgirən qarı, ya eybəcər 
        meşə sakini, ya da yoldan ötən bir qoca verir. Cəmi 3 suala cavab vermək, 
        ya da sadəcə mərhəmətli olmaq lazımdı ki, sehirli əşyaya sahib olasan. 
        Küpəgirən qarı əslində ölümün simvoludur. Soruşula bilər axı niyə qəhrəmanımız 
        ölüm astanasında dayanmalı olur? Qədim adətlərimizdən biri də yetkinlik 
        yaşına çatmış uşaqların inisiasiya mərasimidir. Keçmişdə uşağı valideynlərindən 
        alıb ya meşəyə, ya da uzaq bir yerə aparıb bu mərasimi icra edirdilər. 
        Mərasim zamanı hesab edilirdi ki, uşağın (14-15 yaşında uşaq bizim anlamda 
        gənc olsa da qədim zamanlarda artıq böyük olmağa layiq olacaq yaşda idi) 
        ruhu çıxarılıb heyvana, həmin qəbilənin toteminə ötürülür. (Türk tayfalarının 
        totemi qurd sayılır. Qurdnan qiyamətə qalmaq ifadəsi tam tək qalmaq, ən 
        axıra çatmağı bildirir). Ona görə də nağılda divi öldürmək üçün onun ürəyini 
        tapmaq, sandığın içindəki şüşədən, şüşənin içindəki göyərçindən, göyərçinin 
        içindəki yumurtadan tapıb yalnız onlan sonra iynəni sındırmaqla öldürmək 
        olardı. İç-içə olan bu səviyyələr göyün 7 qatının rəmzi kimi 7 qatlı olurdu. 
        Divin ölümü yalnız 7-ci qata çatanın əlində ola bilərdi. Mərasim zamanı 
        uşağın öldüyü zənn edilirdi. Dirildikdə isə o tamam başqa insan hesab 
        olunurdu, ona ad verilirdi. Mərasimin dekorasiyası elə qurulurdu ki, sanki 
        onu vəhşi heyvan udub. Bu, heyvan çənəsini xatırladan mağarada olurdu. 
        Oğlan uşaqlarını burda sünnət etdirirdilər. Ona dini xarakterli sirrlər 
        danışılırdı. Yaşı çatmış uşaq böyük adlandırılmaq üçün çətin, ağrılı və 
        bəzən ölümlə bitən sınaqlardan keçməli olurdu. Sağ-salamat geri dönəni 
        qəbilə öz arasına tamhüquqlu üzv kimi qəbul edirdi. O indi bütün tayfanın 
        qeyrətini çəkə bilərdi, amma çəkdiyi əziyyətlərdən danışmaq eyib idi. 
        Bunları yalnız nağıl diliylə demək olardı. Mərasimi keçənlər quş dili 
        öyrənmiş sayılırdılar və maqik xüsusiyyətlərə malik olurdular. Kamillik 
        mərasimini hamı keçmirdi, bu mərasim seçilmişlər üçün idi. Mərasimi dəqqiliklə 
        bilmək istəsəz nağıl oxuyun.
        
Kəs almanı 
        dilim-dilim
        İki dünya astanasında yaşayan nağıl personajları əslində dünyaları bir-birindən 
        qoruyur. Qəhrəman da yola düzələndə xurcununu xeyir işlərlə, bu dünyada 
        qazanılmış maddi nemətlərlə doldurur ki, üstünə cuman olsa qarşısına atıb 
        canını qurtarsın. Nağıla giriş ən təmiz ürəkli, ən saf niyyətlə qəhrəmanadır. 
        Yerdə qalanı 3 yolun ayrıcındaca azıb düzgün yolu tapmayacaq. Əlibaba 
        sehirli sözü deməsəydi 40 quldurun topladığı varidatı götürə bilməzdi. 
        
        Qəhrəman yola çıxanda heç vaxt yemək yemir, yolda da tikə kəsmir, yalnız 
        ona lazım olan yerə çatandan sonra təklif edilən tikədən bir qırıq götürür. 
        Qədim xalqların inamı var ki, iki dünyann ayrıcını adlayandan sonra da 
        geriyə yol var. Amma allahların yeməyini dadanlar geri qayıtmır. Ona görə 
        də nağılda qəhrəman divin veridyi yeməyi yalandan yeyirmiş kimi göstərir, 
        əslində yerə atır. 
        Nağılları niyə məhz uşaqlara danışırlar? Çünki onların qəlbi bu informasiyaya 
        açıqdı, hələ yoğunlamayıb. Böyüyüb hələ də nağılı sevməyənlərin o dünyaya 
        yolu bağlıdır. 
        
İbtidilərin 
        nağılları
        Nağılda qəhrəmanımız həmişə salamat qalır. Ölürsə də ona dirilik suyu 
        verib cana gətirirlər. Nağılları xalq uydurmur. Bu fikrin özü uydurmadır. 
        2-3 nəfərin bir yerdə oturub bir bənd şeir yazmasını görmüsüzmü? Əlbəttə 
        alınmazdı. Eləcə də folklor nümunələri. Nağılları kimsə ağıllı, səriştəli, 
        bacarıqlı, istedadlı bir insan düzüb qoşub və informasiyanı gələcək nəsillərə 
        uğurla ötürülməsi üçün son dərəcə maraqlı edib ki, qiymətli biliklər itirilməsiin. 
        Belə çıxır ki, eyibini əncir ağacıyla örtməyi təzəcə öyrənmiş insan o 
        biri dünyalardan daha yaxşı baş açırdı , nəinki sivil bizlər. O bilirdi 
        ki, onu hansı maneələr gözləyir, qarşısına nələr və kimlər çıxa bilər. 
        O kimə nə deyəcəyini də bilirdi. Bilirdi ki, bağlı xalçanı örtmək, açıq 
        xalçanı bağlamaq lazımdı. Hansı qapıda hansı sözü deyərlər, kimin başını 
        sığallarlar, kimdən gizlənərlər. Misirdə «Ölülər kitabı» adıyla bütün 
        dünyaya tanınan kitab da əslində bir növ yolgöstərici nağıldı. Burada 
        ölənlərə yol göstərilir, kimə nə deyəcəyi və maneələri necəı keçəcəyi 
        məktəb dərsliyindəki kimi pillə-pillə öyrədilir. Bəlkə də həqiqətən yuxarı 
        qatlarda «Adam-madam iysi gəlir, yağlı badam iysi gəlir» deyə-deyə oturub 
        insan gözləyən yırtıcı var? Ona görə də uşaqlarınızın nağıl payın kəsməyin. 
        Qoy heç olmasa onlar o dünyalarda azıb qalmasınlar, 40-cı qapının sirrini 
        də bilsinlər, əjdahanın ürəyinin yerini də tapıb sonra Simurqun qanadlarında 
        işıqlı dünyaya qayıda bilsinlər. Axı yatmış gözəlləri yalnız sevgi öpüşü 
        oyadır. 
 Qadın baxışı
Qadın baxışı