Göydə bağlanan nikahlar yerdə pozulur
İtalyanlar keçmiş arvadını 
          ömrünün sonuna kimi saxlayır, finnlər isə onu evdən qovur
          
 
           Azərbaycanda keçən il evlənən cütlüklərin 10 faizi boşandı. 
          Son yeddi ilin hesablamalarına görə boşananların sayı artıb. Əgər 2002-ci 
          ildə təzə evlənənlərin 5 faizi boşanırdısa bu rəqəm artıq 2 dəfə artıb. 
          Dövlət statistika komitəsinin keçən ilki hesabatına görə 78,9 faiz nikah 
          qeydə alınıb və onlardan 7,8 mini boşanmaq qərarını verib. Boşanmağı 
          sevməyən Azərbaycan xalqı üçün bu çox böyük rəqəmdi. 
          Son illiər başqa bir qanunauyğunluq da gözə çarpmaqdadır. Qızlarımız 
          xarici millətlərə ərə getməyə başlayıblar. Keçmişdə qızının evdə qız 
          qarımasına razı olan valideynlər onu başqa millətə ərə verməzdi. Bu 
          məsələdə necə deyərlər ipi bir balaca boşıldan azərbaycanlılara millətlərarası 
          nikahlar və başqa millətlərin boşanmaya olan münasibətini bilmək maraqlı 
          olar.
           Qız qalasının kilidləri açılanda
           Sovetlər dağılan kimi, sərhədlər şəffaflaşan və qara pərdələr 
          götürülən kimi get-gəllər artdı. Pis çıxmasın, zəncirdən açılmış it 
          kimi azadlıq havasını içinə çəkən keçmiş sovet ölkələri nəinki ətrafda, 
          lap uzaq kontinetlərdəki ölkələri əldən-ayaqdan saldılar. Bu dövrdə 
          rus qadınlarının total şəkildə xaricilərə ərə getməsi prosesi start 
          götürdü. Amma bu zaman qızlarımız ərə getməyə hələ ki, tələsmirdilər. 
          Xariciyə ərə gedib sonra kor-peşman vətənə qayıdan rus qadınlarının 
          acı taleyi də bu addımdan çəkindirirdi. Ailə səadətinin nə olduğunu 
          bilmək istəyən xarici kişilər də başqa millətlərin maneələrini aşsalar 
          da bizim quraşdırdığımız baryerləri aşmağa hələ ki, hazır deyildilər. 
          Bir növ Qız qalasının başında kilidlənmiş qızlarımıza hələ ki, yaxın 
          gəlmək olmurdu. Amma azərbaycanlı kişinin keyfiyyəti aşağı düşdükcə 
          qızını kimə gəldi vermək istəməyən validenlər bu qalanın kilidlərini 
          da açmalı oldular. Övladını xoşbəxt görmək, nəvə bəsləmək kimi arzularla 
          yaşayan xalq bu addımı mütləq atmalı idi. 
          İndi italyana, almana, amerikalıya ərə gedən minlərlə qadın var. «Bu 
          ba bir qismətdi» demək azdı, yeniliyin kökünə baxmaq lazımdı. Sirr deyil 
          ki, qızlar məktəbdə oğlanlardan yaxşı oxuyur və humanitar yönlü fənnlərdə, 
          xüsusilə dil qavramasında yaxşı nəticələr göstərirlər. Xarici dillərin 
          öyrənilməsi millətlərarası baryerlərdən bəlkə də ən vacibini aradan 
          qaldırmış oldu. Dili bilən qıza yeni ölkənin adətlərini öyrənmək çətin 
          olmaz. Savadlı, ünsiyyətlə xanımlarımız bura gələn xarici qonaqlarla 
          asanlıqla dil tapır və ünsiyyətə girə bilirlər deyən sonra intim duyğular 
          baş qaldırarsa bunun qarşısında aciz də qalmırlar.
           Sevgi olarsa dilə ehtiyac yoxdu
           Deyirlər ki, xaricdə kişilərin evinin xanımı olmaq istəyən 
          qadın üçün lap burunlarının ucu göynəyir. Orda hər şey tamam ayrı cürdür. 
          Bir-birinə meyl edən iki nəfər görüşür, ümumi maraqları, dünyagörüşləri 
          üst-üstə düşür və sonra onlar birlikdə yaşamaq qərarına gəlirlər. Bu 
          münasibətlər uzunömürlü olarsa qadının nə vaxtsa nişan üzüyü taxacağı 
          ümidi olur. Ona görə də xarici filmlərdə nişan üzüyü alan qadının az 
          qala sevincdən qışqırmağı gəlir. 
          Heç kim deməsin ki, heç vaxt xariciyi ərə getmərəm. Bunu hələ ki, bilmək 
          olmur. Xarici dildə zarafat etməyin çətinliyi bir yana mentalitetlər, 
          mədəni kodlar çox fərqlidi. Romantiklər deyir ki, məhəbbətin öz dili 
          var, arada sevgi olarsa sözlərə ehtiyac yoxdu. Amma hər ehtimala qarşı 
          bəzi nüansları bilmək lazımdı.
           Nişanlı vizasıla bütün dünyanı gəzənlər də var
           Şengen zonasına, ya da Amerikaya nişanlı vizası ilə getmək 
          olar. Bu viza uzun müddətə və çətinliklə qeydiyyat edilir. Dəvəti kişi 
          özü göndərə bilər və o, 3 aylıq verilir. Əlbəttə ki, vizanı əlinə almamışdan 
          əvvəl səfirliklər nişanlı qızı söhbətə çağırır. Soruşa bilərsiz, axı 
          bu nəyə lazımdı, turist kimi vizanı 3-4 günə almaq olar? Amma nişanlı 
          vizasını almış qadına ərə getdikdən sonra yaşayış üçün sənəd və vətəndaşlıq 
          almaq daha rahat olur. Nişanlı vizası ilə xaricə getməyə qadağa da qoyula 
          bilər. Bəzən olur ki, nişanlı vizasıyla qadın az qala bütün dünya ölkələrini 
          gəzib sonra qayıdır. Axı hər dəfə səfərin xərcini potensial adaxlısı 
          çəkir. Niyə də başqasının hesabına gəzməsin? Əgər bir kişinin nişanlısı 
          kimi gedib başqasına ərə getsə bu qadının reputasiyası tamamil pozulmuş 
          sayılar. 
           Nikah müqavilsi olmasa…
           Qadın xarici ölkəyə gəlib çatandan sonra da onun problemləri 
          bitmir. Çünki hər ölkənin öz qanunu var. Hüquqşünaslar deyir ki, ən 
          təhlükəsiz yol nikah müqaviləsini bağlamaqdı. Bu mövzuda İnternet forumlara 
          girəndə başı daşdan-daşa dəymiş qadınlar geninə-boluna məsləhətlər verirlər. 
          Onlar deyir ki, müqaviləni tərcümə etdirib diqqətlə oxumaq lazımdı və 
          onu bağlamaqdan çəkinmək lap yersiz hərəkətdi. Bu, Avropa ölkələri üçün 
          normadır. Bəzən uzaqgörən kişilər nikah müqaviləsinə elə müddəa salırlar 
          ki, adamın tükləri biz-biz olur. Məsələn, forumların birində başı çəkmiş 
          qadın danışır ki, onun müqaviləsində boşanandan sonra kişinin evini 
          3 gün ərzində tərk etməlidir müddəası yazılmışdı. O, etiraz edərək bu 
          müddəanı dəyişdirmişdi. Yeni müqavilədə yazılmışdı ki, qadın nə qədər 
          lazım bilsə o qədər də qala bilər. Başqa bir hadisədə isə qadın boşanmadan 
          sonra keçmiş ərindən müəyyən məbləğdə kompensasiya tələb etmişdi. Hətta 
          qadın evdar olmağı və uşaqları böyütməyi qərara alıbsa müqavilədə ona 
          düşəcək pay göstərilməlidi. Çünki orda bizdəki kimi ər və arvadın mülkiyyəti 
          ümumi deyil və əldə edilmiş varidat mütləq kiminsə adına yazılır. Müqavilədə 
          uşaqların kiminlə qalacağı də nəzərə alınmalıdı, yoxsa sonra gec olar. 
          Xarici kişi üçün bu müddəalara baxmayaraq evlənmək yenə də sərf edir, 
          çünki əvəzində möhkəm ailəsi olacaq və xanımı 2 gündən bir feminist 
          şüarlarını onun gözünə soxmayacaq. 
          
 
           Allah üçüncü «talaq»dan saxlasın
           Ərəb ölkəsinə gedənlərin işi bir az da müşküldür. Çünki oraların 
          qanunları daha mürəkkəbdir və boşanmada üstünlük əksər hallarda kişiyə 
          verilir. Orda nəinki boşanmaq, bəzən ərə getmək də çətindi. Ərəb ölkələrində 
          xarici qadın hələ evlənməmiş kişinin birinci arvadı ola bilməz. Ərəb 
          kişisinə birinci arvadı xaricdən almaq hüququ verilməyib. Xarici qadın 
          2-ci, 3-cü, ya da 4-cü arvad ola bilər. Ərəb ölkələrində mülkiyyət məsələləri 
          də kişinin qadına verdiyi qızıl, ziynət əşyaları və ipək yaylıqlarla 
          ölçülür. Müsəlman qadını «talaq» sözünü eşitməkdən qorxduğundan bütün 
          qır-qızılını üstündə gəzdirir. Çünki 3-cü dəfə bu söz kişinin dilindən 
          çıxsa həmən an qadın əynində nə varsa onunla birgə evi tərk etməlidi. 
          
           Kimdi günahkar?
           Evlənməmişdən əvvəl boşanmadan danışmaq bəlkə də yaxşı çıxmır. 
          Bunu biz belə fikirləşirik. Bizdə boşananlar məhkəməyə gəlib çıxıbsa 
          orda heç kim günahkar axtarmır. Uzaqbaşı 3 ay vaxt verirlər ki, bəlkə 
          hirsli başlar soyuyar. Amma xarici ölkələrin əksəriyyətində boşanmaq 
          çox çətin əməliyyatdı. Əvvəla, boşanma ərizəsi veriləndən sonra 1 ildən 
          3 ilə qədər vaxt keçməlidi ki, bu müddətdə ər və arvad ayrı yaşayırlar. 
          İtalyanlar buna «separisione» deyirlər və orda bu 3 ilə bərabərdir. 
          Almaniyada 1 il gözləyəndən sonra boşaya bilərlər, amma gözləmənin 3 
          ili keçməsini qoymurlar. Fransada tərəflərdən biri razı deyilsə 6 il 
          ayrı yaşayandan sonra boşayırlar. Amma tərəflər boşanmaq istəyirsə həmən 
          boşayırlar. Avstriyada bu müddət məhkəmə tərəfindən təyin edilir, yarım 
          ildən 3 ilə qədər ola bilər. Argentina, Kolumbiya və İrlandiyada boşanma 
          qadağandır və yalnız xüsusi hallarda icazə verilir. Norvecdə tərəflərin 
          razılığı ilə maneəsiz boşayırlar. İspaniyada nikah bir ildən az çəkibsə 
          bu məsələyə ərizə veriləndən bir ildən tez heç baxmırlar. 
           Ayağı sürüşkənlərin cibinə həmişə zərbə dəyir
           Görəsən Avropa məhkəmələri boşayanda nəyi müzakirə edir? Orda 
          kimin daha çox günahkar olduğu, kimə pulun əsas hissəsi çatacağı əsəs 
          götürülür. Ayağı sürüşənlərin cibinə elə zərbə vururlar ki, ömrünün 
          sonuna kimi yadından çıxmır. İspaniyada xəyanət halı sübuta yetirilibsə 
          bütün varidatı itirmək də olar. ABŞ və Almaniyada tərəflərdən biri xəyanətdə 
          günahlandırılırsa bunun sonu nikah müqaviləsinin pozulmasına gətirə 
          bilər. İtaliyada boşanmadan sonra qadın rəsmi şəkildə işləmirsə və sonra 
          ərə getməyibsə onun ömrünün sonuna kimi keçmiş əri tərəfindən təmin 
          edilmək kimi hüququ var. Hətta keçmiş ərinin ölümündən sonra da onun 
          təqaüdünü ala bilər. Fransada aldadılmış tərəf mənəvi ziyana görə kompensasiya 
          tələb edə bilər. Zərər çəkmiş acığını çıxmaq istəsə bütün hədiyyələri 
          geri istəyə bilər. Hollandiyada keçmiş ər arvadını birlikdə yaşadığı 
          illər qədər saxlamalı və təmin etməlidir. Amma bu müddət 12 ili keçə 
          bilməz. Onu da nəzərə almaq lazımdı ki, Avropada məhkəmələr çox bahalı 
          prosesdir. Vətəndaşı olmadan məhkəməyə getmək məsələsi isə ölkədən və 
          regiondan asılıdır. Ona görə də başına fata taxmazdən əvvəl gedəcəyiniz 
          ölkənin qanunlarını öyrənmək lazımdı. 
           Subaylıq elə həmişə sultanlıqdı!
           Başı çəkənlər deyir ki, İitaliya və Finlyandiyaya, isti ölkələrdən 
          Misir və İrana ərə gedənlərin məhkəmələrə işi daha çox düşür. 90 faizi 
          uşaq və aliment məsələlərində əsəblərini tarıma çəkir. Finlyandiyada 
          nikah müqaviləsi olmayan adamın hüququ heç nəyə çatmır. Bəzən olur ki, 
          qadını üstündə olan əyin başı ilə pasportsuz ölkədən çıxarıb geri qaytarmışdılar. 
          Sonra o, 6 il ərzində bu ölkədəkilərə anlata bilmirdi ki, orda onun 
          varidatı, mebeli, hesabında pulu var. Ona görə də belə problemləri gözünün 
          qarşısına gətirib yalnız ailə qurmaq və sevgi xətrinə xaricə ərə getmək 
          olar. Ölkəndən qaçmaq, yeni gün görmək, dünyanı gəzmək kimi arzular 
          sonra çəkəcəyiniz əzabları kompensasiya etmir. Dünyanı subay kimi gəzib 
          sultanlıq edə bilərsiz…
Qadın baxışı