Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Yeni insan, kamil insan?

Son illər, müstəqilliyimizin artıq oturuşmuş zamanında cəmiyyətimizdə köklü dəyişikliklərə ciddi ehtiyac əmələ gəlib. Əbədi atalar və oğullar probleminə daha bir neçə həll olunası məsələlər də qatılıb. Nəsillər arası münasibətlərin qırılması, kütləvi savadsızlıq, xalqımıza qətiyyən xas olmayan yeni davranış və etika qaydalarının əmələ gəlməsi belə bir fikir üzərində dayanmağa vadar edir: Bəlkə yeni insan yaranışının astanasındayıq? Efiri zibilləmiş mədəniyyətsizlik, nadanlıq yeni prosesin əlavə məhsullarıdır bəlkə?
Küt insan küt qılıncdan betər kəsir
Hörmətli professorumuz Azad Mirzəcanzadənin dost tanışları xatırlayır ki, nəyisə başa salandan sonra o, dediklərinin müsahibə kifayət qədər anlaşıqlı oloduğunu aydınlaşdırmaqçün standart ifadələr əvəzinə həmişə «Deyə bildimmi?» soruşardı. O, «Başa düşürsünüzmü?!», «Anlayırsız?», lap kobud desək «Qandınmı?» soruşmağı özünə icazə verməzdi. Çünki onun daxili mədəniyyəti deyirdi ki, söz müsahibə çatmayıbsa deməli fikrini kifayət qədər aydın ifadə edə bilməyib. Qarşısındakının axmaq olduğunu düşünmək çox pis adətdi. Bu insanın özünə ərki çatırdı, öz imkanlarını aşağılamaqla natamamlıq kompleksləri keçirmirdi. Başa salmaq ifadəsinin özü də daxili mədəniyyətin qayda-qanununu pozur. Baş gərək yerində olmaya ki, insanın qafasını yerinə salmaq lazım gələ. Nə olsun ki, bu günün müəllimləri, məruzə deyən professorlarımız əslində tələbələrin başını yerinə salmaqla məşğuldur.
Müqayisə üçün bu günün necə deyərlər mənəviyyat liderlərinin televizorda çıxışlarına baxaq. Orkestr qarşısında dirijorluq edirmiş kimi əl-qolu yelləmək, ayağın birini qoyub o birini götürməklə səbirsizlik ifadə etmək, bir-birinin sözünü kəsmək elə bil ki, adi haldı. Danışmağa elə «Bilirsinizmi….» ilə başlayırlar. Bu ifadənin arxasında gizli mətn «Mən bilirəm və indi sizi də qandıraram» fikrini deyir. Bunu həssas qulaqlar duyur. Aparıcının heç ağlına da gəlməz ki, bu mövzuda kimisə məzəmmət etsin. Onun incə eyhamları duymağa, sonra onları təhqir etmədən çatdırmağa daxili mədəniyyəti çatmır.
Polad almaq üçün müxtəlif metalları müəyyən tempraturda əridib qarışdırıb sonra yaxşıca döyəcləmək lazımdı. Döyəcləməsən, sonra onu soyuq suda diksindirməsən hazırladığın «qılınc» küt olar, kəsməz. Bizdə bir ifadə də var, sözünün dalı da kəsir, qabağı. Bəzən qılıncının dalı da kəsir, qabağı da deyirlər. Yəni azərlər üçün söz qılınca bərabərdir. İnsanlar da küt ola bilir. Heç kim küt qılıncı tullamır. Ona başqa metallarlə qarışdırıb yenidən döyəcləmək olar. Yəqin ki, insanlarla da belədi. Bir neçə nəsil yaxşı, uğurlu izdivacdan sonra bir də gördün normal nəsil gəldi.
Avtomat, sinir və əzələdən ibarət maşın
Keçən əsr yeni insan yaranışı məsələsində çox irəli getdi. Sonu faciəylə nəticələnən eksperimentlər qoyuldu, çoxlu qurbanlar verildi, amma nəticəsi ürəkaçan olmadı. Bolşevik inqilabı baş verən kimi yeni, sovet insanı yaratmaq üzərində təcrübələrə başlandı və cildlərlə indi lazımsız olan kitablar yazıldı. Yeni cəmiyyətə yeni insan gərək idi. Əlbəttə, yaradılmış yeni isnan obrazı daha çox karikaturaya bənzəyirdi. O, fiziki cəhətdən çox güclü olmalı, kolletivizm ruhunda böyüyüb kommunizm uğrunda gözübağlı bütün dünya ilə vuruşmalı idi. «Biz avtomat , sinir və əzələlərdən ibarət maşın yaratmalıyıq və onları təbii fəhlə hərəkatına çevirməliyik» yazan sovet alimləri dövlətin zəhmətkeş işlək kütləsini belə görürdü. Arabir intellektual səviyyənin artırılması barədə də şəffaf replikalar eşidilirdi. Amma onları da hərbçilərin əlinə verib tərbiyələndirməyi düşünürdülər. Bir növ ağıllı idmançı, ya da hərbçi obrazına yaxın yeni insan yaranmalıydı. Biz də sovet tərbiyəsini keçdik, amma mentalitetimizdə bu insan obrazı oturuşmadı.
«Qar adamı»nı Stalin sifariş verib
Yeni insandan danışanda Bulqakovun «İt ürəyi» əsərini xatırlamamaq olmur. Professor Preobrajenskinin insan və itin cütləşməsindən yaratdığı Şarikov obrazı yaradılacaq yeni insanın cəmiyyətdə özünü aparmasına dair klassik misal idi. Ola bilər ki, heyvanla cütləşmiş insan heyvandan həyat eşqi, yaşamaq uğrunda mübarizə instinktini mənimsəyəcək. Amma o, kostyum geysə də, vannada çimsə və gümüş qaşıqla yemək yesə də adi, normal insan səviyyəsinə qalxa bilməyəcək. Bu əsərə görə Bulqakovun başı çox ağramışdı. Kitabı işıq üzü görməmiş müsadirə etmişdilər. Çünki əsərin hadisələri Suxumi zooparkında baş verənlərə çox oxşayırdı.
O vaxtın məşhur alimi və indi unudulmuş İlya İvanov heyvanlar arasında hibritlər yaratmaqla ad çıxarmışdı. Maral-öküzlər, zebroidlər, yarımcins bizonlar, yarı siçan, yarı dovşanlarla ad çıxarmış alim sovet hökumətinin sifarişiylə meymun və insanın cütləşməsinə başlamışdı. «Təbiəti yəhərləmək lazımdı!» deyən Stalin ağlasığmaz layihə ilə yeni, işlək, yorulmaq bilməyən və əmrə müntəzir yeni insan irqi yaratmaq istəyirdi. Bəzi alimlər etiraz edirdi, çünki növlərin hibridi alınsa da onlar qısır olurdu və nəsil vermək qabliyyətini itirirdi. Necə ki, at və uzunqulaqdan doğulan qatır nəsil verə bilmir meymun və insandan doğulacaq varlıq da qoşa xromosom əvəzinə tək xromosom daşıyıcısı olduğundan nəsil artırmaq imkanından məhrum olacaqdı. Meymunları insan spermasıyla mayalandırmaq Suxumi zooparkında baş verirdisə qadının meymundan doğması prosesi üçün şəraiti fransız Qvineyasında yaratmışdılar və yük aborigen qadınlarının çiynində idi. Amma bu qadınlar meymunla xoşluqla cütləşmək istəmədiyindən yaradılmış düşərgə yaxşı təhciz edilməsinə baxmaaraq dağıdıldı. Köməyə yenə də sovet qadınları gəldi. Məsələnin üstü bir balaca açılan kimi onlarla qadın könüllü şəkildə yeni insan yaradılması prosesində iştirak etməkçün xahiş məktubu yazmağa başladı. Bu layihəyə İvanov o vaxtlar üçün fantastik görünən məbləğ - 30 min rubl aldı. «Evolyusiya» start götürdü. İndi təcrübələrin gedişatı barədə bizim tam təsəvvürümüz yoxdu. Çünki bütün materiallar, şahidlər və hətta təcrübəni qoyanlar da məhv edilib. Amma deyirlər ki, təcrübələr həm zooparkda, həm də QULAQ ərazisində məhbuslar arasında aparılırdı. Deyilənə görə təcrübənin nəticəsində boyu 180 sm, çox güclü, tez böyüyən amma tez də ölən, tüklü, yarı insan-yarı meymun bir nəsil əmələ gəldi. Belə bir versiya da var ki, arabir kameralara tuş gələn «qar adamı» həmin təcrübələr nəticəsində alınmış sonra başla-başına buraxılmış hibritdir. Sovet irqi məsələsi aradan qaldırılıb ağzı möhkəmcə qapadıldı. Sovet ideoloqları insanların beynində dəyişiklik etməyə girişdilər.
İndi də insan və hayvanların cümləşməsi təcrübələri qoyulur. Amma məqsəd yeni insan deyil, insana donorluq edə biləcək yarı donuz, yarı insan yaratmaqdır.
İnsan kütləvi miqyasda dəyişdirilərkən
3-cü reyxin də yeni insan yaradılması üzrə təcrübələri məlumdur. Onlar yeni, unikal insan irqi yaratmaqçün çalışırdılar. Xüsusi ayrılmış laboratoriyalarda müxtəlif irqlər qarışdırılırdı, rəssamlar alimlərlə, idmançılar yazıçılarla cütləşdirilirdi. Bütün bunların vətən uğrunda olduğu zənn edilirdi. Yəhudiləri qırmaq onları alman xalqının genefondundan çıxarmaq cəhdləri idi. Faşizm süqut etməyə başlayan kimi ən birinci bu laboratoriyanın izləri silindi. Əlyazmalar nə amerikalıların, nə sovetin əlinə keçdi.
Hitler də, Mussolini də yeni insan yaratmaq xülyalarıyla yaşayırdı. Hitlerin təbliğatçısı Rozenberq yazırdı: «Bizim əsrin missiyası yeni tip insan, yeni həyat tərzi barədə mif yaratmaqdan ibarətdi». Fişist təcrübəsi bu missiyanın nə qədər qəddar və insana qarşı olduğunu göstərdi. İnsan təbiətinin kütləvi şəkildə dəyişdirilməsi barədə Marks və Engels də yazırdı: «Kommunist şüurunun kütləvi miqyasda istehsalı üçün insanların da kütləvi dəyişdirilməsinə ehtiac var. Ona görə yox ki, hakim təbəqəni yalnız inqilabla taxtdan salmaq olar, ona görə ki, yalnız əsrlərin nəcisini üstündən çırpmaq şərtilə inqilab etmək mümkündü. Yalnız bu şərtlə yeni cəmiyyət qurmaq olar». Yəni ki, zorakılıq yoluyla şəraiti dəyiyşməklə inqilab edəcək insanları yaratmaq mümkündür. İnsanın təbii keyfiyyətləri və instinktlərinin – ehtiraslar, qəzəb, nifrət, narazılıq, hakimiyyət istəyinin ardıyca getməklə görünməz mistik güc qazanmasını görən liderlər – Marks, Engels, Lenin, Hitler, Stalin zorakılığın qüvvəsini etiraf edirdilər. Keçən əsrin müharibələri yeni, kökləri olmayan, vəhşi instinkləri ideallaşdırılmış insanın yaranması üçün lazımi şəraiti yaradırdı. Biz indi yaxşı bilirik ki, bundan yazşı bir şey alınmadı.
Yeni yaranacaq nə varsa mutantdı
Müasir filosoflar etiraf edir ki, zorakılıq əsrində insan onsuz da inqilablar, müharibələr, müasir və proqressiv adlanan hər bir şeyin təsiri altında dəyişir. İnsan təbiətinin dəyişməsini etiraf etməmək mümkün deyil: «Müasir dünyanın bütün istiqamətlərində: iqtisadiyyat, texnika, siyasət, elm, təhsil, psixologiyada baş verən dağıdıcı qüvvənin təsiri altında insanın qiymətdən düşməsi prosesini artıq mutasiya kimi qəbul etməyə məcburuq» (Erik Kaxler). Bu problemin çox dərin qatlarında gizlənən mənanı anlayanlar onu da bilir ki, mənəviyyat problemlərini yalnız mənəviyyat müstəvisində də həll etmək olar. Artıq bəşəriyyəti xilas etməkdən əlini üzmüş ağıllılar hamının üzərindən yüksəklərə qalxmış «superinsan»ın müdrikliyi ideyasını irəli çəkir. Əslində yeni yaranacaq nə varsı hamısı mutantdır. Kökləri olmayan, keçmişindən qoparılmış, sketpik, mənəvi meyarlara şəkklə yanaşan, yolu və Həqiqətə çatmaq şansı olmayan bir məxluq. Öz özünün allahı olduğundan o, dünyanı təcrübələr qoyular bir laboratoriya kimi qavrayır, bir dəqiqənin insanı kimi güclünün hakimiyytini qəbul etməyən, vicdanı olmadığından elementar ideyalar doğurmağa qadir deyil. Ona görə də hər hansı ali ideya, yaxud həyatın mürəkkəbliyi barədə bir fikir onu özündən çıxarır. Yeni dövr yarımadamlar növünün doğulması məqamını bayram edir. Sadalananlardan nəsə tanış gəlirmi?
Yeni insan bəlkə sən özünsən?
Bütün texniki yeniliklər, süni insan orqanlarının yaradılması, quraşdırılan çiplər insanın nə şüurunu, nə də vicdanını artıra bildi. Bu prosesi təbiətin öhdəsinə qoysaq o bizi geriyə, arı səviyəsinə, pətək qurmaq mərhələsinə qaytaracaq ki, buraxılmış səhvləri düzəldə bilək. Fərdlərin ağlının artması insanı kolletiv şəkildə şüurlu etmir. Bizdən soruşsalar yəqin ki, kollektiv şəkildə şüurlu həşəratlar olmaq istəmərik.
Mədəniyyət məsələsində belədir ki, hər yeni yaranan insan obrazı quruluşla birgə məhv olur. Sovet quruluşu batan kimi sovet insanı da yoxa çıxdı. Heç kim sizə təminat vermir ki, uşaqlarınız sizin sevdiklərinizə nifrət etməyəcək, tikdiklərinizi sökməyəcək. Hər yeni nəsil öz-özünü yenidən quraşdırır. Kamil insan və kamil cəmiyyət barədə də utopik fikirləri atmalı olacağıq. Hər kəsin gücü yalnız özünə çatır. İnsan özündən başlayıb özündə də bitməlidir. Başqasına təcaviz edən kimi eybəcərlik alınır. Öz-özünü yüksəkliklərə qaldırmaq insan qarşısında duran bəlkə də ən həlledilməz məsələdir. İnsanın zorakılıqla yeni isnana çevrilməsi böyük günahlardan biridir.
İndi ətrafımızda baş verən yeniliklərə baxıb çənəmizi heyrətdən salladırıqsa və cavanları anlamırıqsa bu hələ ki, yeni insanın yaranışı deyil. Kütləvi informasiya vasitələri kimin əlindədirsə prosesi də o idarə edir. Televizora baxıb qeyzlənmək, hamını söymək əvəzinə özündən başla. Yeni insan sən özünsən! Yalnız sən istəsən yeni, keyfiyyətcə yüksək mərhələyə keçə bilərsən. Bu yolda kimsəni dərvişliyə çağırmırıq. Asketizm lazımsa televizora bixma, yola çıxma, ünsiyyət girmə. Kütlənin hamılıqla inkişafından hələ ki, yaxşı bir şey alınmayıb. Bircə tək özünün, yalnız öz fikirlərinin öhdəsindən gələ bilsən arxanca minlərlə adamı apara bilərsən.
***
Köhnə insan ölməkdədir, o can verir. Ona ağlamayın, sağ qalmağına da çalışmayın. Çünki köhnə öləndə yenisi doğulur. Yeninin nə olduğunu bilmək istəsən ürəyinin səsini dinlə. Gen yaddaşın səni çaşmağa qoymaz. Bütün yenilikləri də dədə-babanın sənə miras verdiyi gen «xucunuyla» edəcəksən. İndiyədək təbiətinlə çox vuruşmusan, emosiyalarınla çarpışmısan. Onların səsini dinləmək zamanı gəldi. İnsan orkestr kimi yaradılıb, onu bir alət səviyyəsinə endirmək də olmaz. Yeni insan bütün maneələri, dini, cinsi, irqi, mədəni baryerləri aşacaq.
… Görəsən mən fikrimi deyə bildimmi?

Yuxariya doğru