Məhv etmə, yazıqsan!
 
        Din və ekologiya: dünyanın 
          ən çox danışdığı mövzular. İlk baxışdan kəsişmədiyini düşündüyümüz bu 
          mövzuların ortaq məxrəci var: həm din, həm də ekologiya insanın yaşaması, 
          mənəvi və fiziki sağlamlığı, fərd kimi məhv olmaması üçün çox lazımdı. 
          İyulun 2-də Din və Demokratiya Mərkəzinin keçirdiyi «Ekologiya və mənəviyyat» 
          adlı konfransda hamı, müxtəlif din və təriqətlərin nümayəndələri eyni 
          mövzuda - ekologiyadan danışırdı. Ekoloji böhranın birbaşa mənəviyyat 
          problemi olması fikrində razılaşan konfrans iştirakçıları şəhərimizin, 
          ölkəmizin, planetimizin taleyindən narahatçılıqlarını bildirərək həyəcan 
          təbilini «çalmağa» yığışmışdılar. Həqiqətən də, zamanıdır, çünki bütün 
          dünya çirkabın içində yaşamasından etiraz edir.
          Gen mühəndisliyi Qurana ziddir
           Konfransın ilk məruzəçisi «Qurani-Kərim və ekologiya məsələləri» 
          adlı məruzəsində dinşünas alim Nəriman Qasımzadə müqəddəs kitabımızda 
          təbiət hadisələri ilə bağlı 500-ə qədər ayənin olduğunu qeyd etdi: «Yaranmışların 
          ən kiçiyindən gözlə gözülməyən ən nəhənginədək kainatda, varlıqlar aləmində 
          nə varsa, hər nəsnə İlahiyə səcdədədir. Kainat yaradıcılığında Tanrı 
          şəksizliyini təsdiq edən təbiət də əslində Müqəddəs Oxu timsallı möcüzədir, 
          bir İlahi yazıdır. Bu «yazılmamış Quran»ın da yazılı Quran qədərincə 
          müqəddəslik statusu var. Onun qorunmasına, öyrədilməsinə sayğı insan 
          üçün Yaradana səcdə mahiyyətli bir vəzifədir. Ətraf mühitə insanın münasibəti 
          iman səviyyəsində ölçülür. Çayları, gölləri qurutmaqda, dənizlərə çirkab 
          axıtmaqla, meşələri qırmaqla Tanrı tövsiyəsinə etinasızlıq göstərən 
          insan övladı, təbii ki, ilk növbədə özünün və gələcək nəsillərinin taleyinə 
          balta çalır. «Ölüdən dirini, diridən də ölünü çıxaran» (ər-Rum – «Rumlar», 
          19) qadir Tanrı yaratdığını təkrar-təkrar yarada bilir. Ancaq insanın 
          öz əliylə axırına çıxdığı nemətləri ondan ötrü bir daha yaratmaq istəməz. 
          Çünki başqa yaranmışlardan fərqli olaraq yalnız bəşər övladı öz ağlının 
          ixtiyarına sərbəst buraxılıb. İman sınağına çəkilən, əməllərinə görə 
          sorumlu tutulan da məhz odur
          Heyvanların incidilməsi müqəddəs Oxuda iblis əməli kimi dəyərləndirir. 
          Ən-Nisə («Qadınlar», 118-119) surəsində Tanrının yaratdıqlarını dəyişdirmək 
          cəhdinə, yəni gen mühəndisliyi yoluyla yaradılışa müdaxilə cəhdlərinə 
          iblis əməli kimi qiymət verilir. İndi genləri dəyişdirilmiş, qeyri-təbii 
          hala gətirilmiş meyvə-tərəvəzin insan sağlamlığına hansı ziyan vurduğunu 
          mütəxəssislər tez-tez qeyd edirlər və bəzi ölkələrdə bunların satışına 
          məlum səbəblərdən qadağalar qoyulub».
          Dünya üzən zibil adalarının əlində aciz qalıb
           Ekologiya mövzusunda məşvərətə girişməkçün insanın gərək məlümatı 
          çox ola və bir qədər gündəlik qayğalardan baş ayırıb özünə, balalarına, 
          millətinə bir qədər geniş, yəni planetar səviyyədən baxmağı bacarmalıdı. 
          Onunçün mütləq dəyişməliyik. Bu mənada məruzəçi, Azərbaycan Yaşıllar 
          Hərəkatının rəhbəri Fəridə Hüseynova ilə razılaşmamaq olmur: «Biz mütləq 
          inkişaf etməliyik. Quranın 14 əsr bundan əvvəl nazil olmasına baxmayaraq, 
          yalnız indi, elmin inkişafı ilə əlaqədar olaraq insanlara göndərilmiş 
          müqəddəs kəlamlar təsdiqlənir. Yer adlı planetin bir canlı varlıq olması 
          artıq sübut olunub. Hətta elektromaqnit sahəsinin vaxtaşırı dəyişməsi, 
          vulkan püskürmələrini, qazların ixrac olmasını da canlı varlığın nəfəs 
          alması kimi qəbul edirlər. Müsbət və mənfi fikirlərin də Yer kürəsinə 
          birbaşa təsiri artıq elmi cəhətdən sübut edilib. Çünki Yer kürəsinin 
          də insanın aurasına bənzər bir aurası var. Mənfi insan fikirləri də 
          görünməz, incə səviyyələrdən yer kürəsini zədələyir. Yer kürəsi də canlı 
          varlıq kimi mənfi təsirlərə müqavimət göstərir və özünü bərpa etmək 
          istəyir. Fikir vermisizsə, təbii fəlakətlər baş verən zonalarda əvvələcədən 
          nəsə insan mənəviyyatına zidd olan bir hadisələr baş verirmiş. Ona görə 
          bu addımlar dini aləmdə Allahın cəzası kimi qəbul edilir. Yer kürəsi 
          Kainat miqyasında cavandı. İnsan ömrünə uyğunlaşdırsaq, onun cəmi 18-20 
          yaşı var. Başqa planetlər, məsələn, Venerada orta tempratur təxminən 
          500, Marsda 300 dərəcədir. Biz mavi planetimizi qorumasaq, istixana 
          effekti nəticəsində yavaş-yavaş bura da cəhənnəmə çevriləcək. Dünya 
          üzərində də zibilləri təkrar emal etmək əvəzinə özlərindən uzaqlaşdırıb 
          su axarlarına, dənizlərə, okeanlara atırlar. Artıq bu gün dünya okeanında 
          zibildən qitələr yaranır. Onları xəritədə qeyd etmək mümkün deyil, çünki 
          onlar üzürlər və gəmiçilikdə böyük problemlər yaradırlar».
           «Can verməyə qüdrətin yoxdur deyə can alma»
           Gözümüzü açıb anamızı, sonra isə təbiəti görürük. Bilirik 
          ki, o bizi sevir. Sonra biz də yavaş-yavaş onu sevməyi öyrənirik. Bəziləri 
          hələ də öyrənmə mərhələsindədi ki, onlara ekoloji məsəllərdə ibtidai 
          səviyyədə hər şeyi öyrətmək lazım gəlir. Bu mənada bədii ədəbiyyat və 
          folklor insana əsl müəllimdir. Din və Demokratiya Mərkəzinin sədr müavini, 
          filoloq Vasif Sadıqlı demiş: «Bizim gözümüz də acır, gözəllik görmək 
          istəyir. Qulağımız gözəl musiqi eşitməsə ac qalır. Burnumuz gözəl qoxular 
          ehtiyacındadı, dilimiz gözəl dadlar duymaq istəyir, əlimiz gözəlliyə 
          təmas etmək istəyir. Bizim ruhani qidaya da ehtiyacımız var. Təbiət 
          təkcə qida mənbəyi deyil, həm də gözəllik mənbəyidir. Xalqımız mədəniyyət 
          abidələrində bunların əhəmiyyyətini ayracı vurğulayır. Balaca uşağa 
          öyrədirmiş kimi əvvəl «Məhv etmə, yazıqdı, məhv etmə, faydalıdı, məhv 
          etmə, gözəldi» anlamlarından sonra «Məhv etmə, yazıqsan»ı qəbul etmək 
          olar. Xalqımızın folklorunda insanların mərhəmət hissinə müraciət olunur. 
          Məhrəmət hissi insanların neqativ hisslərdən təmizlənməsində mühüm rol 
          oynayır. İnsanın quşa, heyvana çevrilməsi barədə əfsanələrdə məhz mərhəmət 
          hissinə arxalanıb təbiəti qorumaq cəhdləri edilir. İnsan var deməmiş 
          dərk edir, eləsi var, deyirsən dərk eləyir. Adam da var, desən də dərk 
          eləmir. Belə adamlara münasibətdə folklor və bədii ədəbiyyat nümunələri 
          əvəzsiz rol oynayır. Xalqımız deyir ki, Xızır bilir bu otların, çiçəklərin 
          sirrini. Çünki o, kamil insan idi. Bilirdi ki, təbiətdən insana heç 
          bir qorxu yoxdu».
           Bizi məhv edən amil biganəlikdi 
           Qafqaz Müsəlmanları İdarəsinin təmsilçisi Fuad Nurullah: «Düşünən 
          beyin sahibi anlayır ki, Allah-Taala insanı yaranmışların ən qiymətlisi 
          kimi yaradıb. İndi elm və texnika inkişaf edib, doğulmamış uşağın cinsini 
          qabaqcadan bilmək olur. Peyğəmbərimizimn cəhalət dövründə insanlara 
          İslamı yaydığı zamanlardakı kimi bu gün də qız uşaqlarını ana bətnində 
          öldütdürürlər. Niyə 21-ci əsrin insanı özünü məhvə gedir? Bu günün müasir 
          insanı düşünsə ki, mən hara getsəm də bunu görən var, Allaha hər şeyi 
          görür və bilir, onda belə hərəkətlər baş verməz. Axı insan hər bir hərəkətinə 
          cavab verəcək. Dinimizə görə, səbəbsiz yerə bir ağac budağını qırmaq, 
          yerdən göyərtini qoparmaq günahdı. Dinimiz insanı ətrafına biganə olmamağa 
          səsləyir. Allahın yaratdığı fısdıq ağacı bir saatda 20 adamın oksigenini 
          verirsə, ondan qapı-pəncərə düzəltmək günah deyilmi? Axı daha ekonomik 
          və plastik materiallar var. Bu biganəlik ondan yaranır ki, insanlar 
          Allahı yaddan çıxarırlar. Bizi məhv edən amil biganəlikdi…»
           Bakı uçan sellofanlar şəhəridir?
           Rus Pravoslav Kilsəsinin nümayəndəsi keşiş Dionisiy Sveçnikov: 
          «Ekologiya və mənəvi dəyərlər əslində bir-birinə yaxın mənalardır. Mən 
          sevinirəm ki, Bakıda bunu anlayan və cəmiyətin müxtəlif təbəqələrinə 
          çatdırmaq istəyən insanlar var. Biz hər şeyimizi Allahadan alırıq. Həyatımızı 
          da, ətrafımızdakı nə varsa hamısını da. Amma təbiətin özü də sonsuz 
          deyil. Əvvəl-axır tükənir. Başımızı qaldırıb ətrafımızdakı zibilliklərə, 
          şəhərimizi çirkləndirən qalaq-qalaq toz-torpağa baxmağımız lazımdı. 
          Bu yaxında İnternetdə Bakını uçan sellofanlar şəhəri adlandıranda bu, 
          mənə çox pis təsir etmişdi. Axı bu mənim şəhərimdi, burda doğulmuşam 
          və özümü bakılı sayıram. Bu sellofanları da biz özümüz atırıq». 
           Ekoloji problemi olan ölkələr yoxsuldur
           Bakı Bəhai dini icmasından Azər Cəfərov: «Əgər sən dünyanı 
          seyr edib hər varlığın gizli məhiyyətini və təkraredilməzliyini anlamağa 
          çalışırsansa, öz Rəbbinin adlarının, sifətlərinin bütün varlıq dünyasına 
          nüfuz edən hallarnı görəcəksən. Ağrı ağrıdır, fərq etməz acısını insan 
          ya başqa canlı çəkir. Bu cünün ekoloji böhranı materializmin xəstəliyinin 
          təzahürü kimi ortaya çıxır. Cəmiyyətdəki dözümsüzlük, müharibələr, ekoloji 
          böhran - bütün bunlar hamısı allahsızlığın cəmiyyət və təbiətdəki fəsadlarıdır. 
          İnsan - Allah, insan - təbiət arasındakı harmoniyanın pozulmasının nəticəsidir. 
          Bəşəriyyət millətlərin birliyi anlamına yaxınlaşıb. Qlobal problem kimi 
          ekoloji məsələ xalqların, millətlərin, icmaların birgə təşəbbüsüylə 
          həll oluna bilər. Təbii sərvətlər üzərində nəzarət ayrı-ayrı şirkətlərin 
          əlindədirsə, nəyəsə nail olmaq çətin olacaq. Sərvətlərə nəzarət beynəlxalq 
          qüvvələrin əlində olmalıdı. Ekoloji problemin bir qolu yoxsulluqdur. 
          Əgər ölkə ekoloji böhrandan əziyyət çəkirsə, deməli, yoxsul ölkədir. 
          İfrat yoxsulluğu, dini ayrı-seçkiliyi, hüquq bərabərsizliyini, savadsızlığı, 
          cahilliyi, fanatizmi aradan qaldırmamış ekoloji problemləri həll etmək 
          müşkül məsələ olacaq».
           Bir ağac da pirdi
          
 
           Alban-udi xristian icmasının rəhbəri Robert Mobili: «Əgər 
          təbiət rəngbərəngdisə, deməli, insanlar da rəngbərəngdi. Bu rəngbərəngliyi 
          qoruyub saxlamaq hər bir kəsin borcudur. Xristianlıqdan çox-çox qabaq 
          insanlar təbiət qüvvələrinə inanıblar. Hətta sonra başqa dini qəbul 
          etsələr də, təbiətə inamlarını itirməyiblər. Azərbaycanda elə pirlər 
          var ki, bir ağacdan ibarətdi. Bu ağac elə müqəddəs, yəni təbiətin toxunulmamış 
          gözəl bir güşəsidir ki, insanlar bu gözəlliyə baş əyirlər. Bu, bir düşüncə 
          modelidir. Yəni dünyanı olduğu kimi qoruyub saxlayanlardanıq. Ekoloji 
          məsələ, həqiqətən də, böyük problemdi və dövlət səviyyəsində həll edilməlidi. 
          Bura istirahətə gələn turist şəhərin, eləcə də meşələrin, çayların plastik 
          qablarla dolu olduğunu görsə, bura bir daha gəlmək istəməz». 
           Təbiət qisas alır
           Gürcü Yəhudi icmasının rəhbəri Moisey Bekker: «Planetar sistem 
          yarananda vahid sistem kimi nəzərdə tutulmuşdu. İndi hamı bilir ki, 
          bütün planetar sistem informasiya sahəsi ilə əhatə edilib. Burda baş 
          verənlər ani olaraq bütün qalaktikada əks olunur. İnsan yaranışında 
          da ona bəzi şeyləri yasaq bilmişlər, bunun adını cənnət alması və ya 
          başqa cür qoymuşlar. İnsana əzəldən təbiətin işinə qarışmaq qadağan 
          edilib. Əlbəttə, vaxt keçdikcə biliklərimiz də artır. Biz indi hər yerə 
          burnumuzu soxuruq. Əvəzində görünməmiş xəstəliklər, viruslar, QİÇS kimi 
          ümumbəşəri bəlalar yarandı. İnsan öz həddini keçir. Gen mühəndisliyi 
          nəticəsində indi körpələr anadangəlmə qısırlıqla, xərçənglə doğulur, 
          təbiət öz qisasını alır. Biz nəsə ortaq məxrəc, təbiətlə yola getməyin 
          müştərək yolunu tapmalıyıq ki, məhv olmayaq. Gələcəyin müharibələri 
          torpaq uğrunda yox, artıq içməli su uğrunda gedəcək».
           Təbiət həm də zəlzələlərdi
           Professor Niyazi Mehdi: «Dini saytları oxuyanda məndə belə 
          təsəvvür yaranır ki, onlar elə bil «İnsan haqları məsələsinə gələndə 
          sizin kimi deyilik, daha yaxşıyıq» demək istəyirlər. Qarşı tərəf mövqeyini 
          müdafiə etdikcə yazıqlıq əmələ gəlir. Bu, məni incidir. İslam heyvanı 
          yeməkdən başqa ayrı məqsədlə istifadəni gunah bilir. Bu yaxşıdı. İslamla 
          bağlı şəkillərdə, filmlərdə gül-çiçəkləri, cənnət parametrləriylə mənzərələri 
          çox göstərilir. Bu, şəxsən məni bezdirir. Çünki təbiət həm də zəlzələlərdi. 
          Heyvan deyiriksə, qurbağa da, ilan da heyvandı. Quran göstərir ki, islam 
          mədəniyyətində, mənəviyyatında ekologiya ilə bağlı yetərincə əsaslı 
          məqam var. Amma reallıq budur ki, din xadimlərimiz hazırda yas yerlərində 
          dini mifologiya danışmaqla məşğuldular. Bu, müasir insana maraqlı deyil. 
          Din xadimləri müasirliyi narahat edən mövzularda konfranslar keçirməlidir, 
          danışdığımız mövzular orda müzakirə edilməlidi. Zaman dəyişib, gəncləri 
          müzakirələrə cəlb etmək lazımdı».
          Konfransın 2-ci hissəsində müzakirələrdə abortu yasaqlamaq («Eko aləm» 
          Sevil Yüzbaşova), məktəblərdə, ali təhsil ocaqlarında ekologiya dərsləri 
          və ya kurslar keçirmək, məişətdə kəsilmiş gülləri heç olmasa dibçəkdə 
          hədiyyə vermək («Din və ictimai təhlükəsizlik», Xuraman Ağayeva) kimi 
          təkliflər səsləndi. Konfransın sonunda qəbul edilmiş qətnamədə din xadimlərinin 
          moizələrində, xütbələrində ekoloji məsələlərlə bağlı dinlərin münasibətini 
          aşkarlayan mətləblərə yer vermələri zərurəti qeyd olundu. Müzakirələrdə 
          səslənən dini icmalarla ekoloji təmayüllü qurumların alyansı yarandılması 
          təklifi yekdilliklə dəstəkləndi. 
           And olsun əncir ağacına 
           Müqəddəs kitabımızda insandan başqa bütün ünsürlərə, ağaca, 
          hətta əncirə də müqəddəs varlıq kimi and verilir. Bütün istər səmavi, 
          istər qeyri-səmavi dinlərin kəsişdiyi bir nöqtə varsa, o da təbiətə, 
          təbiət hadisələrinə münasibətdir. Dinindən asılı olmayaraq, hər kəs 
          yaranışından yaşadığı təbiəti qorumağa borcludur. Sunamilər, təbii fəlakətlər 
          hamısı insanın əməllərindən əmələ gələn fəsadlardır ki, insan onu törətsə 
          də, qarşısına almaqda acizdir. Ona görə də yeni əmələ gəlmiş cərəyan, 
          ekoteologiya, eko ilahiyyatçıların fəaliyyətinə dəstək olub bu müsbət 
          əməllərə qoşulmalıyıq. Çünki ekologiya mövzusu, yəqin ki, qiyamətə qədər 
          aktual olaraq qalacaq.  
Qadın baxışı