Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Yaltaqlıq

Hamımız bəzənmiş həqiqəti dinləməyi sevsək də yaltağın özünü sevmirik
Deyirlər, insanlar heç dəyişmir. Əsrləri arxada qoyduqca cəsarətlilər, axmaqlar, yalançılar, hiyləgərlər, ağıllılar həmin surətlə doğulur və ölür. Nə qədər deyilsə ki, «axı delə olmaz, belə yaramaz» insan təbiəti hər şeyi üstələyir. Məsələn, yaltaqlığı götürək. Onlara nə qədər adlar verilib: yaltaq, riyakar, qılığa girən, quyruq bulayan, əlaltı, iş verən, şillə vuran və s. Bunlardan heç birini kimsə öz ünvanına eşitmək istəməz. Yaltaq öz xeyrinə görə əyilməyə razı olan birisidi. O, açıq-aydın yalan deməkdən, eləcə də yaltaqlandığı adamdan bir xeyir görmədikdə sözlərindən imtina etməkdən çəkinmir. Gəlin araşdıraq, axı insanlar niyə yaltaqlanır, buna görə onları bağışlamaq olarmı?
«Yaltaqlıq qulların davranış üslubudur»
F. Bekon
İnsanların çoxu özünün başqalarına bənzəməməsi haqqında fikirlərdən az qala bayılır. Unikllığını, təkrarsızlığını önə çəkən tərif qarşısında duruş gətirə bilən adam çox az tapılar. Xüsusilə də cəmiyyətdə seçilmişlərdən olanlar daim diqqət mərkəzində olmasından istər-istəməz dərin həyəcan və ehtiras hissləri keçirir. Özünü səhnələrin sultanı sayan ulduzlar, yaxud ətrafında heyranların dəstəsi gəzən quru (mistik təssürat dünyasının yol göstərəni – G.R) – fərq etməz. Bu vaxt eşitdiyin şirin sözlər dünyanın ən güclü narkotiki kimi təsir edir. Adi insanların qabağına çıxan yaltaqlıq onların qarşılaşdığı yaltaqlıq formasıyla müqayisədə dəhşətli dərəcədə sönük görünür.
«Yaltaqların nitqləri səslənliklən
sonra da təsirini itirmir»
Seneka
Əgər desək ki, başqasının fikri bizi maraqlandırmır, bu heç də düz olmaz. Siz də müşahidə eləmisizmi, yaxın bildiyimiz insanlardan gözləmədiyin sözü eşidəndə daha ağrılı olur. Axı, onlar səni daha yaxşı tanıyır və zəif yerini başqalarından yaxşı bilir. Ona görə də inciməzdən əvvəl tərif yaxud tənqid olmasından asılı olmayaraq sözün nə qədər insaflı olmasını müəyyən eləmək lazımdı. Elə bil güzgü qarşısındasan, özünə ki, yalan deməzsən!
«Yaltaqlığı bacaran böhtan
atmağı da dacarar»
Napoleon
Yaltaq obrazını təxminən belə bölüşdürmək olar:
Sakit, başıaşağı bir cavan. Dilindən razılıq kəlməsi düşmür. Ən gülməlisi odur ki, onun qulluq xətrinə elədiklərini əsas fiqurdan başqa hamı görür. Yaltaq onun arzularını dilinə gətirməmişdən əvvəl duymağa çalışır, tez-tez razılıq əlaməti kimi başını bulayır, müdirin zarafatlarına yersiz gülüşləriylə cavab verir. Belə yaltaqlar ən qorxulusudur. Çünki ürəkdə onlar yaltaqlandığı adama nifrət edirlər. Belələri vəzifəyə çatan kimi ətrafını özü kimi yaltaqlarla doldururlar.
Bəziləri isə qorxudan yaltaqlanır. Tutaq ki, mudirin axmaq və yekəbaşın biridir. Sənin karyeran, güzəranın tamamilə onun əlindədir. Belə vaxtı axmaq təklifləri ağıllı, səmərəli adlandıran, yersiz iradlara dözüb susan adam da yaltaq adlanır. Yaltaqlığa qurşanmamaqçün ya gərək gözü iynədən betər deşən həqiqəti deyəsən, ya da üzü sulu çıxıb işdən gedəsən.
Öz xeyrinə görə yaltaqlananların içində bunu çox asta, lap tülkü kimi icra eləyənlər də var. Onlar həqiqətə bənzən yalanlar dediyindən bu, düz sözü üzə çırpanları təhqir eləyir. Belələrini biz yaltaq yox, qılıqlı insan adlandırırıq. Bəzən uşaqlar da bir-birinin zəif yerini intuitiv duyaraq «Ver köçürüm də, sən axı belə ağıllısan, noolar» kimi replikalarla istədiklərinə çağırlar.
Sevdiyindən dilinə yaltaq sözləri gətirənlər də olur. Düzdür, əsil vurulan həmən dəqiqə çəhrayı eynəkləri geydiyindən sevdiyi onunçün dünyanın ən gözəl, ağıllı, xeyirxah insanına çevrilir. Həmin an o, hər şeyi şişirdilmiş formada gördüyündən bu yaltaqlıq sayılmaz. Amma kompliment selini axırtmaqla sevgilisinin başını bişirməyə çalışırsa burda yaltaqlığın ən eybəcər formalarından biri ortaya gəlir. Axı başqısını hissləriylə oynamaqdan pis nə ola bilər?
Yaltaqlıq müxtəlif formalarında demək olar ki, gündəlik həyatımızın bir hissəsidir. Onunla necə rəftar etməyi- göz yummaqmı, mübarizə etməkmi, prinsipiallıq göstərməkmi- bunu hər kəs özü bildiyi kimi həll edir.
«Yaltaqlıq nə qədər kobud olsa da
onun ən azı yarısı həqiqət olur»
F. Dostoyevski
Bəziləri belə düşünür ki, müdirin yanına girərkən mütləq yerişini dəyişməlisən. Bədəni bir qədər qabağa əyib addımları kiçildərək üzünə gülüş maskası da taxmalısan. Bu pozanın klassik nümunəsi çinli, yaxud yapon kişisinin duruşu və yerişi ola bilər. Buna bəzən şərq mədəniyyəti də deyirlər. Bəzən dərinliyinə varmadan yaltaqlıq və şərqli davranışı anlayışlarını eyniləşdirirlər. Şərqdə sözü birbaşa üzə deməyin özü də şillə vurmaq kimi bir şey sayılır. Əlbəttə, düzün deməyin öz təhəri var, bunu qərbli bilməz. Şərqdə ustad-şəyird münasibətləri, böyüyə hörmət kultu, sifi ənnələrindən qalmış mürşid-mürid heyranlığı, ticarətlə bağlı «adamı yola vermək» istedadı bəzi xalqlarda yaltaqlığa meylli şərqli obrazı formalaşdırıb. Şairlərin gülü, çiçəyi, gözəl və göyçəyi göylərə qaldıran şişirtmələrlə dolu şeriyyatı da buna öz əlavələrini eləyib. Şərqli yaltaqlığı və hazırcavablığına Molla Nəsrəddin haqqında lətifələrdəki obrazlar qalereyasında sonsuz sayda nümunə gətirmək olar. Axı, Molla Nəsrəddinin özü sözünü hakimin üzünə çırpmazdı, yoxsa göy üzünə həsrət qalardı. Sözünü yumşaq amma təsirli deməyin yollarını yalnız şərqdə öyrənmək olar.
Azərbaycansayağı sevgi
Yaltaqlığın hakimiyyətlə cüt bacı olması hamıya məlumdu. Nəyə görə yaltaqlanırlar, nəyə görə dinləyirlər, o da məlum. Bəs niyə yaltaqlıq Azərbaycanda çiçəkləyir, niyə belə eybəcər formalara düşür? Bax bu böyük bir tədqiqatın mövzusudur. Mən vəzifəcə böyük şəxsin qarşısında yaltaqlanmağı başa düşərəm. Onun vəzifəsindən başqa topdağıtmaz ev-eşiyi, uşaqları və nəvələrini xoş güzaranı, şəxsi biznesi, yəni itirəcəyi çox şeyi var. Amma vaqonda gecələyən, onun-bunun pal-paltarını geyib qızınan, rahat ev, bir qarın çörək həsrətində olan, yəni itirməyə heç nəyi olmayan insanların teloviziya kamerası qarşısında prezidentə yaltaqlanmağını başa düşmək çətindi. Bəlkə də onlar Lenin, Stalin haqqında nəğmə və şerlərlə böyüdüyündən, yaşadığı ərazidə hansısa siyasi lederin nə vaxtsa dediyi bir kəlmə yazılmış plakatdan savayı görməli yer yoxmuş deyən, televizorda tərifdən başqa heç nə eşitmədiyindən yaltaqlanırlar. Əslində onlar yaltaqlanmır, ata və babasının yoluyla gedirlər. Yaltaqlıq həyat tərzi də ola bilərmiş? Buna azərbaycansayağı sevgi də demək olar.

«Saray əyanları sədəqə diləməklə
var-dövlət toplamış dilənçilərdi»
N. Şamfor
Hakim dairələrdə yaltaqlığı araşdırmaqçün fakt toplamağa ümidim heç yoxuydu. Çoxdandı televizora baxmaram, bəzi qəzetləri gözdən keçirirəm, plakatları oxumamağa çalışıram, nəfis poliqrafiya ilə çap olunan məddahlıq nümunələrinə rəncarəng, gözoxşayan şəkillər kimi baxarım. Oxusam zəhərlənə bilərəm. Amma deməmiş oxuyanlar da var. Bundan gerisini Analitika.az forumundakı söhbətlərdən götürmüşəm: «Bir neçə ay bundan əvvəl «İlham Əliyev: sitatlar və analiz» (müəlllif Ramiz Mehdiyev) kitabının prezentasiyası oldu. «Azərtac» və «Bakinskiy raboçiy» prezentasiyadan çıxışların az qala stenoqramını çap eləmişdi. Bəzi çıxışlara diqqət verək:
Milli məclisin sədr müavini Bahar Muradova:
- Dünya İlham Əliyevin simasında Azərbaycanın təbii sərvətləri və enerji daşıyıcılarını nəinki öz xalqı, dövləti , millətinin ehtiyacına, həmçinin bütün dünyanın ehtiyacına sərf eləməyi bacaran siyasi lider qazanmışdır.
Azərbaycan İqtisadiyyat Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev:
- Hörmətli prezidentin sözləriylə desək bu gün Azərbaycanda iqtisadiyyatın dünyada analoqu yoxdur. Bu o deməkdir ki, bir dənə də ölkənin praktikasında olmayan, təkrarsız, hamıdan fərqlənən iqtisadi inkişaf sistemi yaradılmışdır.
Milli Məclis yanında beynəlxalq və parlamentlər arası münasibətlər daimi komissiyasının sədr müavini Gültəkin Hacıyeva:
- İ. Əliyev siyasəti əvvəldən axıra kimi səmimi və düzgündür. Tədbir iştirakçılarından üzr istəyib bir sözü rusca demək istəyirəm. Onun azərbaycanca ekvivalentiin bilmirəm, çox guman ki, heç yoxdur: «poryadoçnost» (ruscadan bu söz «təmizlik, saflıq, düzgünlük, vicdanlılıq, namusluluq, alicənablıq» kimi tərcümə edilir – G.R). Onun xalq arasında uğurunun səbəbi ondadır ki, o, xalqa qulluq edən siyasətçidir.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev:
- Qısa zaman ərzində Azərbaycan nəinki regionda, həmçinin beynəlxalq arenada nüfuzlu dövlətə çevrilib. Bu danılmaz həqiqətdir.
Avropa şurasının deleqasiya üzvü, deputat Rafael Hüseynov:
- Qaçqın çadırları, tökülmüş məktəbləri, sınmış yolları və neftdən asılılığı olmayan bir ölkə yaratmaq - bu prezident İ. Əliyevin arzusudur. O, buna nail oldu, buna görə onu minnətdar olmalıyıq. O özü də xalqın var-dövlətidir, biz onu qiəmətləndirib qorumalıyıq.
.... Dünyanın hansı yerində ruhani lider prezidentin ünvanına belə sözlər deyə bilər? «Heydər Əliyevə qarşı gedən Allaha qarşı gedir», «Əliyevə inanmayan Allaha inanmır», bir neçə ildən sonra İlham Əliyevin ünvanına «Mən fəxr eləyirəm ki, belə prezidentim var. Sizin danışıq tərziniz, yerişiniz, prezidentlər arasında görkəminiz allahtaala tərəfindən təqdir edilmişdir. Ona görə Allaha dua edirəm ki, Heydər Əliyevdən sonra O, bizə sizi bəxş edib», «Sizin rəhbərliyiniz altında biz inşaaallah, yüz, lap minnilər boyu qalib gələcəyik». ....
«Qulağımız yaltaqlıqçün geniş açılmış darvaza,
həqiqətçünsə iynənin deşiyi boydadır»
B. Paskal
Güdəlik həyatdan bir səhnə, ola bilər sizdə də belə olur. Səhər həyat yoldaşım dedi ki, nəsə gözünə bir-təhər görünürəm. İşdəki rəfiqəm paltarımı bəyənmədi. Müdirim sonuncu yazımı yerlə-yeksan eləyib pislədi. Bu da azmış kimi metroda «Xala, əyləşin» deyən cavan oğlan mənə yerini verdi. Elə bir qocayam, nədi? Evə gələndə əhvalımın pisliyinin səbəbini araşdırmağa çalışdım. Dərindən düşünsən, dəhşətli heç nə baş verməmişdi, axı? Yoldaşım sağlamlığımın qeydinə qalır, rəfiqəm təzə paltarıma həsəd aparır. Əslində müdürüm də haqlıydı. Metroya gəlincə, cavanlar tərbiyəli böyüyür. Mən elə xalayam da, əmi deyiləm ki. Belə çıxır ki, hər şey öz qaydasındadı. Məni əsəbləşdirən o idi ki, mənə eşitmək istəmədiyim bir şeyi demişdilər. Amma səni tərifləyəndə, işini, görkəmini nümunə çəkəndə, kişilər kompliment deyəndə necə də yaxşı olur. Kompliment özü də yaltaqlığın bir növüdür.
Çox vaxt qadını ram eləməkçün onun qulağına bir neçə krmpliment demək kifayət edir. Düzdü, komplimentin keyfiyyəti onun ifasından çox asılı olur. Nə qədər çox olsa, bir o qədər yaxşıdı. Bu vaxt kəmiyyət keyfiyyətə, sonra yenidən kəmiyyətə (bu dəfə qadınların kəmiyyətinə) keçir. Odur ki, kişilər, məşq eləyin, aşağıdakı ən qəribə komplimentlərlə yaraqlanın. Qızlar, elə bilirsiz kompliment demək asandır? Özünüzü başa düşənlər kimi aparın, heç olmasa....
 Belə görkəmdə dərsə gələrlər? Axı bura məktəbdi, yazıq oğlanlar necə dərs oxusun? Sənin heç vicdanın yoxmuş.
 Miloslu Veneranı yonanda sənə baxmalıydılar.
 Yaxşı ki, səninlə belə az görüşürük. Gündə 20 dəqiqədən artıq səadət sağlamlıqçün ziyandı.
 Belə baxışdan əvvəl kontrol baxış buraxmasan səni kişilərlə qəddar sünasibətə görə tuta bilərlər.
 Nahaq sənə baxdım, indi qopa bilmirəm.
 Xanım, sizin layiq olduğunuz komplimentləri printerdən çıxarası olsaq ölkə kağızsız qalar.
«Biz özümüzə yaltaqlanmasaq
başqasının yaltaqlığı ziyan gətirə bilməz»
Laruşfuko
İnsanın öz şəxsiyyətini düzgün qiəmətləndirə bilməməsi yaltaqlıqçün zəmin yaradır. Hamı bir az xudbin, bir az özünü sevəndi. Bunu danmaq olmaz. Hər kəs eşitmək istədiyini, onu həm özü, həm də başqalarının gözündə yuksəklərə qaldıran sözləri dinləməyi sevir. İnsanın bu ehtiyacını əlində əsas tutub yaltaqlanan adam sevinc gətirən bir insan kimi arzulanan olur. Həqiqəti deyənlərsə az qala düşmənə çevrilir. Bizi tərifləyəndə hətta öz gözümüzdə böyüyür, gözəl və ağıllı oluruq. Bizə qara yaxanda, pis, istedadsız adlandırılıb ayaq altına atılanda içimizdə birdən qorxu yaranır. «Hakim» və «pərəstişkar» özü də insandır, onun da öz zəif və səhv fikirləri var. Ən dəqiq, obyektiv qiyməti yenə də özümüz verə bilərik. Özünü tanıyan insan tənqiddən təsirlənməz, tərifdən əriməz. Qəribədi ki, hamımız bəzənmiş həqiqəti dinləməyi sevsək də yaltağın özünü sevmirik. Kənardan yaltaqlıq səhnəsinə baxmaq çox gülməli olar: birisi dediklərinə ürəkdən inanaraq ağzına gələni danışır, o birisiysə dodaqlarını qulaqlarının dibindən yığışdıra bilməyərək ləzzətlə dinləyir. Mənimlə razı olarsız, yaltaqlın yalnız o yerdə əmələ gəlir ki, onu orda gözləyirlər.
Hər birimiz təkrarsız və qiymətliyik. Ətrafdakıların mülahizələrinə əsir olaraq çoxlu kompleks və tərəddüd hissləri qazanmaq olar. Cəmiyyətdə yaşayaraq onu inkar eləmək də olmur. Bircə çıxış yolu qalır: özünü tanımaq, özünü sevmək və hamısından vacib, özünə hörmət eləmək.

Yuxariya doğru