Göylərin yerlə sevişməsindən insan yarandı
 Rəvayətə 
      görə il təhvil olanda ağaclar torpağa əyilər və balıqlar bir anlığa quyruq 
      üstə qalxarlar
 
      Rəvayətə 
      görə il təhvil olanda ağaclar torpağa əyilər və balıqlar bir anlığa quyruq 
      üstə qalxarlar 
      Bu 
        il təhvil olur balqabaq üstə
        Dəryada balıqlar duracaqdır ayaq üstə
        Əliağa Vahid 
Ötürdüyümüz çərşəmbə 
        el arasında torpaq çərşəmbəsi adlanır. Bundan əlavə ona qısa çərşəmbə, 
        ot çərşəmbəsi də deyilir. Həmən gündən etibarən otlar cücərib torpığı 
        yaşıl rəngə bələyir. Bakıya baxanda o, yaşıl görünmür, yaşıl bağları, 
        bağçaları olsa da. Amma buranın da torpağı Tanrıya söz verdiyindənmi, 
        yoxsa adəti üzrə hər il olduğu kimi oyanır. 
        
Səməni, 
        saxla məni
         Bahar bayramı mərasimi Yer kürəsində insan həyatının meydana 
        çıxması qədər qədimdir. Sayca üçüncü olan torpaq çərşəmbəsində torpağı 
        ana təbiət su ilə islatdı, günəşlə isitdi və onu yaratmağa hazırladı. 
        Ona görə də ilk yaz əkininə xışla-kotanla məhz torpaq çərşəmbəsində başlayardılar. 
        Qısa çərşəmbədə atların yal və quyruğunu çeşidli ziynət əşyalarıyla bəzəyir 
        və səhraya buraxaraq azad edirlər. Nənələrimiz «Səməni, saxla məni, ildə 
        göyərdərəm səni» deyib buğda isladardılar. Səməni hazırlama mərasimi təbiətin, 
        insanın məhsuldarlığının simvolu olaraq magik və ibadət funksiyasını da 
        daşıyırdı. Məsələn, səməni vasitəsilə sonsuz qadınların təmizlənməsi mərasimini 
        keçirirdilər. Bunun üçün qadnın başına cücərmiş buğda olan qabı qoyur 
        və ora su tökürdülər. Başqa bir qadın isə bu axar su şırnağını qayçı ilə 
        kəsib deyirdi: «Bu səmənini bərəkətli eləmiş qüvvələr, bu qadını da qollu 
        budaqlı, övladlı elə». Səməni hazırlama prosesinə yalnız qadınlar buraxılırdı. 
        İri qazan qoyulmuş ocağın odunu başı bütöv (yəni ailədə xoşbəxt, əri, 
        uşaqları olan) qadın yandırardı. Mərasimi isə hörmətli, ağbirçək qadın 
        idarə edərdi. Səməni hazırlanan yerə kişilər, başqa dinə inananlar və 
        bəd nəzəri olanlar buraxılmazdı. Bəzi regionlarda qazana bir çimdik duz 
        atardılar ki, bəd gözdən qorusun. Bu mərasimin adını səməni toyu qoyardılar. 
        
        Torpaq çərşəmbəsində bar cətirməyən ağacları zaminə götürmək mərasimi 
        də icra edilir. Ağacı kəsilməklə hədələyirdilər və kimsə onun yerinə bar 
        gətirəcəyini söz verib zaminə götürürdü. Deyilənə görə belə üsulla zaminə 
        götürülmüş ağaclar bar verməyə başlayır və heç vaxt da kəsilmirdi. 
        
Göylərin 
        yerlə məhəbbətindən insan yarandı
        Hələ «Bilqamış» dastanında kainatın, insanın yaranması, taleyi, müqəddaratı 
        tanrıların hökmü ilə, Göylərin yerlə, torpaqla qovuşması, məhəbbətilə 
        izah edilir. Torpaq müqəddəsdir, ona görə də qədim inamlara görə torpaq 
        becərilib taxıl əkiləndə devləri tər basırdı. Dəyirman işə düşəndə devlər 
        əzişdirilirdi. Un əmələ gələndə onlar fəğan qoparırdı, çörək bişiriləndə 
        qorxularından yeraltı mağaraların küncünə qısılıb titrəyirdilər. Azərbaycan 
        türklərinin inanc, and və müdrik kəlamlarında bu təsəvvürlər hələ də yaşamaqdadır. 
        
        
Boz şəhərin 
        tarixi
        Ola bilər bu gün şəhərə yaz gəlməsi, torpağın oyanması, otların baş qaldırması 
        hiss edilməsin. Ümumilikdə Bakı həmişə yaşıllığa tamarzı qalan bir şəhər 
        olub. 19-cu əsrə qədər Bakı tamamilə yaşıllıqsız bir şəhər idi. Bəzi yerlərdə 
        nar kolları, əncir ağacları vardı. Bu şəhərin mürəkkəb təbii şəraitiylə 
        bağlıdı. 19-20-ci əsrlərin qovşağında neft hasilatı ilə bağlı şəhərin 
        planlaşması, şəhərin lendşaf memarlığı da gündəmə gəldi. Mərkəzdə ictimai 
        bağçalar əmələ gəldi. Amma şəhərin real yaşıllaşdırılması 1917-ci ildə 
        ilk su kəmərinin işə düşməsindən sonra inkişaf elədi. 1923-cü ilə Nəbatət 
        bağının salınması yaşıllaşmada həlledici rolu oynadı. Müxtəlif ölkələrdən 
        bitkilər gətirilib bu bağda yerli təbiətə uyğunlaşdırılır və sonra bütün 
        şəhərə yayılırdı. Bu gün artıq 80 yaşlı nəbatət bağının, elmi laboratoriyaların 
        olduğu zamanda hazırda şəhərə əcnəbi bitkilrin gətirilməsi gülünc görünür. 
        Çünki onlar bir mövsümdən sonra çoxmilyonluq sərfiyyata baxmayaraq sərt 
        Bakı iqlimində məhv olurlar. Keçən əsrin 20-30-cu illərində şəhərin birmərtəbəli 
        köhnə evlərini söküb yerində bağlar salırdılar. İndi isə əksinə, yüzillik 
        ağacları qırıb yerinə yaşayış binaları tikirlər. 
        Amma vaxt vardı Bakı və Abşeron yarımadası yaşıllıq içindəydi. Hətta alimlər 
        deyir ki, 100 min il əvvəl buralar bataqlıqlarla dolu idi. Bataqlıqlar 
        ətrafında çoxlu heyvanlar məskən salmışdı. Keşlə, Binəqədi, Dügah, Xırdalan 
        tərəfdə aparılar qazıntı işləri dediklərimizi sübut edir. Keşlə yaxınlığınlakı 
        daş karxanada at, çaqqal, kərgədanını kəllə sümükləri, Piallahı adasında 
        maralların izləri, Dügah tərəfdə ibtidai öküz- turun skileti tapılmışdır. 
        Bəzi mənbələrdə Abşeron yarımadasnda ceyran sürülərinin olması da yazılır. 
        Onlar 19 əsrə qədər Bulla adasında hələ də vardı. Nəinki Abşeronun, hətta 
        bütün Qafqazın təbiəti barədə ən ceşidli faktları Binəqədi tərəfdəki paleontoloji 
        tapıntılar aşkarlayır. 10 min illər əvvəl Abşeronun «savanna landşaftı» 
        olan zamanlar düzənliklərdə ardıc kolları, armud, püstə ağacları bitərkən 
        hava indikinə nisbətən daha çox nəm və soyuq idi. Su çəkildikcə Binəqədi 
        tərəfdə şirin suyu olan göl əmələ gəlmişdi. Suyun sahili qara neftlə və 
        qamışlıqla örtülmüşdü. Heyvanlar bura su içməyə gəlir və neftli qatışığın 
        içində batıb qalırdılar. Ona görə də Binəqədi gölü quruyub dərin, qatı 
        neft təbəqəsi əmələ gətirəndən sonra qədim heyvanların bir növ qəbiristanlığına 
        çevrildi. 1938-ci ildə aparılmış qazıntılar nəticəsində Binəqədi qır gölündən 
        50 min heyvanın sümükləri çıxarıldı. Onların arasında artıq nəsli kəsilmiş 
        çoxlu nadir heyvan qalıqları vardı. Abşeronda, Xəzər sahillərində yaşayan 
        qəribə heyvanlar barədə baralara gəlmiş səyyahlar da çox yazıblar. 
        
Bakının 
        gözü yoldadır
        Təyyarədən yerə baxanda torpaq zolaq-zolaq olmuş yolların yumağına daha 
        çox bənzəyir. Hara aparır bu yollar? Vaxtilə bütün dünyanı birləşdirən 
        İpək yolu Bakıdan keçirdi. Bu şəhərdə yaşayanların az qala hamısı bilir 
        ki, Bakının altı yeraltı yollarla doludur. Onlardan salamat olanı da var, 
        dağılıb gedəni də. Deyirlər ki, Qala kəndində Cümə məscidində yeraltı 
        yollar hələ durur. Razin (indiki Bakıxanov qəsəbəsi) mağarasına Nardarandakı 
        xan sarayından yol varmız. Quldur Razin bu yolla qarət etdiklərinin aparıb 
        mağarada gizlədərmiş. İçərişəhərdəki Divanxanada yerdə adam boyu qədər 
        quyular var. Onların üstü dəmir barmaqlıqla örtülüb. Deyirlər ki, o vaxtlar 
        günahı olanı quyuya salar başını bayırda qoyardılar. Günahı sübuta yetən 
        kimi başı kəsib meyiti dənizə atırdılar. Guya burdan dənizə aparan yeraltı 
        yol varmış. Mərdəkandan İçərişəhərə aparan yeraltı yollar var. Qız qalasının 
        yanındakı daş hissədən Bayıl buxtasına yol varmış. Bayıl buxtası indi 
        artıq çöküb. Bu yaxınlarda isə Qubernator bağını yenidən təmir edəndə 
        fontanın altından yol çıxdı. Bakı deyəsən həm də yollar şəhəridir. 
        
Xəzəri 
        Aralıq dənizi ilə sualtı yollar birləşdirir
        İtmiş sivilizasiyalardan ən qəribəsi olan Atlantida həla suya qərq olmamışdan 
        əvvəl Aralıq dənizindən tutmuş Xəzər dənizinə qədər ərazilər çox münbit 
        torpaqlar idi. Bu ərazilərdə kök salmış sivilizasiyanı Osiris sivilizasiyası 
        adlandırırlar. Alimlərin fikricə onlar Misir sivilizasiyasının baniləri 
        olmuşlar. O vaxtlar Nil çayı da tamam başqa yolla axırdı. Aralıq dənizinə 
        tökülmək əvəzinə sahil boyu şimali Misirdə qərbə dönür, Aralıq dənizi 
        yerində böyük bir göl əmələ gətirir, Malta və Sisiliya tərəfdən Atlantik 
        okeana axırdı. Atlantida batandan sonra Aralıq basseyni də batıb köçməyə 
        məcbur olmuş osiriyalıların şəhərlərini suya qərq elədi. Ona görə də indi 
        Aralıq dənizində, Xəzər dənizi sahillərində su altından şəhərlər, sahillərdən 
        saysız meqalitik məskənlər tapılır. Arxeoloqlar deyir ki, sular altında 
        200-ə qədər şəhər qalıb. Sonradan doğulan Misir, Minoy (Krit), Miken (Yunan) 
        mədəniyyətləri böyük bir sivilizasiyanın qalıqları imiş. Maltada suyun 
        altında və kənarlarında tapılmış daş yollar ola bilər ki, böyük Osiris 
        sivilizasiyasının magistral yolları imiş. Belə yollar Xəzər sahillərində 
        də doludur.
        İlk dəfə daş yollar barədə 1730-cu ildə Bakıda olmuq akademik Lents danışıb. 
        O, Böyük Zirə adasının (keçmiş Nargin) qayalarını yarıb iz salmış araba 
        yollarını təsvir edib. Onlar suyun içinədək aparırmışlar. Yolun səmtinə 
        görə çox cuman ki, bu yollar Şıx kəndi, yaxud Bakı buxtasının ən cənub 
        nöqtəsi olan Şıx dilinə tərəf uzanırmış. Daha sonra 19-cu əsrdə Azərbaycan 
        tarixçisi Abbasqulu ağa Bakıxanov öz əsərlərində belə yazırdı: «Bakı qəzasında, 
        Bilgəh, Zirə, Bibiheybət kəndlərində və bəzi adalarda qayaların üstündə 
        dənizin içinə uzanan araba izlərindən salınmış daş yollar görünür». Bilgəh 
        və Nardaran arasında Ümid qaya adlanan yerdə iki təkərli araba izlərindən 
        salınmış yollar barədə məşhur tədqiqatçı Sara Aşurbəylinin də qeydlərində 
        oxumaq olar. 20-ci əsrin sonunda Hövsan və Türkan, daha sonra Dübəndi, 
        Qala və Suraxanı tərəflərdə belə yolların kəşfini sensasiya hesab etmək 
        olar. Bu yolların əksəriyyəti dənizə tərəf aparır. Abşerondakı daş yolların 
        Aralıq dənizindəki yollarla çox oxşar olmasını mütəxəssislər artıq təsdiqləyiblər. 
        Abşeron daş yollarının Malta yolları ilə qohumluğu və yaşıd olması ehtimal 
        edilir. Yollar tapılan bütün ərazilərdə tunc dövründən, neolitdən qalma 
        kurqanlar və qədim insan məskənləri var. Ola bilərdi ki, bu daş yollar 
        qədim sitayiş mərkəzlərini öz arasında birləşdirən yollardır. Amma araba 
        təkərlərinin qayada iz salması inandırıcı gəlmir. Maltadakı tədqiqatçılar 
        fərz edir ki, bir vaxtlar dənizlər geri çəkilən zamanlar sahil zolaqları 
        lil və palçıq içində olub. Dənizə tərəf keçmək istəyən insanlar dizəcən 
        palçığın içində öz qayıqlarını xizək tipli bir qurğuya qoşub dənizə tərf 
        sürüyürmüşlər. Əsrlər keçdikdən sonra, günəş buraları tamamilə qurudub 
        suyunu əlindən alandan sonra daşlaşma prosesi gedib. Qayalar beləcə əmələ 
        gələrək qədim araba izlərini bizim günlərə qədər gətirib çıxarıb. İndi 
        20-ci əsrin adamları sahildə ev tikərkən bu tarixi məqamı dinamitlə partladıb 
        yerində villalar ucaldırlar.
        
Sükut 
        qalası
        Zərdüştilik zamanında torpaq müqəddəs sayıldığından ölüləri torpağa basdırmazdılar. 
        Saxsı qablarda, yeraltı sərdabələrdə, oyuq qəbirlərdə dəfn edərdilər. 
        Torpağı murdarlamamaqdan ötrü xüsusi qüllələr- dahmalar tikib meyitləri 
        onların üstünə qoyurmuşlar. Tabuya görə kim insanın və itin meyitini torpağa 
        basdırsaydı ona 500 at qamçısı vurulurdu. Hansı torpaqda ölən olurdusa 
        o yeri bir il suvarmaq və becərmək olmazdı. Meyitləri 2 nəfər yüksək, 
        daşlı, quru yerə aparardı. Meyit daşıyanlar ömürlük natəmiz saylardı. 
        Onları odun, suyun, müqəddəs ocağın 300 addımından yaxına buraxmırdılar. 
        Başqa adamlardan isə 3 addım aralı qalmaları tələb olunurdu. Çılpaq, daşlı 
        yerdə ölünün saçından və ayağından bənkidirdilər ki, quşlar və quduz heyvanlar 
        əti yeyərkən sümükləri apara bilməsin. Meyitdən təkcə sür-sümük qalırdı. 
        Onları bir yerə toplayıb xüsusi saxlama yerinə «dahma»ya qoyurdular. Dahmanın 
        mənası «susmaq qalası» deməkdir. Bu söz qaranlıq, soyuq ev anlamında və 
        «daxma» formasında bu gün də işlənir.
        
Tikmədim 
        özüm qalam…
        Yampolski belə hesab edir ki, Azərbaycan zərdüştilik üçün bir növ papa 
        vilayəti rolunu oynayırmış. Çünki ən nüfuzlu atəşpərəst məbədləri Azərbaycanda 
        yerləşirdi. Bir çox alimlər Abşerondakı çoxsaylı qalaları zərdüştilik 
        zamanından qalmış məbədlər hesab edirlər. Bu məntəqələr gələn zərdüştilər 
        üçün salınırdısa buna müvafiq məbəd-qüllərə tikilməliydi. Zərdüştilər 
        ibadətə liyiq 30 başlıca ilahi tanıyırdılar. Abşeron qalalarının sayı 
        da təqribən o qədərdir. Abşeronun toponimlərinin təhlili göstərir ki, 
        burada yaşayış yerlərinni adları da «yer, ev» mənasını verən xan(a), san, 
        qan, kan, an, van şəkilçiləri tez-tez işlədilir. Bu şəkilçilər bu yerlərin 
        pir olduğuna işarə edir. Od məbədlərini Od yeri, Od Evi adlandırırmışlar. 
        Abşeronun adı özü su kultu ilə bağlıdır (Su- sura yeri).Bakı şəhəri - 
        Baqa-van (Baqa – İllah, Od Allahıdır), (A)Turkənd (Od evi, yeri), Suraxanı 
        (Sura- su və bərəkət ilahəsinin adıdır), Mərdəkan ((M)Arta-kan), Şağan 
        ((A)Şa-Xan. Arta (Aşa)- mömünlik, təmizlik, kosmik nizam ilahisi), Əmircan 
        (Əmir- tato – ölməzlik ilahisi), Maştağa (Qədimlərdə Ahura Məzdanı Məşdaku, 
        Məzdaka, Məzduka adlandlırırdılar), Ramana (Ramano- sülh, əmin-əmanlıq 
        ilahıdır), Fatmayi (Fatmayi- Edas bayramı – ölmüş möminlərin ruhuna həsr 
        edilərdi), Razin (Rasin- ədalət ilahı), Xırdalan (Xordad- sağlamlıq və 
        səhhət ilahı), Zabrat (Zab -Ratu), Corat (Co- Ratu. Ratu insanlığın Ruhani 
        rəhbəridir) və s. Zəvvarlar bütün Abşerona səpələnmiş məbədləri ziyarət 
        edir, ilahların şərəfinə qurbanlar kəsir, dualar oxuyurdular. Az məskunlaşmış 
        və nisbətən kasıb Abşeron torpağında bu qədər qala məbədləri, karvansara 
        və ovdanları yalnız zəvvarların ianələri hesabına ucaltmaq olardı. 
        
***
        Bu gün Bakının torpağında gəzişərkən hər kəs unutmamalıdır ki, şəhərin 
        altında şəhərlər yatır. Bakınan yerüstü yolları heç yeraltı yolları qədər 
        görməyib. Şəhərin yalınlığından şikayət edəndə onun nə vaxtsa cənnət kimi 
        yamyaşıl olduğunu, yaxud nə vaxtsa yenə də yaşıllaşacağını düşünək. Axı 
        dünya durduqca torpaq hər il cücərəcək. O, bunu Tanrıya söz verib…
      
 Qadın baxışı
Qadın baxışı