Yandırdım bir siqara, qoymaram sönə daha
Siqaretin dadını bilməyənin bu barədə məsum düşüncələri

Bir neçə il əvvəl redaksiyalara
mədəniyyət və sənətdən yazılar aparıb vaxtaşırı çap olunduğum dövrdə
dostlarımdan biri etiraf elədi ki, yaratdığım intellegent qadın obrazımda
cəmi bir detal çatışmır. Mənim əlimdə tüstülənən siqaret olsaydı daha
cazibədar, daha intellegent, bir sözlə daha mədəni görünə bilərdim.
Dostlarımın gözünü yolda qoysam da siqaret çəkən qadın obrazı mənim
özümü də maraqlandırır. Bu gün ətrafda siqaret çəkən kişilərlə az qala
eyni sayda tüstüləyən qadınlar var deyə bu dəfə tədqiqat obyektimiz
onlar olacaq. Gəlin baxaq, görəsən qadınlarımız niyə çəkir?
Böyüklərçün əmzik
Kişiyə bu sualı ünvanlayanda «dərddən çəkirəm» deyib Azdrama
aktyorlarının ifa tərzində köksünü də ötürür. Nə olsun, hamı bir ağızdan
«siqaret çəkmək ziyandı» deyir. Kimdi qulaq asan? Köhnə parovoz kimi
tüstüləyən qadınların ardıyca «cəzən külqabı» desək də, barmağımızı
silkələyib «Bax ha, axırda xərçəkgdən çərləyəcəksən» deyib qorxuzsaq
da inanıram ki, cavabında nazik siqaranı sümürən gözəlçə «Nə danışırsan?
Bu necə də maraqlıdı!» deyib siqaretdən daha bir qullam alacaq.
Qadının siqaretə belə açıq-aydın meyli və hazırda bunu heç gizlətmək
belə istəməməsi bəlkə də bəşəriyyətin güclü hissəsinə qarşı feminist
etirazıdır. Mavilər itələşib birtəhər cəmiyyətimizdə özlərinə yer ala
biliblərsə, həmin cəmiyyətdə siqaret çəkən qadına yer olmayacaqmı? Qabaqlar
siqaret çəkən qadına çox pis münasibət vardı. İndi hər şey başqa cürdü.
Hazırda çəkən qadın çəkən kişiyçün həm də həmsöhbət ola bilir. Özü də
çəkən qadın yanındakı kişiyə ağız-burun əyib siqareti söndürməyi tələb
eləməyəcək, onların yataq otağındakı dolu külqabı üstündə davası qopmayacaq.
Hərdən açıq-aydın siqaret çəkən qadınlara baxıb onların bu kompleksdən
azad olduğuna da sevinirəm. Siqareti gizlincə çəkib sonra özünü hamı
kimi aparmaq, üstəlik siqaret çəkənin dalıyca bir-iki yağlı kəlmə deməyin
özü daha eybəcər haldı.
Əlbəttə, siqaret çəkmə prosesində cəlbedici nə ola bilər ki? İnsan acı
tüstünü ağzına doldurub içinə çəkir, sonra isə onu yenidən bayıra ötürür.
Əvəzində onun ağzından pis iy gəlir. Bu an siqaret çəkənlər ordusu mənə
qəti etiraz edib bunun əksini desələr də mənim arqumentim daha güclüdü.
İyin gəlib, ya gəlmədiyin çəkməyən bilər, elə deyilmi? Qadınlar, mənimlə
razılaşarsız, ağzından üfunət iyi gələn kişiyə dözməyə yalnız bizim
səbrimiz çatar. Kişidə belə səbr hardandı?
Hətta mələklərin də qüsuru var
…Bu hələ çoxdan 1924-cü ildə uzaq Amerikada baş verib. O vaxt
tütün məmulatları istehsalı üzrə məşhur «Philip Morris» kompaniyası
bütün dünyaya yenilik elan elədi. İstehsala nazik qadın siqaretləri
buraxılmışdı. Reklamda «May kimi yumşaq» deyildiyindən qadınlar yeniliyin
tamına baxmaq arzusuyla uzun müşdüyə taxılmış nazik siqaraları çəkməyə
başlamışdılar. Boqema həyatı, muza, ilham pərisi obrazı, aristokrat
xanım, sirli namılum qadın… Nazik siqaretlərin tüstüsü məhz belə, yəni
tütün dumanında itib batan dilbər, naz-nemət və dəbdəbə sevən qadın
obrazı yaradırdı.
Təkrarsız Marlen Ditrixi yada salaq. Dahi aktrisa, gözəl müğənni, istedadlı
yazıçı, gözəl və incə naturalı bu qadın da siqaret çəkirdi. O, yalnız
«Lucky Strike» çəkir və prosesi böyük şıkla icra eləyirdi. «Çəkməkdən
öləcəksən» deyənlərin elə bil acığına o, əsrdən bir qədər az – 91 il
yaşadı. «Hətta mələklərin də qüsuru var» deyərək siqaret çəkməyi isə
heç vaxt atmadı. Naomi Kempbel, Kameron Dias, Keyt Moss və başqaları…
Əla siqaret çəkməyin tarafdarlarının siyasını çox uzatmaq da olardı.
Yəni onların hamısı sağlamlığına tüpürüblər? Gündə 20 dəfə dişlərinin
fırçalayan Naomi sağlamlığını təhlükə altına qoyardımı? O, gündə 20
dəfə diş fırçalamaqla özünə zülm eləyir ki, dişləri ağappaq olsun.
Kələkbaz Madonnanı yada salaq. 32 yaşını qeyd elədiyi mərasimdə o, hamının
gözü qarşısında siqaretini Toni Uordun kürəyində söndürəndən sonra «İlahi,
mən necə də yöndəmsizəm!» deyib kipriklərini bir neçə dəfə çırparaq
«zərərçəkmişin» üzünə məsum baxışlarla baxmışdı: «Yeri gəlmiş, bəs siz
kimsiz? Niyə mən sizi hələ də tanımıram? Gözəl ledilər, gözəl centlimenlərlə
tanış olmağa can atırlar!». Sevgi mehrabı sayılan Hollevudun ən başgicəllədən
məhəbbət macərası belə başlamışdı.
Siqara yuxuya getmiş gözələ bənzəyir
Gözəl qadının siqaret çəkməsi mərasimində daha bir maraqlı
motivi var. Erotiklik motivi… Heç bilirsiz ki, biləng qadın bədəninin
ən erogen zonalarından biridir. Kişiylə maraqlanan, onun diqqətini çəkmək
istəyən qadın bəlkə də özündən asılı olmayaraq bilənginin dərisini həmsöhbətinə
göstərməyə çalışır. Siqaret çəkən qadınçün bu proses daha rahatdı və
bu öz seksuallığını ifadə etmənin yollarından biridi.
Ola bilər ki, heç kim bu barədə dərindən düşünməyib, amma siqaret çəkmə
prosesinin özündə çox güclü erotik enerji ehtiyatı var. Bu fikrin də
tarixcəsi var. Deyələnə görə ilk Kuba siqaralarını gözəl mulat qızların
ombasında eşib bağlayırdılar. Təkrarı olmayan Havana siqaraları haqqında
deyilən bu əfsanəni Kubada bu gün də eşitmək olar. Tütün kralı Zino
Davidoff demişdi: «Siqara yuxuya getmiş gözələ bənzəyir». Siqara sevənlər
onun nə demək istədiyini çox yaxşı başa düşür. Yaxşı seksdə olan sirr,
ləzzət və şık siqara da da var.
Siqaret çəkən qıza qısa müraciət
Bilirsənmi, son vaxtlar çəkən qadınların sayı artdığı kimi
ağ ciyərin xərçəngindən əməliyyat masasının üstünə uzanan qadınların
sayı dı artıb? Heç kimi səni «bir damcı nikotin atı öldürür» şüarıyla
qorxutmayacaq. Axı sən at deyil, insansan. Onu da bilirsən ki, gündəlik
çəkdiyin 20 siqaret 8-12 il ömrünü əlindən alır. «İrəlidə gör nə qədər
ilim var» deyirsən? Hər siqaretin 15 dəqiqə ömrünü oğurladığını da bilirsən.
Əlbəttə, boş şeydi, cəmi 20 yaşın varsa.
Yığışıb birlikdə siqaret çəkib söhbət eləyən qızlarının dediklərindən
vağzalı sədası heç gəlmir, ərə getmək planları səhrada ilğım kimi görünür.
Hər şeyi anlamaq olur, operasiyaya qədər çox vaxtın var, ərə getmək
də istəmirsən. Elə bilirsən ki, əlində siqaret görənlər «necə də müasirdir»
deyib fəxr edəcəklər? Siqaret çəkən yaşlı qadınlara baxıb nəticə çıxarmaq
ki, çətin deyil? Vaxt keçdikcə səsin qalınlaşacaq, dişlərin korlanacaq,
dərin torpaq rəngi alacaq, «stajlı» siqaret çəkənlər kimi tüpürcəyini
saxlaya bilməyəcəksən.
Müasirsənsə, sənə maraqlı gələr, alimlər tütün tüstüsündə alfa hissəciklər
şüalandıran poloniya elementi tapıblar. Günə bir qutu siqaret çəksən
şüalanma üzrə qəbul olunmuş beynəlxalq normadan 7 dəfə artıq şüa almış
olacaqsan. Yaxşı, gəl başqa şeydən danışaq. Ərə də gedərsən, sevdiyinlə
də xoşbəxt olarsan. Bəs uşaq? Bir gün ana ola bilməyəcəyini anlayanda,
yaxud xəstə balanı qucağında bir həkimdən o birinə daşıyanda necə? Bilirsəmi,
çəkən anaların uşaqları yüz faiz çəkən olur. O da sənin yolunla getməli
olacaq?
Əzizim, sən köhnə külqabı kimi qoxuyursan
Siqaret çəkmə problemləriylə məşğul olan psixoloqlar belə
bir tədqiqat aparıblar. 256 cavan oğlana 3 sualla müraciət ediblər.
Birinci sual: «Yanında siqaret çəkən qızlara münasibətin necədi?». 4
faiz «yaxşıdı», 54 faiz «fərqi yoxdu», 42 faiz «pis» deyə cavab verib.
İkinci «Dostluq elədiyin qız çəkərsə bəs necə?» sualına 1 faiz «yaxşı»,
15 faiz «belə də», 84 faiz «pis baxaram» demişdi. «Bəs arvadın siqaret
çəksə?» sualına hamı hiddətlənib. 256 nəfərdən yalnız ikisi «mənimçün
fərqi yoxdu» deyib.
Bunu internetdəki forumlardan birində oxumuşam. Kişilərdən kimsə yazır
ki, «Siqaret çəkən qadını öpmək külqabını yalamaq kimi murdar bir şeydi».
Bahalı ətirlər və saqqızın iyi də nifrət hissini apara bilməz. Əlbəttə,
o sənə «Əzizim, sən köhnə külqabı kimi qoxuyursan» deyməyəcək, amma
bunu fikirləşəcək.
Ən leqal narkotik
Tütün sənayesi nəinki cibimizi, həm də təbiəti müflisləşdirir.
Hər 300 siqaretin qurudulmasıycün bir ağac yandırılır. İldə bu milyardlarla
ağac deməkdi. İlə 400 milyard kibrit çubuğuyçün lazım olan agıcı da
bura əlavə edək. Kitab, qəzet və jurnalçün lazım olan kağızın qıtlığından
danışırıq. Milyon tonlarla ən yaxşı kağız və karton növləri qutularına
və siqaret kağızına sərf olunur. Tütünün acı iyini öldürməkçün tonlarla
qiymətli yeyinti materialı və ədviyyat sərf edilir.
Kişiyə nifrət edən qadın kibriti əlindən alacaq ki, özü yandırsın
Siqaret çəkən qadının cazibədar olmasından hələ Freyd də yazmışdı. Rəssamların
əsərlərində isə siqaret çəkən qadın obrazı varsa həmin rəsmdə mütləq
əl ağacı, silindr papaq, tor corablar, al dodaq və dırnaqlar, yəni yırtıcı
qadın obrazının bütün atributları olacaq.
Tüstünün içəri çəkilib bayıra üfürülməsi prosesi, külün silkələnməsi
və bütün jestlər toplusu çəkən qadın haqqında çox şey danışa bilər.
Əgər o, tələsik tüstünü udub tez də üfürürsə deməli o, nədənsə narahatdı.
Bir qullab vurub qoyandan sonra siqaret külqabıda tüstülənirsə o, dərin
fikrə gedib. Çəkən qadınla söhbət vaxtı tüstünü azad buraxıb açıq ağzından
çıxarırsa ehtiyatlı olun, bu qadının toruna düşmək ehtimalı çoxdu. Külü
tələsik silkələyənlər özündə əmin olmur, ya da bu an çox əsəbidi. Şəhadət
barmağıyla külü silkələyəndə əlinə baxan qadın işini çox yaxşı bilən
adamdı. Külü külqabının qırağına sürtməklə təmizləyən qadın öz cinsinin
güclü şəxsiyyətlərindəndir. Siqaret yandıranda kibriti qadının ağzından
aşağı səviyyədə tutmusuzsa özünə hörmət eləyən qadın heç vaxt başını
aşağı salmaz. Kişiyə nifrət edən qadın isə kibriti əlinizdən alacaq
ki özü yandırsın.
Sonuncu qullab və sonluq…
Bundan sonra əziz oxucu ola bilər ki, mənə lax yumurta, yaxud
əzik pomidor tullamaq istəyəcəksən. Axı, mən siqaret çəkən qadınları
saçından tutub el içi «sürümədim». Elə bilməyin ki, sağlamlığı korlayan
siqaretlərin təbliğatıyla məşğul olur, cavanları siqaret çəkməyə çağırıram.
Qətiyyən xeyr! Adam var ki, - onların dəyanəti və səbrinə baş əymək
lazımdı – hər şeyi düzgün eləyir, bir növ şablonla yaşayırlar. Başqa
birisiysə maşında kəməri bağlamır, siqaret çəkir, sevdiyinə görə özünü
oda atır, bizim anlamımızda axmaqlıqlar, divanəliklər eləyir, səhər
tezdən «Eşidirsən, mən səni sevirəm!» qışqrığıyla qonşuları yuxudan
oyadır. Xəbəriniz olsun, belələri də var! Biz belə yaşamaq istəmədiimiz
kimi onlar da bizim qanunlarla yaşamaq istəmirlər.
P.S. Amma Səhiyyə Nazirliyi yenə də həmişəki kimi
xəbərdar edir ki, siqaret çəkmək sağlamlığa ziyandır!