İntelligent- sən kimsən?
 
 
      Hamı 
          kimi olmaq istəməyənlərin portretini sözlə cızmaq cəhdi
          
İstedadsız olanlar istedadlı olmadıqlarını istedadlılara heç vaxt bağışlamayacaq.
İntelligent kastası 
        bütün dövrlərdə olub. 60-cılar, dissidentlər, 37-də qırılanlar – adlandırılmasından 
        asılı olmayaraq cəmiyyət onların fikriylə hesablaşıb. Hələ ki, intelligent 
        millətin siması, beyini və vicdanı olaraq qalır. Bəs niyə heç kim dəqiq 
        deyə bilmir ki, intelligent kimdi. Onları həbs eləyirlər, sonra azadlığa 
        buraxırlar, ödül, mükafatlar verir, dediklərindən sitat gətirirlər. Kimdi 
        onlar?
        Həyatımıza dəyər verərkən hamı intellektual baryer adlanan maneə ilə rastlaşır. 
        Bu həddən aşağı düşmək olmaz, daha doğrusu intellektual insan bunu özünə 
        icazə verməz. Yalanı doğrudan, yaxşı musiqini popsadan, əsil yaradıcılığı 
        cızmaqaradan, bestselleri bellitristikadan ayırmaqda intelligentin tayı-bərabəri 
        yoxdu. Bu əzablı işdə onlar ictimai fikirdən xəlvətcə təlqin gözləmədən 
        öz fikirlərinə arxalanırlar. Hər intelligentdə meyarlar kompleksi formalaşır 
        ki, bunlar adətən bütün intelligentlərdə üst-üstə düşür. Bu meyarlar təkcə 
        davranışla məhdudlaşmır. Bu özünü tərbiyə, danışıq, dünyaya baxış, canlı 
        təbiətə münasibət, qohumlara, dostlara, uşaqlara münasibət, ədalət hissi 
        və ümumi mədəniliklə ölçülür. 
        
Kütlənin 
        ixtiyarına verilmiş ideya bir polk əsgərin əlinə verilmiş qız uşağı kimidir
        İntelligent sözü latın dilindən tərcümədə «anlayan», «bilən» deməkdir. 
        Termin kimi 18 əsrdən bəri işlədilir. Alman və fransız dilləri sayəsində 
        rus dilinə köçüb. (Hörmətli oxucu məni bağışlasın, amma mən yazıda ziyalı 
        sözünü işlətməkdən vaz keçdim. Nurlu, işıqlı mənasını verən bu kəlmə fərqli 
        anlam daşıdığından bəzən reallığı tam əks eləmir). İntelligent deyəndə 
        xalqın savadlı, ağıllı və inkişaf etmiş zümrəsi nəzərdə tutulur. İntelligentin 
        tərifini, fomulunu çıxarmağa çalışaq: «İntelligent o insana deyilər ki, 
        elədiyini heç kim görməyibsə belə o əskik hərəkətlərindən utanar». Ağlı 
        bacarığından, biliyi məlumatlığından, ambisiyasının isə sadalananlardan 
        daha artıq olan insana intelligent – deyilir. 
        İntelligentin sosial funksiyası var: mədəniyyətin qoruyucusu, yeni ideyaların 
        generatoru, tənqidçi, bir sözlə ictimai fikrin düşünən orqanı olmalıdı. 
        Nə qədər narahat olsa da həqiqəti deməli, və dediyinin məsuliyyətini daşımalıdı. 
        Tapıntılarını, nəticələrini cəmiyyətlə bölüşmək ehtiyacı bu zümrənin fərqləndirici 
        xüsusiyyətidir. İntelligent içində hakimiyyətə müxalif olmalıdı. Aktiv, 
        siyasi fəaliyyət kimi yox, xalqın rifahı naminə hər şeyi şübhə altına 
        salıb bir növ tərəzidəki kimi ölçüb-biçmək istəyindən. Bu intelligentin 
        daxili özünü təkmilləşdirmə istəyindən qaynaqlanır. 
        Qərbdə, eləcə də okeanın o tayında intelligent anlayışı yoxdı. Onlarda 
        yalnız intellektual insan anlayışı var, yəni bilikli, savadlı, bacarıqlı, 
        bir sözlə professional. Onların professionallarının cəmiyyət qarşısında 
        üzərinə götürəcək missiyası da yoxdu. Necə deyərlər hərə özünə işləyir.
        İntelligenti həmişə ayıramq olar. Ən əvvəl müsahibinin sözünü kəsmədən 
        dinləmək bacarığından və başqalarına qarşı səbirli, hətta razılaşmadığı 
        mövqeləri anlamaq qabliyyətindən və öz xalqının qayğısına qalmaq istəyindən 
        ayırmaq olar. İntelligentə adətən irad tuturlar ki, tənqid eləməkdən başqa 
        əlindən bir iş gəlmir və özü heç nə eləmir. Zəmanəni rahat buraxıb az 
        miqdarda məvaciblə insanları müalicə eləmək, məhdud auditoriya üçün yazı 
        yazmaq, kiçik qonorarla elmi irəli aparmaq, texnikanı təkmilləşdirmək. 
        Bəs bunları sayılmır? İntelligentin daha bir missiyası da ola bilər. Cəmiyyət 
        üçün güzgü funksiyasını daşıyıb onu olduğu kimi göstərmək. Güzgü heç vaxt 
        məsləhət verməz, sadəcə göstərər. 
        
İntelligent 
        daltonik kimi həyatın rəngarəngliyini görmək səadətindən məhrumdur 
        İntelligent, ziyalı dedikdə sosioloqlar əqli əməklə məşğul olub mədəniyyətin 
        inkişafına təkan verən və adətən ali savadlı adamları nəzərdə tuturlar. 
        Bu məsələyə daha bir yanaşmaya görə isə cəmiyyətin mənəva etalonu sayılan 
        təbəqə də intelligent sayıla bilər. Siyasi baxışlarına görə də onlar iki 
        qrupa bölünür: Bir qismi vətəni iki quruşa satardılar, əgər əllərində 
        olsaydı. O biri qrup isə ətraf torpaqları da məmnuniyyətlə alardı, amma 
        imkanları yoxdu. 
        İntelligenti kütlədən ayırmağın asan yolları var. Onları dialoq aparmaq 
        tərzindən tanımaq olur. Onlar fakt çatışmayan yerlərdə erudisiyanı işə 
        salırlar. Məsələn bir kəsdən şər və xeyir haqqında soruşublarsa o əvvəl 
        şərin xeyirə çox yaxın olması barədə uzun-uzadı danışar, sonra isə şərə 
        münasibətini dilinə gətirər. Belə dialoq zamanı efirdə qurcalanan və belə 
        sualı verməyə, ən vacibi mənasız cavabı eşitməyə, başını razılıqla yelləməyə 
        məcbur olan aparıcını görmək çox məzəli olur. Ətrafdakılar bu ağıl nümayişindən 
        bayılmalı və heyran olmalıdırlar. Amma adətən bu üsullar lap köntöy, savadsız 
        adamlara təsir eləmək gücündədi, intellektuallara yox. Çünki onlar özü 
        də bilir ki, dedikləri öz ağlının məhsulu deyil, hansısa kitabdan oxunmuş 
        və özününkü kimi qələmə verilmişdir. İnternetdəki intelligentlər əksərən 
        hesab edir ki, ölkə daxildən çürüyüb, ölkədə yalnız rüşvətxorlar və oğrular 
        irəli gedir, mənəviyyat əldən gedib və əvvəlki dövrdəki kimi deyil. Bununla 
        belə bu söhbətlər gündəliklər və bloqlarda emosiya saçıb deyinməkdən o 
        yana keçmir. 
        İntelligentin doğulduğu yer mətbəxdir. Burda qitara sədaları altında mahnılar 
        oxunur, havayı çay sel kimi axır, yanında xırçıldatmağa qənd olmasa belə, 
        paralel olaraq sistemi dağıtmaq barədə plan cızılır. Onlar nədənsə kimi 
        gülləməyi, hakimiyyət dəyişəndə kimi irəli çəkməyi dəqiq bilirlər. Amma 
        mətbəxdə tez-tez çay əvəzinə araq içildiyindən, illər də onun görkəminə 
        sığal çəkdiyindən həmən gün gələrsə xalq belə intelligentini araya çıxarmaqdan 
        belə utanar. İndi həmin mətbəxlər boşalıb, hamı internetə köçüb. Burda 
        auditoriya böyükdü, dahilik iddiasına heç kim mane olmayacaq və heç kim 
        liderinin zahiri görkəmini də görməycək.
        
 
 
      «İlahi, 
        biz xalqdan nə qədər uzağıq!» 
        deyib araq içərək isterikaya düşmək intelligentin mahiyyətinin mənəvi 
        dayaqlarından biridir. O, düşünür ki, xalqın qaymaqları hər zaman incidilib 
        və lazımi səviyyədə qiymətləndirilməyib. O, əmindir ki, intelligent yaşadığı 
        ölkə və zamana layiq deyil. Ona başqa vaxt, başqa xalq versən gör nələr 
        olar?! Ona başqa hakimiyyətdə vermək lazımdı, indiki onu boğur. Əlbəttə 
        ki, əsil elita dözülməz dərəcədə az məvacib alır.
        
Bogema 
        gəzintidədi, xahiş olunur yedizdirməyəsiz!
        Bu bir növ potensiya problemləri ilə həkimə müraciət eləmiş kişi kimidir. 
        Kişi heç vaxt gücsüzlüyünü boynuna almadığı kimi intelligent də pulsuzluğunu 
        dilinə gətirməz. Hətta borc götürmək cəhdlərində də pulun onun həyatında 
        o qədər də vacib olmadığı və mənasız olduğu barədə uzun-uzadı danışa bilər. 
        Hələ üstəlik istəyər ki, ondan bu pulu götürməyi xahiş eləsinlər. Minnətlə 
        götürəndən sonra imkan tapıb onun dostluğunu pulla almaq istədiyinizə 
        bir eyham da vura bilər. Qəribədir ki, insanda sosial acizlik və parazitlik 
        etdiyi cəmiyyətə ikrah - hər iki hiss paralel yaşaya bilir. Məsələ bundadır 
        ki, hamını «Ağıllı və vicdanlı olarkən hörmətli və imkanlı olmaq olarmı, 
        ya yox,» sualı çox maraqlandırır. Çətindi, amma mümkündü. Dünya ortabab 
        insanların bacarığına uyğun biçilib. Ona görə də ortadan yuxarı qabliyyətli 
        insanların həyatı ya macəraya, ya da faciəyə çevrilir. 
        Bir də ki, intelligent satılmayan şəxsiyyətlərə deyilir. Ömrü boyu matorlu 
        gəmidənsə yelkənli gəmidə üzmək istəyənlər bir gün anlayır ki, benzini 
        almaq olar, küləyi isə yox.
        
Təbii 
        mühitdə intelligentin özünü aparması
        Çox vaxt yaddaşı kitablardan sitat gətirməkçün yetərli qədər olsa da müəllifi 
        və kitabın adını unudur. «Bir kitabda oxumuşdum ki…» girişi intelligent 
        mühitində norma sayıla bilər. 
        Arabir Remark, Mark Tven, Hemenquey milli intelligentlər missiyasını üzərinə 
        götürür. 
        Bu statusu pulla almaq, mənimsəmək olmaz, ona yalnız zülmlə daşımaq olar. 
        
        İntelligent heyvani instinktə hiss deməz. Onlar hiss və instinkti səhv 
        salmır. Onlar bu hissləri birləşdirə bilir. 
        İntelligent qadınlarla çox maraqlanır. Çox soruşur, oxuyur, öyrənir.
        İntelligent uğursuzluqların açarını özündə axtarır və heç vaxt da tapmır.
        İntelligent əclaflıq və axmaqlıq eləsə də namuslu insan olmaqda davam 
        eləyir. 
        İntelligent ətrafdakıların idiotluğunu anlayacaq dərəcədə böyük ola bilir. 
        
        Cəmiyyətin bəlası olmaq hər bir inteligentin müqəddəs borcudur. 
        Bu hər bir intelligentin başına gəlir: əvvəl əziyyət çəkir, əsəbləşir, 
        sonra özünə qapanır, sonra nə edəcəyini bilməyəndə inkişaf eləməyə başlayır. 
        
        İnteliqent öz dilində danışmır, onun fikirlərini rahat ifadə edə biləcək 
        yabançı dillərdən birini seçir. 
        İntelligentin vəzifəsi olmaqdır. Öz mövcudluğu ilə insanlara əzab verməkdir. 
        Bu əzabla zorakılıqdan uzaq üsulla insanları inkişaf etdirməkdir.
        İntellektual mübahisədə intelligent həmsöhbətini boğazından yox, qalstukundan 
        yapışır. 
        İntelligent mədəniyyət yaradan bir parazit formasıdır. Onun yaratdığı 
        təkrarsızdı. 
        İntelligent insanlar haqqında onların layiq olduğundan daha yaxşı düşünür.
        
Niyə 
        bu qədər yazıq, köməksiz və kasıbsan?
        Bu gün heç kim intelligent olmaq və belə adlandırılmaq da istəmir. İntelligentin 
        həyata uyğunlaşa bilməmisi əfsanəsini zəiflər yaradıb. Onlar anlayır ki, 
        heç vaxt ağıllı, namuslu və vicdanlı ola bilməyəcəklər. Onlar çarpışıb 
        səma altında özlərinə yer qazanacaq, əclaflıq da edəcək, cəmiyyətdən də 
        oğurlayacaq, özünə gün ağlayacaq, seçib seçiləcək. Amma heç vaxt intelligent 
        olmayacaqlar. Vaxtaşırı əsil intelligentə yerini göstərib ətrafından qovlayacaq 
        da. Bu bir növ rəfiqəsini danlayan fəhişənin nitqinə bənzəyər: «Əgər belə 
        ağıllısansa, niyə bu qədər yazıq, köməksiz və kasıbsan?». Cənablar, düşünməkdən, 
        vicdanlı olmaqda qorxmayın. Narahat olmayın, batıb itməzsiz. Onsuz da 
        axmaqlar həmişə çoxluqdadı.
        İndi intelligensiyamızın gözü xaricdə, ölkədən dişarıda yuva qurmağa dikilib. 
        Gedib gözəl yaşam görənlər də az deyil. Amma emiqrantın amerikalı olacaq 
        məqamda dediyi anda bir diqqət verək: «…Mən tamamilə və büsbütün şəkildə 
        bir vaxt vətəndaşı olduğum müstəqil ölkə, dövlət, krallıq, hökumət və 
        monarxa verdiyim vəfa andından və üstümə götürdüyüm öhtəliklərdən imtina 
        edirəm». Bu sözləri dilinizə gətirməyə cəsarətiniz çatsa siz də gedin. 
        Ziyalılar belə andı içməz.
        Aforizmlər:
        İntelligent xalqın beyni yox, nəcisidir. (Vladimir Lenin)
        İntelligent cəmiyyətin tullantısıdır. (Adolf Hitler)
        İntelligent söyüşdür. (Vladimir Mayakovski)
        İntelligentin bioqrafiyası onun oxuduğu kitablardan ibarətdir.( Mandelştam)
 Qadın baxışı
Qadın baxışı