Əs, ey səba yelləri
 
 
      Mağlar 
        deyir ki, hava görünməyən şeylərlə doludur   
       Ey küləklər şəhəri, 
        köhnə qədim-yana Bakı
        Eliyibdir sənin eşqin məni divanə Baki
 
       Bu gün Axır çərşəmbədi. Axır çərşəmbə 
        İlaxır çərşəmbələr içində mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən 
        zəngin olanıdı. Bu gün əvvəlki çərşəmbələrdə icra olunan bütün mərasimlər 
        təkrar qeyd olunur. Ona görə çox vaxt sonuncu çərşəmbəyə nə Yel çərşəmbəsi, 
        nə Od, nə Torpaq, nə də Su çərşəmbəsi demirlər. Çərşəmbələrin sıralanmasında 
        mübahisələr olsa da bu gün kimsə mübahisə etmək istəməz. Axı hamı inanır 
        ki, Axır çərşəmbəni necə qarşılayıb yola salsan, elə də bütün ili keçirərsən. 
         Yel eləyəni fələk də edə bilməz. Əs ey, Səbayıl yelləri  Bu bayram ruhunuzun təmiz olmasını 
        istər  Mağlar deyir ki, hava görünməyən 
        şeylərlə doludur Bakı- küləklər şəhəri Dua və ovsun günü
        El içində Yel çərşəmbəsini «küləyi oyadan», «yelli» də adlandırırlar. 
        Etiqada görə bü çərşəmbə oyanan yel və külək ərzi gəzir, oyanmış suyu, 
        odu hərəkətə gətirir. Bu günü səhər suya tapınma ayini ilə başlar. Bütün 
        günü davam edən mərasimlər axşama doğru daha da maraqlı olur. Bu axşam 
        üzərrik yandırır, tonqaldan tullanırlar. Bacalardan torbalar sallanır, 
        qurşaq tutulur, fal açılır. Bu günü xüsusilə subaylar gələcək qismətini 
        axtararaq qulaq falına çıxır, suyla, odla, başqa üsullarla fala baxırlar. 
        
        Dünyanın yaranmasında iştirak edən sonuncu ünsür hava olduğuna görə yazqabağı 
        mərasimlərdə Yel çərşəmbəsi adı ilə qeyd olunur. Yel canlılara nəfəs verməklə 
        öz hərəkətliyini, dinamikliyini onlara keçirib cansız torpağı və suyu 
        durğunluqdan çıxarır. Ona görə də yeli ruhla eyniləşdirirlər. Od və hava 
        qarışmasa maddi, əşyavi tərəf əbədi dayişməz qalar, sular coşub daşmaz, 
        dalğalanmaz, torpaqlar vulkanna sevrilib püsgürməz.
        Novruz kasıb qonşuya kömək etmək istəyənlər üçün ideal şərait yaradır. 
        İmkanlı adam qonşuya pul versəydi, yəqin ki, o, inciyərdi. Ona görə də 
        bayram xonçası qurular, onu yer-yemiş, bişmişlərlə bəzəyərdilər. Axı xonçanı 
        heç kim dala qaytarmazdı. Xonça müqəddəsdir. Bəlkə ona görə xalçalarımızın 
        tən ortasındakı ornamentə də xonça deyirik. Nəsildən-nəslə ötürülən xalçanın 
        tən ortasında oturub niyyət eləsən yerinə yetəcək deyən qədim inamımız 
        da var. 
        İlaxır çərşəmbələr Yer üzündə analoqu olmayan rituallar silsiləsidir . 
        Həmin ritualların mahiyyəti ondan ibarətdir ki, Allah ilk olaraq qarmaqarışıq 
        xaosdan suyu ayırır. Başlanğıcda kürreyi- aləm ancaq sudan ibarət idi 
        (su çərşəmbəsi buna eyham vurur). Sonra odun köməyilə suyun keyfiyyətlərini 
        dəyişir və günəşin şüalarıyla suyun müəyyən hissəsini qurudub torpağı 
        üzə çıxarır (od çərşəmbəsində simvolizə edilir). Torpaq meydana gəlməklə 
        dünaynın bir çox elementlərinin doğuşuna şərait yaranır (torpaq çərşəmbəsi 
        ona görə sırada üçüncüdür). Axırda yaradılmış ilk insan suyun dibindəki 
        gildən yaranır. Ulu Allah Yel vasitəsilə ilkin yaranışları bir məkandan 
        başqa məkana aparır (göydən yerə endirməklə) və hava, nəfəs verməklə (yenə 
        də yel vasitəsilə) ruhu meydana gətirir (Bu da sonuncu mərhələ, yel çərşəmbəsi).
        Müqəddəs günlərin çərşəmbə seçilməsinin isə izahı budur ki, tanrı dünyanı 
        yaradanda həftənin ilk günündə hazırlıq işlərini yerinə yetirib, 2-ci 
        gün (çərşəmbə axşamı) yaratmağa başlayıb. 3-cü gün su, 4-cü gün od, 5-ci 
        gün torpaqla bağlanan varlıqlar yaratmış, 6-cı gün yaranışların hamısına 
        can (ruh) vermiş, 7-ci gün bütün işlərini tamamlayıb istirahət etmişdir. 
        Bu inama görə bütün yaradılış işlərinin bünövrəsinin qoyulması çərşəmbə 
        axşamına düşür. 
        
        Bahar bayramını bütün dünya xalqları qeyid edir. Amerikanın qızıldərili 
        hinduları indi də bahar bayramı mərasimini icra edir. Adını «Diriliş» 
        şənliyi qoyaraq bayramı yaşadıqları ərazinin tam ortasında uzun dirək 
        basdırıb onu dünyanın mərkəzi adlandırarlar. Bu dirək Ulu Tanrının simvolikasıdır. 
        Qəbilənin şamanı həmin dirəyə çıxaraq şər ruhlardan, xəstəliklərdən, bəlalardan 
        qurtararaq onlara bol məhsul verməsi məqsədilə Ulu Ruha- Gök Tanrıya dua 
        edər.
        Dünya xalqlarının mifik sistemlərində hava mifik zamanın başlandığı nöqtədə 
        baş ilahdır. Məsələn, Misirdə baş ilah Şu göyü və yeri məğlub edir, bütün 
        aləmi ələ alıb canlıları yaradır. Hindistanda Brahm nəfəsini bayıra buraxanda 
        dünya yaranır, içəri alanda məhv olur. Cinlilərin təsəvvürlərində isə 
        göyün qapılarının açılıb bağlanması ilə həyat –ölüm hadisələri baş verir. 
        Müsəlman miflərində İsa nəfəsi ilə ölüləri dirildir, ona Məsih (nəfəs 
        verən) deyilməsi bununla bağlıdır.
        «Münisnamə»yə görə dünya hava və sularının hamısı bir məxluqun timsalında 
        təqdim edilir. Bir əlini yerə dirəyən, digərini isə göyə dikən Səhayil 
        dəniz suyunun və küləklərin qoruyucusudur. Ola bilər ki, Səbayel adlı 
        qədim külək tanrsının adı da bu inancdan yaranıb. Havanın himayəçisi və 
        tənzimləyicisi Səhayıl yüksələn əli ilə sərt küləklərin, qaçırğanın, yerə 
        dikilən əli ilə isə coşub daşan dəniz sularının qarşısını alır. Əgər Səhayıl 
        sol əlini yerdən götürsə dəniz suyu kükrəyib butun çölləri, düzləri basar, 
        insanları batırar, boğub öldürər. Sağ əlini aşağı salarsa tufan qasırğa 
        qopar, dünya üzünündə canlılardan əsər-əlamət qalmaz. 
        Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə 
        yetirir. Yel Baba əksər hallarda əldən-ayaqdan düşmüş qoca sifətində peyda 
        olur. O, qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah 
        insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb 
        diyirləməyi tələb edir. Yel Babanın üfürməsiylə yumaq açılır və azmışları 
        mənzil başına çatdırır. Yel Baba haqqındakı bu təsəvvürlər sonralar Fatma 
        nənənin yumağı şəklində nağıllara keçib. Azərbacanlıların qədim təsəvvürlərinə 
        görə Yel Baba xırmana gəlməmişdən qabaq ordan buğda, dən götürməzlər. 
        Ulularımız deyirlər ki, «Yel əsdirəni söyməzlər». Çünki onun arxasında 
        Baş Ruh durur. Yelə tüpürsən öz üstünə qayıdar. Bir inancda isə deyilir 
        ki, «Yel çərşəmdəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və 
        Yel Babanı çağır. Əgər Yel Baba səsini eşidib söyüdün budaqlarının torpağa 
        toxundursa diləyin yerinə yetər».
        
        Zərdüştlükdə Novruza beş gün qalmış insanlar oruc tutardı. Onlar bu məqamın 
        adını «kədər və göz yaşları günləri» qoymuşdular. Bu beş gün 4 ünsür və 
        bir də ruha həsr olunardı. Novruz təkcə cismin yox, rühün da təzələnmə 
        günüdür. Əgər insan ruhunun təmizlənmək məqsədini qarşısına qoyursa başqa 
        məqamlar da onun içində gedir. Əslində, Allah-Taalanın da istəyidir ki, 
        insanlar evdə xoş sözlər danışsın, Özü də təkcə bu günü yox, həmişə. Gözəl 
        mələklər tərəfindən eşidilsin və il boyu evin ruzi-bərəkəti bol olsun. 
        İnsanlar ruh aləmlərinin təmişlənməsinə o qədər də önəm vermir. Yaxşı 
        olar ki, ev-eşiyimizi, həyətimizi silib təmizlədiyimiz qədər ruh aləmimizin 
        təmizlənməsinə diqqət verək. Bayramqabağı evlərin təmizlənməsi də heç 
        də təsadüfdən baş vermir. Hələ zərdüştilik zamanından bəri yeni ilə bir 
        gün qalmış evdə nə qədər sınıq şeylər varsa, xüsusən də güzgü, cırılmış 
        paltar və sairi birmənalı olaraq atırdılar. Ruhun təmizləmə mərasiminin 
        izləri rəqslərimizdə çox aydın görünür. Rəqsin funksiyası xəbis ruhlardan 
        xilas olmaqdır. Bizim milli rəqslərimizdə də hərəkət elementlərinin əksəriyyəti 
        ruhi aləmlərlə təmas, yaxşı və pis ruhlar arasında özünə yer tapmaqla 
        bağlıdır. Rəqs edən insan ruhunun təmizlənməsi üçün xüsusi hərəkətlər 
        edir və ali varlıqlarla təmasa girir. Rəqslərimizin magik xüsusiyyətləri, 
        eləcə də muğamlarımızın sehrinin səbəblərini uzaq tariximizdə, mağlar 
        adlanan tayfanın mədəniyyətimizin formalaşmasında oynadığı rolunda axtarmaq 
        lazımdı.
        
        Dünya elmində magiya termininin maqlarla bağlı olduğunu bütün lüğətlər 
        etiraf edirlər. A. Kamyu «magiya»nı spesifik sivilizasiya adlandırıb. 
        Pifaqorçular, platonçular da magiyanı dediyimiz anlamda başa düşüblər. 
        İndi magiya deyəndə cadu, sehr nəzərdə tutulur. Qədim dövrlərin insanı 
        üçün Tanrıya sitayiş və onunla ünsiyyət ən böyük sehr olub. Bu cadu, bolluq, 
        bərəkət istəyən dualar zamanla mərasimə çevrilib.
        Mağlar, bəzi ədəbiyyatda , xüsusilə Y.V. Çəmənzəminlidə muğlar adlanan 
        tayfalar Azərbaycanın ən qədim əhali birləşmələrindən olub. «Tarixin atası» 
        sayılan Herodot mağları Midiya qəbilələrindən biri hesab edirdi. Onların 
        dini ayinlərə rəhbərlik etdiyini də göstərib. Layerti Diogenin «Görkəmli 
        folosofların təlimi və deyimləri» adlı əsərdə mağlar və birinci mağ Zərdüşt 
        haqqında maraqlı fikirlər yazılıb. Müəllif mağların bütün vaxtını allaha 
        ibadətdə, dua oxumaqda keçirdiklərini və allahın yalnız onları eşitdiyinə 
        inandıqlarını yazır. Mağlar fala baxmaqla gələcəkdən xəbər vermək qabliyyətinə 
        malik olduğundan ilahların onların gözünə göründüyünü göstərir və sübut 
        etməyə çalışırdılar ki, hava görünməli şeylərlə doludur, iti gözlər üçün 
        onları görmək o qədər də çətin deyil. Onlar cadugərliklə məşğul olmurdular. 
        Ona görə də təsadüfi deyil ki, ən güclü ekstrasensor qabliyyətli adamlar 
        mağların birbaşa varisləri sayıla biləcək Azərbaycandan çıxır. Mağlar 
        ali mərasimlərinin əksəriyytini keçirmək üçün Bakı şəhərini seçirdilər.
        
        Bakı şəhərinin adı barədə çox müxtəlif və çox fərqli versiyalar səslənib. 
        Onlardan biri 18 əsrdən bəri fars mənbələrində «Badkubə» kimi verilir. 
        Farsca iki sözdən ibarətdir: «bad»- yəni külək, «kubə» - vuran. Yəni küləklər 
        vuran şəhər, yaxud küləklər şəhəri. Ola bilər Bakının küləkləri bura gələn 
        səyyahların lap çox yadında qalıb. Həqiqətən də Bakı küləkləriylə tanınır. 
        İndi Bakının küləkləri elə bil əvvəlki kimi qəddar deyil. Çoxmərtəbəli 
        binaların hazırda küləkqıran kimi işləməsini nəzərə alsaq yəqin əmin olarıq 
        ki, burda küləklər neçə əsr bundan əvvəlki qədər rəhimsizdir. Deyirlər 
        ki, qədimdə binaların təkdənbir olan vaxtlarında küləyin cənginə düşsəydi 
        insanı yerindən götürüb apara bilərdi. Heyvanların da küləklər tərəfindən 
        uçurdulmasından da danışırlar. Hamı bilir ki, Bakıda qar çox nadir hallarda 
        olur, amma küləklərin əsmədiyi zamanı heç kim xatırlamır. Bakının qışı 
        qarıyla yox, küləyilə yadda qalır. Bu külək adamın sümüyünə qədər işləyib 
        bəzən ağacları köküylə birgə yerindən çıxarıb böyrü üstə qoyur. Külək 
        atını qamçılayan kimi bakılılar onun Xəzri, yoxsa gilavar olduğunu dəqiq 
        bilir. Çünki burda küləklərin də xasiyyəti var. Xəzri dağıdıcıdır, bir 
        az da cığal. Giləvar mülayimdi, amma hikkəlidir. Şahildən dənizə doğru 
        əsəndə çiməni ehmallıcı dənizə elə aparır ki, heç ruhu da incimir. Burda 
        el arasında tanınan bir külək növü də var. Sinoptiklər onun adını çəkmir. 
        Bakılılar gah arxadan, gah irəlidən əsib burulğana çevrilən, sonra birdən 
        sakitləşib 2 dəqiqə sonra fəğan qoparan küləyə Gicəvar deyirlər. Neynək, 
        Bakının da naxışı küləklərlə tutulub. 
        Suraxanı Atəşgahında gördüklərindən herətlənən Düma «Qafqaz səfəri» əsərində 
        Suraxanı atəşgahı barədə yazırdı: «Atəşgahın dövrəsindəki binalar, tüstü 
        və alov sovuran yüzlərlə irili-xırdalı ağaclar ovuc içi kimi görünürdü. 
        Külək isdikcə yanan alovun dilləri sanki qəribə rəqslər edir, gah bulaq 
        kimi qaynayır, gah dalğa tək yan-yörəyə hücum edib şaxə qalxır, gah da 
        gözlənilmədən ucalırdı. Elə təsəvvür yaranırdı ki, guya külək alovla oynayır, 
        onlar bir-birinə sarılır, sonra bir-biriylə əlbəyaxa olurlar. Külək nə 
        qədər cəhd edirdisə, odu, alovu söndürə bilmiirdi».
        Abşeron camaatının küləklə bağlı çoxlu inamları var. Dənizə ərlərini, 
        oğulların yola salmış qadınlar, uşaqlar ürəklərinin sözünü küləyə deyərdilər 
        ki, əzizlərinə çatdırsın. «Giləvar yat, xəzri əs ki, ərim (atam, oğlum) 
        evə qayıtsın». Xəzri dənizdən əsən soyuq külək olsa da sahildən əsən isti 
        küləkdən daha çox arzulanardı. Axı o, əzizlərimizi geri qaytarırdı. Abşeronda 
        günlərlə əsən küləyin istiqamətini dəyişdirməyin maraqlı üsulları da var. 
        Küləyin «saqqızını oturlamaq üçün» evin ilki ağaca dırmaşmalı və budaqları 
        silkələyərək deməliydi: «Mən anamın ilkisiyəm, ağzı qara tülküsüyəm, giləvar 
        get, xəzri gəl». Deyilənə görə külək evin ilkinin çözünü yerə salmazdı.
        
        Axır çərşəmbə elə bil ki, dua və ovsun günüdür. Bu gün biz düz bir illik 
        ömürün necə olacağını sanki öncəgörməlik edib sonra pisliklərdən qurtulmaq 
        üçün fikirlə ovsun yapırıq. Qədimdə sözlə süalicə edər, fikirlə daşları 
        yerindən tərpədərdilər. Nə olsun ki, indi Bakıda küləkləri süpürgəçi kimi 
        işlədirik. O olmasaydı zibil dizə çıxardı. Zibilləri künc-bucağa qovlayan 
        küləklərin ovutduğu qumsala Azərbaycanın daha münbit torpaqlarından köçənlər 
        şəhərə nə suyunu, nə də torpağının keyfiyyətini bağışdaya bilirlər. Onlar 
        nə burda yandıran günəşin, nə də at çapan küləyin xasiyyətini anlamırlar. 
        Amma bir vaxt Ulu Yaradan bütün bunları bizimçün yaratdı. Suya, oda, torpağa 
        və yelə tapşırdı ki, gözü üstümüzdə olsun. Bakı isə 4 ünsürü içində gizləmiş 
        mücrü kimi qapağını yalnız onu anlayanlar üçün açır. 
        
 Qadın baxışı
Qadın baxışı