Plastilin dünya
Ətrafımızdakı dünya 
          biz gözlədiyimizdən dəfələrlə maraqlı və gözlənilməzdir
          
 
           Fikirlərin maddi olması və arzuların beyindən keçən kimi reallaşması 
          xəbəri təzə deyil. Amma bu məsələyə ciddi yanaşanların sayı azdır. Əvvala 
          ona görə ki, fikirlərin maddi olduğunu qəbul etmək həyatının keyfiyyətinə 
          görə məsuliyyəti öz boynuna götürməyə bərabərdir. Bundan sonra «onlar 
          pisdi», «alınmadı», «sadəcə uğursuzluq zolağındayam» kimi arqumentlər 
          tamam yararsız olur. Hər şey öz əllərindədir və həyatının keyfiyyəti 
          də öz fikirlərinin maddiləşmiş məhsuludur. Məntiq buna axıracan inanmaq 
          istəmir. Dünyanın işıqlı beyinləri bu üsulları çoxdan həyatlarına daxil 
          etdikləri halda bizdə bəzən bunun nə olduğunu bilən yoxdur.
          Bu barədə çox danışırlar. Hətta artıq filmdə çəkilib. Adı «Sekret»dir, 
          yəni «Sirr». Vaxt vardı, məsələn orta əsrlərdə bu sirri sufilər, müdrik 
          kişilər bir-birinin qulağna pıçıldayardı. Çünki yerdə qalan cahil insanlar 
          bunu anlayacaq səviyyədə deyildilər. İndi isə artıq bu barədə hər yerdə 
          danışılır. Yəqin ki, bunu hamının bilməsi lazımdır, yəni artıq məqam 
          yetişib. 
           İnsan günah işlədəndə ağrayır
           Hələ ötən əsrin psixoterapevtləri pasientləri trans vəziyyətinə 
          salarkən bilirdilər ki, seansın uğurlu keçməsi üçün təkcə xəstənin deyil, 
          həm də həkimin uğurlu sonluğa inanması vacibdir. Əgər seans vaxtı xəstənin 
          transa düşüb sonra rahatca çıxmasıyla onun sağalacağına inanmasan heç 
          nə alınmır. Məntiqlə belə çıxır ki, iki nəfərin nəticəyə inanması lazımdır. 
          Adı çəkilən üsullar çoxdandır ki, dünya alimləri üçün 2x2 qədər sadə 
          və anlaşıqlıdır.
          Dünya özü bir sistemdir. Hər sistem isə daha kiçik sistemlərdən və onun 
          hissələrindən qurulub: hüceyrə, insan, cəmiyyət. Sistemi elementlər 
          deyil, onların arasındakı əlaqələr saxlayır. İnsan orqanizmində 2 il 
          ərzində yenilənməmiş bir dənə də hüceyrə qalmır. Amma insan bunu hiss 
          etmir və şəxsiyyətinin dəyişməz qaldığını düşünür. Şirkətdə də işçilər 
          gəlir, gedir, amma şirkətin işi davam edir. Sistemdə əlaqələr hər iki 
          tərəfə işləyir, sual-cavab, hərəkət- reaksiya şəklində. Sistemin hər 
          elementi bağlı olduğu başqa elementlər vasitəsilə verilən bütün suallara, 
          göndərilən bütün enerji formalarına müvafiq reaksiya, yəni cavab verir. 
          Məsələn, insan günah işlədərkən bunu anlayırsa orqanizm ağrılar şəklində 
          bu emosiyyalara cavab verir. 
          İnsan beynində daima çoxlu fikir və ideyalar dolaşır. Onlardan bəziləri 
          fasiləsiz «uğuldayır», beyinin müəyyən hissəsini zəbt etsə də fikirlərin 
          sahibi bundan heç xəbər tutmur. Əgər bu sistemi fasiləsiz olaraq arzularımızla 
          bombalasaq vaxt keçəndən sonra nəticələr gözləməyə haqqımız çatır. Bu 
          mistika deyil, Kainatın qanunlarından biridir ki, kosmosa göndərilən 
          enerji nə vaxtsa dolaşıb nəticə ilə birlikdə geri, sahibinə qayıdacaq. 
          Bəzən olur ki, insanlar ruhani yola qədəm qoyub ruhi kamillikləri ilə 
          məşğul olarkən onların başına o qədər gözlənilməz, amma pis hadisələr 
          gəlməyə başlayır. Zəif şəxsiyyətlərin belə məqamlarda əlləri yanına 
          düşür. Axı o, təmizlənmə yolu keçirsə niyə Kosmos onun yaxşı cəhdlərinə 
          mənfi cavb verir? Əslində isə proses düzgün gedir. İnsan kamilləşib 
          bir pillə qalxırsa onun sistemlə kontaktı da yaxşılaşır və tezləşir. 
          Üstünə qayıdan mənfiliklər isə onun keçmişinin izləridir. Bu məqamda 
          şərq mistikləri karma terminin işlədir. Karma sözü primitiv dini termin 
          deyil, məhz bu mezanzmin işləkliyini izah edən sözdür. 
           Kərəm kimi yana-yana yaşamaq
           Bəşəriyyət sifariş masasıdır. Biz isə sifarişçilərik. Bəşəriyyət 
          fikirləri arıtlamadan hamısını icra edir. Onunçün fikrin pis, ya da 
          yaxşı olmasının heç bir fərqi yoxdur. Həyatımızdakı bütün hadisələri, 
          bütün insanları biz özümüz cəzb etmişik. Sağlamlıq, var-dövlət və xoşbəxtliyi 
          də eləcə. Bu fikir əvvəl adamı şoka salır. İlk reaksiya mübahisə edib 
          həyatındaık hadisələri istəmədiyini bütün dünyaya başa salmaq istəyirsən. 
          Axı filan qəzanı mən istəməmişdim! Ya da mən həmişə varlı və xoşbəxt 
          olmağı arzulayırdım, kasıb və xəstə deyil. Amma artıq həyatını idarə 
          etməyi öyrənmiş insana bu sözləri desən o müəmmalı şəkildə gülümsəyər 
          və sizində mübahisə etməz. 
          Uğursuzluqlarımızın mənbəyi hardandır? Əgər siz maşın arzularkən «ay 
          Allah, bircə qəza olmasın!» deyəcəksizsə mütləq qəzaya düşəcəksiz. Kainat 
          «bəli» və «xeyr»i bir-birindən ayırmır. O, göndərilən ünvana sizin enerjinizi 
          çatdırır və cavabını da qaytarır. İşinizi itirməkdən qorxursuzsa, belə 
          də olacaq. İlk ixtisarda sizin vəzifəniz lazımsız sayılacaq. «Əlbəttə, 
          pul çox olsa pis olmazdı, amma onu kim mənə verəcək?» deyirsizsə sizə 
          pul verən heç kim tapılmayacaq. Kim ki, varlı, imkanlı və özünü bütün 
          bunlara layiq sayırsa onun imkanı bütün arzularını ödəməyə də kifayət 
          edir. 
          Diqqət edin, 3-4 adam görüşüb söhbətləşirsə onlar nə edir? Adətən taledən 
          şikayətlənir və ucdantutma söyürlər. Qadınlar kişiləri yıxıb sürüyür, 
          kişilər arvadların əlindən deyinir. Həyatımızdakı problemlərin məsuliyyətinin 
          böyük hisəsəsi kütləvi iinformasiya vasitələrinin üzərindədir. Televizoru 
          yandırırsan kriminal və fəlakətlər xəbərləri ön plana çəkilir. Seriallarda 
          tükürpədici məişət faciələri yaşanır, tok-şoularda eşitdiyimiz əhvalatlar 
          qanımızı dondurur, şərhçilər dünyanın sonunu təfərrüatıyla təsvir dir. 
          Televizora baxmasan da bu tip informasiya ürəyinə yol tapacaq. Musiqilərdə 
          nakam sevgi əhvalatlarından göz yaşları tökülür, itirilmiş sevgi və 
          xoşbəxtliyin olmaması barədə fəlsəfi düşüncələri eşidirsən. Ona görə 
          də xoşbəxtlik də gəlib çıxmaq bilmir. Əgər bu informasiyalara şəxsi 
          filterdən keçirməyi bacarmasan həyatını leyli Məcnun sevgisiylə, yanıq 
          Kərəm dərdilə və dünyanın bütün nakam sevgiləri ilə yaşayacaqsan. 
           Axı sən nə istəyirsən?!
           Əgər mexanizmin necə işlədiyi aydındırsa həyatınızı kökündn 
          dəyişməyə hazır olun. Əvvəla keçmizi analiz etmək lazımdı. Çünki indi 
          yaşadığınız həyat vaxtilə düşündüyünüz fikirlərin artıq reallaşmış variantıdır. 
          Məsələn, bir qadın şəkər xəstəsi idi. O, əlbəttə ki, şüurlu şəkildə 
          xəstə olmaq istəmirdi. Amma psixoloqla söhbətində məlum oldu ki, evdəkilərin 
          onu acımasından ləzzət duyur və özünə diqqəti itirmək istəmir. Psixoloqlar 
          deyir ki, həyata olan bütün inciklikləri, iradları kağıza yazıb hamısına 
          birdəfəlik baxmaq lazımdır. Nə istəyirsən? Sənə xoşbəxt olmağa nə kömək 
          edər? Bundan sonra bütün çatışmazlıqları əyani şəkildə görəndən sonra 
          gələcəyi təsəvvür etmək lazımdır. Bir ildən sonra nə olacaq, daha sonra 
          5 il, laz 10 ildən sonra. Təsəvvür etdikcə gələcək barədə qorxular arxa 
          plana keçir və siz özünüzü taleyin ixtiyarına buraxırsız. Arxulamaq, 
          xəyalpərəslik etmək də ziyan deyil. Buna vizuallaşdırma üsulu deyilir. 
          Siz gələcəinizi arzuladığınız şəkildə və xırda detallarına qədər təfərrüatıyla 
          təsvir edirsiz. Kainat isə ona ötürülmüş enerji selini qəbul etməyə 
          başlayır. Prosesdə Kainata,Təbiətə, Allaha şükranlıq etmək lazımdı. 
          Çünki bu ən saf enerji formalarından biridir və mütləq sahibinə bir 
          qucaq sevinc bəxş edəcək. 
          Hələ 4-5 min il bundan əvvəl Zərdüşt peyğəmbər «Saf fikir, saf söz, 
          saf əməl» deyəndə elə bu kosmik qanunu nəzərdə tuturdu. Bu çox mürəkkəb 
          prosesdi. Xüsusilə də əgər siz şikayət edib günahkarları kənarda axtarmağa 
          artıq öyrəşmisizsə. Pisi görməmək və ya özünü görməməzliy vurmaq çox 
          fərqli anlayışlardır və fərqli də nəticələr verir. Ətrafında pisliklərin 
          olmadığını düşündükdə onlar birdən olmasa da tədricən yoxa çıxmağa başlayır. 
          
          Gələcyin müsbət planlaşdırılması artıq dünya praktikasında şirkətlər 
          səviyyəsində çoxdan tətbiq edilir. Vaxtilə Qobustan qayalıqlarında iz 
          salmış bu üsulla (Maralın şəklini qayada cızıb oxlarla onu vurmaqla 
          sabahkı ovun planını kosmosa messaj göndərmək) yığışıb şirkətlərdə gözlənilən 
          müsbət yenilikləri kollektiv şəkildə müzakirə edirlər. Bizdə el arasında 
          deyirlər ki, 7 qadın bir yerə toplaşıb, əl-ələ tutub eyni arzunu səsləndirsə 
          bu tezliklə baş verəcək. Cümə namazında da, kütləvi dua mərasimlərində 
          də həmin bu mexanizm işlədilir. Kainata müsbət enerji göndərilir ki, 
          müsbət dəyişikliklər gözləmək mümkün olsun. 
           Çoxsağolun gücü
           Deyirlər ki, dünyanın bütün uğurlu şəxsiyyətlərində bu üsulun 
          müxtəlif variantları olub. Buna xoşbəxtlik kartı deyirlər. Ortada öz 
          şəklini iri kağıza yapışdırırsan. Sonra onun ətrafına arzuladıqlarınızı 
          əl altında olan rəngli jurnallardan kəsib yapışdırırsınız. Maraqlı kollaj 
          alınır. Həmin kollajı evn ən götünən yerindən asırsan ki, keçib-gedəndə 
          gözün ora sataşsın. Bunun üçün nə istədiyini artıq dəqiq bilməlisən 
          ki, hər gün onun maddiləşməsi prosesində sonradan peşman olmayasan. 
          Bu üsulu işlədənlərin fikricə arzularn 80 faizi reallaşır. 
          Sadəcə «çoxsağol» sözünün çox böyük müsbət yükü var. Özünüzə minnətdarlıq 
          daşı tapın. Lap nağıllarda olduğu sehirli çubuğu öz əllərinizlə də yarada 
          bilərsiz. Hər gün müəyyən əşyanı, bu daş da, çubuq da ola bilər, həyatdakı 
          bütün yaxşılqlara görə sığallayıb sağol deyin. Məsələn mənim bir tanışım 
          hər dəfə avtobus dayanacağına yaxınlaşmamış onun tez gəlməsinə görə 
          minnətdarlıq edirdi. Həqiqətən də o, yaxanlaşan kimi avtobus dayanacağa 
          çatırdı. Amma kimsə avtobusunu saatlarla gözləyir. Bu üsulun mürəkkəbliyi 
          ondadır ki, biz niyəsə almamışdan əvvəl şükranlıq etməliyik. Çünki nəyisə 
          alandan sonra sevinməyə öyrəşmişik, qabaqcadan yox. Biz şükranlıq edərkən 
          avtobusumuz lar gecikə də bilər, bu bizi hiddətləndirməməilidir. Çünki 
          biz bu günümüzü yox, gələcəyimizi planlaşdırırıq. Günlərin bir günü 
          sizin də sehirli çubuğunuz sehr yapacaq. 
           Sabahından oğurlama!
          
 
           «Sekret» filmində hər şey son dərəcə sadələşdirilib. Sən Kainatdan 
          nəsə istəyirsən, o da sənə onu verir. Az keçmiş, ya çox keçmiş , amma 
          mütləq verir. Heç kim gələcəyi planlaşdırmağın çətinlikləri və hətta 
          ziyanı barədə danışmır. 
          İnsanın müsbət köklənməsi çox vacibdir. Ona görə də həkimlər onkoloji 
          xəstələrə diaqnozu demirlər. Çünki ölüm barədə fikirlər onu daha tez 
          öldürə bilər. Aclıq zamanı insanın 7-ci günündə əlaqsızlıqdan ölməsi 
          faktları var. Amma məlumdur ki, insan sağlamlığı xətrinə aclıq keçirib 
          yeməkdən imtina edərsə lap 1 ay da sağ və salamat qalır. Hər şey hansı 
          məqama köklənməkdən asılıdır. 
          Hər kəsin bu dünyadan istəyəcəyi arzuları var. Onlar bir-birinə bənzəməz. 
          Sadəcə təsəvvür edib arzulamaqnan da hər şeyi əldə etmirlər. Həmin arzunu 
          artıq reallaşmış şəklini bir film kimi özlərinin qarşısında canlandırmalı 
          və özünü həmin yerdə, yəni arzunun düz mərkəzində təsəvvür etməlisən. 
          Belə olmasa əgər təzə mebel arzulayırsansa qonşu sənə mebel kataloqu 
          verəcək. Ya da aldığı təzə mebelə baxmağa dəvət edəcək.
          Bir hadisəni nümunə çəkək. Onu televizorda izləmişəm. 2 qızı olan bir 
          ailəni göstərirdilər. Qızlardan biri kifir, o biri qəşəng idi. Ana danışır 
          ki, kifir qız əvvəl doğulub. O isə həmişə qızlarının gözəl olmasını 
          arzuladığından ikinci dəfə hamilə qalanda hər gün doğulacaq qızın gözəlliyini 
          təsəvvür edib. O, hansısa foto modelin şəklini əlində tutaraq hər gün 
          ona tamaşa edir və doğulacaq qızının hər xırda detalını gözləri önündə 
          canlandırırdı. Nəticədə onun çox gözəl ikinci qızı doğulur. Bu iki qıza 
          baxanlar inana bilmir ki, onlar bacıdır. Ananın fikirləri pozitiv olduğundan 
          asanlıqla reallaşdı. Ona görə də bizdə hamilə qadınları yas mərasimlərinə 
          gəlməyə qoymur və kifir adamlara baxmaqdan qoruyurlar. 
          Arzuların reallaşma metodunu həyat normasına çevirmişlər deyir ki, arzuya 
          qoyulan enerji onun reallaşma müddətini müəyyən edir. Həyatda mənəvi 
          qüvvəsi az olan adamlar da var ki, Kainat onların arzularını demək olar 
          ki, eşitmir. Kainata göndərilən enerji təmiz, kimsə tərəfindən mənimsənmiş 
          olmamalıdır. Bəzən naşı adamlar enerjini gələcəkdən oğurlayırlar. Belə 
          olanda xəstəliklər, zəifliklər yaşanır. Sehirli üsulun maraqlı nəticələrindən 
          ilhamlananlar az keçmiş onu atırlar. Çünki fikir formaları şəklində 
          alacaqları oyuncaqlara görə qiymətli enerji ehtiyatını işlətmək istəmirlər. 
          Arzuların maddiləşməsi üsulunun belə mənfi tərəfləri də var. İnsan nə 
          istədiyini dəqiq bilməlidir. Az keçmiş onu alandan sonra arzulayan anlayır 
          ki, əslində heç də istədiyinə çatmayıb. Bu mövzuda məşhur hekayət də 
          var. Bir nəfər xəstə qızını sağaltmağı arzulayır. Onun qarşısına bir 
          nəfər çıxır və deyir ki, sabah səhər ən ümdə arzusunun reallaşacağını 
          görəcək. Kişi səhər durub milyonçu olduğunu görür. Sən demə ürəyinin 
          dərinliyində gizlətdiyi arzunu Kainatdan gizləyə bilməyibmiş. Qızının 
          sağalmasını deyil, varlanmağı arzulayıbmış. 
           Arzularla ehtiyatla davranmalı
           Bəzən insanın aurası və fikirləri təmiz olduqda (bunu oruc 
          tutmaq, meditasiya, ya də xüsusi əhvala köklənməklə əlde edirlər) arzular 
          və fikirlər o qədər böyük sürətlə maddiləşməyə başlayır ki, müəllif 
          fikrinin ona nə dərəcədə lazım olduğunu da dəqiq müəyyənləşdirməyə vaxt 
          tapmır. O zaman maddiləşdirdiyin hər arzu, istək, fikir üçün məsuliyyət 
          hissi əmələ gəlir. İnsan istəmədən başqasına ziyan vuracaq bir şeyi 
          istəyə bilər, ya da arzusu ətrafındakılara zərər gətirməklə vicdan əzabı 
          verə bilər. Belə şəraitə düşənlər adətən Yaradandan heç nə istəməmyə 
          üstünlük verirlər. Onsuz du bütün alacaqlarımız maddi dünyanın nemətləridir. 
          Ona görə daha dəyərli olan mənəvi enerji sərf etmək israfçılıqdır. 
          Bir tək insanın arzusu olduğu kimi, ailələrin, nəsillərin maddiləşəcək 
          arzları və eləcə də millətlərin ümumi fikirləri və istəkləri olur. Bəzi 
          mənbələrə görə fikir işıq sürətindən tez sürətlə hərəkət edir. Onun 
          işini suya atılmış daşlar kimi təsəvvür edirlər. Daş suyun üzərində 
          balaca dairələr yaradır. Sonra bu dairələr böyüyüb bütün gölün səthini 
          dalğalandırır. Arzularımız da eləcə bütün canlı aləmi təlatümə gətirir. 
          Millət bir parça çörəyə görə də, Qarabağ boyda böyük arzuya görə də 
          Kainatı eyni dərəcədə çalxalandırır. Qarabağı istəmək həm də orda olacaq 
          müharibəni də istəmək deməkdir. Kainat üçün orda yaşayan insanların 
          milliyətinin fərqi yoxdur. 
           ***
          Qədim zamanlarda fikrin gücüylə işə salınan uçan aparatlar vardı. Onun 
          dəqiq təsvirləri hind sanskrit yazıllı mənbələrində, eləcə də Amerikanın 
          aborigen tayfalarının mifologiyasında, həm də qayaüstü oymalarda qalıb. 
          Deyirlər ki, faşist Almaniyası müharibə apararkən gizli laboratoriyalarda 
          Tibet monaxlarından öyrəndikləri mantrlarla psixi enerjini hərəkətə 
          gətirməyi öyrənib insan fikirlərinn gücüylə uça bilən aparatlar yaratmışdılar. 
          Məğlub olandan sonra həmin bunkerlər minalanaraq ruslardan və amerikalılardan 
          gizlədildi. İndi həmin bu fikir enerjisi ilə həyatını dəyişmək istəyənlərə 
          evdən çıxmadan onlayn dərslər keçir və çoxlu ədəbiyyat təklif edirlər. 
          Ehtimal etmək olar ki, bəşəriyyət artıq bu tip informasiyanı həzm edəcək 
          səviyyəyə çatıb artıq. Azərbaycan dilində bu barədə məlumat tapmaq mümkün 
          deyil. Ana dilində danışanlar belə informasiyalardan təcrid edilib. 
          Ancaq hələ bilmək olmur ki, gizli cəmiyyətlərin sirrlərinin aşkarlanması, 
          massonların sirrlərinin artıq mətbuata və televiziyaya çıxarılması tərəqqiyə 
          xidmət edir, yoxsa əksinə.
           
Qadın baxışı