Yaltaqlıq
Hamımız bəzənmiş həqiqəti 
          dinləməyi sevsək də yaltağın özünü sevmirik
          
 
           Deyirlər, insanlar heç dəyişmir. Əsrləri arxada qoyduqca cəsarətlilər, 
          axmaqlar, yalançılar, hiyləgərlər, ağıllılar həmin surətlə doğulur və 
          ölür. Nə qədər deyilsə ki, «axı delə olmaz, belə yaramaz» insan təbiəti 
          hər şeyi üstələyir. Məsələn, yaltaqlığı götürək. Onlara nə qədər adlar 
          verilib: yaltaq, riyakar, qılığa girən, quyruq bulayan, əlaltı, iş verən, 
          şillə vuran və s. Bunlardan heç birini kimsə öz ünvanına eşitmək istəməz. 
          Yaltaq öz xeyrinə görə əyilməyə razı olan birisidi. O, açıq-aydın yalan 
          deməkdən, eləcə də yaltaqlandığı adamdan bir xeyir görmədikdə sözlərindən 
          imtina etməkdən çəkinmir. Gəlin araşdıraq, axı insanlar niyə yaltaqlanır, 
          buna görə onları bağışlamaq olarmı?
           «Yaltaqlıq qulların davranış üslubudur»
          F. Bekon
           İnsanların çoxu özünün başqalarına bənzəməməsi haqqında fikirlərdən 
          az qala bayılır. Unikllığını, təkrarsızlığını önə çəkən tərif qarşısında 
          duruş gətirə bilən adam çox az tapılar. Xüsusilə də cəmiyyətdə seçilmişlərdən 
          olanlar daim diqqət mərkəzində olmasından istər-istəməz dərin həyəcan 
          və ehtiras hissləri keçirir. Özünü səhnələrin sultanı sayan ulduzlar, 
          yaxud ətrafında heyranların dəstəsi gəzən quru (mistik təssürat dünyasının 
          yol göstərəni – G.R) – fərq etməz. Bu vaxt eşitdiyin şirin sözlər dünyanın 
          ən güclü narkotiki kimi təsir edir. Adi insanların qabağına çıxan yaltaqlıq 
          onların qarşılaşdığı yaltaqlıq formasıyla müqayisədə dəhşətli dərəcədə 
          sönük görünür.
           «Yaltaqların nitqləri səslənliklən
          sonra da təsirini itirmir» 
          Seneka
           Əgər desək ki, başqasının fikri bizi maraqlandırmır, bu heç 
          də düz olmaz. Siz də müşahidə eləmisizmi, yaxın bildiyimiz insanlardan 
          gözləmədiyin sözü eşidəndə daha ağrılı olur. Axı, onlar səni daha yaxşı 
          tanıyır və zəif yerini başqalarından yaxşı bilir. Ona görə də inciməzdən 
          əvvəl tərif yaxud tənqid olmasından asılı olmayaraq sözün nə qədər insaflı 
          olmasını müəyyən eləmək lazımdı. Elə bil güzgü qarşısındasan, özünə 
          ki, yalan deməzsən!
          «Yaltaqlığı bacaran böhtan
          atmağı da dacarar» 
          Napoleon
           Yaltaq obrazını təxminən belə bölüşdürmək olar:
          Sakit, başıaşağı bir cavan. Dilindən razılıq kəlməsi düşmür. Ən gülməlisi 
          odur ki, onun qulluq xətrinə elədiklərini əsas fiqurdan başqa hamı görür. 
          Yaltaq onun arzularını dilinə gətirməmişdən əvvəl duymağa çalışır, tez-tez 
          razılıq əlaməti kimi başını bulayır, müdirin zarafatlarına yersiz gülüşləriylə 
          cavab verir. Belə yaltaqlar ən qorxulusudur. Çünki ürəkdə onlar yaltaqlandığı 
          adama nifrət edirlər. Belələri vəzifəyə çatan kimi ətrafını özü kimi 
          yaltaqlarla doldururlar.
          Bəziləri isə qorxudan yaltaqlanır. Tutaq ki, mudirin axmaq və yekəbaşın 
          biridir. Sənin karyeran, güzəranın tamamilə onun əlindədir. Belə vaxtı 
          axmaq təklifləri ağıllı, səmərəli adlandıran, yersiz iradlara dözüb 
          susan adam da yaltaq adlanır. Yaltaqlığa qurşanmamaqçün ya gərək gözü 
          iynədən betər deşən həqiqəti deyəsən, ya da üzü sulu çıxıb işdən gedəsən.
          Öz xeyrinə görə yaltaqlananların içində bunu çox asta, lap tülkü kimi 
          icra eləyənlər də var. Onlar həqiqətə bənzən yalanlar dediyindən bu, 
          düz sözü üzə çırpanları təhqir eləyir. Belələrini biz yaltaq yox, qılıqlı 
          insan adlandırırıq. Bəzən uşaqlar da bir-birinin zəif yerini intuitiv 
          duyaraq «Ver köçürüm də, sən axı belə ağıllısan, noolar» kimi replikalarla 
          istədiklərinə çağırlar.
          Sevdiyindən dilinə yaltaq sözləri gətirənlər də olur. Düzdür, əsil vurulan 
          həmən dəqiqə çəhrayı eynəkləri geydiyindən sevdiyi onunçün dünyanın 
          ən gözəl, ağıllı, xeyirxah insanına çevrilir. Həmin an o, hər şeyi şişirdilmiş 
          formada gördüyündən bu yaltaqlıq sayılmaz. Amma kompliment selini axırtmaqla 
          sevgilisinin başını bişirməyə çalışırsa burda yaltaqlığın ən eybəcər 
          formalarından biri ortaya gəlir. Axı başqısını hissləriylə oynamaqdan 
          pis nə ola bilər? 
          Yaltaqlıq müxtəlif formalarında demək olar ki, gündəlik həyatımızın 
          bir hissəsidir. Onunla necə rəftar etməyi- göz yummaqmı, mübarizə etməkmi, 
          prinsipiallıq göstərməkmi- bunu hər kəs özü bildiyi kimi həll edir.
          «Yaltaqlıq nə qədər kobud olsa da
          onun ən azı yarısı həqiqət olur» 
          F. Dostoyevski
           Bəziləri belə düşünür ki, müdirin yanına girərkən mütləq yerişini 
          dəyişməlisən. Bədəni bir qədər qabağa əyib addımları kiçildərək üzünə 
          gülüş maskası da taxmalısan. Bu pozanın klassik nümunəsi çinli, yaxud 
          yapon kişisinin duruşu və yerişi ola bilər. Buna bəzən şərq mədəniyyəti 
          də deyirlər. Bəzən dərinliyinə varmadan yaltaqlıq və şərqli davranışı 
          anlayışlarını eyniləşdirirlər. Şərqdə sözü birbaşa üzə deməyin özü də 
          şillə vurmaq kimi bir şey sayılır. Əlbəttə, düzün deməyin öz təhəri 
          var, bunu qərbli bilməz. Şərqdə ustad-şəyird münasibətləri, böyüyə hörmət 
          kultu, sifi ənnələrindən qalmış mürşid-mürid heyranlığı, ticarətlə bağlı 
          «adamı yola vermək» istedadı bəzi xalqlarda yaltaqlığa meylli şərqli 
          obrazı formalaşdırıb. Şairlərin gülü, çiçəyi, gözəl və göyçəyi göylərə 
          qaldıran şişirtmələrlə dolu şeriyyatı da buna öz əlavələrini eləyib. 
          Şərqli yaltaqlığı və hazırcavablığına Molla Nəsrəddin haqqında lətifələrdəki 
          obrazlar qalereyasında sonsuz sayda nümunə gətirmək olar. Axı, Molla 
          Nəsrəddinin özü sözünü hakimin üzünə çırpmazdı, yoxsa göy üzünə həsrət 
          qalardı. Sözünü yumşaq amma təsirli deməyin yollarını yalnız şərqdə 
          öyrənmək olar.
           Azərbaycansayağı sevgi
           Yaltaqlığın hakimiyyətlə cüt bacı olması hamıya məlumdu. Nəyə 
          görə yaltaqlanırlar, nəyə görə dinləyirlər, o da məlum. Bəs niyə yaltaqlıq 
          Azərbaycanda çiçəkləyir, niyə belə eybəcər formalara düşür? Bax bu böyük 
          bir tədqiqatın mövzusudur. Mən vəzifəcə böyük şəxsin qarşısında yaltaqlanmağı 
          başa düşərəm. Onun vəzifəsindən başqa topdağıtmaz ev-eşiyi, uşaqları 
          və nəvələrini xoş güzaranı, şəxsi biznesi, yəni itirəcəyi çox şeyi var. 
          Amma vaqonda gecələyən, onun-bunun pal-paltarını geyib qızınan, rahat 
          ev, bir qarın çörək həsrətində olan, yəni itirməyə heç nəyi olmayan 
          insanların teloviziya kamerası qarşısında prezidentə yaltaqlanmağını 
          başa düşmək çətindi. Bəlkə də onlar Lenin, Stalin haqqında nəğmə və 
          şerlərlə böyüdüyündən, yaşadığı ərazidə hansısa siyasi lederin nə vaxtsa 
          dediyi bir kəlmə yazılmış plakatdan savayı görməli yer yoxmuş deyən, 
          televizorda tərifdən başqa heç nə eşitmədiyindən yaltaqlanırlar. Əslində 
          onlar yaltaqlanmır, ata və babasının yoluyla gedirlər. Yaltaqlıq həyat 
          tərzi də ola bilərmiş? Buna azərbaycansayağı sevgi də demək olar.
          
          «Saray əyanları sədəqə diləməklə 
          var-dövlət toplamış dilənçilərdi» 
          N. Şamfor
          
 
           Hakim dairələrdə yaltaqlığı araşdırmaqçün fakt toplamağa ümidim 
          heç yoxuydu. Çoxdandı televizora baxmaram, bəzi qəzetləri gözdən keçirirəm, 
          plakatları oxumamağa çalışıram, nəfis poliqrafiya ilə çap olunan məddahlıq 
          nümunələrinə rəncarəng, gözoxşayan şəkillər kimi baxarım. Oxusam zəhərlənə 
          bilərəm. Amma deməmiş oxuyanlar da var. Bundan gerisini Analitika.az 
          forumundakı söhbətlərdən götürmüşəm: «Bir neçə ay bundan əvvəl «İlham 
          Əliyev: sitatlar və analiz» (müəlllif Ramiz Mehdiyev) kitabının prezentasiyası 
          oldu. «Azərtac» və «Bakinskiy raboçiy» prezentasiyadan çıxışların az 
          qala stenoqramını çap eləmişdi. Bəzi çıxışlara diqqət verək: 
          Milli məclisin sədr müavini Bahar Muradova: 
          - Dünya İlham Əliyevin simasında Azərbaycanın təbii sərvətləri və enerji 
          daşıyıcılarını nəinki öz xalqı, dövləti , millətinin ehtiyacına, həmçinin 
          bütün dünyanın ehtiyacına sərf eləməyi bacaran siyasi lider qazanmışdır.
          Azərbaycan İqtisadiyyat Universitetinin rektoru, professor Şəmsəddin 
          Hacıyev:
          - Hörmətli prezidentin sözləriylə desək bu gün Azərbaycanda iqtisadiyyatın 
          dünyada analoqu yoxdur. Bu o deməkdir ki, bir dənə də ölkənin praktikasında 
          olmayan, təkrarsız, hamıdan fərqlənən iqtisadi inkişaf sistemi yaradılmışdır.
          Milli Məclis yanında beynəlxalq və parlamentlər arası münasibətlər daimi 
          komissiyasının sədr müavini Gültəkin Hacıyeva:
          - İ. Əliyev siyasəti əvvəldən axıra kimi səmimi və düzgündür. Tədbir 
          iştirakçılarından üzr istəyib bir sözü rusca demək istəyirəm. Onun azərbaycanca 
          ekvivalentiin bilmirəm, çox guman ki, heç yoxdur: «poryadoçnost» (ruscadan 
          bu söz «təmizlik, saflıq, düzgünlük, vicdanlılıq, namusluluq, alicənablıq» 
          kimi tərcümə edilir – G.R). Onun xalq arasında uğurunun səbəbi ondadır 
          ki, o, xalqa qulluq edən siyasətçidir.
          Milli Məclisin deputatı Bəxtiyar Əliyev:
          - Qısa zaman ərzində Azərbaycan nəinki regionda, həmçinin beynəlxalq 
          arenada nüfuzlu dövlətə çevrilib. Bu danılmaz həqiqətdir.
          Avropa şurasının deleqasiya üzvü, deputat Rafael Hüseynov:
          - Qaçqın çadırları, tökülmüş məktəbləri, sınmış yolları və neftdən asılılığı 
          olmayan bir ölkə yaratmaq - bu prezident İ. Əliyevin arzusudur. O, buna 
          nail oldu, buna görə onu minnətdar olmalıyıq. O özü də xalqın var-dövlətidir, 
          biz onu qiəmətləndirib qorumalıyıq.
          .... Dünyanın hansı yerində ruhani lider prezidentin ünvanına belə sözlər 
          deyə bilər? «Heydər Əliyevə qarşı gedən Allaha qarşı gedir», «Əliyevə 
          inanmayan Allaha inanmır», bir neçə ildən sonra İlham Əliyevin ünvanına 
          «Mən fəxr eləyirəm ki, belə prezidentim var. Sizin danışıq tərziniz, 
          yerişiniz, prezidentlər arasında görkəminiz allahtaala tərəfindən təqdir 
          edilmişdir. Ona görə Allaha dua edirəm ki, Heydər Əliyevdən sonra O, 
          bizə sizi bəxş edib», «Sizin rəhbərliyiniz altında biz inşaaallah, yüz, 
          lap minnilər boyu qalib gələcəyik». ....
           «Qulağımız yaltaqlıqçün geniş açılmış darvaza, 
          həqiqətçünsə iynənin deşiyi boydadır» 
          B. Paskal
           Güdəlik həyatdan bir səhnə, ola bilər sizdə də belə olur. 
          Səhər həyat yoldaşım dedi ki, nəsə gözünə bir-təhər görünürəm. İşdəki 
          rəfiqəm paltarımı bəyənmədi. Müdirim sonuncu yazımı yerlə-yeksan eləyib 
          pislədi. Bu da azmış kimi metroda «Xala, əyləşin» deyən cavan oğlan 
          mənə yerini verdi. Elə bir qocayam, nədi? Evə gələndə əhvalımın pisliyinin 
          səbəbini araşdırmağa çalışdım. Dərindən düşünsən, dəhşətli heç nə baş 
          verməmişdi, axı? Yoldaşım sağlamlığımın qeydinə qalır, rəfiqəm təzə 
          paltarıma həsəd aparır. Əslində müdürüm də haqlıydı. Metroya gəlincə, 
          cavanlar tərbiyəli böyüyür. Mən elə xalayam da, əmi deyiləm ki. Belə 
          çıxır ki, hər şey öz qaydasındadı. Məni əsəbləşdirən o idi ki, mənə 
          eşitmək istəmədiyim bir şeyi demişdilər. Amma səni tərifləyəndə, işini, 
          görkəmini nümunə çəkəndə, kişilər kompliment deyəndə necə də yaxşı olur. 
          Kompliment özü də yaltaqlığın bir növüdür. 
          Çox vaxt qadını ram eləməkçün onun qulağına bir neçə krmpliment demək 
          kifayət edir. Düzdü, komplimentin keyfiyyəti onun ifasından çox asılı 
          olur. Nə qədər çox olsa, bir o qədər yaxşıdı. Bu vaxt kəmiyyət keyfiyyətə, 
          sonra yenidən kəmiyyətə (bu dəfə qadınların kəmiyyətinə) keçir. Odur 
          ki, kişilər, məşq eləyin, aşağıdakı ən qəribə komplimentlərlə yaraqlanın. 
          Qızlar, elə bilirsiz kompliment demək asandır? Özünüzü başa düşənlər 
          kimi aparın, heç olmasa.... 
           Belə görkəmdə dərsə gələrlər? Axı bura məktəbdi, yazıq oğlanlar necə 
          dərs oxusun? Sənin heç vicdanın yoxmuş.
           Miloslu Veneranı yonanda sənə baxmalıydılar.
           Yaxşı ki, səninlə belə az görüşürük. Gündə 20 dəqiqədən artıq səadət 
          sağlamlıqçün ziyandı.
           Belə baxışdan əvvəl kontrol baxış buraxmasan səni kişilərlə qəddar 
          sünasibətə görə tuta bilərlər.
           Nahaq sənə baxdım, indi qopa bilmirəm.
           Xanım, sizin layiq olduğunuz komplimentləri printerdən çıxarası olsaq 
          ölkə kağızsız qalar.
          «Biz özümüzə yaltaqlanmasaq 
          başqasının yaltaqlığı ziyan gətirə bilməz»
          Laruşfuko
           İnsanın öz şəxsiyyətini düzgün qiəmətləndirə bilməməsi yaltaqlıqçün 
          zəmin yaradır. Hamı bir az xudbin, bir az özünü sevəndi. Bunu danmaq 
          olmaz. Hər kəs eşitmək istədiyini, onu həm özü, həm də başqalarının 
          gözündə yuksəklərə qaldıran sözləri dinləməyi sevir. İnsanın bu ehtiyacını 
          əlində əsas tutub yaltaqlanan adam sevinc gətirən bir insan kimi arzulanan 
          olur. Həqiqəti deyənlərsə az qala düşmənə çevrilir. Bizi tərifləyəndə 
          hətta öz gözümüzdə böyüyür, gözəl və ağıllı oluruq. Bizə qara yaxanda, 
          pis, istedadsız adlandırılıb ayaq altına atılanda içimizdə birdən qorxu 
          yaranır. «Hakim» və «pərəstişkar» özü də insandır, onun da öz zəif və 
          səhv fikirləri var. Ən dəqiq, obyektiv qiyməti yenə də özümüz verə bilərik. 
          Özünü tanıyan insan tənqiddən təsirlənməz, tərifdən əriməz. Qəribədi 
          ki, hamımız bəzənmiş həqiqəti dinləməyi sevsək də yaltağın özünü sevmirik. 
          Kənardan yaltaqlıq səhnəsinə baxmaq çox gülməli olar: birisi dediklərinə 
          ürəkdən inanaraq ağzına gələni danışır, o birisiysə dodaqlarını qulaqlarının 
          dibindən yığışdıra bilməyərək ləzzətlə dinləyir. Mənimlə razı olarsız, 
          yaltaqlın yalnız o yerdə əmələ gəlir ki, onu orda gözləyirlər.
          Hər birimiz təkrarsız və qiymətliyik. Ətrafdakıların mülahizələrinə 
          əsir olaraq çoxlu kompleks və tərəddüd hissləri qazanmaq olar. Cəmiyyətdə 
          yaşayaraq onu inkar eləmək də olmur. Bircə çıxış yolu qalır: özünü tanımaq, 
          özünü sevmək və hamısından vacib, özünə hörmət eləmək. 
           
Qadın baxışı