Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Biz, Avropa və İslam

Rafiq Tağının həyat təcrübəsindən yararlanıb yazının başlığını bir az başqa cür qoymaq olardı. Amma məqsədimiz biz, Avropa və islam adlı üçbucağın bir-birinə zidd qütblərinin qarşılıqlı münasibətini araşdırmaqdır. Çünki biz Avropaya qarşı bir mövqedə dayanmışıq, islama qarşı isə tamam fərqli tərəflərimiz aşkara çıxır.
Məlumdur ki, Rafiq Tağıya qarşı terror aktı ilə bağlı 50-dən artıq Azərbaycan ziyalısı dünyaya müraciət məktubuna imza atıb. Məktub birmənalı qarşılanmadı. İmzasını geri götürən də, peşman olanlar da tapıldı. Yazıçıya qarşı yönəldilmiş terror insanları o qədər qeyzləndirmişdi ki, məktubdakı aqressiv, “islam terroru” kimi ifadələr ilk baxışdan nəzərdən qaçmışdı. Yazıçının ölümündən özünə yer tapa bilməyən ziyalı etirazını kimə gəldi, bəlkə də düşünmədən islama qarşı yönəltmişdi. Demək olmaz ki, imza atanların hamısı “islam terroru” ifadəsini yersiz sayırdı və məktubun aqressiv mətni ilə razı deyildi. Bu hadisə biz, Avropa və islam adlı üçbucaqda ilk dayanacaq etməyimizə imkan yaradır.
Bizim Avropaya münasibətimiz

Biz, Avropa dəyərləri ilə yaşamağa can atan və həyatını dünyəvi kontekstdə görmək istəyən azərbaycanlılar 21-ci əsrin əvvəlində bəlkə olmazın dərəcədə Avropaya can atırıq. Onun mənəvi dəyərlərinin laxladığını, başqa ölkələrə qarşı münasibətində ikiüzlülüyünü bilsək də, ən ümdə arzularımızda özümüzü Avropada yaşayan görmək istəyirik. Bizi söz azadlığı, Avropanın insana verdiyi özünü reallaşdırmaq imkanı və ağlı-başı üstündə olan insanlarla ünsiyyət cəlb edir. Bəlkə də biz öz ölkəmizdə bu cür quruluş yarada bilmək ümidindən əl çəkdiyimizdən Avropaya bir xilaskar kimi baxırıq. Ya da yaşadığımız şəraitdə yeni, normal insani cəmiyyət yarada bilməyin mümkünsüzlüyünü anladığımızdan Avropanı bura gətirməkdənsə özümüz Avropaya köçməyi daha asan başa gələn sayırıq.
Kökündən qopub tamamilə yeni şəraitə düşənlərin heç də hamısı həyatından razı deyil. Axı orada axşam saat 10-dan sonra unitazı işlətmək, hamamında çimmək qadağası azərbaycanlını dəli edə bilər. İnanmıram ki, nə qədər loyal olsa da, orta statistik azərbaycanlı “mavi” qonşusunu əlində plakatla küçələrdə çığırışan görəndən sonra hər səhər salamını əvvəlki tonda verə bilsin. Bəli, biz və avropalı çox fərqliyik. Bu fərqə pis, ya da yaxşı don geyindirmək də lazım deyil. Buraları gəzib vətəninə qayıdan avropalı da dünyanın əfsanəvi şəhərlərini gəzib evinə dönən azərbaycanlı kimi gəzintisindən eyni dərəcədə ləzzət alır. Çünki Avropa dəyərləri burada kök atmadığı qədər də burada olan dəyərlər Avropada yoxdur. Amma nədənsə avropalı bunun fikrini çəkmir. Çünki bütün qüsurları ilə birlikdə avropalı olması ilə fəxr edir. Bu da bizim əsas fərqimiz.
Bizim islama münasibətimiz
Biz körpəliyimizdən islami dəyərləri bilir və dini rituallara riayət etməsək də, əksəriyyətimiz bu dəyərlərə hörmətlə yanaşırıq. Biz bilirik ki, islam xilaskar dindir. Allahın tək olduğunu də qəbul edirik, peyğəmbərinə də hörmətlə yanaşırıq. Bizlərdən kimsə müsəlman həyat tərzini özünə məqbul sayır, kimisi isə dini ritualları qismən yerinə yetirməklə kifayətlənir. İslamın azərbaycanlıların həyatında rolu artmaqdadır. Namaza gələnlər, islami həyat tərzi sürənlər də gün-gündən artmaqdadır. Bu tendensiya artdıqca islamı açıq-aydın söyənlərin də sayı görünməz dərəcədə artır. Sanki avropalaşma buralara daha dərinə soxulduqca özü ilə islamofobiyanı da gətirir.
Avropanın bizə münasibəti
Biz, Avropa və islam adlı üçbucaqda Avropanın bizə münasibəti xüsusilə maraqlı və bir qədər də sürüşkəndir. Bəzən adama elə gəlir ki, onlar bizi heç görmür və varlığımız və onlara can atdığımızı da bilmirlər. Biz başlığında Avropa sözü olan bütün müsabiqələrə gedir, birliyə can atır, yarışlarda bayrağımızı yellədir, hətta birincilik qazanıb Azərbaycan çığırırıqsa da, onlar “Ah, belə bir ölkə də varmış” sualı ilə bizi şoka salırlar. Necə yəni biz varıqmı? Biz varıq, bütün varlığımızla sizə doğru dartınırıq, cəmiyyətimizi sizin ülgüclərlə biçib doğrayırıq. Siz isə varlığımızdan yalnız sizdən üstün olanda xəbər tutursunuz. Bəs necə olur ki, Azərbaycan adlı sizə ucqar görünən ölkədə bir qanun pozuntusu olarsa, xırda detallara qədər, təfərrüatı ilə bilirsiniz və yeri gələn kimi “Özünüzü dinc aparın!” deyə barmağınızı da yellədirsiniz bizə?
Biz avropalını daşürəklikdə ittiham edə də bilmərik. Xeyriyyəçilik aksiyaları, qocalara və kimsəsiz uşaqlara münasibətdə bizdən həsəd aparacaq qədər irəlidədirlər. Bəzən belə məsələlərdə ifrat dərəcədə qanunpərəst də ola bilirlər. Onda bəs niyə evində 5-10 dənə it-pişik saxlayıb humanizmi ilə forsundan cırılan avropalı ölkəsinə bir dəstə acından, zülmdən qaçıb pənah gətirmiş insanları qəbul edə bilmir?

Müsəlmanın aram və rəvan dünyası
Biz (bu dəfə bu söz artıq şərq xalqlarını, cənublu temperamenti, həyat tərzi ilə tamamilə fərqli meyarlarla yaşayan millətləri nəzərdə tuturuq) islamı həyat tərzimizə və düşüncəmizə ən çox uyğun gəldiyindən qəbul etmişik. Məlumdur ki, Azərbaycanda dünyada mövcud olan dinlərin hamısı olub və bu fakt mədəni abidələrimizin çoxluğu və müxtəlifliyi ilə təsdiqlənir. İslam bu torpaqlarda hakim olmasaydı, indi bizim muğamımız da, xalq sənətkarlığımız da, mədəniyyətimiz də başqa cür olardı. Muğamı qəbul edib, islamı kənara atmaq mümkün olmadığı kimi azərbaycanlını tamamilə Avropa dəyərləri ilə yaşamağa məcbur etmək də mümkün deyil.
Danılmaz faktdır, islamın hakim olduğu ölkələr dünya üzrə ən kasıb və geridə qalanlardandır. Biz inkişaf edirik, ona görə də yerimizi geridə qalmış ölkələr arasında deyil, irəlidə gedən və sözünü dünyaya diktə edə bilən ölkələr arasında görmək istəyirik. Qərb dünyasının irəliləyişləri fonunda adama elə gələ bilər ki, müsəlman dünyası yuxudadır.
Avropanın islama münasibəti
Bu gün Qərb dünyası bu günə qədər olmamış miqyasda üzünü islama çevirib. Bu addımı atmazdan əvvəl Avropa cahillik və nadanlıq dövrünü adlamalı olub. Buna qədər qərblilərin beynində katolik kilsə insan ehtiraslarını, fiziki enerjini, ictimai, siyasi fəallığı, intellektual fəaliyyəti boğmaqla məşğul idi. Bu zamanlar Avropa çox geridə qalmış idi, cadugərləri tonqalda yandırır, kitabları məhv edir, kilsəyə qarşı çıxan alimləri edam edirdi. Elə həmin zamanlar islam Şərqdə xalqlara görünməmiş azadlıqlar vermişdi və belə azadlıq dalğası Avropanın özündən də kənar keçmədi. Xristian dini reformaları (protestantlıq, lüteranlıq və s.) Avropada yeni - zəhmətkeşlik, yenilik axtarışı, elmi tapıntılara sövq edən ideyalar səpələdilər. Yeni konsepsiyalara görə insan zəhmət çəkməyi, həyatda özünə yer qazanmağı ilə Allahın göstərişini yerinə yetirir. Bu ideyalar katolik kilsənin həyata rahib baxışını, dünyadan qaçma, ciddi həyat tərzi ilə özünü üzmə adətini ortadan çıxardı. Aktivliyin dərəcəsi o qədər böyük oldu ki, bir neçə əsr ərzində Avropa məşhur intibahını həyata keçirə bildi.
Avropalı çox yaxşı bilir ki, islam və xristianlıq arasında münaqişə ola bilməz və islamın terrora dəxli yoxdur. Bəzi siyasi liderlər və ABŞ dövlət başçıları islamı dəyərlərə heyran olduqlarını deyir və “Quran” əxlaqına yaxınlaşmağı arzulayırlar. “Quran”ı dərindən bəyənənlərdən bir də Britaniyanın keçmiş baş naziri Toni Blerdir: “Mən “Quran”ı ingiliscəyə çevirmədə oxudum. “Quran”dan çoxlu yenilik öyrəndim və düşünürəm ki, bu biliklər xristianlar üçün çox dəyərli, vacibdir. 12-ci əsrdə səlib yürüşlərindəki vəhşicəsinə qətllərin İsa peyğəmbərə dəxli olmadığı kimi Bin Ladeninin də “Quran” əxlaqından xəbəri yoxdur. Qərb islamın həqiqi üzünü görməyi istəməmək mövqeyindən əl çəkməlidir”.
Avropanın daha bir nüfuzlu şəxsi - şahzadə Çarlz da islam və müsəlmanlara yaxınlığı ilə tanınır: “Son 300 ildə Qərb dünyasında insanları ətraf mühitdən qoparmış dərin uçurum yaranıb. Bizə deyirdilər ki, inam və elm bir-birinin əksidir. Amma islam alimləri heç vaxt elmi tapıntıları öz ağlının və istedadının nəticəsi kimi qələmə verməyib. Mən “Quran”ı oxuyarkən bəzi ayələr məni qəlbimin dərinliyinə qədər sarsıtdı. Biz bir-birimizdən çox şeylər öyrənməliyik. İngiltərədə məktəblərdə tədris prosesinə daha çox müsəlman müəllimləri cəlb etməliyik. Bütün dünya ingilis dilini öyrənir, amma bizim ölkədə insanların zəkası və ürəyinə yönəldilmiş biliklərə ehtiyac var ki, bunu bizə müsəlman müəllimlər verə bilər”.
İslam adlı qorxulu illüziya
Amma islamın Avropada yayılmasını ikrahla qarşılayanlar dəstəkləyənlərdən daha çoxdur. Uelsin Milli Assambleyasına namizədliyini vermiş İngilis Milli Partiyasının üzvü Şion Ouens “Quran”ı yandırmaqda ittiham edilib. İttihama görə, müqəddəs kitabın yandırılması videoya çəkilib və ekstremistlər arasında yayılıb. Bundan əvvəl isə amerikalı pastor Ueyn Sapp və Terri Jonm ictimai şəkildə “Quran”ı yandırmaqla Əfqan şəhəri Qəndaharda etiraz aksiyasına səbəb olmuşdular. Nümayişdə 10 nəfər qurban getmişdi. Hadisəni törədənlər sonradan demişdilər: “Biz dünyanı bir illüziyadan qurtarmaq istədik. Qoy bilsinlər ki, islam təhlükəli deyil”.
İtaliyalı Orianna Fallaçi “Qəzəb və iftixar” kitabına görə İsveçrədə mühacirətdə yaşayır. Hollandiyalı karikaturaçı Nekşot antiislam rəsmlərinə görə həbs edilib. Amerikalı yazıçı Reyçel Erenfeld Britaniyada Səudiyyə biznesmeni tərəfindən böhtana görə məhkəmə qarşısında dayanıb. Hollandiyada Ayan Xirsi Ali, Avstraliyada 2 xristian pastoru məhkəməyə çağırılıb. Danimarka karikaturaçı Uesterqard cızma-qaralarının bahasını öz ömrü ilə verəcəkdi. Kütləvi çıxışların fonunda Salman Rüşdinin lənətlənmiş kitabı artıq o qədər də aktual görünmür.
İslama və “Quran”a müharibə
Bu gün dünya məktəblərdə hicab qadağası kimi kifayət qədər böyük problemlə üzbəüz qalıb. Avropanın atdığı addımlardan bəllidir, o, açıq-aydın şəkildə islamla mübarizə aparır. Bütün dünyaya təmkinlik dərsi keçən Avropa bu gün tolerantlığını və təmkinin itirib. Ərəbləri, Şərq ölkələrindən gəlmələrin ölkədən çıxarılması şüarı tez-tez səslənir. Məqsəd artan cinayətkarlığın deyil, cəmiyyətin müsəlmanlaşmasının qarşısını almaqdır. Müsəlmanları vəhşi heyvan kimi qəfəsə salmağı uca tribunalardan deyənlər də tapılır.
Siyasi fiqur kimi artmaqda olan Hollandiya siyasətçisi Gert Vilders deyir ki, islam zorakılıq dinidir. Vildersin iddiasına görə, müsəlmanlar Avropada yaşamaq və qəbul olunmaqları üçün “Quran”ın və əqidələrinin yarısından imtina etməlidirlər. İslamofobiyanın başında Vildersin çəkdiyi “Fitnə” adlı antimüsəlman film dayanır. Hollandiyanın Xalq Partiyasının lideri siyasi karyerasını islama qarşı çıxışlar üzərində qurub. O, “Məhəmməd peyğəmbər zamanımızda yaşasaydı, onu ölkədən qovardım” kimi ifadələrdən də çəkinmir.
Vildersin dediklərindən: “Ola bilər, biz Avropanın islamlaşmasının sonuncu mərhələsini yaşayırıq. Avropada yeni reallıq əmələ gəlib: rəngbərəng baş örtüklərində gəzən qadınlar, 4 metr irəlidə yeriyən quldar ər, çoxsaylı məscidli küçələr… Avropada minlərlə məscid var, onlar xristian məbədlərindən çoxdur. Hər şəhərdə bütün mədəblərdən uca olacaq iri məscidin tikinti planı var. İri Avropa şəhərlərinin bir çoxunda artıq əhalinin dörddə biri müsəlmandır: Amsterdam, Marsel, Malmö. Şəhərlərin əksəriyyətində 18 yaşlıların içində müsəlmanlar daha çoxdur. Paris müsəlman icmaları ilə halqaya alınıb. Məhəmməd şəhər əhalisinin ən sevimli adıdır. Fransada məktəblərdə müsəlmanlara qarşı danışmış müəlliflərdən - Volter, Didro - yan keçməyi üstün bilirlər. Darvinə münasibətdə də eləcə. Holokost tarixi öyrənilmir. Çünki bu, müsəlmanların şərəfinə toxuna bilər. İngiltərədə şəriət hüquq sisteminin bir parçasına çevrilib. İndi Avropada 44 milyon müsəlman var. İslam Avropası Avropanı azadlıq və demokratiyasız nəzərdə tutur”.
İslamda aqressiya varmı?
Bu gün dünyada minlərlə adam dinini dəyişir. Amma məlum statistika var ki, dünyada islamı qəbul edənlər daha çoxdur. Müsəlmanlar ilə 2,5 faiz artımla çoxalır. Dünya siyasəti liderləri də bu faktı deməyə bilməz: müsəlmanlar dünyanın ən çox artan qrupudur. 2000-ci ildə xristianlar dünya əhalisinin 29,9, müsəlmanlar 19, 2 faizini təşkil edirdisə, həmin bu sürətlə artsa, 2025-ci ildə xristianlar 25 faiz, müsəlmanlarsa 30 faiz olacaq. Heç kimi zorla namaz qılmağa, ya da başını bağlamağa məcbur edən yoxdur. Avropalı islama gəlirsə, bunu illər uzunu axtardığı sualların cavabını müqəddəs kitabımız “Quran”da tapandan sonra edir. Elm sahəsində tapıntıları ilə Şərqdən fərqlənən Qərb dünyasının alimləri nə vaxtsa elmi tədqiqatlarında böyük, ali və dərkedilməz qüvvə ilə üzbəüz qaldığına etiraf etməli olur. Xristian kimi doğulsa da, bu alim nə vaxtsa “çarmıxa çəkilmiş allah” obrazından imtina etmək məcburiyyətində qalır.
Bütün bu sadalananlardan sonra bir sual rahat buraxmır: onda bəs biz (yəni azərbaycanlılar) islamdan niyə qorxuruq? Elmi, mədəniyyəti ilə inkişaf etmiş Avropanı görüb həsəd hissi keçirir və müsəlman ölkələrinin acı taleyini yaşamaq istəmirik, ona görəmi? Maddi rifaha görə dinimizi qurban verəkmi? Özü də Avropanın müsəlmanlaşdığı bir zamanda…
İslamofobiya siyasi sifarişdir
Siyasi şərhçilər bütün bu proseslərin sifariş olduğunu deyir. Yəni siyasətçilər və jurnalistlər bu məsələni öz xeyirlərini güdərək olduğundan çox şişirdirlər və Avropada müsəlmanlara qarşı münasibət ona görə gərginləşdirilir ki, yerli əhalini islama və müsəlmanlar qarşı aparılan müharibələri dəstəkləməyə vadar etsinlər. Düşmən obrazı yaratmaqla İraq, Əfqanıstan, Somali, Sudan, İranda aparılan müharibələrdə cəmiyyətin dəstəyini qazanmaqdır.
Məsələyə siyasi qızışdırmadan kənar baxışla nəzər salsaq görərik ki, Avropanın islamlaşması adlı problemi yoxdur. Sadəcə, son 50 ildə müsəlman cəmiyyətləri öz infrastrukturlarını inkişaf etdirərək məscidlər tikir, halal qida sistemi yaradır, islam mərkəzləri, qəbiristanlıqlar, məktəblər yaradır və siyasi həyata qoşulurlar. Artıq İngiltərənin Lordlar Palatasında və ABŞ Konqresində müsəlman təmsilçiləri var. Müsəlmanlar başqa dinlərin nümayəndələri ilə bəzi məsələlərdə birləşərək cinayətkarlıq, narkomaniya kimi bəşəri problemlərin həlli ilə məşğul olurlar.
Avrabiya yeni əmələ gəlmiş terminlərdən biridir və avropalı düşüncəsinə zorla olsa, da yeridilir. Bu termin Avropanın tutqun gələcəyini ifadə edir ki, burada əksəriyyəti ərəblər və Şərq xalqları olacaq, cəmiyyətdə isə şəriət qanunları işləyəcək. Əslində problemin kökündə dayanan əsas məqam olur ki, avropalılar islamın nə olduğunu dəqiq bilmir. Məsələnin görünən tərəfi, başıbağlı qadınlar, çoxarvadlılıq, ailədə patriarxal münasibətlər və dini zəmində yaranan münaqişələr avropalıları qorxudur. Bu qorxunun ucbatından adamlar islam və ekstremizm arasında olan ciddi fərqləri görə bilmirlər.
İslam missiyadır!
Üçbucağın ən pik islam adlı bucağının Avropaya və bizə münasibəti demək olar ki, dəyişməzdir. İslama qarşı deyilən bir fikirlə razılaşmalı oluruq: islam sadəcə din deyil, o, missiyadır və bütün dünyanın insanlarını imana gətirmək üçün göndərilib.
P.S. Əslində etiraf etməyimiz lazım: Avropa üçün islam nə qədər təhlükəlidirsə, elə bizim üçün də Avropa o qədər təhlükəlidir. Çünki bəni-insan olaraq biz (yer kürəsində yaşayan homo sapiens növünün nümayəndələri kimi) hər hansı modeli mənimsəyərkən onun müsbət tərəflərini götürüb mənfini atmağı hələ ki, yaxşıca öyrənə bilməmişik.

2012-01-28

Yuxariya doğru